Lütfi Zadənin qohumu: “O, bizə dollar vermədi...” - MÜSAHİBƏ

<b><span style="color:red;">Lütfi Zadənin qohumu:  “O, bizə dollar vermədi...” - <span style="color:red;">MÜSAHİBƏ </b>
4 fevral 2018
# 10:00

Bu gün dünya şöhrətli alim Lütfi Zadənin doğum gündür. Kulis.az bu münasibətlə onun dəfnində yeganə qohumu kimi iştirak edən rejissor, Xalq artisti Cənnət Səlimova ilə dahi elm xadimi haqqında müsahibəni təkrar təqdim edir.

- Cənnət xanım, Lütfi Zadə ilə necə qohumsunuz?

- Bizim analarımız doğma bacıdırlar. Mən doğulanda artıq onları Tehrana göndərmişdilər. 1933-cü ildə Bağırov belə bir göstəriş vermişdi ki, Sovet İttifaqına mənsub olmayan hər kəs 24 saat ərzində ya ölkəni tərk etməli, ya da sovet vətəndaşlığını qəbul etməlidirlər. Lütfi Zadənin atası Rəhim dayı ailəsini götürüb İrana getdi.

- Deməli, onlar İran vətəndaşı idilər?

-Hə, Rəhim dayı Ərdəbildən idi. O, bu qərardan sonra ailəsini, o cümlədən nənəmi də götürüb Tehrana köçdü. Mən doğulanda artıq Lütfi orada idi.

- Bəs necə görüşmüsünüz? Qohumluğunuz necə davam edib?

- Deyim sizə, mənim bütün şüurlu həyatım uşaqlıqdan başlayaraq, bu günlərə qədər Rəhim dayının ailəsi ilə bağlı olub. Ona görə də Lütfinin itkisi bu qədər böyükdür mənim üçün. Onlar İrandan bizə bağlamalar göndərirdilər ki, acından ölməyək, birtəhər yaşaya bilək. Axı onda biz müharibə aparırdıq. Fotolar da göndərirdilər. Fotolar hamısı yadımdadır. Biri hələ burada olanda çəkilmişdi. Lutikin (Lütfi Zadəyə belə deyir – red.) 10 yaşı olar. Matros geyimində dayanıb, çox da sevimli görünür. Sonra biz İrandan “Kodak”la çəkilmiş balaca, dördkünc fotolar almağa başladıq. “Lutik rəfiqəsi ilə”. “Lütik avtomobilin fonunda”. O zaman insanların şəxsi fotoaparatı olmazdı. Amma Rəhim dayı yeganə oğluna fotoaparat almışdı.

Lutikin fotoqraf kimi istedadı var idi, o əla çəkirdi. Onu həm də fotoportret rəssamı kimi tanıyırdılar. Onun bir foto kolleksiyası var idi, orada Kevinskinin, Niksonun fotoportretləri var idi. Xalam bizə öz həyatından fotolar göndərirdi. Mənim üçün bu, uzaq, gözəl bir dünya idi. Bizim hərb aparan həyatımızdan, gündəmimizdən fərqlənən xoşbəxt bir dünya idi. Başqa bir xoşbəxt həyat...

Sonra bizə Lutikin şlyapada olan bir şəklini göndərdilər. Rəhim dayı ona avtomobil almışdı. İndi onun haqqında deyirlər ki, guya ərköyün, istədiyini edən, təkəbbürlü adam idi. Qətiyyən düz deyil. Bu uşağa sadəcə olaraq böyük bir sevgi verilmişdi. Və o, ağıllı idi, bütün bunlar onu ərköyünləşdirməmişdi. Məndə onun şəxsi otağında çəkdirdiyi bir foto var idi. Orada divara rusca bir söz yazılmışdı: “Odin”. Bu nə demək idi bilmirəm, amma o, oxumağı və düşünməyi xoşlayırdı.

- O fotolardan heç biri yoxdurmu sizdə?

- Yox, məndən onu kimsə aldı. İndi tamam unutmuşam kim olduğunu. Bir hissəsini də mən özüm təzədən Lutfiyə və Faniçkaya göndərdim. Düşündüm ki onlara xoş olar.

- Faniçka Lütfi Zadənin xanımına deyirsiz?

- Aha.

- Cənnət xanım, siz mənə nənənizdən danışın. O zaman Lütfi Zadəgillə İrana gedən nənənizdən. Odamı yəhudi idi, ya təkcə babanız yəhudi idi?

- Babam da, nənəm də yəhudi idilər. Onlar Odessada doğulub yaşayıblar. Orada o zaman yəhudilərə qarşı qətliamlar baş verir. Nənəmin qardaşı Bakıda yaşayırmış və bacısının ailəsini qəbul edir. Xalam Fanya da Rəhim dayı ilə burada tanış olur. Rəhim dayı Ərdəbildən gəlibmiş. Onlar evlənib indiki Əlövsət Quliyev küçəsində yaşayırlar və Lutik burada doğulur...

- Lütfi Zadənin anası, sizin xalanız Fanyanın tam adı nə idi?

- Fenka. Amma Fanya deyirdik. Üstəlik Lütfi Zadənin arvadının da adı Fenka idi və biz qarışdırmamaq üçün bəzən ona Fey deyirdilər.

- Aha, aydındır...

- Hə, biz İrandan fotolar alırdıq.

- Lütfi Zadə ailənin tək övladı idi?

- Hə. Ona görə də Rəhim dayı ona fotoaparat, avtomobil hədiyyə etmişdi. Lütfi Amerikada Kolumbiya Universitetinə qəbul olundu. İşlədi. 24 yaşında ən gənc alim oldu Amerikada. Özünə müəyyən bir həyat şəraiti qurandan sonra ata-anasını yanına çağırdı. 1949-cu ildə onlar bizə belə bir şəkil göndərirlər: Lutik, Fey (Lütfinin arvadı), Rəhim dayı, Fanya xala və Feyin valideynləri. Bu foto Nyu-Yorkda Budapeşt restoranında çəkilmişdi və onların toyundan idi. Restoranda cəmi 6 nəfərdirlər. Belə sakit bir toy oldu, amma onlar 73 il birlikdə sevgi içində yaşadılar.

- Lütfi bəy arvadı ilə Amerikada tanış olub?

- Yox, onlar Tehrandan bir-birini tanıyırdılar.

- Qohum idilər?

- Yox, qohum deyildilər. Feyin ailəsi Rusiyadan immiqrasiya edən yəhudilər idi. Onlar Rusiyadan Yaponiyaya getmişdilər, deyəsən. Çünki Fey yapon heroqliflərini bilirdi. Yaponiyadan İrana gəlmişdilər. Orada da Rəhim dayının ailəsi ilə tanış olurlar. O zaman ailələr uşaqlarını rəqs dərnəklərinə göndərirdilər. Lutik də Feylə birgə rəqs dərnəyinə gedir. Oradan tanıyırlar bir-birini...

Mən fotolardan danışırdım axı... Sonra onlar bizə Berklidən şəkil göndərdilər. Bu San-Fransiskoda bir şəhərdir. Oradan məşhur Qolden Gate görünür. Sonra fotolarda kiçik bir qız şəkli peyda oldu. Okeanın fonunda bir şəkildə Lutikin qızı Stella görünürdü. Sonra bir oğlan şəkli. Bu da Norman idi. Sonra belə bir şəkil gəldi: Rəhim dayı, Fanya xala, nəvələr. Beləcə çoxlu şəkillər göndərməyə başladılar. Sonra Fanya xala Bakıya gəldi - anamın, bacısının yanına. Soruşanda Lutik necədi, deyirdi, fəxr etmək azdır onunla. Lütfinin ən məşhur elmi kəşfi “Qeyri-səlis çoxluq”dur, amma buna qədər onun 5 elmi kəşfi var idi.

Fanya xala sağ ikən bizə həmişə fotolar, məktublar göndərirdi.

- Bəs siz Lütfi ilə neçənci ildə canlı-canlı görüşdünüz?

- İlk dəfə 60-cı illərdə görüşdük. Lütfi Bakıya elmi konfransa gəlmişdi. Onda 40 yaşı olardı. Birgə fotolarımız var idi o görüşdən. Amma heyf ki, indi əlimdə yoxdur. Feyka da gəlmişdi onunla birgə. Bir neçə gün qaldılar. O, məndə ilk növbədə sadəliyi ilə rəğbət oyatdı. Bilirsiz, Siseronun belə sözü var: insanın təkəbbürü onun əqli çatışmazlığı qədərdir. Lutikin ağlında defisitlik yox idi, o, olduqca sadə və ciddi adam idi. Onlar gələndə əlbəttə pulları var idi, amma bizə dollar vermədi, verə də bilməzdilər. Belə şey o zaman olmazdı, onda Lütfi anamla məni mağazaya aparıb dedi ki, biz nə istəsək özümüzə alaq. Anam da... Bilirsiniz, biz necə yaşamağa öyrəşmişdik? Özümüzü sıxa-sıxa... Anam utana-utana əhəmiyyətsiz bir-iki şey seçdi. Lütfi dedi, Anya, sən lazım olan hər şeyi al. Narahat olma. Sənə palto, şərf, çəkmə lazımdır, Əlibəyə kostyum ayaqqabı lazımdır, al bunların hamısını.

Bu səviyyədə olan adamın bizim həyatımızın reallıqlarını hiss etməsini anlaması məni təsirləndirdi. Bizi ora qədər düşünməsi... Anlayırsız? O zaman bizim qohumlarımız çox idi Bakıda.

Onun və mənim əmiqızım var idi. Onu ora-bura aparırdılar...

- Dayınız da var idi?

- Dayım çoxdan vəfat etmişdi. Bu qədər qaçaqaçın içində bizə belə vaxt ayırması... Daha sonra biz onunla Antalyada görüşdük. Alim Rafiq Əliyev onun üçün elmi konfrans təşkil etmişdi. O zaman 80-ə yaxın yaşı olardı. Onun iştirak etdiyi elmi konfransa getmişdim. Heç nə anlamırdım, Lütfi ekrana formullar yazırdı, gərgin bir konfrans idi, mən də naharın başlayacağını gözləyirdim. Yığıncaq bitəndə Azərbaycandan olan gənc alim, adını dəqiq xatırlaya bilmirəm, bizə yaxınlaşıb Lütfi Zadəyə bəzi yerləri aydın başa düşmədiyini dedi. Lütfi rus dilində danışdıqlarını bir də ona təzədən danışdı. Nahar vaxtını tamamilə ona sərf etdi. Yaşlı adam idi, istirahətə ehtiyacı vardı. Amma tanımadığı alimə yeməkdən imtina etməklə nəsə izah edirdi. Bu məni heyran etdi.

Sonra mən onunla San-Fransiskoda görüşdüm. Amma bu zaman o artıq çox qoca idi. Əlindən tutub gətirdilər, yavaş səslə danışırdı.

Bilirsiniz, o arvadını çox sevən bir ər idi.

O, Bakıda olanda onu tədbirlərə daşıyırdılar. Deyirdim ki, Lutik, bir gün də qal. Deyirdi, mən Faniçkanı iki gündən artıq tək qoya bilmərəm. Çox böyük sevgisi var idi. Arvadı Faniçka öləndə nekroloq yazmışdı, onu oxuyanda anladım ki, arvadından sonra o yaşaya bilməyəcək. Elə də oldu. Bir il keçməmiş Lutik vəfat etdi. Faniçka çox savadlı, bir neçə dil bilən jurnalist idi. Lütfinin bütün işgüzar danışıqlarını o aparırdı. Özünü bütünlükdə Lütfiyə həsr etmişdi.

...Onlar çox xoşbəxt yaşadılar. Bizə son vaxtlarda belə bir şəkil göndərmişdilər. Şəkildə də belə düzülmüşdülər: Rəhim dayı, Norman, Fey, Lütfi, Stella və Fanya xala. Palma ağacının altında. Böyük, xoşbəxt bir ailənin şəkli idi bu.

Lütfi öləndə mən böyük itki hiss elədim, ağladım, çünki mənim üçün bu sehrli dünya yox oldu. Fanya xala, Rəhim dayı, Stella, Fey vəfat etdi. Bircə Norman qaldı. O da Los-Ancelesdə qalır. Yəni o Berklidəki həyat yox oldu. Bu məni dəhşətli boşluğa saldı.

- Burada sizdən başqa qohumu qalıbmı?

- Yox, tək mən qalmışam. Başqa heç kim yoxdur. Dayımız qızı var, o San-Fransiskoda yaşayır. Lütfi ilə yeganə qohumumuz odur.

- Amma dəfnə gəlməmişdi.

- Yox, gəlməmişdi.

- Lütfi Zadənin oğlu Norman da gəlməmişdi...

- Norman biznesmendir. Varlı bir adamdır. Anası ilə çox sıx münasibətləri var idi. Lütfi isə məşğul adam idi. Lütfi xəstələnəndə Norman onu “Nörzinq haus”a qoydu. “Nörzinq haus” həkimlərin, mütəxəssislərin iyirmi dörd saat xəstəyə xidmət etdiyi evdir. Norman bu xidməti ona öz evində təşkil etdi. Lütfi tamamən qayğı ilə əhatə olunmuşdu. Bir də Norman başqa bir nəsildir, başqa generasiyadır. Nəinki bu nəsli, bu ölkəni də anlamaq çətindir. Onlar çox rasionaldırlar, hər hərəkəti hesablayırlar, artıq yerə vaxt-enerji sərf etmirlər. Norman Sanset Mortiç adlanan morqa atası ilə vidalaşmağa gəldi. O, artıq atası ilə orada vidalaşdı. Bura gəlib mərasimdə iştirak etmək ona görə artıqdır. O, düşünür ki, bu artıq bir şeydir. Deyim sizə, bu nəsil hansısa emosional, dini təsirlərdən uzaq bir nəsildir, Norman da çox ayıq, rasional adamdır. O, atasına edə bildiyi hər şeyi etdi.

- Cənnət xanım, sizcə Lütfi Zadədə niyə belə bir arzu oyanmışdı ki, burada dəfn olunsun?

- Vəsiyyət edən zaman orada olmamışam. Amma düşünürəm ki, yaxşı edib. Bəlkə o, arvadının yanında dəfn olunmaq istərdi. Lütfinin arvadı öləndə vəsiyyət etmişdi ki, onu kremasiya edib, külünü okeana dağıtsınlar. Yəni, Faniçkanın qəbri yoxdur. Lütfi Zadə onun yanında dəfn olunsun. Norman da məşğul adamdır, sentimentallıqdan emosionallıqdan məhrumdur. O bura doğmadır demək ki. Lütfini bütün dünya qəbul edir, amma yalnız Azərbaycanda sevirlər.

- Siz Amerikaya getdiniz, son günlərində Lütfi Zadənin yanında oldunuz. Nəsə danışdınızmı?

- Yox. Ona danışmaq çətin idi. Gülümsədi və nəsə dedi, amma mən anlaya bilmədim. O, zəif danışırdı və pis eşidirdi.

- Cənnət xanım, dəfni ilə bağlı şərhlərdə Lütfi Zadənin dini görüşləri müzakirə olundu. Onu dini qaydada dəfn etdilər, amma özü...

- O, Sovet İttifaqında doğulub, rus məktəbində oxuyub, pioner olub, Allah haqda, din haqda hansısa söhbət gedə bilməzdi o zaman, sonra İrana gedib, orada onu yaxşı təhsil alsın deyə, baptist məktəbinə veriblər, sərt qaydaları olan məktəb imiş, bir tərəfdə də İran çox qatı islam ölkəsi, Amerikaya gedir, orada da hər hansı bütöv bir mədəniyyət yoxdur, immiqrantlar ölkəsidir, Lütfini ölkəyə qəbul edəndə adını və familiyasını soruşurlar: Lütfi Ağarəhim oğlu Əliəsgərzadə... Ona deyirlər, bizdə belə adlar qəbul olunmur, hamısını silirik, ancaq Lütfi və Zadəni saxlayırıq. Bax belə bir mühit.

Yəni, sizə düzünü deyim, o, elm adamı idi, inanclı deyildi. Fanya da elə idi - Lütfinin həyat yoldaşı. Bir dəfə, deyəsən Antalyada olanda Lütfi mənə dedi ki, məncə hansısa ali şüur başlanğıcı var. Amma o, nədir, necədir, bilə bilmirəm və deyəsən heç kim də bilməyəcək. Bax, məncə, bu, onun inancı idi. Yəni, mən belə düşünürəm. O rasional, ayıq beyinli insan idi, yəqin ona hansısa dini ayinlər yaxın deyildi.

- Lütfi Zadənin övladlarıyla əlaqəniz varmı?

- Dəfn proseslərində Normanla e-maillə əlaqə saxlayırdım. Qızı Stella isə Lütfigiln sağlığında öldü. 60 yaşını keçmişdi Stella öləndə.

- Cənnət xanım, biz sizinlə Lütfi Zadənin qohumu kimi danışırıq. Bioloji bağınız vardı onunla. Bəs bioloji bağı, davamçısı olmaq məsələsi nə qədər vacib bir məqamdır? Məsələn, sizin ideoloji varisləriniz var...

- Sizə deyim ki, Lutik də mənə ideoloji olaraq daha yaxındır, nəinki bioloji. Onun nəzəriyyəsi - məsələn, mütləq şər və mütləq xeyir yoxdur, mütləq sıfır və mütləq bir yoxdur, mütləq səmimiyyət və mütləq yalan yoxdur - demokratikdir. Bu, mənə hər şeyə başqa cür baxmağa yol açır. Bu nəzəriyyə dünyanı tam görməyə imkan verir. O, mənə çox yaxındır, hətta həyat kredomdur.

- Deməli, bu nəzəriyyə rejissor kimi də sizə təsir edib?

- Çox. Mən tamaşa quranda birmənalı cavab almağa yönəltmirəm sualı.

- Lütfi sizə zəng edirdi? İşinizlə maraqlanırdı?

- Bir dəfə zəng edib soruşdu ki, eşitdim Tehranda qastrolunuz olub. Tehran necə idi? Dedim, Tehrandır da, olduğu kimi. Bir də ərim öləndə zəng edib dedi ki, gəlib Amerikada bizimlə yaşaya bilərsən. Sən orada təksən, bir kimsən qalmayıb. Soruşdum, mən orada teatrla məşğul ola bilərəmmi? Dedi, ingiliscən yaxşıdırsa, gəlib məşğul ola bilərsən. Dedim, yox, mən qalıb burada - Azərbaycancanı daha yaxşı öyrənsəm yaxşıdır. Həm də burada aktyorlarım var. Onu heç vaxt unutmayacam. Gənc Tamaşaçılar Teatrında artıq üzərində işləməyə başladığım Fridrix Dürrenmattın “Fiziklər” əsərinin tamaşasını Lütfi Zadəyə ithaf edirəm. Burda Özünü Nyuton, Eynşteyn və Mobius elan edən üç alim dəlixanaya qapılır və orada kəşfləri haqda danışırlar. Onlar öz kəşflərinin bəşəriyyətə ziyan verəcəyindən qorxub bu addımı atıblar. Onların kəşfləri təhlükəlidir. Bu tamaşa elm insanının, ümumiyyətlə, hər bir insanın bəşəriyyət qarşısındakı məsuliyyəti haqdadır.

10.05.2017

# 2067 dəfə oxunub

Müəllifin son yazıları

# # #