Kulis.az rejissor Namiq Ağayevin yenicə təqdim olunan “OL” filmi haqqında rəyləri təqdim edir:
Həmidə Ömərova (aktrisa):
“Rejissorun dünyasına, başqalarına bənzəməyən fikirlərinə çox böyük marağım oldu. Filmdə çox gözəl aktyor oyununun şahidi oldum. Onlardan biri də mənim kurs yoldaşım Fikrət Məmmədov idi. Aktyor oyunu, operator işi, rejissor quruluşu yaxşı idi. Ən əsası da kütləvi mədəniyyətə xidmət edən film deyil…”
Elxan Cəfərov (rejissor):
“Mənə görə “Ol” Azərbaycan mədəniyyətində bir hadisədir. Bu onun təmiz yaradıcılıq sahəsinə olan qiymətidir. Namiq yaxın insandır mənə, həm də çox peşəkar rejissordur. Dünənki filmdə gözlərim də yaşardı. O filmdə bizim çoxdan arzusunda olduğumuz sənət ülviliyini gördüm. Bax o ülviliyi dünən filmdə hiss etdim, gördüm, sevindim, kövrəldim, ağladım gülmədim. Bu kompleks şəklində mənəvi qida kimi təsir etdi mənə. Mən bu filmdən aldığım mənəvi qidanı uzun müddətdir ki, Azərbaycan mədəniyyətində olan kino hadisələrindən almıram, öz filmlərim qarışıq. Mən bu film haqda ancaq və ancaq müsbət rəy deyə bilərəm.”
Qurban İsmayılov (aktyor):
“Aydındır ki, bu kommersiya filmi deyil, bu müəllif filmidir. Namiq özü maraqlı insandır. Mənim Namiqə xüsusi simpatiyam olub. Fikirləri mənə həmişə maraqlı olub. Onun filmi də mənim üçün çox maraqlı idi. Damdakı final səhnəsini çox bəyəndim. Özünəməxsus şəkildə qadının ölümünü göstərdi, bilmirəm bəlkə başqa rejissorda var bu? Amma mən görməmişəm indiyədək beləsini. Namiqin öz dünyası var, öz “ol”u var və o dünən göstərdi ki, heç nəyə baxmayaraq bu “ol” davam edir. Onu da dedi ki, kino da olacaq.”
Səbuhi Məmmədov (kastinq direktoru):
“Öncə onu vurğulamaq istərdim ki, son zamanlar komediya filmlərinin kinoteatrları zəbt etdiyi zamanda, belə bir sənət filmini izləmək çox xoş idi. “Ol” filmi komanda işi olaraq, böyük büdcə olmadan belə, tamaşaçını düşündürən ekran əsəri yaratmağın mümkünlüyü bir daha sübut etdi. Film tamaşaçını, cəmiyyəti "Ol"mağa, tanımağa, özünü tapmağa dəvət edir. "Ol" ki, var olasan, deyir.”
Könül Cəfərova (teatrşünas):
“Film haqqında təəssüratım sıravi tamaşaçı təəssüratıdır. Deməli, film, mənə görə, bədii filmdən daha çox avtobioqrafik sənət əsəridir. Rejissorun kinoya münasibətinin güzgüsüdür. Özünü kinoda realizənin bir variantıdır. Qarışıq süjet, paralel mövzular, dolaşıq salınmış hadisələr, sənətdə realizə olunmayan insan problemi və s. - rejissor düşündüyü, hiss etdiyi, bildiyi hər şeyi bir yumaqda düyünləyib tamaşaçıya təqdim edir, tamaşaçı tam da o məqama gəlib çatır ki, bu qarmaşanın içindən çıxmaq mümkün deyil. Və birdən rejissor tamaşaçını mat qoyan bir sonluqla dolaşıq saldığı hər şeyi bir anda sadə bir biçimdə həll edir. Açığı, ölümün bu qədər möhtəşəm həllini gözləmirdim. Filmi tam, bütöv bir sənət əsəri kimi uğurlu hesab edirəm.”
İlqarə Tosova (aktrisa):
“Azərbaycan kinosu və teatrı, incəsənəti haqda bundan gözəl, bundan art, bundan mükəmməl heç nə çəkmək mümkün deyil. Heç bir sənət adamının cəsarət etmədiyi şeyləri anladıb. “Nədən, ölkə adlı-sanlı, medallı "sənətkar"larla doluykən, ortada bir normal iş yoxdur?” sualına ən mükəmməl cavabdır bu film.
Yaradıcı insan fikrindəkiləri reallaşdıra bilmədikdə (bu və digər səbəblərdən) doğa bilməyən qadına dönür. Bu çox ağrılı, dəhşətli prosesdi. Doğuşda, qadına əməliyyatla kömək etmək mümkündür, burda isə sənə heç nə kömək etmir, hətta, Allah da! Sən təksən! Və milyonlarla göz, duyğu, ağıl, hiss, tərbiyə, dünyagörüş, savad öz pəncərəsindən sənə baxır. Onlar üçün sənin heç bir problemin maraqlı deyil, hətta, bu son nəfəsinsə belə, onların vecinə deyil. Yaratmaq istəmisən? Allahlıq eşqindəsən? Buyur, yarat!!! Allah da kənara çəkilir... Yarada bilməyən, ölüm əzabı çəkən, yaradıcı insan gördüm, son hüceyrəməcən hiss etdim. Ən əsası: Filmə baxarkən Namiqin yerinə özünü görəcəksənsə, filmi anlayacaqsan, yoxsa, adi bir sayıqlama görəcəksən.”
Rasim Cəfər (aktyor):
“Bütün yaradıcı, texniki heyəti təbrik edirəm. Filmi bəyəndim, özəlliyi var idi. Namiq Ağayevi tanıyan biri kimi deyim ki, üslubu, janrı ilə sırf Namiq Ağayevin filmidir. Amma bəyənmədiyim məqamlar da oldu. Mənə elə gəlir ki, kənar musiqilər çox idi, bu, filmi filmlikdən çıxarırdı. Belə ifadə var-sırf kino kadrı. Amma bu filmdə elə kadrlar var idi ki, sənədli film kadrına, televiziya kadrına oxşayırdı. Yaradıcılığın reallıqla təxəyyülün arasında olmasını göstərməsi çox xoşuma gəldi. Ümumilikdə, filmi bəyəndim. Təbrik edirəm, uğurları bol olsun.”
Mirmehdi Ağaoğlu (yazıçı):
“Ol” filmi mənə bit dövrü yazarlarının - Kerruakın, Berrouzun, Ginsberqin əsərlərini-həyatlarını xatırladı. Bitniklər əsərlərini adətən narkotik vasitələrin təsiri ilə yazır və gözlənilməz gedişlər edirdilər. Məsələn, Berrouz mətni yazdığı vərəqi qayçılayır və necə gəldi kollaj edib romana salırdı. Belə əsərlərdə hər an gözlənilməzliklərlə qarşılaşa bilərsən.
“Ol” flmində də oxşar mənzərə var, nağıl kimi bir atmosfer qurulub, tamaşaçı modern bir nağılın, şəhər nağılının içindədir. Sanki rejissor Namiq Ağayev qarşısına məqsəd qoyub ki, heç bir qayda-qanuna əməl etməsin, ancaq bununla belə tamaşaçıya bəxş etdiyi ovqatdan da çıxa bilmirsən. Film səni özünün yaradığı atmosferə salır, jarqonlar desək “tüstüyə düşürsən”, “hallanırsan”.
Filmdəki postmodern gedişlər, film içində film estetikası, müəlliflə qəhrəmanın eyniləşməsi, qəhrəmanın çəkdiyi filmlə bizim baxdığımız filmin qovuşması əla tapıntılar idi. Bəlkə də səhv deyirəm, ancaq məncə bizdə heç postmodern film çəkilməyib. Bu baxımdan “Ol”u ilk nümunə saymaq olar.
Kinoteatrdan çıxandan sonra çox fikirləşdim: axı niyə “Ol” zaldakıların əksəriyyətinə xoş ovqat bəxş etdi, elə bil filmdən yox, yoqa seansından çıxmışıq. Çox fikirləşdim və tapdım. Adi insan müasir həyatın tələblərinə uyaraq bütün günü zamanın dalınca qaçır, sanki onunla yarışdadır və bu yarışdan təbii ki, həmişə yorğun və məğlub çıxır. Filmin qəhrəmanları isə tam əksinə, zamanın tempi ilə deyil, zamanı öz templəri ilə hərəkət etdirirlər, anı yaşayırlar. Heç yerə tələsmirlər. Və tamaşaçı da filmin bu rahatınadüşkün, zamanı quyruq kimi öz dalıyca sürüyən qəhrəmanlarına həsəd aparır və düşünür ki, kaş həyatın bu cansıxıcılığından qaçmaq imkanı olaydı, girib o filmin içində yaşardı. Fikirləşirsən ki, budur, kinoteatrdan çıxıb, təzədən zamanın yorucu ahənginə qoşulacaqsan, amma nə yaxşı ola, heç zaldan çıxmayasan, girəsən filmin içinə, qoşulasan oynayıb-gülən qəhrəmanlara, yaşayasan özünçün. Yəqin filmə baxanların çoxunun ürəyindən bu fikir keçib. Çünki çıxanda diqqət elədim, elə bil heç kəs zalı tərk etməyə tələsmirdi.”
Fehruz Şamıyev (kinoprodüser):
“Ol” filminin əsas üstünlüyü kommersiya komediyalarının ağalıq etdiyi bir dönəmdə gəlir əldə edə bilməyəcəyini nəzərə alıb bazara girməsidir. Bu bir cəsarət göstəricisidir. Filmin enerjisi sanki komediyalara qarşı bir etiraz çığırtısıdır. Bu baxımdan filmin komandasının işini yüksək qiymətləndirirəm. Müasir dövrümüzdə “Ol” növbəti mərhələyə - ciddi filmlərin kinoteatrlara ayaq açmasına doğru bir addımdır. Film maraqlı estetikada təqdim olunub. Bu estetikanı kütləvi tamaşaçı qəbul etməyəcəyini indidən söyləmək olar. Amma kinematoqrafiyamızın növbəti mərhələyə keçidini bu filmlə hiss etmək olar.”
Fəridə Cəlilova (sənətşünas):
“Dünya kino tarixində Fellininin "8 1/2" filmindən başlayaraq rejissorları da, sənətşünas tamaşaçıları da həmişə daha çox maraqlandıran mövzulardan biri yaradıcılıq prosesinin təsviri olub. Namiq Ağayev "Ol" filmində özünü, rejissoru çəkmişdir. Ekranda görünənlər filmin qəhrəmanlarının - Namiq və Fikrət qardaşlarının yaradıcı tandeminin xəyalları kimi canlanır. Təxəyyül prosesinin içinə düşmək istəyənləri bu filmə baxmağa dəvət edirəm. Yaradıcı heyəti isə premyera münasibəti ilə təbrik edirəm. Filmdə ən çox xoşuma gələn çəkiliş üçün seçilmiş məkanlar oldu. Xüsusi ilə əvvəldə göstərilən dar küçələr, hadisələrin cərəyan etdiyi köhnə ev, onun damı, hətta meşə. Bizim sevdiyimiz köhnə Bakı yadıma düşdü və məncə, bu filmə baxan yad insan mütləq Bakıya gəlmək istəyəcək”.