İntihar edən dostuma: Əlvida, Humay

İntihar edən dostuma: Əlvida, Humay
22 iyul 2019
# 14:22

Dostlar, tanışlar, əzizlər sarımsaqçəpər kimi bizi əhatə edir, gedən kimi üstümüzə uçuracaqlar xatirələri. Nə qədər çoxsa xatirələr, o qədər yaralanırıq sən demə...

- Humay, güzgün var? Deyəsən yaxsı deyil saçım...

- Müəllim, olar ikimiz iki dəqiqəlik çıxaq?

- İcazə niyə aldın ki?

- Demədin çıxaq, özümü pis hiss edirəm?

- Humay, qələm ver də...

Birdən əlində soyuqluğu ilə səni üşəndirən dəyirmi güzgü parlayırdı.

Bu fikri uzaqlarda olan, böyük ehtimalla hələ çox vaxt səni düz başa düşməyəcək tələbə yoldaşın nə zaman dosta çevrilirdi?

Görürdün, ən dərdli vaxtında səninlə yanaşı addımlayır. Hardan bildi halını? Nə zaman qərarlaşdınız birgə dolaşmağa? Sirri-xuda!

Problemlisən, evdəsən, sizə gəlib soyuducunu açıb, özü nəsə tapıb bişirib - səni də çağırır. Belə, insan halından anlayan bir dosta sahibsənmiş. Amma sən onu onun qədər rahat anlaya bilmirsən:

- Qulaq as, zəng etsələr, səninləyəm. Yaxşı?

- Yox e, Humay...

- Sən narahat olma, yaxşı uşaqlardır hamısı. Qızların birin sən tanıyırsan... Vallah desəm, gəzməyə gedirik evdən icazə verməyəcəklər...

Aman, aman...

İncəsənətin ev qızları baxacaqdı kənardan. Evdən çıxıb dərsə, dərsdən birbaş evə getməli olan qız gündəlik proqramdan çıxır. Proqram da nə olsa, yaxşıdı? Yerişinə duruşuna diqqət etmək ki, daha sonra diplom alıb yaxşı oğlana ərə getmək.

- Humay, fikir verirsən, adam qəsdən məni iqnor edir?

- Fikir vermə. Gəl biz də iqnor edək. Məndə az pul var. Çay içək, nəsə yeyək. O da iqnor eləsin. Pirojna ilə çay içmək iqnordan yaxsı deyil, səncə?...

Hay daaa...

- Əli, qız olsa adını Humay qoyaq? Atan da o vaxt istəyirdi. Humay azadlıq deməkdi, huma da insan...

- Kimin adıdı ki, Humay?

- Gəray bəyin qızıdı kinoda. Bir də qrup yoldaşım vardı- Humay...

Azadlığı, insanlığı özündə qovuşduran bir dostun varmış. Heç dostluq etmirsizmiş...

- Bu günkü dərsimiz mövləvi dərvişlərindən olacaq. Əvvəlcə deyin. Sizdən kim dilənər? Yəni dilənməyi özünə əskiklik bilməz?

Humay gülümsəyir:

- Mən dilənərəm! Hər şey ola bilər də, müəllim. Çətin olar, pulu olan insanlardan kömək istəyərsən. Nə var ki burda?

- Bilirdim bunu sən deyəcəksən.

Arxa sıranın qlamurları pıqqıldaşmaqla müəllimin şərhini düşünə bildikləri qədər kimi yozurlar. Amma belə şeylər Humayı narahat edə bilməz...

Bəzən fikirlərini qrammatik əlaqələri qurmağa çatdırmadan söyləyirdin.

- Sən canın, Humayın dediklərini tərcümə elə...

Gülürdük. İnciyirdin. Amma tez keçirdi. Ən tez barışan adam idin bəlkə tanıdığım.

Gerçək budur; sənin dilin də, dinin də başqa idi. Sən bizdən anlasan da biz səndən anlamırdıq. Səndən, yəni, insanlıqdan, azadlıqdan, sevgidən, həyatdan anlamırdıq...

Birdən açdıq ki, 9 yaşlı qızınla foton var saytlarda. İntihar etmisən. Niyə? Həyat, deyə bütöv bir cavab var ikən, bəs etməyəcək. Yenə də anlamayacaqlar. Nə çıxılmazlıqlar yaşamısan, nə amansız imiş həyat. Amma sən həyatı necə sevirdin...

Kaş ki, səni xilas edərdilər. Kaş ki, həyat üzünə gülərdi. Kaş ki, o bircə qızını özün böyüdərdin, özün kimi böyüdərdin. Kaş ki, özündə olan qədər anlayış və sevgiylə rastlaşardın...

Amma boşunadı indi bu kaş kilər...

Bir daha adamın gözünün içinə belə uzaq-uzaq, yaxın-yaxın baxan dostumuz, dost olduğumuzdan belə xəbərsiz olduğumuz biri olacaqmı?

Sualı gördünmü? Biz yenə özünü düşünən eqoistlərik. Bizə insan etibar etmək olmaz. Tanrı yazsın bunu bir yerə.

Əlvida, Humay can!

# 2997 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #