YUĞ Teatrında Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında “Fəna” adlı yeni tamaşa hazırlanıb. Kulis.azın teatrın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə tamaşanın quruluşçu rejissoru Mir SAHİB, rəssamı Rəşid Şerif (Əməkdar rəssam), musiqi tərtibatçısı isə Amid Qasımov və İffət Əsgərovdur.
Rejissor tamaşanı “bir nəfəslik mərifət oyunu” kimi təqdim edir. Tamaşada aktyorlardan Qasım Naği, Natəvan Qeybani, Oktay Mehtiyev, Novruz Novruzlu iştirak edir.
Tamaşanın ana xəttini “Özünə gəlmək”, “Özünəqayıdış” düşüncəsi və halı əzəldən insan təfəkküründə və ruhunda mövcud olub” ideyası təşkil edir. Plot line-a görə, Özünü-özlüyünü itirmiş üç nəfər, öz fitrətlərini insan surətində görüb, onun dəvətilə özlərinə-özlüyünə qayıdırlar.
“İnsan bütöv bir Həqiqətin zərrəsidir. Bunu istəsə də istəməsə də insan O Həqiqətə bağlıdır. Bu Həqiqətin insandakı təzahürü vicdan, mənəviyyat, ruh və ya fitrət adlanır. Bəşər övladı yarandığı gündən Həqiqətə qayıdış yolunda vasitəçi olan, təmiz fitrətə ya müdaxilə edir, ya da müdaxilə təhlükəsi ilə yaşayır.
Fitrətə müdaxilə etməmək və ya bu təhlükədən amanda qalmaq üçün insan daim özünüislah (təzkiyə) və özünütanıma (mərifət) prosesini yaşamalıdır ki, nəticədə Fəna (qovuşma, həll olma, Həqiqətdə yox olma) məqamına yüksəlsin” deyə rejissor yanaşmasında deyilir.
55 dəqiqəlik tamaşa yaxın günlərdə tamaşaçılara təqdim olacaq.