writer1

Aqşin Yenisey

Məqalə sayı

62
clock13:32 calendar-gray 24 İyun 2011 view-gray871 dəfə oxunub
view-gray871 dəfə oxunub

Üçhərfli sözlərdən qorxan ədəbiyyat

İki ildən çoxdur ki, dünya ədəbiyyatı yazarlarının dilimizə tərcüməsi, redəktə və korrektəsi ilə məşğuluq; söhbət prezidentin sərəncamı ilə çıxan 150 cildlik kitablardan gedir.

Bu proses, ümumilikdə, Azərbaycan ədəbiyyatında, Brejnevin sözləri ilə desək, “şirokiy şaq” olsa da, ədəbiyyatımızın bu məsələdə eyiblərinin də üzə çıxmasında önəmli rol oynadı.

Bu yazıda konkret adlar çəkib hansısa tərcüməçini, yaxud redatoru gözümçıxdıya salmaq, odumu, suyumu götürüb hansısa “bəxtəvərin” üstünə düşmək fikrində deyiləm, ümumi mənzərəni təsvir etməklə halımızın necə xarab olduğunu göz önünə gətirmək olar.

Öncə başlayaq dilimizin orfoqrafiya lüğətindən: sən demə, eyni sözlərin yaziliş forması müxtəlif lüğətlərdə müxtəlif formada imiş və hansının doğru olduğu Allahdan başqa heç kimə agah deyilmiş.

Məsələn, “zir-zibil” sözünü bir lüğət defislə, başqa bir lüğət isə bitişik yazmağı təklif edir və müzakirə açsan ki, ən doğru variant hansıdır, aləm dəyəcək bir-birinə. Və bu cür müxtəlif sözlər hələ də öz görkəmindən “narahatdır”.

Yaxud dünya ədəbiyyatında, xüsusilə Avropa ədəbiyyatında yayğın olan elə sözlər var ki, bizim lüğətlərdə onun heç izi-tozu yoxdur. Məsələn, alman yazıçısı Haynrix Böllün əsərlərində “kommivoyajör” (ticarər agenti, dəllal) sözünə tez-tez rast gəlinir.

Tərcümə zamanı ya gərək bu sözün dilimizdəki qarışılığını özündən uydurasan, ya da sözü olduğu kimi saxlayasan. Olduğu kimi saxlayanda da keçi qalır cayın o biri tayında.

Hərə bir variant təklif edir və bir sözün yazılış forması dilimizdə on cür şəkil alır. Yəni demək istədiyim odur ki, ədəbiyyatımız hələ bu cür kiçik problemlərin həllində aciz-avara qalıb.

Keçək ikinci bəlaya: bunun adı dünya ədəbiyyatına kiçik gözlüklü mühafizəkarlıq eynəyini taxaraq baxmaqdır. Konkret misal: hamı bilir ki, Markesin “Polkovnikə məktub yoxdur” povesti çox vurğulu, amma vulqar bir ifadə ilə bitir.

Povesti oxuyanlar bilir, xoruz söhbətindən gözü su içməyən arvad polkovnikin baş-qulağını aparır ki, xoruz döyülsə, bəs biz nə yeyəcəyik və bu söhbət elə bir kuliminasiyaya çatır ki, arvad polkovnikin yaxasından yapışıb hiddətlə bağırır: “Bəs biz nə yeyəcəyik?” Və yetmiş beş yaşlı polkovnikin sakitcə dediyi “Pox” sözü ilə əsər özünün ən uğurlu sonluğuna qovuşur.

Ruslar bu üçhərfli sözü olduğu kimi saxlayıblar. Biz isə mühafizəkarlığımız ucbatından baş sındırırıq ki, bu üçhərfli sözü necə yazaq? Tərcüməçi təklif edir ki “P...” şəklində yazaq, redaktor razılaşmır və öz variantını əlavə edir: “P..x”. Onsuz da, hansı şəkildə yazırıqsa yazaq, bu söz oxucunun gözünə öz bütöv şəklində görünür, çünki bu sözü əsərin ruhu, ahəngi, süjeti doğurur.

Hansı oxucu bu sözü “Pı, üç nöqtə”, yaxud “Pı, iki nöqtə, Xı” kimi oxuyur? Üstəgəl, bizim oxucunun Markesdən daha mədəni olmağa nə qədər haqqı çatır?

Dağarcığımızı tay yanına sürüməyimiz bəs deyil, hələ bir taya düzəliş də edirik, üstəgəl, “Polkovnikə məktub yoxdur” kimi əsəri oxuyub, axırda bu üçhərfli sözə görə oxucunun tərbiyəsi zədələnəcəksə, o elə anadangəlmə tərbiyəsizin yekəsidir və ədəbiyyatın belə oxucunu tərbiyə etmək kimi bir öhdəliyi yoxdur.
İndi isə daha vacib məsələyə keçək: tərcüməçilərimizin öz ana dilinin sintaksisini yaxşı bilməmələrinə.

Nümunə: bir tərcüməçi yazır: “Ata qızı ilə oturub xeyli şam yedi”. Orijinal mətndə isə cümlə belədir ki, ata ilə qızının şam yeməyi xeyli uzun çəkdi. Bizim tərcüməçinin cümləsindən belə çıxır ki, ata ilə qızı oturub xeyli kilsə şamını basıb yeyiblər.

Yaxud ikinci bir misal: oğlanla qız dəniz sahilində əl-ələ tutub gəzişirlər, birdən sözləri çəp gəlir və qız əlini oğlanın əlindən çəkir. Bizim tərçüməçi bunu belə çevirib: “Qız əlini oğlanınkından çəkdi”.

Bu hələ indi, yaza-yaza yadıma düşən cümlələrdir, inanın ki, kitablar doludur bu cür əndirəbadi tərcüməçi cümlələri ilə.

Nəsə, günü-gündən kökələn Bakıda başınızı çox ağrıtmayaq yayın bu cırhacırında...

Paylaş

REKLAM

Yazarın digər yazıları