İTV-də tele MİZAH

İTV-də tele MİZAH
5 sentyabr 2014
# 12:09

Axşam, hövsələsizliklə vərəqlədiyim milli telekanalların birinin üstündə dayanmalı oldum. Çünki ekranda gənc dostumu gördüm: Qisməti. Bilənlər bilir, Qismət olan yerdə hökmən ədəbiyyat var. Adam Aydın Xan deyil ki, hər verilişə çıxsın.

Yanılmamışdım.

O biri qonaqlar da maraqlı adamlar idi: professor Nizami Cəfərov və yazıçı-publisist İradə Tuncay. Mövzu da kifayət qədər maraqlı idi: müasir dövr ədəbiyyatı! Hərgah Nizami müəllim titrlərdə sadəcə ədəbiyyatşünas kimi təqdim olundu. Amma nə edək? İctimai Televiziyadır də. Hələ bir verilişin adına baxın: “Tele MİZAN”

Aparıcı çox diletant idi. Demək olar ki, çağdaş ədəbiyyatdan azacıq da olsa hali deyildi. Söhbət tək ölkədəki proseslərdən getmir. Ümumiyyətlə, qazanda bişəndən xəbəri yox idi. Əvəzində, Nizami Cəfərovun və İradə Tuncayın, vaxt darlığına rəğmən, müasir ədəbi proseslərdən bu qədər xəbərdar olması tamaşaçıda xoş duyğular yaradırdı. Yəni, gəncləri sayıb, diqqət edirlər, demək. Di gəl, onların fikrincə ciddi heç nə yoxdur hələ... Səməd Vurğun, Məmməd Araz kimi şairlərin, Süleyman Rəhimov, Əli Vəliyev, Mehdi Hüseyn kimi yazıçıların yetişməsi mümkünsüzdür. Bu da aparıcının qol-qanadını açır, onu “köhnə palan içi tökməyə” ruhlandırırdı. Qismət isə, həmişəki kimi, mübahisə etmək istəmirdi. “Zamana ehtiyac var” kimi Salman Rüşdi ilə Xomeynini belə ortaq məxrəcə gətirəcək əzəli-əbədi didaktik məntiqlə çıxış edirdi.

İncəvara, Nizami Cəfərov xeyli cəsarətlə çıxış etdi. Bildirdi ki, bu gün Səməd Vurğun kimi, Məmməd Araz kimi yazmağa heç ehtiyac da yoxdur. Ən azı ona görə ki, bu şairlər olub və necə lazımdı yazıblar. Hətta, məsələn, müasir gənc şair Səməd Vurğunun içində qəribə enerji gizləyən “Azərbaycan” şeirinə haqlı olaraq primitiv nümunə kimi baxa bilər. İndi yeni tendensiyalar, yeni dəyərləndirmələr lazımdır. Hətta İTV efirində olduğunu vecinə almadan “Postmodernizm” ifadəsini də işlətdi.

Qismət plakat-şüar şeirlər barədə incə, ancaq amansız bir manevr etdi. Aparıcının mühafizəkar qafası qarışınca İradə Tuncay kiçik bir replika ilə yarana biləcək “qırğını” yoluna qoydu. Ardınca Nizami Cəfərov özünəməxsus təmkin və səbrlə söhbəti hər üç tərəfin, hətta bəlkə tamaşaçının xeyrinə malaladı:

"Azərbaycan deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər

Bu ədəbiyyat olsa da, olmasa da, plakat və şüar olsa da, olmasa da gözəldir və bu xalqın ruhunu çox yüksək sənətkarlıqla ifadə edib".

Məncə söhbətin ən həssas məqamı son hadisələrin – Qarabağ olaylarının nəsrə gətirilməsi məsələsi oldu. Qismət yenə zaman mövqeyindən çıxış etdi. Aparıcı yenə sosrealizmdə “buksavat”ladı. İradə Tuncay bu mövzuda yazan yaxınlarının və dostlarının xətrinə susmağa üstünlük verdi. Nizami müəllim isə yenə gözlənilməz mövqedən çıxış etdi. Əsl nəsr nümunələri elə müharibə gedə-gedə yazılmalıdır! O zaman sual doğur: bəs niyə yazılmır?

Nizami müəllimlə İradə xanımın şəxsən məni diksindirən ümumi qənaəti belə oldu: Qarabağ müharibəsi lokal mahiyyət daşıdığından bu mövzuda böyük əsər yaratmaq mümkün deyil. Örnəyi, Rusiya! Onlar da çeçen və əfqan müharibələri haqda ciddi heç nə yaza bilmədilər.

Mənimsə mərhum Heminqueyə yazığım gəldi. Adam da balaca bir balıqçı komasından əsər yazar? Süjeti də uğursuz bir balıq ovu.

Lokal oğlu, lokal!

# 2585 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #