Deyir, bir turist Bakıda hara gedər? Deyir, baxır turistə - ərəbsə bir başqa, sovet vətəndaşısa bir başqa, avropalıdırsa bir başqa...
“Deyir” - deyəndə yol yoldaşım yoxdur, payi-piyada Qala divarlarının dibindəki küçə yuxarı gedib qarşımdakı turistləri düşünürəm. Qabaqda pıqqıldaşa-pıqqıldaşa gedən polyak sandığım qızlar qəfil dayanırlar: “Smotri, zdes snimali tot film...”
Qızlar “Brilyant əl” filminin çəkildiyi məşhur küçəni tanıyıb sevinirlər. Çox güman ki, bu qızlar da sovet vətəndaşı olublar. Deməli tanış çıxdıq - vaxtilə bir ittifaqda yaşamışıq.
Bilmirəm, başqa ölkələrin şairləri də qəriblik mövzusuna bu qədər həssasdırlar, ya yox. Üç aylıq gəzməyə gedən şairlərimiz kimi qürbət şeirləri silsiləsi yaradırlarmı, görəsən?
Amma biz öz vətənimizdə qəribik. Yoxsa ortaq tanış niyə axtarırıq? Xəstəylə həkim, müəllimlə tələbə olduğu kimi mətbuatla oxucu, ədəbiyyatla publika, müsahiblə jurnalist bir ortaq tanışa möhtacdırlar.
Polyak sandığım qızların mənə ehtiyacı yoxdur.
İçərişəhərin keçmiş ittifaqa İtaliya kimi təqdim olunan küçəsində dayanıb şəkil çəkdirirlər. Bir zamanlar sovet kinosunun ən məşhur komediya aktyoru Nikulin burada yıxılıb üstünü çırpa-çırpa “Çyort poberi!” (Lənət şeytana!”) deyirmiş. “Brilyant əl” filmində...
Bu haqda divara kiçik bir məlumat lövhəsi vurublar. Üstəlik, xudmani bir kafe də açıblar “Çyort poberi!” adında. Qızların ardınca içəri keçirəm. Onlardan biri Lenadı. Bloqu var - səyahət etdiyi yerlər haqda ora yazır. Bu kafeni tapdığına sevinir, çünki bu film ona çox əzizdir. O biri xanımsa kafenin yuxarı başında qoyulmuş film qəhrəmanlarının maketlərinə tərəf doğma adamlara qaçar sayaq yüyürür. Divarlar filmdən olan fotolarla bəzənib.
Kafenin rəhbərlərindən biri Orxan Qasımov deyir ki, buranı orucluqdan sonra açıblar, yəni üç ay olmaz. Xeyli də turist marağı var. Deyir, bir dəfə Qəbələ tərəfdə ailəmlə oturub yemək yeyəndə çox yüksək hesab gəldi, gəzməyim burnumdan töküldü. Söz vermişəm turist, ya qeyri-turist çox baha qiymət qoymayam.
Orxan rusca, ingiliscə bilir. Qonaqlara məlumat vermək onun işidir. Onunla danışa-danışa yuxarı qalxırıq. Ağa Mikayıl hamamına girmək istədiyimi görüb deyir, burada da onun qohumları işləyir. Amma çifayda, içəri girib baxa bilmərəm, çün bu gün kişilərin çimmək günüdür. Amma adam yoxsa bəlkə foyedə şəkil çəkmək olar. Mənə bayırda gözləməyi tapşırıb içəri keçir. Qapıda yaşlı kişi dayanıb. Elə bu heyində görünüşündən ərəbə oxşayan turist gəlir. Onlar içəri keçir, qapıdakı yaşlı kişi mənə deyir:
“Hələ bilirlər hamam ancaq masaj üçündü, həm də arvad masajist axtarırlar. Bunlar xərəbdülər qızım...”
Orxan az sonra ərəblərlə çıxır. “Tomorow for ladies. Yes...»
Ərəblər narazı halda gedirlər. Kişi deyən düz imiş. Qadın masajçı axtarırlarmış....
Ağa Mikayıl hamamının başqa adı “Məşədi İbad” hamamıdır. Filmin hamam səhnəsi burada çəkilib. Orxan burada çəkilən daha iki bədii filmi xatırladır: “Mehman” filmi və Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” filmi.
Ağa Mikayıl hamamını XVIII əsrdə şamaxılı Ağa Mikayıl tikib. O zamanlardan bura hamamçılar məhəlləsi adlanıb. Bu hamamın üstünlüyü elə qədimliyidir. Yoxsa ki, bəlkə buradan da keyfiyyətli xidmət göstərənlər var. Bələdçimiz Orxan belə deyir:
“İndi də burada keçmişdəki qaydanı saxlamışıq - tas tabaqla çimmək! Həm krantlar tez xarab olur, həm də bu, bir növ köhnə qaydanı qorumaqdır”.
Hamamın kisə, çay dəsgahı, massaj - bir sözlə bütün xidmətlərindən istifadə etmək bir adama 35 manata başa gəlir. Hərgah o yerlidirsə. Amma istəməsən hansısa xidmətlərdən imtina edib daha az pul ödəyə bilərsən.
Bazar səhnəsində Qoçu Əsgərin qovulduğu hamamın qapısını tapırıq.
Orxanın ixtisasını soruşuram; İqtisad universitetini bitirib. Kinoya, tarixə maraq göstərsə də oğlunun çoban olmasını arzulayır. Deyir, sivilizasiyadan uzaq, təbiət qoynunda olmaqdan gözəl heç nə yoxdur.
Onunla razılaşıb, həm də sağollaşıb yuxarı üz qoyuram. Uşaqların əhatəsində Vahidin heykəli daha qayğılı görünür. Vahid çoxuşaqlı kasıb ataya oxşayır.
Qarşıda bir topa turist kölgələnir. Restoranlardan onları içəri dəvət edənlər var. Yaxınlıqdan yaşlı cütlük keçir. Nə isə axtarırlar. Güneyli olduqlarını duyuram və onlara yaxınlaşıb köməyimi təklif edirəm. Cənub ləhcəsinə əlavə bir şirinlik qatır xanım:
“Gəzmək istərdüx şəhəri. Dünən Sədərəkə getmişdux. İndi şəhərə çıxdux. Bir yaxşı yerlər ola, şəkil çəkdirəx.”
“Onlardan öz kamerama da çəkməyi xahiş edirəm. Qadın icazə vermir: Olmaz. Olmaz! Qız qalasına da istəmirlər: Başımız hərlənər, yaşımız çoxdu...”
Taxçalara gümüş əşyalar, milli ornamentli qablar, suvenirlər qoymuş satıcıyla sövdələşirlər.
Turist həvəsi ilə dükanlardan birinə girirəm. Satıcı qızla tanışlıqdan sonra oradakı əşyaları əlləşdirirəm. Məlum olur ki, satıcı xanımın adı Vasilisadır. Yeddi ildir ki “Folk art” süvenir və əl işləri dükanında işləyir. Vasilisa yeyinti sahəsində ixtisaslaşsa da bu işini sevir. Təkcə son zamanlar çoxalan ərəb turistlərlə əziyyət çəkir:
“Birdən girirlər dükana və heç kimə nəzarət edə bilmirəm. Əşyalara toxunur, sındırırlar. Gümüş sırğa-bilərzik alırlar ən çox”.
Dükanda ən bahalı əşya 500 manatlıq rəsm əsəridir. Rəssamlar Yusif Mirzə, Mir Teymur işlərini bu dükana qoyurlar. Müxtəlif texnikalarda işlənmiş əşyalar var. Gözəl Vasilisa hər bir əşyanın tarixi, funksiyası haqda məlumat verməyi vəzifəsi saydığını deyir:
“Bu sırğaların içindəki qurudulmuş yarpaqdır, üzüm yarpağı... Bu xüsusi texnika ilə düzəldilib. Bunlarsa tikmədir. Əlbəttə, hamısı əl işidir...”
...Qız qalasına burulan küçədə yerləşən qalereyada satış-sərgidəyəm. Alıcı az olur, amma tamaşaçı da yoxdur deyirlər... Əlbət, selfi çağıdır, tamaşaçı hardan olsun...
Az sonra Qız qalasının qarşısında bilet köşkündəki qızları dindirirəm. Yerlilər və turistlər üçün xidmətin qiyməti fərqlidir. Xeyli sayda turist gəlir. Ərəblər də çoxdur. “Amma bələdçi istəmirlər”, - xanım əlavə edir. Eləcə şəkil çəkib düşürlər.
Bir azdan məktəblilər də da gəlməyə başlayacaq, onlara qiymət daha aşağıdır.
Elman dayının bukinistində dincəlmək yaxşı olardı. Alçaq səsdə qoyulmuş radio, diktorun səsindəki sovet arxayınlığı, kitabların arasında Elman dayının yaratdığı əmin-aman bir dünya, başqa bir zaman ölçüsü...
Dükan bağlıdır. Amma nahar fasiləsi saatı yazılan balaca kağız parçası belə rahatlıq gətirir. Vaxt ölçüsü tamam başqa olduğuna görə: “2:00-3:00”
Günün günorta çağı...