Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. Teatrdan kulis.az-a verilən xəbərə görə, “Sehrli üzük” Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan eyni adlı tamaşa ilin sonlarında balacaların ixtiyarına veriləcək. Tamaşanın rejissoru Anar Məmmədovdur.
Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbəsindən bəhs edir.
Nağıla yeni prizmadan baxan, onu çağdaş elementlərlə zənginləşdirən rejissor tamaşaya bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqlara hiss etdirməyə çalışıb.
Tamaşanın rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir. Əsas rolları İqbal Əliyev, Cəmilə Allahverdiyeva, Elnur Xəlilov, Elmira Rəhimova, Cavid Telman oynayır.