O qadını öz evində necə öldürdülər?

O qadını öz evində necə öldürdülər?
14 noyabr 2017
# 17:31

Kulis.az Aliyənin “Sonluğun sonu” monotamaşasından yazdığı yazını təqdim edir.

Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına kiçik səhnəsində aktrisa Güşvər Şərifova mərhum əri Rövşən Ağayevin əsərinə oğlu rejissor Asiman Ağayevin quruluş verdiyi “Sonluğun sonu” monotamaşasını oynayır. Bu bağı qeyd etməyin mənası yoxdur deyəcəksiniz, amma bir aktrisanın taleyi üçün əlamətdardır, həm də xəbəri monoton olmaqdan qoruyur.

Monotamaşanın adi tamaşadan da artıq bir vacib “imtahan”ı var: səhnədəki o yeganə aktyor və ya aktrisa mətnin yükü altında əyilməməlidir, o mətni aysberqin görünən tərəfi bilməlidir, rejissor mizanları ilə, rəssam dekoru ilə, aktrisa tapdığı ifadə vasitələri ilə o mətni sübut yox, təsdiq yox, tərtib yox, təmin etməlidir - yəni, “diriltməli”dir.

Hələ monoloqun bir deyilmə səbəbi də olmalıdır: sözlü monotamaşada qəhrəmanı danışdıran səbəb. Rövşən Ağayevin monopyesində bu səbəb çox sadə, təbii və ağlabatandır, ona görə aktrisa və rejissora əlavə əziyyət düşmür: tənha yaşayan yaşlı qadın öz-özü ilə danışır.

Dar, qara səhnə minimalistcə seçilmiş dekor-butaforu – 3 stulu, bir güzgünü, bir çarpayını, 5 şəkil çərçivəsini və ağ geyimli aktrisanı aydın göstərir, necə deyərlər, əsas planda. Rejissor bu foto çərçivələri boş asıb - olsun ki, aktrisaya güvənərək, onun bu fotoları dolduracağına əmin olduğu üçün. Üstəlik, boş çərçivə minimalizmi artırır, orada konkret fotoşəklin olması lazımsız təfərrüatadır. Əsas olan tamaşaçının yox, aktrisanın o çərçivələrin içində fotoşəkilləri görməsidir və görür də. Əlavə təfərrüat tamaşanı başqa yerlərə apara bilir. Gənc rejissor bunu bilir. Ümumiyyətlə, rejissor, aktrisa, musiqi tərtibçisi əlbir olub tamaşanı onun üçün ən təhlükəli olandan - sentimentallığa sürüşməkdən qoruyublar, hesab edin ki, uçurumun kənarı ilə ustaca gəzişiblər...

Tamaşanın qəhrəmanı Zəhra nənə mərhum ərinin dalınca deyinir, təkliyin gətirdiyi təkrarlanan vərdişlərlə onu ora, bunu bura qoyur, başını açıb bağlayır, çünki bu hərəkətlər hamısı mexanikidir (bu yerdə qocaların vərdişlərinin simptomatikcə bir-birinə bənzədiyini də düşünək), o əşyalarla deyil, ona xəyanət edən əri ilə, qızıllarını alan uşaqları ilə, ondan qaçan nəvələri ilə üz-üzədir.

Güşvər Şərifova qəhrəmanının deyinmək ahəngini qoruyur. Amma bu ahəng tamaşaçını yormur, çünki o, hisslərlə zəngindir. Ona 45 dəqiqə içində bu qədər hisslər keçirməyə, inciməyə, kövrəlməyə, hirslənməyə, qorxmağa, peşmanlıq keçirməyə, darıxmağa xüsusi hadisələr lazım deyil, onun yaddaşından, keçmişindən, indisindən qopub tökülən parçalar bu hisslər mozaikasını özbaşına qurur. Bu parçalar bir-biri ilə orqanik bağlanıb - bir dəfə assosiativ, bir dəfə məntiqi, bir dəfə situativ... Xatirələr də belədir, hardan töküldüyü, nələri uçurub üstünə tökəcəyi bəlli olmaz. Amma bir bağ mütləq var...

Güşvər Şərifova qımqıma deyib özünü oxşayıb ağlayan, deyinən, inciyən, bağışlayan, unudan bir qarı obrazı yaradır. Birdən sildiyi şəklin çərçivəsindən Zəhra nənənin gəncliyi də boylanır, qoruya bilmədiyi məktəbli sonbeşiyi də.

Pafosdan rejissorun dəqiq mizanları, mətnin səhnə həlli, aktrisanın dəqiq əməl xətti tamaşanı tipikləşmədən, sentimentallaşmadan, ideyadan yayınmaqdan qoruyur və tamaşaçını mənzil başına gətirib çıxara bilir. Şəkil çərçivələrindən tutmuş qonşulardan ibarət dörd tərəfdəki naməlumluq tamaşanı bütövləşdirir.

Səhnə həlli nə deməkdir?

Məsələn, əvvəldən leytmotiv kimi iştirak edən musiqi Zəhra nənənin divarı döyməsilə kəsilir. Guya bayaqdan arabir səslənən bu musiqi qəhrəmanın daxili əhvalını ötürmək üçün deyilmiş, qonşudan gələn təsadüfi səs imiş.

Ümumiyyətlə, məkanı bir adamlıq təcrid kamerasına çevirməkdə blokların hamısı işləyir: alt qonşu, üst qonşu, musiqisi gələn qonşu Zəhra nənənin tənhalıq kamerasını darlaşdırıb qəbirə çevirir.

İpək toxuya-toxuya içəridə qalıb ölən barama qurdu kimi Zəhra nənə də özünü xatirələrlə sarıyır. İpək parçanın altında yuxuya gedir və biz ölümü düşünürük. Çünki Zəhra nənə ölməyə başlayıb. Müəlliflər bizə bunu yavaşca, deyək ki tanışlıqla xəbər verir, amma Zəhra nənənin övladları yalnız ölüm bitəndə eşidəcəklər. Yəni Zəhra nənə ölüb qurtarandan sonra. Tamaşanın əsas sualına gəlib çıxırıq: Adamlar özləri ölür? Yoxsa onları həmişə öldürürlər?

Deməli, “Sonluğun sonu” psixoloji monodramı aktyor oyunu, quruluş, səhnə tərtibatı, mətn kimi tamaşa komponentlərinin tamaşaçını ideyaya necə gəlib çıxarması haqda 45 dəqiqəlik dərs də ola bilər....

# 1774 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #