Bulqakovun məşhur əsəri səhnədə nəyə çevrildi?

Bulqakovun məşhur əsəri səhnədə nəyə çevrildi?
20 iyun 2019
# 14:20

Kulis.az Aliyənin “TƏKi olsun deyirik, amma…” adlı resenziyasını təqdim edir.

Ötən gün gənclərin yeni yaratdığı “TƏK” (Teatr- Ədəbiyyat- Kino) Platforması ilk layihəsini təqdim etdi.

Bu, gənc rejissor Asiman Ağayevin Bulqakovun eyniadlı əsəri əsasında hazırladığı “İt ürəyi” tamaşası idi.

Əvvəlcə tamaşanın ideya qatı barədə. Tamaşanın toxunduğu məsələlər açdığı mövzu yalnızca əsərin yazılma tarixi və kontekstinə görə keçmiş söhbətlər deyil. Daha düzü, keçmiş yox, məlum söhbətlərdir. Tamaşanın da ideya qatında monotonluğu bu məlumluq yaradır; müəllifin sualı yoxdur. O, öz qənaətlərini təqdim edir. Və bu qənaətlər suallardan sonra yaranmır.

Yəni əslində heç bir mövzu köhnə deyil. Rejissor da “İt ürəyi”nin toxunduğu proletar-burjua, təbiət-sivilləşmə, sinfi bərabərlik kimi bütün əsr boyu çək-çevir olunmuş mövzuları (hansı ki, az qala kinonun tarixini əhatə edir) bu günə gətirib çıxara bilir: məsələn demokratiya yoxsa aristokratiya kontekstində. Amma və lakin məsələ boşluqları tapıb ora suallar qoymaq, tamaşaçını bunlar ətrafında düşündürməkdir. Ki, tutalım Trier son filmində bu gün dünyanın tapındığı dəyərlərin qarşısına o sualları qoymağı bacarır, çünki o, həmin boşluqları tapıb göstərə bilir.

“İt ürəyi” tamaşası ironiyasında yalındır, çünki qarşılığı yoxdur. Əgər bu pamfletdirsə, iki qütblü cəmiyyətin bərabərləşməsinə ironiyadırsa, başqa, alternativ üçüncü qütb də olmalıdır. Oysa, yoxdur elə bir qütb.

Yazılanlar anlaşılan olsun deyə, süjeti xatırladalım:

Şimalda, Rusiyada inqilab küləkləri əsən bir zamanda Professor Preobrejenski (aktyor Qasım Nağı) eksperiment aparır: o, Şarik adlı itə evsiz küçə adamının orqanlarını köçürür. İt zamanla insan sifəti (aktyor Nurlan Süleymanlı) alır. Bu əhvalat proletar inqilabı ilə paralelləşir. Sinfi, cinsi bərabərlik söhbətlərilə müşayiət olunur. Yerli hökuməti təmsil edən Evlər komitəsinin üç nümayəndəsi (Asiman Ağayev, Günay Əhməd və Tunar Əlizadə) rus intellektualının 7 otaqda yaşamasına dözə bilmir və bərabərlik prinsiplərinə görə, onu bu otaqlardan məhrum etmək istəyir. Bu yerdə rejissorun bu üç nümayəndəni karikaturlaşmış görkəm və tərzdə təqdim etməsinin şahidi oluruq: quldur, etiket qaydalarını bilməyən, vəhşi, oğru.

Professorsa kübar, insan kimi yaşayan, mədəni və savadlı.

Amma bu qütbləşməni qabartmaq, konflikti burdan təyin etmək tamaşanın ideya qatında iflasına qol qoyur. Gün kimi aydın və məlum məsələdir: professoru üstün edən hər cəhəti təbii üstünlük deyil, yaşadığı şərtlərdən və şəraitdən ortaya çıxıb. (Hansı ki, proletariat o şərtlər üçün mübarizə aparır və rejissor bunu tamaşanın girişində verir: “İnqilab...əslində hər şey isti bir ev üçün idi”) Eləcə də inqilabı təmsil edən o üçlük. Məgər Günay Əhmədin kişiləşmiş qəhrəmanı təbiətinə uyğunmu davranır? O da quruluşun şərtlərindən törəməyibmi?

Əgər belə deyilsə, Hitler də haqlıdır. Məzhəb müharibələri aparanlar da.

Buradan bir qapı da açıb təkamül mübahisələrinə toxunmaq olar, amma bu mübahisələr də dünyada aktual deyil, artıq bəlli məsələdir.

Kimlərəsə ehtiyacında olduğundan artıq şərtlərin yaradılması böhrana gətirib çıxarır. Tamaşada bir ideya da budur və bu, gerçəkdən çözülməli məqamdır. Amma bu tamaşanın əvvəlində parlayıb sönən ulduz kimi tamaşa içində işıldayıb son nəfəsini verir.

Finalda əsərdən fərqli olaraq proletariatı təmsil edən it ürəkli Şarikov möhtərəm üçlüyün – hökuməti təmsil edənlərin çaldığına oynayır. Çastuşka deyilən folklor rəqsini. Rəqsin seçilməsi də əhəmiyyətlidir. Hökumətin çaldığına oynayan birinin rəqsi. Etiraf etməli, tamaşanın təqdim etdiyi ideya palitrasına bundan yaxşı final tapmaq olmazdı. Bütün açıq ideyaları (sosializmi tənqid, proletara ironiya və s.) bəraətləndirəcək bir final. Amma bu həm də əlacsız finala oxşayır, təzə xəbər deyil, oxunmuş nəğmədir.

Xeyli uzun tamaşaya baxan tamaşaçı üçün yetərli mükafat deyil. Əlbəttə, azacıq başqa temporitm, janr çaları tamaşanı başqa cür qavramağa imkan verərdi. Məsələn, Qasım Nağının oyunundakı ədaların stilizasiya olunub snoblaşdırılması (hansı ki, bu stilizasiya-jestikulyasiya Qasımın aktyor təbiətində var), qulluqçu Zinanın (Rəfiqə Məmmədova) kuklasayağı hərəkət mexanizminə tam uyğunlaşması, ironiyanı birtərəfli görünməsinin qarşısını alar və ya musiqinin, səhnələrin “quick motion” komediya ritminə salınması tamaşanı hansısa yox, ümumiyyətlə, sosial quruluş haqda satirik pamfletə çevirə bilərdi və tamaşaya seçilmiş janr təyini - tragikomediya səhnə işinin “əynində” böyük görünməzdi.

Ümumiyyətlə, həm nəzəri konseptual yanaşma, həm bədii həll baxımından tamaşa bizi keçmişə aparır, nəinki gələcəyə...

Əlbəttə, bir tamaşaçı olaraq bizim də çox alternativlərimiz yoxdur, o üzdən TƏK olandan çox şey gözləyirik. Yazırıqsa, deməli ümid edirik, yazırıqsa deməli gözləyirik. TƏKi olsun...

# 2786 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #