Atasına nifrət edən yazıçı - "Kişilərə dur deyin!"

Atasına nifrət edən yazıçı - "Kişilərə dur deyin!"
5 iyul 2024
# 15:00

Kulis.az Günel Natiqin "Kişilərə dur deyin!" romanı haqqında Ağa Cəfərlinin qeydlərini təqdim edir.

Qədim Romada şübhəli bilinən qızları çaya atırmışlar: qız batsa, demək, günahsızmış, onu ədəb-ərkanla, adına layiq şəkildə dəfn edirmişlər. Yox, çaydan çıxmağı bacarsa, onda demək ki, İblisə xidmət edir və onun köməyi ilə xilas ola bilib. Qızı iblisə xidmət etdiyinə görə öldürürmüşlər. Şübhəli bilinən xanım heç bir halda ölüm burulğanından çıxa bilmirmiş.

Vəkil Zibeydə Sadıqova sosial şəbəkələrdə günaşırı qadın qətlləri haqqında məlumat paylaşır. Azərbaycanda demək olar ki, hər gün qadın qətli baş verir. Heç bir səbəb adam öldürmək üçün bəhanə vermir, bizdə isə qadınları demək olar ki, heç nədən qanına qəltan edirlər. Fikrimi əsaslandırmaq üçün bir-iki nümunə çəkməyə ehtiyac var.

Bir cinayət işinə baxmışdım: atalığı azyaşlı qızını müxtəlif vaxtlarda, müxtəlif yerlərdə zorlayırmış: qatarda-kupedə, zirzəmidə, anasının gözü qarşısında. Dəhşətlidir ki, bütün bunları bilən, öz gözləri ilə görən ana ayrılmaq, polisə məlumat vermək haqqında düşünməyib, burada ilkin səbəb, əlbəttə ki, aydındır. Ana qorxub, amma ananın özünün dediyi, adamın tüklərini biz-biz edən başqa bir səbəb də var: “Ailəmi dağıtmaq istəmirdim”. Adam hansı ağlın, düşüncənin sahibi olmalıdır ki, belə düşünsün, zatən bir çox hallarda faciəli yekunun prinsipial səbəbi ailəni dağıtmamaq istəyi olur.

Azərbaycanda idman geyimində həyətə düşdüyünə görə öldürülən qadın da var, kabab yediyinə görə öldürülən qadın da. Çay gətirmədiyinə görə öldürülən qadın da var, intihar etmək istədiyinə görə öldürülən qadın da. Bunu əvvəl də yazmışam, yenə də xatırlatmaq istəyirəm: bir kişi yuxusunda arvadının ona xəyanət etdiyini görüb, səhəri həyat yoldaşını öldürüb ki, yuxumda niyə mənə xəyanət etdin. Bir cinayət işi də vardı: kişi qadının xəyanətindən şübhələnir, arvadını öldürür, amma istintaqda məlum olur ki, xəyanət şübhəsini təsdiqləyəcək heç bir sübut yoxdur, qadın heç nədən öldürülüb. Bir kişi isə öz həyat yoldaşını öldürməyinin səbəbini belə əsaslandırırdı: “Kənardan, yəni xüsusi proqramlar vasitəsilə mənim telefonuma müdaxilə edir, məni nəzarətdə saxlamaq istəyirdi”. İlk baxışdan Elşad Miri demiş, “dini dar” olduğu təsiri bağışlayan bu şəxs dərhal əlavə edirdi: evdə hökmü gərək kişi versin, qadın hökm verdisə, ta o kişi nə kişidir? Açığı, işi aparan müstəntiqdən də “hökmü verən Allahdır” cavabı gözləyirdim, amma söhbətin davamında başqa mətləblərdən bəhs edən müstəntiq məni xeyli pəjmürdə etdi. Bir sözlə, Azərbaycanda elə bil qədim Romadakı mənzərəni müşahidə edirik, qadınlar ölüm burulğanından çıxa bilmirlər.

İnsanların niyə bu cür davrandığı haqqında, niyə vəhşiliyə meylli olduğu haqda, yəqin, sizlər də düşünürsünüz. Məşhur nevropatoloq Qalib Əsədov oğlu Fuad Əsədov ilə birgə yazdığı “Beyin-qırışlarda gizlənən sirr” kitabında aqressiyanı “Beynimizdəki bomba” başlığı altında şərh edib.

“Aqressiya-latınca “aggerdi”, yəni hücum etmək sözündən götürülüb, bir canlı varlığın digərinə fiziki və mənəvi hücumla zərər vermək niyyətini ehtiva edir”.

Adıçəkilən kitabda qeyd edilir ki, insan daim gərginlikdə olanda aqressiya formalaşır. Xüsusilə də, çox işləyən və gərginlikdən istirahət edə bilməyən adamlar aqressiyanın qurbanına çevrilirlər. Bununla yanaşı, düzgün qidalanmamaq, rejimsiz həyat sürmək, yuxusuzluq, stress də aqressiyaya səbəb olur”.

Göründüyü kimi, baş vermiş dəhşətli hadisələrin səbəblərindən biri mövcud şərait, hazırkı həyat şərtləridir.

“Beynimizdəki bomba” ifadəsi, əslində, K. Lorensə məxsusdur və ona görə, aqressiyanı daim nəzarətdə saxlamaq lazımdır. “Beyin – qırışlarda gizlənən sirr” kitabından bir məlumatı da paylaşım, sonra keçək əsas məsələyə. Aqressiyanın ən ekstremal forması kompensator aqressiyadır. Kompensator aqressivlər özündə pozitiv qüvvələr aşkar etmək qabiliyyətindən məhrum olduğuna görə dünyadan intiqam alırlar. Onların məntiqi “Mən qurub-yarada bilmirəmsə, məhv etməliyəm” formuluna uyğun gəlir. Sadistin törətdiyi aqressiya kompensator aqressiyaya uyğun gəlir.

Kitabda yazılanlardan belə nəticəyə gəlmək olar ki, mövcud həyat şərtləri hər birimizi böyük aqressivə çevirə bilər, əslində, indinin özündə də hər birimiz potensial qatilik. Ona görə də kişilərə dur deməyin vaxtıdır.

Yazıçı Günel Natiq “Kişilərə dur deyin!” detektiv romanında məhz qadınların qətlə yetirilməsinin, qadınlara qarşı hörmətsiz münasibətin, cinsi ayrı-seçkiliyin səbəblərini aydınlaşdırmağa çalışır. Kitabın annotasiyasında da yazıldığı kimi romanın özülü qadınlardır, bir-birindən fərqli daxili aləmə, xarakterə, həyat tərzinə malik qadınlar. Hadisələr Qaradivar şəhərində baş verir. Romanda baş verənlərlə tanış olduqca görürük ki, bu divar əslində insanların ənənələrinin, komplekslərinin divarıdır. Atalar rəng çalarına işarə edərək “qaradan artıq rəng yoxdur” deyirlər. Hər şeyin son həddə çatdığını, bundan o tərəfə uçurumun olduğunu atalarımız obrazlı şəkildə məhz bu cür ifadə etməyə çalışıblar. Bu mənada Qaradivarda işlər qaydasında getmir, qadınlar “qaradan artıq rəng yoxdur” deyib ən riskli, təhlükəli addımlar atmaqdan çəkinmirlər. “Qara”nın həm də böyük anlamı var. Bu mənada Qaradivar həm də böyük divar deməkdir və divarı yıxmaq, aşmaq asan olmayacaq.

Əsər Dilavər adlı kişinin qətlə yetirilməsi xəbəri ilə başlayır. Dilavər evdə özünü verbal aqressiv kimi aparır, həyat yoldaşının hər fikrinə müqavimət göstərir, inkaredici sözlər və tənqidi qeydlər edir, mənfi emosiyalarını qadının üzərinə tökür. Çöldə isə o özünü qisasçı arvadbaz kimi aparır. Yəni uşaqlıq dövründə qadın tərəfindən böyük "zərbə" almış kişi kimi arvadbazlıq etməklə qadınlardan qisas alır. “Kişilərə dur deyin!” feminist roman olsa da müəllif təkcə qadınlara yox, kişilərə də söz haqqı verir. Dilavardən qalan səs yazılarından belə başa düşürük ki, onun belə olmasının da günahkarı, əslində, bir qadındır, öz doğma anasıdır.

Ziqmund Freyd hesab edirdi ki, insanın formalaşmasında ananın çox böyük rolu və əhəmiyyəti var. O qeyd edirdi ki, anaları tərəfindən seçilən və daha çox sevilən insanlar özlərinə daha çox güvənirlər, daha mülayim olurlar, uğur qazanmaq üçün isə bu amillər çox vacibdir. Dilavər isə anasını sevmirdi. Çünki anası da yuxarıda qeyd etdiyimiz aqressiv tiplərdən biridir. Ona elə gəlir ki, heç bir uğur qazanmayıb, heç nə öz yolunda getmir, uğursuz günlər bir-birini əvəz edir– “həyatım zəhərə dönüb, onda qoy başqalarının da həyatı zəhərə dönsün”. Ona görə də ona hər gün gül gətirən kişini təhqir edir. Balaca Dilavərin baş verənlərdən sarsıntı keçirməməsi təbii ki, mümkün deyil. Dilavərin öz izahına görə, onun qadınlara münasibətini də məhz uşaqlıqdakı bu travma tənzimləyir. O hamıya, xüsusilə də, qadınlara güclü kişi olduğunu göstərməyə çalışır. Dilavərin romandakı rolu həm də aşiq arvadbaza daha çox uyğun gəlir. Bəzi kişilər qarşısına çıxan bütün gözəl qadınlara vurulurlar. Belə kişiyə elə gəlir ki, hazırda yanında olan qadın ən gözəl, ən ağıllı və ən cazibədardır... Amma bir müddət sonra o, görür ki, sən demə, daha "gözəl, ağıllı və cazibədar" da var imiş...

Dilavərin sevgililərindən biri Ayla da mənə elə gəlir ki, xarakterik, yadda qalan, adamı düşünməyə məcbur edən obrazdır. Hətta bir suyumu yazıçı Günel Mövluda oxşayır. “Düşərgə” Günel Mövludun avtobioqrafik romanıdır, Günel romanında atasına nifrət etdiyini yazıb (doğrusu, bu isə mənə çox pis təsir etmişdi), hətta səhv xatırlamıramsa, atasının yasına gəlmək imkanı olduğu halda o bundan qəti şəkildə imtina edib. Biz belə bir obrazı “Kişilərə dur deyin!” romanında görürük. Atasına nifrət edən Ayla adlı qız həm də feminist hərəkatın, qadın inqilabının rəhbərlərindən biridir. Amma təəssüf ki, atasına və digər kişilərə nifrət edən Ayla belə ibtidai hisslərini boğa bilmir və vurulur, aşiq olur. Onun vurulduğu kişi isə təkcə Aylanı yox, başqa qadınları da hislərinin qurbanına çevirir.

Romanda bir-birindən fərqli çoxlu qadın obrazları var, maraqlı obrazlardır, amma onların hamısının xarakterini açmağa çalışsaq, gərək bir kitab da biz yazaq.

Romanın uğurlu hesab etdiyim bir cəhətini də mütləq qeyd etməliyəm. Müəllif cinayətin açılması prosesində oxucunu tamam başqa istiqamətə yönəldir, şübhəli şəxslər şübhəli açıqlamaları, bildikləri informasiyaları gizlətməklə özlərinin qatil olmağına işarə vururlar. Amma sən demə, bunların hamısı müəllifin ustaca oyunları imiş. Sonda bizə məlum olur ki, əslində, qatil tamam başqa adammış. Arada düşünsək də ki, axı niyə müəllif qatilləri tez ifşa etdi, niyə detektiv janrın tələblərinə əməl etmədi, sonda görürük ki, yanılan bizik, müəllif yox.

Ancaq roman köhnə tənqidçilərin, köhnə kişilərin yazdığı kimi tənqidlərdən də xali deyildir.

Misalçün, çavuş kapitana hadisə yerində tapılan madii sübutlar haqqında məlumatı bir-bir verir, halbuki, hadisə yerinə baxış zamanı maddi sübutlar hamısı götürülür, birlikdə dəyərləndirilir, hər dəfə bir maddi sübutun tapılması reallıqla uzlaşmır.

Yaxud, müstəntiq bir şübhəliyə o biri şübhəli haqqında vacib məlumat verir, halbuki bu, məncə, yanlış sayılmalıdır. Şübhəliyə vacib bir məlumatın ötürülməsi yeni bir cinayətin baş verməsinə səbəb ola bilər. Əlbəttə, müstəntiq çox mühüm bir məlumat əldə edəcəksə, cinayətin izinə düşə biləcəksə, bu məlumatı verə bilər. Ancaq əsərdə müstəntiqin şübhəliyə bu məlumatı verməsi heç bir ciddi hadisəyə səbəb olmur. Müstəntiq heç nə əldə edə bilmir və ümumiyyətlə, onu da görmürük ki, müstəntiq bu məlumatı verməklə ciddi bir şey əldə etmək istəyirdi.

Cinayət işi əvvəlcədən düyünə düşür: kişi müstəntiqlər bu işi aça bilmir, qadınlar inqilab edib hakimiyyəti devirdikdən sonra işin üstü açılır. İşin üstü açılandan sonra isə məlum olur ki, ortada cinayət aləti və cinayət alətinin üstündə də barmaq izi varmış. Əgər ortada cinayət aləti və üzərində də barmaq izi varsa, cinayəti açmaq bu qədər də çətin olmamalı idi. Müstəntiqlər barmaq izinə əsasən cinayət törədən şəxsin kimliyini asanlıqla müəyyən edə bilərdilər. Özü də cinayəti törədən şəxs əvvəllər də polisə düşmüşdü və onun barmaq izinin polis sistemində olması tamamilə mümkün idi. Günel xanımın müstəntiqləri isə tərsinə hərəkət edir. Əvvəlcə məşəqqətli yollarla şübhəli şəxsin şəxsiyyətini müəyyənləşdirib, sonra onun barmaq izi ilə bıçaqdakı barmaq izini qarşılaşdırırlar.

Günel Natiq Azərbaycan dilini əminəm ki, yaxşı bilir, bu, əsərdə də hiss olunur, amma bəzi məqamlarda Türkiyə türkcəsindəki sözlərdən istifadə əsərin keyfiyyətinə azca da olsa xələl gətirir.

Təəssüflə onu da qeyd etməliyəm ki, monoloqların, dialoqların bəzilərində pafosa, şüarçılığa rast gəlirik, bu da əsərin nöqsanlarından sayıla bilər.

Əlbəttə, müəllifə söz haqqı versək, o rahatlıqla deyə bilər ki, bədii əsərdə əslində hər şey şərtidir və mən öz romanımda istintaqın gedişatını dəqiqlə verməkdən daha çox, qadınların dərd-sərini qabartmağa üstünlük vermişəm, bütün diqqətimi ora yönəltmişəm. Ola bilsin, müəllif haqlıdır, amma məncə əsəri detektiv roman adlandırırıqsa, istintaqın gedişatı ilə bağlı detallar dəqiq işlənməlidir.

Və yavaş-yavaş gələk, romanın sonuna. Həm də yazının. Bir az da səbirli olun, yekunlaşdırırıq. Günelin qəhrəmanları, qadınlar inqilab edirlər, bütün idarəçilik qadınların nəzarətinə keçir, amma vəziyyət düzəlmir, Qaradivarda hər şey pisliyə doğru dəyişir. Sanki müəllif demək istəyir ki, kişi ya qadın, fərqi yoxdur, insan varsa, problem də var, insan yoxdursa, problem də yoxdur.

Günelin də ürəyi dözmür, hakimiyyəti kişilərə qaytarır. Amma bu dəfə hər şey balanslıdır, bu məqam bizim yazını pozitiv notlarla bitirməyimizə imkan yaradır.

Platonun “Simpozion” – “Ziyafət” əsərində təsirli bir yer var. Əsərdə filosoflar bir yerdədirlər və sevgi haqqında danışırlar. Aristofanes öz çıxışında deyir ki, əvvəl insanların iki deyil, üç cinsi varmış. İnsanın dörd əli və dörd ayağı varmış. Kişi cinsi Günəşdən, qadın cinsi Yerdən, qarışıq cins isə Aydan törəmişdi. Onlar çox güclü olmaqla hətta tanrıların hakimiyyətinə göz dikmişdilər. Zevs və digər tanrılar onları məhv etmək istəmədilər. Zevs insanların gücünü azaltmaq üçün onların hər birini ikiyə böldü, hər biri zəiflədi, sayları iki dəfə artdı.

Hər kəsilmiş insan şiddətli arzu və ehtirasla öz yarısını axtarır, tapır, qucaqlaşır, təklikdə heç nə etmək istəmir, acından və fəaliyyətsizlikdən ölürdü. Ölənlərin sayı-hesabı yox idi. Zevsin insanlara yazığı gəldi, elə etdi ki, insanlar o yarını tapa, cütləşə, çoxala bilsinlər. O vaxtdan insan öz yarısını axtarır, tapanda bütövləşir, dünya üçün faydalı varlığa çevrilir.


“Kişilərə dur deyin!” romanında da biz bunu görürük. Kişi və qadın bir-birindən ayrı olanda heç bir faydalı nəticə əldə edə bilmir, birləşəndə, bütövləşəndə isə Qaradivar da gülüstana çevrilir.

# 4278 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #