“Bu filmdə söyüş vacib idi” MÜSAHİBƏ

“Bu filmdə söyüş vacib idi” MÜSAHİBƏ
2 iyun 2014
# 12:52

Məşhur rus kinorejissoru Andrey Zvyaqintsevin “Levifian” filmi bu il Kann festivalının “ən yaxşı ssenari” nominasiyasında mükafatlandırıldı. «Levifian” sadə bir insanın həyat faciəsindən danışır. Filmin qəhrəmanı həyatı boyu əldə etdiyi hər şeyi əlindən alınmış, sırtıq, həyasız hakimiyyət tərəfindən əzilmiş Nikolaydır.

Kulis.az rejissorun mətbuat konfransından bir hissəni təqdim edir:

- Andrey, bu filmin çəkilməsi ideyası hardan yarandı?

- Filmin ideyası təsadüfən doğuldu. Mənə Amerikanın Kolorado ştatında baş vermiş bir əhvalatı danışdılar. Orada bir oğlan buldozerə oturub bir neçə inzibati binanı onun mülkiyyət hüquqlarını pozduğuna görə dağıtmışdı. Yəni, filmimizin qəhrəmanı Nikolayın üzləşdiyi faciə yalnız Rusiyada deyil, hər yerdə baş verə bilər. Ssenarinin yazanda başa düşdük ki, onun protosüjeti də var: zavallı İovun əhvalatı.

- Film müasir Rusiyaya sərt tənqidi ruhda çəkilib...

- İnsanın dövlətlə, hakimiyyətlə toqquşması həmişə, hər yerdə, bütün ölkələrdə olub və var. Bu mənada Rusiya unikal deyil. Əgər sən düşünürsənsə ki, bu şeylər keçəri şeylərdir və hiss etmirsənsə ki, sənin əsas borcun həqiqəti deməkdir, yaxşısı budur, kino çəkmə. Ya ümumiyyətlə heç nə danışma, ya da azad, açıq, vicdanlı danış. Bu günlərdə mən mədəniyyət naziri Vladimir Medinski ilə görüşdüm. Bu, bizim ilk görüşümüz idi. Onun mənə dediyi ilk söz bu oldu ki, Rusiyada filmdə göstərildiyi qədər çox içmirlər. Bilirsiniz, mən özüm də istəmərəm ki, Rusiya araqla assosiasiya olunsun, amma Nikolayı bürüyən boşluqdan, sıxıntıdan necə xilas olmaq olar?

Nazirin dediyi ikinci cümlə belə oldu: “Film istedadla çəkilib, amma mənim xoşuma gəlmir”.

Bilirsiniz, hər kəs öz ərazisində işləyir. Nazirin öz qəti mövqeyi var, o mövqeyə hörmət etmək lazımdır, o hədəfi görür və özünün “hər şey yaxşı, ruhlandıran olmalıdır” təsəvvürünü incəsənətə köçürür. Amma sənətkarlar, incəsənət adamları hər şeyə başqa gözlə baxırlar. Biz incəsənət ərazisində işləyirik. Ümid edək ki, nazir bunu başa düşər. Hər halda mən onunla danışanda qarşımda dinləyən bir adam gördüm. Biz sərt bir film çəkmişik. Bizim hakimiyyətlə, dövlətlə qarşıdurmaya getmək məqsədimiz yoxdu. Axı filmə Mədəniyyət Nazirliyi və Kino Fondu dəstək verib. Mən məsləhət verməkdən qaçan adamam, amma öz ölkəmdə yaşamaq və öz kinomu çəkmək niyyətimdə möhkəməm.

- “Levifian”da ana söyüşü olan yerlər kəsiləcəkmi? Axı qanunvericilik bunu qadağan edir...

- Sözügedən qanun iyulun 1-dən qüvvəyə minir. Bizim filmi olduğu kimi ekrana buraxmaq haqqımız var. Biz ana söyüşündən sui-istifadə etməmişik. Hər bir söz yerindədir, canlıdır. Mənə elə gəlir ki, dilə qadağalar qoymaq, ümumiyyətlə hər hansı qadağalar qoymaq yaxşı deyil. Bu məsələyə seçim kimi yanaşmaq lazımdır. Mən hesab edirəm ki, bizim filmimizdə söyüş bədii həqiqətin çatdırılması nöqteyi-nəzərindən vacib idi.

# 2385 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #