Kulis.az məşhur meksikalı kinorejissor, Oskar mükafatçısı Aleksandro İnyarittu Qonsalesin müsahibəsini təqdim edir.
- “Babil” filminin ideyası necə yarandı?
- Mən Amerikada yaşayan meksikalıyam. İmmiqrantam, qaçağam. Amerikaya 11 sentyabr hadisəsinə 4 gün qalmış gəlmişdim. Bu faciəvi hadisə amerikalıların immiqrantlara münasibətini kəskin şəkildə dəyişdirdi. Mən hər şeyi sıfırdan başlamalı oldum. Məni burada dəstəkləyirdilər, amma vizamı təzələməli, pis münasibətlə üzləşməli idim. Hələ mənim vəziyyətim həmyerlilərimə nisbətən daha yaxşı idi. Belə bir situasiyada “21 qram”ın ideyası yarandı. Sonra da “Babil”. “Babil”də göstərmək istəmişəm ki, Nyu-Yorkdan verilən qərar 12000 il uzaqda yaşayan ailənin həyatını yaxşılığa və ya pisliyə doğru necə dəyişə bilər. Bu, Tokioda uçan kəpənəyin bir gün sonra Nyu-Yorkda qasırğaya səbəb olması haqda xaos nəzəriyyə ətrafında eksperiment etmək idi. Mən insanları ayıran şeylər haqda film çəkmək istəmişdim, montaj edəndən sonra başa düşdüm ki, əslində bizi birləşdirən şeylər haqqında film çəkmişəmmiş. Mən amerikalını, meksikalını, mərakeşlini və ya yaponu yox, ağrını yaşayan insanları göstərmişdim. Tolstoy “Anna Karenina”da “xoşbəxt ailələrin bir-birinə bənzədiyini, bədbəxt ailələrin isə fərqli olduğunu” yazıb. Amma məncə insanları bədbəxtlik və ağrı birləşdirir. “Empati” sözü “pathos” kəlməsindən götürülüb, “pathos” ölüm, xəstəlik deməkdir.
- Bu mürəkkəb trilogiyaya sadə bir təyin verə bilərsinizmi?
- “Qancıq sevgi” ehtiras barədədir, “21 qram” itkidən danışır, “Babil” isə ümid və həyəcanı göstərir.
- Mürəkkəb forma seçirsiniz... Nə üçün “Babil”də belə mürəkkəb struktur qurmusunuz? Bir-birini əvəzləyən 4 hadisə məkanı...
- Süjet çox mürəkkəbdir, personajlar həddən artıq çoxdur. Bunu xronoloji ardıcıllıqla göstərsək uzun, nəhayətsiz bir film olacaqdı. Mənə elə gəlir ki, seçdiyim sındırılmış struktur tamaşaçını emosional gərginlikdə saxlaya bilir. Bu həm də bir neçə baxış bucağı açmaqdır. Mən heç vaxt personajlarımı mühakimə etmirəm. Məncə ən düzgün yol hadisələri necə varsa elə təqdim etməkdir, tamaşaçını həmmüəllif kimi görməkdir, qoy boşluqları o, öz istədiyi kimi doldursun.
- “Babil”də mədəniyyətdəki fərqlər barədə, həm də dünyanın müxtəlif yerlərində seksə fərqli münasibət haqqında danışırsınız. Nə üçün lakmus kağızı olaraq məhz seksi götürmüsünüz?
- Mədəni fərqlərlə maraqlanıram, eyni zamanda məni kəsişmələr də heyrətə gətirir. Çəkiliş qrupumuz Saxaranın cənubundakı kəndə gələndə gördüm ki Çiuiaua çöllüyündə meksikalı çobanının həyatı Mərakeşdəki müsəlman çobanının həyatından az fərqlənir. Ola bilər ki, onların inancları başqadır, amma onlar eyni şəkildə tənha, dünyadan uzaqdılar. Biz filmi mərakeşli çobanın evində çəkdik və heç nəyi dəyişmədik, o səhnələrdə çəkilənlər aktyorlar yox, sadə insanlardır. O adamların çoxu ömründə kinokamera görməmişdi. Televizorları və işıqları yoxdur. 15-16 yaşlarında evlənirlər. Oğlanlar evlənənə qədər bacılarından başqa heç bir qızın üzünü görmür. Onlar hamısı balaca bir otaqda yaşayırlar və otaqda çox şey baş verir. Boş vaxtlarda məşğuliyyət yoxdur, ona görə də bir-birlərindən başqa onları kimsə maraqlandırmır. Lal-kar yapon qızı Çeykonun seksuallığına gəlincə isə, sənə söz toxuna bilmirsə, onda bədənin əsas silaha çevriləcək. Cinsi yetişkənlik dövründə seks vacibdir, amma Çeykonun əhvalatı yalnızca sekslə bağlı deyil, insan ünsiyyətidir. Ona toxunuş həm də ona görə vacibdir ki, o sözlə ünsiyyətdən, sözün toxunuşundan məhrumdur.
- Özünüzü Hollivud rejissoru sayırsınız?
- Meksikada məni ruhumu Hollivuda satmaqda ittiham edirlər. bu ruhunu satmaqdırsa, bu mənim xoşuma gəlmir. Amma mən özümü Holivudda sərbəst və azad hiss edirəm.
- “Bietufil” filmi necə yarandı?
- Əvvəllər “Bietiful” kimi bir xətli filmim olmamışdı. Əgər musiqi ilə analogiya aparsaq, “Babil” operadır, “Bietiful” rekviyem.
Kino həmişə məndə tutqun bir assosiasiyadan yaranır- melodiya fraqmentindən, maşından ani gördüyüm bir mənzərədən, hansısa bir epizoddan... “Bietiful”un ideyası 2006-cı ilin soyuq bir payız səhərində yarandı. Uşaqlarımla birgə səhər yeməyi hazırlayırdım və əlimə keçən CD diski pleyerə qoydum-bu, Ravelin fortepiano üçün sol major orkestri ilə konserti idi. Bundan bir-iki ay əvvəl biz ailəvi olaraq Los-Ancelesdən festivala gedəndə bu musiqini maşında dinləmişdik. “Üçkünc” rayonunun mənzərəsi onları elə tutmuşdu ki, musiqi dayanan kimi uşaqlar ağladılar. Bu melanxoliya onlara bərk təsir etmişdi və nə hiss etdiklərini izah belə edə bilmirdilər. Elə o səhər də maşındakı təəssüratlarını xatırlayıb mahnını saxlamağımı istədilər. Elə həmin səhər Uksbayl mənim beynimin qapısını döydü: “Salam, mən Uksbaylam” dedi. Qalan üç ili mən onunla yaşadım. Amma elə o gün mənim beynimdə əhvalatın əvvəli və axırı artıq var idi.
Hamımız həyatımızın ən son günləri haqda düşünürük. Amma mən düşündüm ki, öləcəyini bilsən və azyaşlı uşaqların olsa, onda necə? Mən bu barədə uşaqlıqdan düşünmüşəm və bu fikir praktiki olaraq bütün həyatım boyu mənə rahatlıq verməyib-bəzən dəhşətə gətirib, bəzənsə ruhlandırıb.
Mən ölüm haqda yox, həyat haqda film çəkmək istəmişəm. Mənə qəhrəmanım Uksbaylın (Xavyer Bardem) necə ölməyi yox, həyatının son günlərini necə keçirməyi maraqlıdır.
- Uksbaylı əhatə edən dünya çox amansızdır. Belə dəqiq detallar haradandır?
- Çox araşdırdım, filmdə göstərilən immiqrant ailələrlə, afrikalılarla, çinlilərlə tanış oldum. Yəni filmdəki təxəyyül məhsulu-filan deyil. Yüzlərlə, minlərlə adam belə yaşamağa çalışır, onlarla quldan betər davranırlar, istismar edir, aşağılayırlar. Filmdə gördükləriniz də aktyorlar deyil, afrikalı, çinli icmaların üzvləridirlər. Onlar filmdə oynadıqlarını yaşayıblar və yaşayırlar. Bu, onların gündəlik həyatıdır. İmmiqrantlar və yeraltı sexlərlə bağlı problem dünyanın çox ölkəsində var. Tək ölkələr üçün deyil, immiqrantların özləri üçün də. Qeyri-qanuni immiqrantlar qullardır, XXI əsrin qulları. Onların üzərində legitim zorakılıq həyata keçirilir. Böyük şəhərdə qanuni işləyən immiqrantlardan başqa ondan dəfələrlə artıq qeyri leqal işləyənlər çoxdu, bu qara bazar iqtisadiyyata təsir edir.
- Filmdə polis Uksbaylda deyir ki, sən immiqrantları istismar edirsən. Amma biz filmdə onlara insanca yanaşan yeganə adamın Uksbayld olduğunu da görürük.
- Uksbayl adi adamdır. Onun kimisini çox görmüşəm. O qəhrəman-filan deyil, faciənin ekstremal şərtləri altında özü bildiyi kimi davranan adi bir adamdır. O, qastarbayterləri qanundan qoruyur, həm də onları istismar edir. Belələri hər yerdə var. Amma həm də qeyri adidir, ölüləri eşidə bilir. Filmdə o ona görə belə verilib ki, tamaşaçı onu duya bilsin. Onu orqanizm kimi göstərsəm deyərəm küçə Uksbaylın bədənidir, ailə ürəyidir, ruhu isə yanında olmayan atasıdır. Mənim atam deyirdi ki, az maaş alan adamlarda, taksi sürücülərində ruhdan düşmə olmur, həyat özü onları ruhdan düşməyə qoymur. Depressiya varlıların imkanı çatan dəbdəbədir, mənim Uksbaylım da elədir, məyus, tənha və heç vaxt tanımadığı ata axtarışındadır.
Ssenarini də yazanda Xavyeri nəzərdə tutmuşdum. O, olmasa ümumiyyətlə heç kimi çəkməyəcəkdim.
Mən həmişə filmlərimi - ailəmdən kiməsə həsr edirəm. Ona görə yox ki, onlar mənim qohumumdu, yox, ona görə ki, onlar məni ruhlandırır, ilham verir və mən bu film vasitəsilə onlara xitab etmək istəyirəm. “Bietiful”u mən atama həsr etmişəm. O, özü bilir niyə...