Ölüsünü söydürən molla

Ölüsünü söydürən molla
1 avqust 2014
# 12:02

Bismillahir-rəhmanir-rəhim

Ruhani ailəsində böyüdüyümdən və ali dini təhsil aldığımdan dolayı dinlərin tarixini, mahiyyətini, məqsədini, fəlsəfəsini və.s yaxşı bilirəm. “Yaxşı bilirəm” deməyi ona görə eyib etmədən yazdım ki, ən azı 200 nəfərlik yas məclisini apara bilərəm. Yəni, mollalıq eləməyi bacarıram. Azərbaycanda molla olmağa nə var ki?

Qurandan “Yasin”i oxumağı bacar, Hədisi-Qüdsidən 8-10 dənə hədis öyrən və bir-iki xırda surələri əzbərlə, çox yox, bi çıqqan da camaata göstərməyə imanın olsun, vəssəlam-şüt tamam. Olacaqsan Master Molla.

Belə lovğalıq kimi çıxmasın, xeyir-şər adamı olduğumdan bir dənə də olsun yasdan qalmamışam. Söz vaxtına çəkər, üstünüzə sağlıq, təxminən 4-5 ay bundan qabaq yaxın qohumumuz öldü. Xeyir-şər adamı olduğumdan min cür həvəslə bütün iş-gücümü atıb getdim yas yerinə, rayona. Balalarınızın toyunda inşəallah, süfrənin üstündə dirsək qoyub ağlamağa yer yox idi (Bir də deyirəm, lovğalıq olmasın, ölü yiyəsi yaxın qohumumdu). Sən demə ev yiyəsi (mərhumənin Ursiyətdəki oğlu) olduqca başadüşən adam imiş. Zalım oğlu insan sərrafıymış. Hardansa hiss eləmişdi ki, fevral ayında qarpız ləzzətli yeməli olur. Eləməyib tənbəllik, İrandan 2 ton Meşkin qarpızı “zakaz” eləmişdi. Nə bilim, ağ üzüm, qara üzüm, kişmiş üzümü, çaxır üzümü, Norveç “sortu” üzüm, üzüm soku, şirəsi, kompotu, yasxananın künclərində üzüm natürmortları… Əntiqə e, əntiqə! Salatlar – paytaxtdan tutmuş sezara kimi, qutab, blinçik, lahmacun, şaurma, köz dönəri, daha nələr nələr… Belə, çox əla, çox müdrik bir məclis. Qohum adamın yası olduğundan özümü xeyli “yaxın adam” kimi göstərməyə çalışdım. Yanımdakı day-day “üzümlüyü” görcək ofisiantı çağırıb xısın-xısın nə isə mızıldandı. Cibinə də pul basdı. Bir az keçmiş ofisiant da qayıdıb day-dayın qulağına nəsə pıçıldadı. Düzü, bu nə sövdələşmə idisə bilmədim. Onu bilirəm hər 10 dəqiqədən bir day-day çıxdı-qayıtdı, çıxdı-qayıtdı, çıxdı-qayıtdı... Son 10 dəqiqəni isə məclisdə oturanlara üzüm giləsi atdı və başını aşağı salıb silkələndi. Kənardan baxanda hönkürüb ağlayırmış kimi görünürdü.

Ara yerdə paza mən keçdim. Elə bildilər mənəm, qolumdan tutub vızıldatdılar bayıra. Kor-peşman dığırlana-dığırlana qonşuluqdakı dükana siqaret almağa getdim. Dükançı tanış adam idi. Mənə dedi, qadan alım, o qohumuna de ki, anasının pensiya kartı məndədi, borcu vardı deyə almışdım, hər ay gedib pul çıxardıb dəftərdən silirdim, utanıram e özüm getməyə, gəlsin kartı götürsün. Dedim, qardaşım, narahat olma, get bir tikə qarpız ye, üzüm atışdır, bax “bu ölsün” düzələcəksən…

Bir dəfə də nənəmlə getmişdim yasa. Xırda uşaq idim. Evdə tək qalmayım deyə məni də özüylə aparmışdı. İlk dəfə idi o qədər qadını bir yerdə görürdüm. Fantastik idi. Molla Səriyyə arvad nə isə ağzına gələni ah-nalə janrında hüdüləyib tökür, nənəmqarışıq bütün arvadlar da “caan, ca....n” deyib hönkürtü çırpırdılar. Vaxt-vədə yetişdi “salavatçevirmə” mərasiminə. Bilənlər bilir, bilməyənlərə xatir elə-belə, dilucu deyim, xəbərləri olsun. Deməli, salavatın biri bir “məmmədəmindən” (indiki 20 qəpik) şapbaşap! Allah irəhmət eləsin... “Məmmədəmin”in də “Məmmədəmin” vaxtlarıydı e. Beş dənəsinə ciddi-ciddi bazarlıq eləyib “xalxın kişiləri” kimi evinə-eşiyinə üzüağ gedə bilərdin. Hələ kefinə düşsə arvadağanı çimdikləməyə cəhd də göstərə bilərdin. Ta orası qalırdı sənin fərasətinə. Nə isə.

Səriyyə arvad bir “Məmməd” verənlər üçün belə deyirdi, məsələn, “Gülgəzin dünyadan köçənlərinin ruhuna salavat”. Sonra da zəif səslə tələsik salavat çevirirdi. Üç “məmməd” verənlər üçünsə belə, məsələn, “Zərnişan bacımızın mərhumə anası Tükaz xalanın, atası Mirdayandur müəllimin, nənəsi Qönçəgül arvadın, babası Maşdı Söön kişinin əmvatının ruhuna uca qərradan salavaaaat”. Sonra da uca səslə rəhmdil və kövrək şəkildə salavat çevirirdi. Hamı da buna qoşulub səs-səsə salavat deyirdi. Əla e, əla! O gün nənəmdən soruşuram, deyir “o vaxtkı bir məmməddiy salavat indi iki manatadı, üç məmmədiy də 5 manata”. Deyirəm ki, nənə, başına dönüm, onların hansı daha tez gedib çatır? Arvad oxlovu götürüb selbə sıxdı arxamca ki, üzün tökülsün, əclaf qurumsaq, şəkk gətirmə deməmişəm sənə?!

Həə, cəmaət, indi dediyim bu ki, bütün bunların günahı molla əmilərimizdədi. Bax Həzrət Abbasın düşən qollarına and olsun, düz sözümdü. Uzun-uzadı yazmaq olar yas məclisləri haqqında, sadəcə, bilirsən ki, heç nə dəyişməyəcək, qolların şil-küt olub döşənir yanına. Bir onu bilirəm ki, İslamı cahillərdən qorumaq lazımdı. Yox, əgər bunu bacarmadıqsa, o zaman dünyanı İslamdan qorumaq lazımdı, vəssalam...

Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuh


[email protected]

# 4165 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #