Aslan Şirinov: “Dəlləyimi seriala çəkirlər, məni yox…”

Aslan Şirinov: “Dəlləyimi seriala çəkirlər, məni yox…”
9 sentyabr 2013
# 07:45

Aslan Şirinov. Akademik Mili Dram Teatrının tamaşaçıları onu xarakterik obrazlarla tanıyırlar. Tələskən yerişi, plastik hərəkətləri, danışığı rollarına da sirayət edir. Oyun üslubundakı mistik, ironik faciəvi, komik çalarlar onun obrazlarını daha yaddaqalan edir. 2002-ci ildə “ilin ən yaxşı aktyoru” nominasiyasının qalibi olmuşdur. Ötən il isə “Əməkdar artist” fəxri adına layiq görüldü.

- Aktyorluğu nə zaman və niyə seçdiniz?

- Təsadüf olub bu. 4-cü sinifdə oxuyurdum. Anamla avtobusda gedirdik, bir kişi yaxınlaşıb dedi ki, kinostudiyaya uşaq rolları üçün aktyor kursu yığırıq. Istəsəz, sizin uşağınızı o aktyor kurslarına yazdırardıq. Razılaşdıq və mən bir müddət o kurslara getdim. Həvəsim böyük idi. birdən-birə sirli bir dünyaya düşmüşdüm. Sonralar valideynlərim bu həvəsin ciddiyə dönüşdüyünü görüb, kursdan saxladılar. Amma 7-8-ci sinifdə yenə o kurslara qayıtdım. Ilk işim “”Bəyin oğurlanması” filminə çəkilməyim oldu. Amma siz məni orada görə bilməzsiniz. Onu ancaq özüm görürəm - bilirəm ki, arxada qara köynəkli oğlan mənəm.

Bu həvəs məndən əl çəkmədi. İncəsənət Universitetinə sənəd verdim, Əliabbas Qədirovun kursunda oxudum. Amma Turabov da əsas müəllimlərimizdən olub. O vaxtdan bu günə kimi səhnədə olmağım 18 ili tamamdır.

Özümü teatrda şanslı aktyor sayıram. “Diaqnoz D” tamaşasında Səyavuş Aslan və Firəngiz Mütəllimova kimi adı artıq brendə çevrilən böyük sənətkarlarla bir səhnədə oynamışam. Əgər mənə onların yanında “yaxşı idi, pis deyildi” deyirlərsə, bu, böyük şeydir. Çünki onların fonunda mənim yaxşı olmağım asan məsələ deyil. Qəribədir ki onlar daha bir tamaşada mən onların övladını oynadım - “Varlı qadın”. Bu səhnələr mənim yaddaşımda “Qızıl üçlük” kimi qalıb.

Ümumiyyətlə, mən bəzən buna şans məsələsi kimi baxıram. Sevinirəm ki Leyla Bədirbəyli ilə “Ana intiqamı” tamaşasında oynamağa yetişdim. Eldəniz Zeynalov, Kamal Xudaverdiyev kimi aktyorlarla eyni səhnədə oynaya bildim. Bəzən sevmədiyim rol olsa belə sevdiyim aktyora görə imtina etmirəm. Aktyorlar bir-birini səhnədə hiss etməlidirlər. Səyavuş Aslan teatrda ata obrazı olanda oğul roluna məni məsləhət görürdü. Eyni səhnədə oynayırdıq-ömrünün son vaxtlarında tamaşa yarıya çatanda gözlərindən görürdüm ki yorulub. Tamaşa gedə gedə qaçıb stul gətirirdim-özümdən mizan uydururdum ki səhnədə də olsa dincəlsin. Tamaşadan sonra mənə təşəkkür edirdi...

- Rola görə inciklikləriniz, depressiya keçirdiyiniz olurmu?

- Psixoloq dostum var, o mənə depressiyadan qaçmağın yollarını anladıb. Olub ki əmr də yazılıb, amma gecə ilə əmri dəyişiblər. Səhər görmüşəm o rola başqasını yazıblar.

- Səbəbi ilə maraqlanmamısınız?

- Mən söz qurdalayan, intriqa axtaran adam deyiləm. Bir adam mənə nə desə, nə anlatmaq istəsə o qədərini dinləyərəm-artıq heç nə soruşmaram. Amma adam əlbəttə pis olur. Sən bir rola özünü hazırlayırsan-qəflətən dəyişir hər şey. Obyektiv şəkildə bilirsən ki o rol sənlikdi, amma səndən alıb başqasına verirlər. Amma mən heç vaxt özümün olmayan rolu da istəmərəm. bu gün “Babək” filmi çəkilsə kimi dindirsən deyər Babək mənəm. Amma mən demərəm. Bilirəm ki deyiləm.

- Eyni rolları oynadığınızı, təkrarlandığınızı deyirlər. Əlbəttə bu rejissorlardan asılıdı. Amma eyni xarakterli rollar oynamaq həm də öz seçiminizdi?

- Mənim bəxtim gətirib-rolsuz qalmamışam, xarici rejissorlar da tamaşa hazırlayanda mənə mütləq rol veriblər.

Amma dediyiniz məsələ olub. İki-üç komediyada uğur qazanmışam. Rejissorlar da məndə onu görüb hazır olanı seçiblər, başqa tərəfi axtarmaq, kəşf etmək istəməyiblər və eyni səpkili rollarım olub. Kim deyirsə ki, eyni səpkili rollar oynayır və özünü təkrarlamır, bu yalandır... Axı aktyor bir rola özünü hazırlayanda ona uyğun bir tərz tapır-plastika, danışıq tərzi, yeriş... Gərək müəyyən müddət keçə və başqa səpkili rollar oynayasan ki bu hərəkətlər səndə qəlibləşməsin.

Mən aktyor üçün ampluanı qəbul etmirəm. Amma bu, aktyordan yox, rejissordan gələn bir şeydi. Heç olmasa bir dəfə bu adama şans ver, lap dublyor kimi ona şans ver ki, özünü başqa səpkili rolda sınasın. “Anamın kitabı” tamaşasında ikinci hissədə xüsusən nə vaxtda içimdə yığılan faciəni tökə bilirəm. Amma “Qvazimoda” tamaşasında Qvazomodanı oynadım, bu tamam yeni bir obraz, yeni bir dönəm idi.

Bilirsiniz, teatr adamına çox həssas yanaşmaq lazımdı. Bəzən jurnalistlər heç nəyi nəzərə almırlar. Teatrı tənqid etmək üçün beş il universitet oxuyublar. Bəzən tamaşada mənasız detallara ilişirlər. Janrı belə bilmirlər. 1 m 80 sm boyum var mən bir metrlik Qvazomodanı oynamışam. Hətta orada bir səhnə var idi-Ayşad Məmmədov keşiş-nə isə izah edir və tam on iki dəqiqə mən tərpənmədən ona aşağıdan yuxarı beli bükük vəziyyətdə baxmalıyam. Bu, sadəcə olaraq fiziki ağrı deməkdi. Bir teatrı bilməyənin durub detal axtarmasını görəndə adam məhv olur.

- Bir teatr adamı olaraq özünüzə diqqət hiss edirsinizmi? Teatra, onun binasına yox, məhz yaradıcı adam olaraq aktyora...

- Adətən bu sualın cavabında maaşdan şikayətlənirik. Həqiqətən maaşımız kiçik məbləğdədi. Bu məbləği bilən serial və xarici kinoprodakşnlar da bizimlə az məbləğə müqavilə bağlayır. Biz dediyimiz qiymətin 50 qatını isə xaricdən gələn aktyorlara verirlər.

- Bu məsələni artıq neçənci müsahiblə danışırıq. Niyə bir gildiya-qurum yaradıb şərtlərinizi bəyan etmirsiniz? Məsələn bu qurumla müəyyən məbləğdən aşağı çəkilməyi qadağan edin.

- Real deyil. Aktyor bilsə ki, aldığı məbləğlə öz çulunu sudan çıxara biləcək, o, buna razılaşar. Amma məcbur olur ki aşağı məbləğə filmə çəkilsinlər. Az da olsa məbləği itirmək istəmir.

- Müəyyən müddətə dözmək lazımdı sadəcə...

- Dözmək olmur. Neçə il dözmüş insanlar var. Məsələnin ikinci tərəfi də var. Seriallarda barmaq sayı aktyor var. Artıq elə şəkil alıb ki taksi sürücüsünü, satıcını, bərbəri aşağı məbləğ boyun olmaqla, ya da pulsuz filmə-seriala çəkirlər. Kim gəldi çəkirlər. Mən-aktyor evimdə açıram televizoru, görürəm bərbərimi və ərzaq aldığım dükanın satıcısını filmə çəkiblər. Yaxud incəsənət təhsili olmayan adamlar serial çəkirlər. Rejissor deyil, işi bilmir, amma çəkir...

- Tamaşaçının keyfiyyəti. Nə deyə bilərsiniz? Bu, əylənmək istəyən obıvateldi?

- Yox. Hərə tamaşada bir şey axtarır. İndi çox şükürlər ki, tamaşaçı artıb, anşlaqlara oynayırıq. Əvvəlki zamanlardakı kimi az deyil. Amma o da var ki, ağır mövzular işləmir. Məncə tamaşaçıya daşıya biləcəyi qədər yük vermək lazımdır. Artıq yükləyəndə çökə bilər.

Yaxşı tamaşa olanda tamaşaçı da dəyişir. Olub ki tamaşa oynamışıq, gəlib yuyunub əynimizi dəyişmişik, az qala təzimdən 40 dəqiqə sonra çıxmışıq evə getməyə, görmüşük ki, tamaşaçı dayanıb gözləyir - görüşüb söhbət etmək istəyir.

Teatra gəlmək özü bir mədəniyyətdir. Mən oynamadığım tamaşalara belə baxıram-hətta istəyirəm ki, əsas girişdən girim, qarderoba paltar verim...

- Hətta bilet alasınız...

- (gülür) Hətta bilet alam. Axı bilet almaq özü də bir mədəniyyətdir. Texnika elə inkişaf elədi ki, mədəniyyət özü evlərə gəldi. Musiqi dinləmək üçün, filmə baxmaq üçün evdən, hətta mətbəxdən çıxmaq lazım gəlmədi. Amma adamlar birdən anlayır ki, cəmiyyətə çıxmaq lazımdır. Axı teatra girən adamın davranışı da dəyişir, insanlarla yanaşı oturursan. Cəmiyyətə çıxmaq lazımdı. Həm də televiziya insanları yorub.

- Teatrla bağlı nə arzunuz var? Nə olsun istəyirsiniz?

- Mən arzulayıram ki, ümumiyyətlə, teatrın, yaradıcı insanların arzuları olsun. Teatra tamaşaçı arzulayıram. Bol ruzi arzulayıram. Ruh adamıyıq biz. Yaxşı tamaşalar olsun...

# 3977 dəfə oxunub

Müəllifin son yazıları

# # #