news-inner
clock10:00 calendar-gray 07 Yanvar 2018 view-gray2244 dəfə oxunub
view-gray2244 dəfə oxunub

Müəllifini öldürən əsər

Bu gün meksikalı yazıçı Xuan Rulfonun anım günüdür. Kulis.az bu münasibətlə “Ən sevdiyim əsər” layihəsindən alim, tənqidçi Rüstəm Kamalın onun məşhur “Pedro Paramo” romanı haqqında söhbətini təqdim edir.

- Xuan Rulfonun “Pedro Paramo” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin ən sevdiyiniz əsərdir?

- Dünyada elə yazıçılar var ki, məsələn, Dostoyevski, Qoqol, Haqverdiyev, Səmədoğlu, onların işi başqa dünyalarla, axirətlə əlaqə yaratmaqdır. Onlar nekrorealizm nümayəndələridir.

“Pedro Paramo” romanı insan ruhunun macərası haqqındadır. O vaxta qədər ezoterik mətnlər, Misir, Tibet ölülər kitabı, şaman nəğmələri oxusam da, bədii mətn müstəvisində insan ruhu və onun axirət macəraları ilə ilk dəfə burda tanış oldum. Əsərin mifik havası məni ovsunladır. Romanı oxuduqca insan ömrünün mahiyyətini anladım və Rulfonun bu romandan sonra böyük həcmli əsər yazmamasının səbəbini də başa düşdüm. Bu cür əsər yazan yazıçı ikinci romanı yazmamalı idi. Yazıçı yazır və məhv olur. Sonradan bildim ki, bu əsər İtalio Kalvinonun, Qabriel Qarsiya Markesin də sevimli əsəri imiş.

- Nədən hiss elədiniz ki, bu romanı yaza bilən yazıçı ikinci bir əsər yaza bilməzdi?

- Çünki belə bir roman yazan yazıçı istər-istəməz özü də bir ruha, başqa dünyanın sakininə çevrilir. Dante də “İlahi komediya”dan sonra o tutumda böyük əsər yaza bilmədi. Qoqol “Ölü canlar”da bu təşəbbüsün faciəli sonluğunu dərk edəndə əlyazmanı yandırdı. Yusif Səmədoğlu da mahiyyətcə bir əsər yazdı, “Qətl günü” romanı da ölülər aləminin romanıdır. Yuxular, kabuslar, ölümlər... “Qətl günü” Səmədoğlunun, “Pedro Paramo” da Rulfonun axırına çıxdı, çünki kim yasaq olunmuş məkana daxil olursa, ordan qayıda bilmir. Rulfonun ruhlar səltənətindən geriyə yolu yox idi...

- Bu əsərin axtarışla başlaması barədə fikrinizi bilmək maraqlı olardı.

- Ümumiyyətlə, əksər mistik mətnlərin süjeti axtarışla, səyahətlə başlayır. Eşq dastanlarının da süjeti belə başlayır: aşiqə buta verilir və üzünü görmədiyi qızın axtarışına çıxır. Səyahətnamələr əslində, səyyah adlı simvolik obrazın - ruhun macərası haqqındadır.

Ölülər dünyasında sərgərdanlıq dünya ədəbiyyatının ən qədim mövzularından biridir. Lukianın “Menippa, yaxud axirət səltənətinə səyahət”indən tutmuş Əbdürrəhimbəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”na qədər menippeya üsulunun gerçəkləşməsidir. Yeri gəlmişkən, Baxtinin “Dostoyevskinin poetikasının problemləri” (dilimizə prof. M.Qocayev çeviribdir) kitabında bu haqda ətraflı yazılıb.

“Pedro Paramo” orta əsrlər ədəbiyyatı strukturunda olan bədii mətndir. Bu dünyadan çıxan qəhrəman əslində o biri dünyada özünü axtarır. Klassik mətnlərdə axtarışa verilən ad simvolik məna daşımalıdır, əsərdə Pedro “daş”, Paramo “səhra” deməkdir. Gördüyü işlər də Pedro Paramonun adına uyğundur. Paramonun həyatı, günahları daş kimi ağır, aqibəti isə səhra kimi heçlik olur. Rulfo o dünyanın atmosferini necə ustalıqla əks etdirib: fasiləsiz yağışlar, yandırıcı günəş...

- Əsərdə bu cür qəribəliklər çoxdur. Məsələn, ağaclar yoxdur, yarpaqlar var, itlər yoxdur, hürüşmə səsləri var.

- Bu əsərdə hər şey zühur etmədən hardansa yaranır. Burada səslər bir başqadır: xışıltılar, fəryadlar, iniltilər... Ölülər dirilərin arasında gəzib dolaşır, dirilər ölülərlə danışır, kimin ölü kimin diri olduğu bilinmir. Hekayəçi (Xuan) özü də anlayır ki, ölülər dünyasındadır, deməli, özü də ölüdür. Xuan ölülərin səsini eşidir. O, atasının başına gəlmiş hadisələri danışır.

- Ölümlərdən sonradan xəbər tutulur. Yəni biri başqasına kimsə haqqında başına gələn bir əhvalatı danışanda məlum olur ki, o, artıq ölü haqqında danışır və hətta mətni söyləyənin özü də ölüdür.

- Ölümün mahiyyəti sonradan anlaşılır. Həyatda da belədir, bir nəfər ölür, dəfn edirlər, bir az keçir sən başa düşürsən ki, o, yoxdur və bir daha olmayacaq. Yəni, insan ölümü və onun mahiyyətini dərhal anlaya bilmir. Əsərdə ölülər öldükdən sonra keşişin yanına gəlib bağışlanmasını istəyirlər. Burda günahsız bircə insan da yoxdur, keşişin də günahı var. Amma keşiş tam mənfi qəhrəman kimi göstərilmir. Ümumiyyətlə, Latın Amerikası ədəbiyyatında keşiş mənfi qəhrəman kimi əks etdirilmir. “Pedro Paramo”nu şamlar yandırılmış kilsədə oxumaq lazımdır.

- Romanda bu dünyada yollar, evlər, kilsələr, geyimlər necədirsə o dünyada da elə təsvir olunur. Sanki Rulfo demək istəyir ki, o dünya da bu dünya kimidir. Sizcə, bəs?

- Mən elə düşünmürəm. Məncə, yazıçının fikri o dünya ilə bu dünyanın sərhədlərinin şəffaf olmasını göstərməkdir. Ölümlə həyatın mənasını dərk etməkdir. Bu əsərdə Latın Amerikası katolisizmindən gələn ölü-meyit kultunun təntənəsi var. Əsl kabusnamədir. Ona görə də əsər hazırlıqsız oxucuların psixikasına pis təsir edir. Hətta oxucu elə məqama çatır ki, özünü o məkanda hiss edir. Bu əsərdə xoşbəxt insan (obraz) yoxdur, hətta insanların fraqmental xoşbəxtliyi də yoxdur.

Yeri gəlmişkən “Qətl günü” romanında da hərə bir cür bədbəxtdir, çıxış yolu isə yoxdur. Çıxış yolu odur ki, gərək günahsız və səhvsiz olasan, bu isə bu dünyada mümkün deyil.

İnsan özünü dərk etməsinin bir məqamı da özünün harada ölü, harada diri olmasına anlamasıdır. Vallah, həyat insanı elə duruma salır ki, bəzən ölüylə sənin heç bir fərqin olmur. Bu əsərdə bircə obraz var, o da Pedro Paramo, yerdə qalanların hamısı onun zərrəcikləridir, onlar səpələnəndə də Pedro Paramo olurlar, birləşəndə də.

- Romanda sanki hər süjetin sonsuzluğa qədər uzanmaq imkanı var. Bu da çox maraqlıdır.

- Bu barədə mənim maraqlı bir müşahidəm var. Daha bir sevimli yazıçım İtalo Kalvinonun “Əgər qış gecəsi bir yolçu...” adlı postmodernist bir romanı var. Romanda insan saysız-hesabsız mətnlər içində yaşayır. Romanın sonunu axtarırlar, sonda məlum olur ki, romanın sonu əsas qəhrəmanın əlindədir, həm də hər yeni tapılmış fraqment əvvəlkinin davamı deyil, yeni romanın başlanğıcıdır. Hər bir tapılmış fraqmentsə gerçək bir əsərə işarədir. Fraqmentlərin birində “Pedro Paramo”ya işarə var... Bu romanın strukturu mənə “Pedro Paramo”nun süjetini xatırlatdı. “Pedro Paramo” romanında da hər bir hadisə Pedro Paramoya işarədir.

- Süjeti izləmək çox çətinidir. Romanda iki zaman var - indiki zaman: Xuan Presyadonun axtarışları, keçmiş zaman: Pedro və Migel Paramonun neçə il öncəki danışıqları.

- İki süjet xətti var – ölülərin və dirilərin həyatı. Süjet xətti o zaman qovuşur ki, kitabda diri qalmır. Axırda Xuan Presyado da ölür.

- Markesin “Yüz ilin tənhalığı” romanında olduğu kimi, bu əsərdə də insest məsələsi aydın yazılıb.

- Bu haqda çox danışılıb, yazılıb. Hər bir yazıçı öz xalqının mifoloji yaddaşını daşıyır. İnsest məsələsi isə qədim xalqların mifologiyasında geniş yayılıb. Məsələn, Osiris və İsida Misir mifologiyasında bacı-qardaş, həm də ər-arvaddırlar. Markesdə bir nəslin üzvləri arasında əlaqə, münasibət yoxdur. Ona görə də bu cür qohumluq əlaqələri Buendia nəslini insestə gətirir. İnsest həm də günah problemi ilə bağlıdır.

- Romanda bir yerdə qəhrəman deyir, yuxu görürəm. Soruşurlar ki, nə yuxusu? Qəhrəman belə cavab verir: “Axirət yuxusu”. Bu ifadə çox qəribədir deyilmi?

- Yuxu başqa dünyaya düşmək imkanıdır. Yuxu başqa dünyanın bu dünyaya gizli replikalarıdır. Yuxu müvəqqəti də olsa zamanı başqa ölçülərlə ölçür. Bu mənada yuxuda bizə isbat olunur ki, bizim bilmədiyimiz başqa bir dünya da var. İnsanın başqa bir dünyaya yeganə səyahət imkanı yuxudur, ona görə də yatmamışdan əvvəl kəlmeyi-şəhadətini oxumaq kimi bir adət var.

- Yuxarıda “Qətl günü” ilə “Pedro Paramo” haqqında bəzi oxşarlıqlar barədə danışdınız. Bu iki roman arasında başqa hansı oxşarlıqlar var?

- Yusif Səmədoğlu Azərbaycanın Xuan Rulfosudur. Hər iki əsərin oxşarlıqlarınısa sadalaya bilərəm:

* Hər iki əsərdə yuxular, sayıqlamalar, kabuslar, atmosferin gərginliyi bənzərdir.

* Hər iki əsərdə insanları rahat yaşaya bilməməsinə səbəb vicdan əzabıdır, hamı əzab çəkir.

* Hər iki əsər qeyb aləmindəndir.

* Hər iki əsərdə ölülərlə dirilərin fərqi bilinmir.

* Hər iki əsəri oxumaq çox çətindir, çox adam yarımçıq saxlayır, romanların enerjisi adi adamları yaxına buraxmır.

* Hər iki əsərin müəllifi personajlarına qarışdı və geri qayıda bilmədi. Çünki ədəbiyyatdan axirət aləminə bir yol var.

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020