Kulis.az bədii mətnlərdəki ən ağlagəlməz, qəribə ölümləri təqdim edir.
Beləliklə;
Adaçayı ilə diş sürtmək
Bu ölümlə Covanni Bokkaççonun “Dekameron”unda Simona və Paskvino ölürlər.
“Dekameron” əsərində gənc adamlar taundan qorunmaq üçün Florensiya yaxınlığında bir qəsrdə günlərini keçirirlər. Vaxt keçsin deyə, onlar bir-birinə maraqlı əhvalatlar danışırlar.
Dördüncü gün danışılan hekayə Simon və Paskvinonun sevgi əhvalatıdır. Bu əhvalatın gənc qəhrəmanları sevişmək üçün adamlardan gizli bir yer axtarırlar. Bağa gedib adaçayı kolunun altında uzanırlar. Paskvino bir yarpaq qoparır və onunla dişlərini, damağını sürtməyə başlayır, çünki “adaçayı yeməkdən sonra dişdə qalanları yaxşı təmizləyir”.
Az sonra gənc görmə qabiliyyətini itirir, daha sonra danışa bilmir və qəflətən ölür.
Dərdli Simonanı məhkəməyə aparırlar. Oğlanın dostları əmindir ki, Paskvinonu Simona zəhərləyib. Məhkəmə, müttəhim və camaat bağa, Paskvinonun şişmiş, tünd ləkələrlə bürünmüş bədəninin qaldığı yerə gəlir. Məhkəmə işçisinin əmri ilə qız hər şeyi olduğu kimi göstərir və dişini adaçayı ilə təmizləyir. Bir dəqiqə sonra qız ölü halda torpağa yıxılır. “Ola bilsin, bu adaçayı zəhərlidir. Başqalarına ziyan verməsin deyə onu kökündən çıxarıb ocağa atın” deyə məhkəmə qərar verir. Kolu qırarkən odunçu orada nəhəng qurbağa aşkar edir. Yəqin ki, kol bu qurbağanın nəfəsindən zəhərli olubmuş.
Düşmənin yasında kökə yeməkdən ölmək
Nikolay Leskovun “Dəmir iradə” əsərində Hüqo Karloviç Petkoralis belə ölür.
Leskovun qəhrəmanı Petrokalis Rusiyaya mühəndis işləmək üçün gələn qəribə bir almandır. “Dəmir iradə”yə can atması, zəhlətökənliyi, prinsipiallığı ilə içməyi, deyib-gülməyi, yalan uydurub işdən qaçmağı sevən yerli sakinləri qıcıqlandırır. Pektoralisin inadkarlığı çuğun zavodunun rəhbəri Safronıçla konfliktə gətirib çıxarır. İş məhkəməlik olunca almana hər gün öz maaşından 115 rublu Safronıça vermək kimi bir iş kəsilir. Qəzəb içində olan alman rusların dəfnində kökə yeməyə söz verir- sözünə də əməl edir.
Gündəlik Pektoralisdən pul alan Safranıç içkiyə meyl salır və ölür. Alman sevincək onun dəfninə gəlir. Hamının acığına axmaq bir mübahisədə iştirak edir – o, Flavian atadan çox kökə yeyə biləcəyinə dair mərc gəlir. “Kökə yeməkdən stoldaca ölən almanın qarşısında Flavian ata xaç çəkdi, köks ötürdü və “Allah bizimlədir” deyə isti kökədən bir parça ötürdü”- deyə Leskov əsərini bitirir.
Mələfənin üstündə göyə uçmaq
Bu ölümlə Qabriel Qarsia Markesin “Yüz il tənhalıqda” romanında gözəl Remedios ölür.
Markes qəribə ölümlər üzrə rekordçudur. Onun qəhrəmanları ilə daha nələr baş vermir ki. “Yüz ilin tənhalığı”nda böyük Xose Arkadionu ağaca bağlayırlar, orada o, gəncliyində öldürdüyü adamın ruhu ilə danışa-danışa çərləyir. Onun oğlu Aureliano Buendia bu ağacın altında siyiyərək ölür. Qızı Amaranta isə uzun illər özünə dəfn geyimi tikir, işini bitirəndən sonra bakirə qız kimi ölür. Buendia nəslində sevgidən doğulmuş yeganə uşağı qarışqalar yeyir. Uşağın atası üstünə “nəsildə ilk adam ağaca bağlanmış halda öləcək, sonuncunu isə qarışqalar yeyəcək” yazılmış qədim perqamentin şifrəsini açandan sonra – tufanda ölür.
Kişilərin ağlını alan Gözəl Remediosa gəlincə isə onu, yuyulmuş mələfələri yığanda yüngül bir külək göyə uçurur.
Gəlinlikdə yanıb ölmək
Çarlz Dikkensin “Böyük ümidlər” romanında Miss Hevişem belə ölür.
Miss Hevişem bir zamanlar mehrab qarşısında həyat yoldaşının tərk etdiyi yaşlı qadındır. O zamandan bəri o, qapı-pəncərəni bağlayıb evdə oturur və saralmış gəlinliyini əynindən çıxarmır. O daim kişiləri lənətləyir və gənc tərbiyəçi Estelli də buna səsləyir. “Onların ürəyini sındıranda, mənim qürurum və ümidim, bunu amansızlıqla et” –deyir. Bu qadın öz tənhalığını, nifrətini və kişilərdən qisasını kulta çevirir.
Bir dəfə onun gəlinliyi yaxınlıqdakı ocaqdan od alıb alışır, Hevişem yanır, az sonra döşəmədə tarakan və hörümçəklərin arasında onun yanmış bədəni qalır. Qadın son günlərini ancaq bu vəziyyətdə uzanmaqla keçirir, çünki bədəninin ön hissəsi tamamən yanmış olur.
Fırtınada iki yerə bölünmək
Bu ölümlə Mixail Saltıkov-Şedrinin “Bir şəhərin tarixi” romanında briqadir İvan Matveyeviç Baklan ölür.
Ümumiyyətlə, Saltıkov-Şedrinin Axmaqlar şəhərini təsvir edən satirik romanı gülünc ölümlərlə doludur: Sakinləri ac saxlayan şəhər valisi çox yeməkdən ölür. Klassik təhsili müdafiə edən yunanı taxtabitləri yeyir. Dövlət müşaviri “senat qərarlarını qavramaqda çətinlik çəkib gücə düşdüyündən” ölür.
Briqadir Baklan haqda isə şəhər inventarında bunlar yazılıb: “Üç arşın üç qarış boyu vardı, Uzun İvan soyundan olması ilə öyünürdü. 1761-ci ildə şiddətli fırtına onu iki yerə böldü.”
Meymun tərəfindən öldürülmək
Edqar Allan Po-nun “Morq küçəsində qətl” hekayəsində madam Lepanye və onun qızı məhz belə ölür.
Madam Lepanyenin və onun qızının qəribə ölümünü baş qəhrəman Ogüst Düpen araşdırır. Onların həlak olduğu yerdə mebel qırıntıları və insan tükünə oxşamayan tük aşkar edirlər. Qızın eybəcərləşdirilmiş bədəni buxarıda gizlədilib, anasınınkı isə pəncərədən düşüb. Cəsədi götürmək istərkən, ananın başı ayrılıb yerə diyirlənir. Araşdırmadan sonra məlum olur ki, qadınlar bir dənizçinin Borneo adasından yaxşı qiymətə satmaq üçün tutduğu, amma əlindən qaçırdığı oranqutanın qurbanı olublar. Oranqutan evə buxarıdan daxil olub və qadınları öldürüb.
Uğursuz şəkildə özünü ölülüyə vurmaq
Bu, Şekspirin “Romeo və Cülyetta” əsərində Cülyettanın ölümüdür.
Romeo və Cülyettanın ölümü də dünya ədəbiyyatındakı qəribə, axmaq ölümlərdən biridir. Veronadan olan sevgili yeniyetmələr ailələrinin düşmənliyi üzündən birgə ola bilmirlər. Onda onlar gizli nigah etmək qərarına gəlirlər. Lakin plan baş tutmur: Cülyettanı təcili şəkildə Parisə ərə vermək istəyirlər. Onda qız yuxu dərmanı içməklə özünü ölülüyə vurur. Az sonra onun məqbərəsinə Romeo da gəlməlidir. Xəbərsiz Romeo sevgilisinin öldüyünü düşünüb zəhər içir. Cülyetta ayılarkən Romeonu ölmüş görür. Dərdli qız xəncərlə özünü öldürür.
Yüksəkrütbəli şəxsin üstünə təsadüfən asqırmaq
Bu, Çexovun “Məmurun ölümü” hekayəsində İvan Dmitriyeviç Çervyakovu öldürən səbəbdir.
Çexovun bu qısa hekayəsi icraçı teatr tamaşası zamanı bərkdən asqıraraq qarşıda əyləşmiş keçək kişiyə tüpürcək sıçradan İvan Çervyakov haqqındadır. Tamaşanın adı “Kral zəngi”, qarşıda oturan admsa general Brizjalovdur. Çexovun zavallı qəhrəmanı tamaşanın antraktında generaldan üzr istəyir. Lakin xoşagəlməz əhvalat haqda düşüncələr onu evə gələrkən yolboyu düşündürür. O, öz narahatlığını arvadı ilə bölüşür. Sonrakı bir neçə gün o, Brizjalovu öz üzrləri ilə bezdirir. Nəhayət general onun saysız üzrlərinə dözə bilmir və icraçını kabinetindən qovur: “Çeryakovun qarnında nəsə qırıldı. Heç nə eşitmədən, görmədən o qapıya yönəldi, küçəyə çıxıb mürəxxəs oldu... Mexaniki evə gəlib mundirini çıxarmadan divana uzandı və... öldü” – deyə Çexov hekayəsini bitirir.
Mənbə: Eskmo.ru