Əsirlikdən qaçan fotoqraf - FOTOLAR

Əsirlikdən qaçan fotoqraf - FOTOLAR
27 may 2015
# 07:30

Anri Kartye Bresson 1908-ci ildə doğulub. “Küçə fotoqrafiyası”nın əsasını qoymaqla əfsanəviləşən Anri fotojurnalistikanın atası hesab olunur.

Onun ağ-qara fotoları tarix, atmosfer, epoxanın nəfəsi və ritmi deməkdir. Uşaqlıqda da rəsmlə maraqlanan gənc Anri məşhur macar fotojurnalisti Martin Munkaçın “Tanqaika gölündə üç oğlan” fotosunu görür. “Mən birdən birə başa düşdüm ki, fotoqrafiyanın köməyi ilə bütöv bir əbədiyyəti bir anda fiksə etmək olar – deyə Kartye Bresson sonralar yazırdı – məhz bu foto məni buna inandırdı. Bu şəkildə o qədər gərginlik, o qədər ədalətsizlik, o qədər həyat sevinci, o qədər fövqəltəbiilik var ki, indi də ona sakit baxa bilmirəm”

Bressonun fotoqraf kimi formalaşması ikinci dünya müharibəsində baş verdi: faşist əsirliyində, qaçış, Müqavimət-də iştirak... hərbin gündəlik həyatını lentə köçürmək üçün yalnız düzgün baxış, istedad lazım deyildi, həm də cəsarət və soyuqqanlılıq tələb olunurdu.

1947-ci ildə Kartye Bresson Magnum Beynəlxalq Fotoreportyorlar Birliyinin əsasını qoydu. Bu birlik qərb jurnal və agentliklərinin qarətçi fotoqraf siyasətinə cavab idi. Agentliyin fotoqrafları yer kürəsini “Təsir sferası”na böldülər və Kartye Bressona Asiya düşdü. Azadlıq uğrunda mübarizə aparan ölkələrdən – Hindistandan, Çindən, İndoneziyadan reportajlar onu dünya miqyaslı fotojurnalistə çevirdi.

Bressonu “Görünməz fotoçəkiliş” metodu məşhurlaşdırdı - onun əksər modelləri onları çəkdiyindən xəbərsiz idi. Nəzərə çarpmamaq üçün Bresson fotoaparatının parıltılı yerlərini qara izolentlə örtmüşdü.

Fotoqrafın əsas cizgisi, vergisi “həlledici an”dır. Bu sözlər onlarla fotoqrafın dilinin əzbəri oldu. Bresson həmişə istənilən süjeti emosional gərginliyin pik anında çəkməyə çalışırdı.

“Fotoqrafiya özlüyündə məni maraqlandırmır. Mən sadəcə reallığın bir parçasını qoparmaq istəyirəm. Mən çəkəndə heç nəyi sübut etmək və ya vurğulamaq istəmirəm. Əşyalar və adamlar özləri özlərini danışa bilirlər. Mən “mətbəx”lə məşğul deyiləm. Laboratoriyada və ya studiyada işləmək məni iyrəndirir. Manipulyasiya etmək istəmirəm – nə çəkilişdən əvvəl, nə də sonra. Fotoqrafiyada yaradıcılığın yeganə məqamı saniyənin 25-də biridir, kamerada işığın parlaması və hərəkətin dayanması...”

“Hadisələri qurmağı və ya rejissorluq etməyi qəbul edə bilmirəm. Bu dəhşətdir... Gerçəkliyi qurmaq olmaz. Mən həqiqəti sevirəm və yalnız onu göstərirəm...”

“Bizim gördüyümüz reallıq sonsuzdur, yalnız onun seçilmiş, həlledici məqamları bizi heyrətləndirir və yaddaşımda qalır. Bütün təsvir vasitələrindən yalnız fotoqrafiya bu məqamı dəqiq tuta bilir. Biz itib yoxa çıxan nəsnələrlə oynayırıq, o nəsnələri geri qaytarmaq mümkün olmur”.

Anri Bresson Stalinin ölümündən sonra SSRİ-də olan ilk fotoqrafdır. 1954-cü ildə onun ittifaqda çəkdiyi fotolar “Moskvalılar” silsiləsində çap olundu.

“Fotoqrafiya” həyatın öncəgörməsi kimi bir şeydir. Fotoqraf dəyişən plastik məlumatı qəbul edir və saniyənin bir anında sonsuz hərəkətlərin arasında ifadəli müvazinət tapır”.

Anri Kartye Bresson 2004-cü ildə Fransanın cənubundakı əyalət şəhərində 95 yaşında vəfat edib.

Paris. 1952-ci il.

Konslagerdən azad olan uşaq. Almaniya Dessau. 1945-ci il.

Qızılın verilməsinin sonuncu günü. Şanxay, 1949-cu il.

Əhmədabad. 1965.

Neapol 1960.

Roma, kovboy oynayan uşaqlar. 1951-ci il.

Parisdə Mitinq. !954-cü il.

Martinanın (Fotoqrafın arvadı) ayaqları. 1967-ci il.

Qaraçılar. İspaniya. 1951-ci il.

Qaradərililəri teatra buraxmırlar. !962-ci il.

“Hər bir işə razıyam”. Hamburq, 1952-ci il.

Alber Kamyu. 1944-cü il.

Zil sürücüsü. SSRİ. 1954-cü il.

Leninqrad, 1973-cü il.

Merilin Monro 1965-ci il.

Anri Kartye Bresson

# 991 dəfə oxunub

Müəllifin son yazıları

# # #