“Uje”, “Davay”, “Patalok”... - Rus sözləri işlədən serial qəhrəmanlarımız

<span style="color:red;">“Uje”, “Davay”, “Patalok”...  - Rus sözləri işlədən serial qəhrəmanlarımız
6 noyabr 2017
# 14:01

Çəkilib yayımlanan seriallar artdıqca problemlər də gündəmə gəlməyə başlayır. Serial birbaşa təsir imkanı olan vizual məhsuldur. Hər bir sahəyə, o cümlədən dilə də təsir imkanları var. Bəs görəsən bu gün seriallarda rastlaşdığımız “ləhcə”, ya ara danışıqda istifadə olunan rus kəlmələrinin işlənməsi nə qədər düzgündür? Bu sualla peşəkarlara müraciət etdik.

Qulu Məhərrəmli

professor

- Ənənəvi film çəkilişlərində epizodlar çəkilir, sonra səs yazılır. Serialda isə görünür ki, bir çox hallarda səs çəkiliş yerində yazılır. Lap elə səsləndirəndə də şivələrlə, ləhcələrlə danışırlar. Bu, əlbəttə ki, yolverilməzdir. Tutaq ki, obrazın leksikonu ola bilər, biri-ikisi dialektlə danışa bilər. Amma aktyorların hamısının bundan istifadə etməyi düzgün deyil. Qaldı rus sözlərinin işlənməyinə, eynən o cür. Baxın, vaxtilə, “O olmasın, bu olsun” filmi dilimizə nə qədər frazeloji birləşmələr, deyimlər, məsəllər gətirdi. İndi seriallarda dialoqların heç yükü yoxdur, boş danışıqlardır. Buna ssenari yazarları diqqət yetirməlidir. Serial ədəbi dilin formalarının təbliği üçün vasitə olmalıdır. Filmin dili canlı olmalıdır, amma o yenə də ədəbi dilin normalarına cavab verməlidir.

Rövşən İsax

serial rejissoru

- Türklər seriallarda Karadeniz ləhcəsiylə danışırdı, hamı deyirdi necə təbii çəkirlər. Bizdə istəyirlər hamı kitab dilində danışsın. Elxan Gəncə teatrının aktyorudur, ədəbi dildə də gözəl danışır. Mən özüm dedim ona ki bəlkə öz ləhcənizdə danışasan? Şirinlik gətirmək üçün...

Sevda Sultanova

kinoşünas

- Hər şey dəqiq dramaturji məqsədə və qəhrəmanın portretinin dəqiq cızılmasına xidmət edirsə, bu, normaldır. Məsələn, “Bizim Cəbiş müıllim” filmində bəzi personajlar ləhcə ilə danışır. Bu spontan görünür, təklif olunan vəziyyəti koloritləşdirir. İndiki halda isə bir çox məqamlarda bu, müəllifin savadsızlığından doğur. Ayrıca, ləhcələr lazım olmadığı halda şişirdilmiş verilir və bu saxtalıq qıcıqlandırır. Halbuki, gerçəkdə həmin ləhcə ilə danışan adamların sözləri qulağa şirin, harmonik gəlir. İndi serial sənayesində dil baxımından mühüm nöqtə bu olmalıdır. Rus sözlərindən, eybəcər şəkildə təqdim olunan ləhcədən qaçaraq, dinamik, təbii danışıq dilini gətirmək...

Mehriban Əlizadə

filoloq

- Əlbəttə, ləhcə ilə danışılmağa və ya rus kəlmələrindən istifadəyə yol verilə bilər. Amma bu, məqsədli olmalıdır. Hansı hallarda? Tipikləşdirilmə məqsədilə. Obrazın, personajın hansısa cəhətini qabarıq göstərmək üçün. Amma bu kütləvi hal alırsa, bütün obrazlar məqsədsiz şəkildə ləhcədə danışırsa, loru danışırsa, bu təhlükəli məqamdır, ədəbi dilimizə xələl gətirir. Yəni ölçü, çərçivə, meyar itməməlidir. Rus kəlmələrinin gətirilməsinə gəldikdə, bunu məqsədəuyğun hal saymıram. İndi rus dili bizim ölkədə əvvəlki qədər yayğın deyil, adamlar sözün mənasını anlamaya bilər. Əgər bu kəlmənin qarşılığı varsa niyə bunu rus dilində verəsən ki?

Düzü seriallara baxmıram, amma onların çəkilməsi əlbəttə ki, yaxşı haldır, nə qədər Latın Amerikan seriallarına baxacağıq ki? Öz mühitimizə öz həyatımıza uyğun seriallara baxmalıyıq.

Bir də ara danışıq üslubundan həddən artıq istifadə serialın və ya filmin bədiiliyini itirə, məişət səviyyəsinə sala bilər. Əlbəttə, biz süniliyi təbliğ etmirik, amma ədəbi dil var və onun istənilən formada normaları var.

Zemfira Əbdülsəmədova

aktrisa

- Əgər qəhrəman hansısa bölgənin nümayəndəsidirsə və hadisələrin gedişinə, ssenarinin tələblərinə uyğun gəlirsə fərd olaraq mümkündür. Daha bir serialda hamı ləhcə ilə danışırsa, bu, düzgün deyil. Rus dilində yalnız bir-iki kəlmə deyilə bilər, o da yenə də obrazın xarakterinə uyğundursa. Çünki, TV-də bir təbliğat vasitəsidir.

Valeh Əhmədov

ssenari müəllifi

- Biz çalışırıq ki, sözün dilimizdə qarşılığı varsa istifadə edək. Amma bəzi tamaşaçılar deyir ki, obrazlar elə bil, kitab sözləri ilə danışırlar. Bu nəyə görə belədir bilirsiniz? Biz o qədər o sözlərimizdən istifadə etməmişik ki, indi eşidəndə qəribə gəlir. “Tavan” yerinə “patalok” demişik, “döşəmə” yerinə “pol”. Amma bəzi hallarda bu sözlərdən istifadə etməliyik. Məsələn, xarakter küçə uşağıdır, ya da rusdilli bir obrazdır. Bölgədən gəlmiş bir insan çətin ki, ləhcəsiz təmiz danışa. Onun obrazının ləhcəsiz danışması özü düz deyil. Hər kəs öz xarakterinin dilindən danışmalıdır. Türkiyədə də belədir, başqa ölkələrdə də. Biz həmişə ssenarilərdə insanlara ziyan olacaq şeyləri təbliğ etməməyə çalışırıq. Hətta sinematik olaraq yaxşı görünsə belə, onlardan qaçırıq. Özümüzə qoyduğumuz sərhədləri aşmırıq. Seriallarımızda intihar görə bilməzsiniz. Cəhd ola bilər, amma kimsə mütləq obrazı xilas edir. Çünki, kino, serial elədir ki, orada hansısa obraza simpatiyası yarana bilər, hansısa həyat probleminin içində o da eyni addımı atar. Biz bundan qaçmağa çalışırıq. Və mümkün qədər insanları müsbət şeylərə yönəldirik. Serialımızdan birində muğam epizodu vardı. Və ya ədəbiyyatımızdan hansısa şeirlər salırıq.

# 1089 dəfə oxunub

Müəllifin son yazıları

# # #