Qarabağda döyüşən aktrisa: “İndi güllə atanda əlim əsir” MÜSAHİBƏ

Qarabağda döyüşən aktrisa: “İndi güllə atanda əlim əsir” <span style="color:red;">MÜSAHİBƏ
20 noyabr 2014
# 09:45

Simuzər Ağakişiyeva. 2000-ci ildən Bakı Kamera Teatrının, 2009-cu ildən Gənc Tamaşaçılar teatrının aktrisasıdır. Teatrda Gültəkin (Aydın” C.Cabbarlı), Şərəf (“Məkkəyə yol”C.Məmmədquluzadə), Sona xanım (“Hacı Qara” M. F.Axundov), Selcan xanım (“Şahzadə Xəzərin nağılı”K.Ağabalayev) və b. Rollarda çıxış edir. “Qoç döyüşü” və “Sirr” seriallarına “Pəncərə” və “Prokuror” bədii filmlərinə çəkilib.

Kulis.az aktrisa ilə müsahibəni təqdim edir

- Simuzər xanım, deyəsən teatrda bəxtiniz gətirib, repertuarda rollarınız az deyil...

- Bilirsiniz, mənim rollarım lap çox olardı, sadəcə mənim uşaqla bağlı çətinliklərim oldu ona görə; bir övladım ifilcdir. Müalicə edirik....

Amma yenə rollarım az deyil. “Əlincə qalası”nda var, “Hacı Qara”da, “Qaraca qız”da, “Aydın”da varam... Bir il qabaq “Danışan gəlincik” də rol aldım. Sonra uşağın müalicəsi ilə bağlı fasilə götürdüm.

İndi universiteti bitirən kimi istəyirlər teatr rəhbərliyi onu işə götürsün və baş rollar versin oynamağa. Cənnət Səlimova məni və mənim kimi bir neçə aktyoru teatra gətirdi və bir il biz maaşsız işlədik

- Kamera teatrının nostaljisi qalıb?

- Qalıb. Amma bu bir qərar idi (qərara görə, Kamera teatrı və Gənclər teatrı 2009-cu ildə ləğv olunaraq truppalar Gənc Tamaşaçılar teatrında birləşdirildi), biz də buna tabeyik. Rəhbərliyimizdən çox razıyam. Mənim yaltaqlıqla işim yoxdur. Sadəcə olaraq ona heç vaxt təşəkkür etməmişəm, utanmışam. Uşağa görə problemlərim var idi, onları yoluna qoymalı idim. direktorumuz Mübariz müəllimin (Mübariz Həmidov –red) qəbuluna getdim. O mənimlə ata kimi, böyük qardaş kimi danışdı, insani münasibət göstərdi, inanın, ən sonda o direktor kimi danışdı. Mənəvi dəstək böyük şeydir. O qədər ürək dirək verdi mənə, elə bildim, uşaq durub gəzir artıq...Amma adam var idi ki, dedi ki, “mənə heç kimin problemi maraqlı deyil”...

- Neçə övladınız var?

- 4 övladım var.

- Deməli, çətinlikləriniz çoxdur... Üstəlik yaradıcılıqla məşğul olmaq...

- Çox çətindir, indinin özündə çətindir. Qadın üzərinə həddən artıq çox yük götürür. Daşıya bilirsə daşıyır və yaradıcılıqla da məşğul olur. Olmursa olmur. Uzun müddət teatrda işləmədim, ailədə bununla bağlı problemlərim var idi, amma sonra yenidən qayıtdım teatra. Teatrsız qala bilmədim.

Bilirsiniz, bizdə hətta aktrisa peşəsinin özünə birmənalı yaxşı münasibət yoxdur. Bilmirəm niyə belədir? Bəlkə göz önündə olduğu üçündür. Universitetdən müşahidə edib görürəm ki, əxlaqi baxımdan elə ən təmiz insanlar bu sahədə çalışanlardır. Həkimlərdən də, dərzilərdən də, müəllimlərdən də... Sadəcə bu aktrisa adı ağırdı... İndi də qınaq edirlər-“filankəsin gəlini aktrisadır” deyirlər. Bunlara anlatmaq lazımdır ki, mən teatrda aktrisayam, evdə həyat yoldaşıyam, anayam. Hər şeydə müasirliklə ayaqlaşırlar, geyimdə, telefonda, ev dizaynında, maşında – amma beyin köhnədən də köhnədir.

- Teatrda işləmək bu qədər çətinliklər bahasına başa gəlir. Teatr sizə nə verir? Dəyərmi bu əziyyətlərə?

- Bunu şablon fikir kimi qəbul etməyin, inanın: teatr olmasa mən ölərəm. mən elə ağır xəstəyə baxıram, heç bir anaya da arzulamaram. Yəni qaynar qazanın içindəyəm, gah həkimdəyəm, gah o birilərlə məşğulam. Fiziki, psixoloji nə qədər yüklənirəm. Amma biləndə ki bu gün tamaşam var, hər şey başqa cür olur. Gəlirəm tamaşa oynayıram, o qədər enerji alıram ki... Səhnə belədir.

- Oynadığınız obrazi bir şəkildə anlamalı, onun etdiklərini əsaslandırmalısınız bir müəllif olaraq. Bu baxımdan “Aydın” tamaşasında oynadığınız Gültəkinin faciəsini necə əsaslandırırsınız?

- Gültəkin məsumdur. İnsan bəzən səhvi öz təmizliyi üzündən edə bilir. Gültəkin nəyisə qoruyub saxlamaqdan ötrü hansısa səhvi etməyə razı olur. Uşaqlar anasından gizli nəsə edəndə, “heç kim bilməz” deyən kimi. Gültəkin etdiyini sonra dərk edir. Gec olur amma...

- Həyat yoldaşınız “Aydın” tamaşasına baxıb?

- Hə, baxıb. Böyük şok da yaşayıb. O zaman hələ evlənməmişdik, nişanlı idik. O, məni işdən evə aparmağa gəlmişdi. Bütün yolu sakit dayandı, mənsə danışıram gülürəm. Birdən diqqətimi çəkdi ki, o, danışmır. Soruşdum nə olub? Dedi ki, məni bir müddət danışdırma. Düşündüm ki, yəqin bir az dinlənməyə ehtiyacı var. Məni evə yola saldı. Bir az keçdi gördüm mənə mesaj yazıb: “Mən bayaq sənin oynadığın tamaşaya baxdım, çox pis vəziyyətdəyəm. sən də Gültəkin kimi edərsən?” Məni gülmək tutdu. Necə yəni belə edərsən? Axı, bu tamaşadır və Gültəkin bir roldur. Sonra başa düşdüm ki, tamaşanın təsirindən çıxmaq üçün ona zaman lazımdı. Tamaşa onda belə dərin təəssürat buraxmışdı.

- Həyat yoldaşınızın ixtisası nədir?

- İdmançıdır.

- İndi gəlib baxır tamaşalara?

- Yox, daha gəlmir.

- Deyirsiniz əvvəllər ailədən öz peşəniz üzrə çalışmamağınız üçün təzyiq var imiş, indi də var?

- Var, var (gülür).

- Filmlərə də buna görə çəkilmirsiniz?

- Demək olar. Amma bilirsiniz, elə film olmayıb ki, mənim o filmdən ötəri “ürəyim getsin”. Əgər elə film olsa, gedib çəkilərəm. Mən prinsipial adamam. Həm də seriallara çəkiləndə bir çox xoşagəlməz hallarla rastlaşdım. Ondan sonra çəkilmək istəmirəm.

- Nə kimi xoşagəlməz hallar?

- Məsələn, baş rolu oynayan aktrisa serialda olan adamları idarə etməyə başlayır. Mən belə yerdə işləyə bilmərəm. Ona görə seriallara çağıranda da getmirəm. İnsanları kiminsə əzməsini görmək istəmirəm.

- Simuzər xanım, “Pəncərə” filmindəki Nərminə bədii filmdə ilk və yeganə işinizdir?

- Yox, ondan sonra “Prokuror” filminə də çəkilmişəm. Yəqin baxmamısınız. Amma “Pəncərə” ilk kino rolumdur: Universitetə təzə qəbul olunmuşdum. Kino dram fakültəsində oxuyurdum. Dərsə gedirdim. Yolda bir kişi məni saxladı ki, filmə çəkilərsən? Ciddiyə almadım, dedim ki yox, nə filmi... Heç bilmirdim ki, bu adam Ənvər Əbluçdur. Məndən sonra Ənvər Əbluç tələbə yoldaşım Loğman Kərimovla rastlaşıb, Ənvər müəllim deyib ki, indicə bir qız Universitetə girdi, elə düşür mənim filmimə. Amma deyəsən çəkilmək istəmir... Sonra Loğman tapdı məni danladı ki, bu nə deməkdir? Filmə niyə çəkilmirsən ki? Eləcə o filmə çəkildim...

- Bayaq dediniz Qarabağda, müharibədə də olmusunuz axı?

- Universitetdə oxuyurduq. O vaxt Çingiz Mustafayevin çıxışı olmuşdu. Çağırış edirdi gənclərə. Mənim tibb savadım da var idi. Uşaqlarla yığıldıq, getdik Müdafiə Nazirliyinə. Orada əlbəttə, bizi danladılar ki, sizin yeriniz deyil, qız uşaqlarının cəbhədə nə işi var-filan. Amma biz təkid elədik. Fikrimizdən döndərə bilmədilər və Ağdama yola düşdük. Bir batalyona qoşulduq. Qrupda məndən başqa iki qız da var idi - Leyla, Gülnar. Indi əlaqəm yoxdur onlarla...

- Tibbi yardım göstərirdiniz ya döyüşə gedirdiniz?

- Yox, niyə ki? Kəşfiyyata da gedirdim. Mən kəşfiyyat qrupuna düşmüşdüm. O vaxt belə bölgü yox idi. Hətta ordan qəzetlər üçün məqalələr, materiallar da verirdim. Gündəliyim var idi, Ağdamın kəndi alınanda qaldı orada. Çox hayıf... Bütün qeydlərimi ora azırdım. Elə təəssüflənirəm o gündəlik üçün... Bir dəfə bir gündə nə qədər uşaqlarımız şəhid oldular. Indi o günləri xatırlayanda üşənirəm... O gün “Tir” atdıq, gördüm əlim əsir. Necə olub ki, silahdan atəş açmışam. İndi elə ürəkli deyiləm.

- Nə qədər qaldınız orada?

- Bir ilə yaxın.

- Evdən münasibət necə idi?

- Çox pis. Çox pis münasibət var idi mənim bu hərəkətimə. Amma mən inad elədim.

- Axı bizim cəmiyyət bir az mühafizəkardı...

- Hə... Gələndən sonra nə qədər qınaq eşitdim... “Niyə getmişdin, kişilərin içində nə işin var idi- filan”.. Amma sizə bir şey deyim. O vaxt KİŞİLƏR var idi. o kişilər qadına belə barmaqarası baxmırdılar. Yəni necə deyim... elə olmasa, kəşfiyyat qrupunun rəhbəri mənimlə ailə qurmazdı.

- Deməli, ilk evliliyiniz onunla idi?

- Hə. Böyük qızımın atası o idi. Rəhmətə getdi.

- Siz dediniz mətbuatda işləmisiniz. Mətbuat və teatr. Hansında intriqalar daha çoxdur?

- Heç intriqasız yer yoxdur. Teatrın adı çıxıb. Mətbuatda daha çoxdur.

- Nədən yazırdınız? Mədəniyyətdən?

- Yox sosial, siyasət, kriminal... hər şeydən. Başqaları ordan-burdan çoxlu xəbər tapıb tərcümə edəndə, dəyişəndə mən vur-tut bir xəbər yazırdım, amma o xəbər manşetə gedirdi (gülür). Hətta Moskvaya gedib Ayaz Mütəllibovla müsahibə eləmişəm. o vaxtdan marağım qalıb, indi də ictimai məsələləri diqqətdə saxlayıram.

Aktyorları səhnəyə çağıran səs bizi 90-lardan ayırır. Simuzər xanım tələsmir, bu seansda dublyor aktrisa oynayacaq. Bir müddət əvvəl mətbuatda hallanan teatr qalmaqallarını xatırlayıram:

- Simuzər xanım, bir müddət truppalar bir birinə isinişə bilmirdi. Teatrın köhnə truppası ilə ona birləşdirilən truppalar arasında problemlər var idi. Köhnələr guya onlara rol verilməməsindən şikayətlənirdi. İndi necə, soyuqluq qalıb?

- Bilirsiniz, o adamlar ki, rol üstündə dava edirdilər, onlara rol veriləndə, onlar gəlib rollarını oynamadılar. Çünki onlar rol davası etmirdilər. Dava başqa şeylərin davası idi. demirəm, özləri bilir. İndi niyə dava etmirlər? Guya indi oynayırlar ki dava etmirlər? Bunlar lazımsız söhbətlərdir, onsuz da haqsızlıq edənlər cavablarını alacaqlar.

- Simuzər xanım, dindarsınız?

- Yox, dindar deyiləm, hətta bəzi namaz qılanlarla da dava edirəm. Əgər namaz qılırlarsa, ikiqat borcludurlar ki düzgün davransınlar. Əməl başqa olanda gündə beş dəfə namaz qılmaqla kimi aldatmaq olar axı? Elə deyil?

# 4113 dəfə oxunub

Müəllifin son yazıları

# # #