“Heyvanıstan”dakı ata bənzəyən şair

“Heyvanıstan”dakı ata bənzəyən şair
7 avqust 2014
# 11:03

Kulis.Az Əsəd Cahangirin “Veneranın sevimlisi” yazısını təqdim edir.

Rus nəsri Qoqolun “Şinel”indən çıxıb, Azərbaycan nəsri Mirzə Cəlilin “Poçt qutusu”ndan, Yafəs Diogenin çəlləyindən. Ən azı mənim üçün. Çünki ondan ilk dəfə “Diogenin çəlləyi” şeirini oxumuşam. Amma məşhur kinikin sərt çəllək həyat tərzinə nəsə azərbaycansayağı bir redaktə etməsəydi, nə Yafəs Yafəs olardı, nə də Azərbaycan Azərbaycan.

Baxın, Diogen çəlləkdən kənara çıxmırdı. Yafəs isə aydabir, həftədəbir öz çəlləyindən çıxır, sağa-sola tənqid daşları atır, bu tənqidlərin hesabına özünə azuqədən-filandan yığıb yenidən çəlləyinə qayıdır.

Yafəs nə qocadır, nə gənc, həm qocadır, həm də gənc, onu heç bir ədəbi nəsil kateqoriyasına daxil etmək mümkün deyil. Yəni zamanın fövqündədir. Azərbaycanın laməkan şairi varıydı, lazaman şairi yox. Bu anlamda Yafəs lazaman şairdir.

Özünün “Solaxay xəbərlər” adlı yazılarında isə o, kimi istəsə, zamanın hansı kateqoriyasına istəsə, daxil edir: dalagedən şairlər, qabağagedən şairlər, yerindəsayan şairlər. Bəzən bu bölgünün prinsipləri dəyişir, fizioloji, kulturoloji, etnoqrafik və sair xarakter alır: kök şairlər, arıq şairlər, nanay şairlər, niniqulu şairlər, bığlı şairlər, qığlı şairlər, motal şairlər, çodar şairlər, ilin pendir şairi, ilin təndir şairi, ilin qəfil şairi, ilin səfil şairi, ilin sarsaq şairi, ilin yaltaq şairi... Bu bölgülərə görə onu döymək istəyənlər də, məhkəmə ilə hədələyənlər də olub. Yafəs isə, “Mənim üçün bir məhkəmə var – vicdanın məhkəməsi” - deyərək, öz yolundan dönməyib. Bir neçə gün öncə sözügedən təsnifatını facebook şəbəkəsində paylaşması da bunu göstərir.

Adəm ilk dəfə sağdan sola yazıb, adəmoğulları isə soldan sağa yazırlar. Amma əksərən dəyişən yazının istiqaməti olub, düşüncənin istiqaməti yox - sağaxay olaraq qalıblar.

Yafəs öz düşüncəsi etibarilə də solaxay şairdir:

Cüzi maaş alan məmurun rüşvət almaması özü haqsızlıqdır

Vətən, sevgi və sair kimi trafaret pərəstiş ünvanlarına münasibətdə belə o, solaxay olaraq alır:

İndi Vətən mənim üçün kəsik müstəvidir

Və yaxud,

Ürəyim spinder kimidir,

körpə sevgiləri boğuram əllərimlə,

tüpürürəm Veneranın həyasız sifətinə.

Amma burda bir vacib nüansı qeyd etməsəm, olmayacaq. Yeganə xanımla tanış olandan sonra Yafəs daha nəinki antivenerian şeirlər yazır, əksinə sevgini tərənnüm edən “sağaxay” şeirlər dərc etdirir. Axı Yer də daxil olmaqla bütün planetlər bir istiqamətdə, Venera isə əks istiqamətdə fırlanır. Solaxay şairin düşüncə çərxini tərsinə döndərmək, eşq planetinin əlində nədir ki?

Bəlkə də, heç belə deyil? Bəlkə də şairin tüpürcəyi müalicəvi rol oynayıb, antik ilahənin daş ürəyini yumşaldıb və o, şairə postmodern dövrün Yelenasını – Yeganəsini göndərib. Bir şeyə təəccüb edirəm – onlar nə əcəb birlikdə Parisə getmək və dünyanı məhəbbətin Eyfel qülləsindən seyr etmək fikrinə düşməyiblər?!

Yafəs postmodernist şairdir. Amma onun digər postmodernistlərdən fərqləri var. Sanki hamı bir-bibinə bənzəyir, Yafəs isə özü-özünə. Məsələn, bir çox postmodernist gənclər “Azərbaycan Yazıçılar Birliyi klassik tipli ədəbi təşkilatdır” deyib, bura daxil olmaq istəmirlər. Yafəsi isə bura sadəcə olaraq qəbul etmirlər və bu, onun daha ciddi postmodernist olmasından xəbər verir.

Yafəs təkcə ədəbi yox, siyasi yöndən də müxalifətçi şairdir. Amma müxalifətçilik bir çox yazıçılar üçün sadəcə yazı tərzi, kağız hadisəsidir – onlara alababat vəzifə verən kimi kursu yüz səksən dərəcə dəyişirlər. Yafəs üçün isə müxalifətçilik həyat tərzidir. Əminəm ki, onu qızıldan sandığa da qoysalar, içindəki xeyirxah şeytanla əhdnaməsini pozmayacaq, daha doğrusu, poza bilməyəcək.

O, praktik və praqmatik ağılla yox, hansısa daxili qüvvənin diktəsi ilə yaşayır. Və bu yolda çoxsaylı problemlər yaşamasına baxmayaraq, güman etmirəm ki, bundan peşmandır. Bu mənada onu hansısa təşkilata qəbul etməyənlər, işə götürməyənlər tamamilə haqlıdır.

Yafəs at ilində doğulub. Bəlkə buna görə C.Oruellin “Heyvanıstan” əsərindəki at obrazına – Bokserə tanıdığım adamlar arasında ən çox onu oxşadıram. Və əlbəttə ki, nə mən ona Bokser taleyi arzulayıram, nə də o özünün Bokser taleyi ilə barışmaq istəyir. At ilində doğulmasına baxmayaraq, Yafəs idarəolunmaz adamdır – indiyəcən heç kəsə imkan verməyib ki, nə belinə yəhər qoysun, nə də ağzına yüyən vursun. Onun xarakteri insanın yalnız özünə təslimçiliyinin qabarıq nümunəsidir. Amma o, özünü yalançı eqosuna yox, içindəki əsl məninə, alter-eqosuna tabe etmişlərdəndir. Yəqin ki, bu alter-eqonun diktəsiylə həm də müxalifətin özünə qarşı çıxır, istər ədəbi, istərsə də siyası mənada müxalifətin müxalifətinə çevrilir. Bir sözlə, öz daxili bədii dünyasından kənarda nə varsa, Yafəs ona müxalifdir.

Bir dəfə Diogenin yanına gəlib, “Məndən nə diləyirsən, dilə” - deyən Aleksandr Makedonskiyə filosof “Bu yana çəkil, qoy üstümə gün düşsün” – deyə cavab verir. Yafəs isə sanki özünün bütün şeirləri, publisist yazıları, qeyri-adi təsnifatları, solaxay xəbərləri və ümumən varlığı ilə “Bu yana çəkilin, bəxtimizin, güzəranımızın üstünə gün düşsün” – deyir.

Onun özünə isə, sadəcə Venranın işığı da bəs edərdi!...

# 4522 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #