İkinci dərəcəli rolların ifaçısı danışır

İkinci dərəcəli rolların ifaçısı danışır
20 may 2013
# 16:38

Teatrda “İkinci dərəcəli” dediyimiz rollar olur. Bəlkə də peşəkarlar demişkən, “işığı başqa cür qursaq”, “ikinci dərəcə” sözü özü kölgədə qalar. Bəzən tamaşanın keyfiyyəti bu obrazlardan birbaşa asılıdır. Belə obrazlar nə qədər sönük olsa tamaşanın keyfiyyəti o qədər aşağı düşür. Bu üzdən müsahibimizi rolları ilə yox, hazırda teatrda oynadığı tamaşalarla təqdim edirik: “Oliqarx “, “Qanlı Nigar”, “Anamın kitabı”, “Xanuma”, “Lənkəran xanının vəziri”...

Respublikanın əməkdar artisti Firuz Xudaverdiyev 1939-cu ildə Bakıda anadan olub. Dram və kino aktyorluğu fakültəsini bitirib. Mingəçevir Dövlət Dram Teatrında Cəfər Cabbarlının “Almaz” əsərində Fuad, Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesində Şəmsi bəy, Səməd Vurğunun “Fərhad və Şirin” poemasında Vəzir, İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” dramında Ədalət və başqa obrazlar yaradıb.

1976-cı ildən Azərbaycan Akademik Milli Dram Teatrında işləyir. Uşaqlıqdan atası ilə teatra gələn, tamaşalarda uşaq rolları oynayan oğlu Tahir Xudaverdiyev Füzuli ətrafında döyüşlərdə şəhid olub...

“Stalin yoldaş rəhmətə gedib, siz tullanıb-düşürsüz?”

Bakının Qobu kəndində doğulmuşam. Ailədə 9 uşaq idik. Atam neftçi idi. Atam istəyib ki, biz savad alaq. 1946-cı ildə şəhərə köçmüşük. Hətta məni 8 yaşımda məktəbə aparanda soruşdum ki, niyə məni indiyədək məktəbə qoymayıblar, dedilər ki, müharibənin qurtaran vaxtı idi, məktəb yada düşmürdü. Böyük Vətən Müharibəsi vaxtı körpə olmuşam, amma Qələbə günü yadımdadır, 6 yaşım vardı. Divara, dirəklərə vurulan iri radiolar vardı, onun qabağında arvadlar ağlayırdılar - kimi sevincdən, kiminin ərinin, övladının qara kağızı gəlmişdi. Çoxlu adamların yığılması yadımdadı.

Bir coğrafiya müəllimimiz vardı, əlində həmişə çubuq olurdu. Bir dəfə məktəbə gələndə gördük bizə baxan yoxdur, müəllimlər hamısı ağlayır, hamı həyəcanlıdır. Biz də dərs yoxdu deyə, sevinib, ora-bura qaçırıq. Bu coğrafiya müəllimi o taxta çubuğu elə vurdu kürəyimə ki, yeri indi də ağrıyır, dedi ki “Yönsüz oğlu, Stalin yoldaş rəhmətə gedib, siz tullanıb-düşürsüz?”...

...Orta məktəbdə məni dərnəklərdə səhnəciklərdə iştirak edirdim. Müəllimim də tərifləyirdi, deyirdi: səndən aktyor olar. Bunun arzu kimi içimdə gəzdirirdim. Bilirsiniz, olur axı, adamın həvəsi sönür, arzusu dəyişir... Cabbarlının “Aydın” əsərindəki kimi istəyirdim ki, hamı məni göstərsin.

Mən orta məktəbi bitirəndə qərar çıxdı ki, gündüz ali məktəbdə oxumaq istəyənlərin, iki il iş stajı olmalıdı. O vaxt iş çox idi. Hər kəs üçün iş var idi. Atam məni öz yanında mədənə apardı. Mənə dəhşət maraqsız idi, o buruqların, mancanaqların arasında oxuya-oxuya, şer deyə-deyə veyllənirdim, gün keçirirdim. Ləzgi briqadir vardı, bu vəziyyəti gördü və məni direktorun yanına apardı.

Direktora dedim ki, mən burda işləmək istəmirəm. Aktyorluğa istəyirəm. Sən demə bu da Qazaxdan imiş. Səməd Vurğunu əzbər bilirmiş. Durdu ayağa, otağın qapısını içəridən bağladı və soruşdu: “Mən başlayım, sən başlayırsan?” Çaşıb qaldım. Əlini belinə qoyub “Vaqif”dən o məşhur parçanı başladı - “Bəs baş əymədiniz?” mən də ardını gətirdim - “Əymədim bəli...”. Bu səhnə o kişiyə o qədər xoş gəldi ki.... O, mənə sənəd işində kömək etdi. Çətinliyim oldu, amma qəbul edildim, Mehdi Məmmədovun kursunda oxudum. Sonra Mingəçevir teatrında işlədim...

- Firuz müəllim, “Azdrama”da əksərən ikinci dərəcəli rollar oynamısınız. Rolun böyüyü, kiçiyi varmı?

- Stanislavskinin dediyi o söz artıq aksiomadır: “Rolun böyüyü, kiçiyi yoxdur, aktyorun var”. İsmayıl Osmanlı SSRİ xalq artisti idi, amma ömrü boyu ikinci dərəcəli rollar oynamışdı. Bilirsiniz, qəhrəman oynamaq olar, kiçik rollar da. Bunun elə ciddi fərqi yoxdur. Amma əsas olan eyni şeyi oynamamaqdır. Mən onlarla kiçik rolları yarada bilirəm, amma böyük rol yarada bilmirəm? Bəzən rejissor böyük rolu ona görə vermir ki, qorxur aktyor inkişaf edər.

Bilirsiniz əvvəllər güzəşt yox idi. Qabağına qızıl da töksən, o vaxtın rejissorları istedadsıza güzəşt etmirdilər. İndi münasibətlərdən asılılıq var. Əsl rejissor aktyor yetişdirməlidir- Mehdi Məmmədov kimi, Tofiq Kazımov kimi.

- Gözünüzün qabağında neçə aktyor nəsli yetişib. Nə müşahidə edirsiniz, nə dəyişib?

- Bilirsiniz, indi dövr başqadır, bəzən qınamaq olmur, amma indi qazanmaq daha vacibdir. İndikilər üçün birinci yerdə qazancdır. Hətta elələri var ki, ev də alıb, təqaüd də, amma o da narazıdı. Bu niyə narazıdı, nəyi çatmır, bilmirəm. Mən qırx ildir burda işləyirəm... Mənə ad verəndə qorxurdum, bunun məsuliyyəti var, buna layiq olmalısan. Yəqin ki mənimlə eyni dövrdə yaşayanlar belə düşünürlər.

- O zaman dəyərlər başqa idi. Ad verilmə məsələsi də...

- Mən də elə ona görə indikiləri qınamıram.

- Siz də mükafat almısınız?

- Yox. Nə də demirəm ki, deyin, mənə də versinlər... Amma düzünü deyim, əməkdar artist alanda o zaman Əliabbas Qədirov direktor işləyirdi. Teatrdan təqdimat yazmamışdılar və bu mənim xətrimə dəymişdi. Məsələ mənə ad verilməsində deyil, bilirsiniz, işlədiyin teatrın səni ada təqdim etməməyi adama pis təsir edir. Bilirsən gərək bir az üzlü olasan, bu bir tələbdi artıq...

...Şəhid olan oğlum Tahir aktyor yox, rejissor olmaq istəyirdi. Soruşdum ki, niyə belə istəyirsən? Dedi ki, sən aktyorsan, sənə nə qiymət qoyurlar ki, mənə də qoyarlar... Yenə mən rejissor olsam, sənə rol verərəm...

..Bir də bir dəfə yuxuma gəldi dedi ki, bilirəm inciyirsən, həyəcan keçirirsən, amma heç kimə baş əymə...

- Rol üstündə incikliklər olur?

- Olur, çox olub.

- Yəqin həcmcə böyük rolları, qəhrəmanları oynamaq istəyirsiniz?

-Yox, qəhrəman deyəndə, xarakter oynamaq istəyirəm. Mənə Aydın, Hamlet, Vaqif rollarını versələr, heç mən özüm istəmərəm. Mən Hamlet deyiləm. Amma xarakter oynamağı bacararam. Elə rollar var istəyirəm vermirlər, hətta deyirəm dublyor verin, üçüncü adam verin, onu da vermirlər...

- Son illərdə teatrınızda gedən islahatlardan razısınız?

- Əvvəllər az tamaşa hazırlanırdı, aktyorlar boş idi. Bilirsiniz də, aktyor rolla böyüyür, inkişaf edir. İndi yaxşı olan odur ki, aktyorlar nəzərə alınır və kimsə rolsuz qalmır. Harada islahat birdən-birə müsbət nəticələnir? Mütləq çətinliklər olur. İrəliləyiş var. Gənclərə də meydan verilib. Tamaşaların keyfiyyəti, janr baxımdan rəngarəngliyi artıb, xarici əsərlər hazırlanıb. Bunlar aktyoru inkişaf etdirən amillərdir. Amma bu o demək deyil ki, aktyor öz işinin keyfiyyətsizliyini dramaturqda axtarmalıdır. Müasirlər heç, klassik dramaturqları günahlandırmaq lap gülməlidir. Aktyor öz yaradıcılığını göstərməlidir. Yoxsa “Solğun çiçəklər”i oxuyanda kim təsirlənmir ki?

... Amma mənə şer-zad da yazıblar. “Aydın” tamaşasına Xəlil Rza gəlmişdi, sonra mənə iki misra yazdı:

“Uğurlar dilədim, uğurlar, Firuz

sənət göylərində yanan bir ulduz”

Səyavuş Aslan “mestkom” olan vaxtlarda mənim əlli illik yubileyim idi. Amma yuxarı yazıb verməmişdilər ki, yubiley keçirsinlər. Hətta Həmid Abbas hirsləndi ki, bəyəm sən balaca aktyorsan ki, yubileyini xəbər vermirlər? Nə isə gec oldu, amma yubiley tədbiri etdilər. Mən onda balaca şer yazdın Səyavuş Aslana. Zarafatyana idi:

“İslam oğlu Firuz mənəm

Gec parlayan ulduz mənəm

Səyavuş tək kök deyiləm,

hər vaxt arıq, cılız mənəm”

- Firuz müəllim, keçmişdən, indidən yaddaqalan xatirələriniz varmı?

- Var əlbəttə. Gəraybəyli ilə, Mehdi Məmmədovla bağlı xatirələrim var. Rəhmətliklər maraqlı adam idilər. (Firuz Xudaverdiyev Mehdi Məmmədovun təmkinli, pafoslu səsini, Ağasadıq Gəraybəylini təqlid edir-A).

O dövrdə aktyorlar bir-birinin yaradıcılığına diqqətli idi. İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli kimi adamlar gənclərin işini qiymətləndirir, təhlil edirdilər, onlara öz fikirlərini nəzakətli bir formada bildirirdilər.

Gör-götür dünyasıdı, həm də yaradıcılıqda son hədd yoxdur, biri desin ki, mən böyük aktyoram, vəssalam....

20.05.2013

# 3419 dəfə oxunub

Müəllifin son yazıları

# # #