Ən çirkin xəyanət

Ən çirkin xəyanət
18 iyul 2014
# 14:39

Kulis.Az Gülnarə İlhamın şeirlərini təqdim edir.

***

küləklər ağaclardan ancaq yarpaqları aparar

gövdəsindən çıxarsa belə...

obanın tərk etdiyi yurd kimsəsizliyi dolar içimə bəzən

yalnız buqələmunlar sadiq qalar,

ağlayar məni mən rəngində...

dilim dönmür deməyə

amma Qayıt!

anandan qalan saatını götürəcəyini bəhanə et

ya da ölmüş itinin protez ayağını...

uşaqlığını qucaqla,

həyətinizdəki başı kəsilmiş ağacın kötüyünü qucaqla,

sakitcə ağla,

yox, yox

Qayıt!

məni qoxla, məni qucaqla...

elə bilirsən ki, sənin itirdiklərin daha dəyərlidi?

qoca dənizçi də elə bilirdi

sevimli qayığı deşilib batmağa başlayanda

öz canını qurtarmışdı ancaq...

indi həmin o mamır basmış qayıq mənəm

Qayıt! yelkən as

qorxuram,

kimsə göz dikər tənhalığıma...

***

tənhalıq həm də istidə üşüməkdi

sənin tənhalığın hamıdan uzaqlaşanda

mənim tənhalığım yalnız sənin gedişinlə başlar

ən dadlı ümid

bir gün ağlı başına gələr deyib

gedənin yolunu gözləməkdi...

kim deyir səssizlik gözəldir?

ən murdar səssizlik bilirsən nədir?

hmm... hardan biləsən...

çünki sənin səssizliyin lal tutuquşunun

danışmaq istəyi qədər əlçatmaz

mənim səssizliyimsə

ürəyi partlaycaq qədər sözlə dolub

adam tapmamaqdı...

ən çirkin xəyanət

yuxuda sevdiyinin ölümünü görüb,

sərsəm oyanmaq,

qorxma yanındayam deyəni qucaqlamaqdı...

sən bağışlanmamaqdan qorxarsan,

amma qorxma!

qadından tanrı yarat

və o zaman anlayacaqsan

dünyanın ən çox bağışlayan müqəddəsi qadındı...

ayrılıqdan qorxma!

qadınların bir gün öləcək deyə

uşaq doğmaqdan qorxması

sevgililərin bir gün ayrılacağı qorxusundan

daha müqəddəs hissdir...

çağalar acından öləcəklərini bilə-bilə

ana südündən imtina edərlər bəzən

səbəbini yalnız özləri bilər

mən də belə imtinaları sevirəm

səbəbi özümdə gizli qalanım...

# 3659 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #