Azərbaycanlı alim həmkarını OĞURLUQda suçlayır

Azərbaycanlı alim həmkarını OĞURLUQda suçlayır
8 iyul 2014
# 12:16

Kulis.Az filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovun “Halallıq duyğusu itəndə və ya plagiat – oğurluğun bir növü kimi” məqaləsini təqdim edir.

Kitab çapının geniş vüsət aldığı bir vaxtda, Oxüsusən də, əksər hallarda heç kimin heç kimi oxumaq istəmədiyi müasir dövrdə bir-birinin ardınca “elmi” kitablar çap etdirib, bu kitabların sayını süni şəkildə artırmaq görəsən kimə və nəyə lazımdır?! Yəqin ki, o kitabların “müəllif”indən başqa heç kimə!

Bakı Dövlət Universitetinin dosenti, filol.ü.f. doktoru Vüsalə Musalının son illərdə çap etdirdiyi məqalə və kitablar mövzuları baxımından mənə çox yaxın olduğundan onları daha diqqətlə mütaliə etmək istədim. Gənc bir tədqiqatçının bu cür böyük həcmli işlərin öhdəsindən necə gəldiyi məndə maraq doğurdu. Bir də, etiraf etməliyəm ki, ədəbiyyatşünaslıqla bağlı əlimə keçən kitabları oxumaq, onlar haqqında həmkarlarıma qərəzsiz, açıq fikir bildirmək mənim çoxdankı adətimdir. Bu adət mənə bəzən başağrısı gətirsə də, tənqidlərim və fikirlərim kitab müəllifləri tərəfindən çox vaxt razılıqla qarşılanıb. Eyni maraqla, imkan düşdükcə mən Vüsalə xanımın da kitablarını təkrar-təkrar vərəqlədim, oxudum, oxuduqca da heyrət məni bürüdü. Kitablarda irəli sürülmüş “cəsarətli” fikirlər, mənbələrə, onların müəlliflərinə etina etmədən, elmi-hüquqi dildə plagiat adlandırılan “mənimsəmələr” baş alıb gedir. Bütün bu qüsurlara görə məsuliyyət birinci növbədə Vüsalə xanımın üzərinə düşürsə, sözsüz ki, kitabların redaktorları, rəyçiləri, naşirləri də məsuliyyətdən kənarda qala bilməzlər. Məqalənin həcmini və bu məqaləyə görə ayıra biləcəyim vaxtın azlığını nəzərə alaraq konkret faktlar üzərində dayanmaq istəyirəm.

V.Musalının “Azərbaycan təzkirəçilik tarixi” adlandırdığı (Elm və Təhsil, Bakı, 2012) və 377 səhifə həcmində olan kitabı qüsurlarına və plagiat faktlarına görə bu alimin “yaradıcılığının” zirvəsi hesab edilə bilər. Faktları qruplaşdırmadan ilk səhifələrdən başlayaraq sadədən mürəkkəbə doğru fikrimi təqdim etmək istərdim:

İlk əvvəl onu bildirmək istəyirəm ki, əsərin adının belə bir tərkibdə verilməsi səhvdir. Yəqin ki, bu formada azərbaycanca olmayan söz birləşməsi hansısa türk əsərindən olduğu kimi götürülmüş – kalka edilmişdir. Azərbaycan təzkirəçiliyi var və bu əsər də, belə demək olarsa, onun tarixinə həsr olunub. Demək, “Azərbaycan təzkirəçiliyi tarixi” yazılmalı idi.

Davam edək. Sam Mirzənin “Töhfeyi-Sami” təzkirəsini İranda çapa hazırlayan şəxsin adı Rüknəddin Fərrux Humayun deyil, Rüknəddin Humayun Fərruxdur (s.18). “Töhfeyi-Sami” təzkirəsində şairlərin sayı 714 deyil 711-dir (s.19). Bu kitabın 21-22-ci səhifələrində oxuyuruq:” “F.ü.f.d. Məntiqə Muradova uzun müddət ərzində Sadiq bəy Əfşarın Təbriz külliyyatı (3616) daxilindəki “Məcməül-xəvas” nüsxəsini (?-Ə.B.) Azərbaycan dilinə çevirərək nəşrə hazırlamışdır. Təəssüf ki, bu tərcümə işıq üzü görməmişdir”. Qərəzli, məqsədli və səhv fikirdir. Burada haşiyə çıxaraq vurğulamağa məcburam ki, V.Musalı məlum səbəblərdən dərinliklərinə vara bilmədiyi bir sahədə əsər yazmağa cəhd etməsilə bərabər həm də başqalarına şər ataraq, bu yolla ümumi fikri özünün qüsurlarından yayındırmağa, onları ört-basdır etməyə çalışan bir insandır. Bunu əyani faktlarla sübut etmək çox asandır. Ürək ağrısı ilə də olsa mən bunu etmək zorundayam. Çünki, bu qəbil insanlar bilməlidirlər ki, elmdə haramçılığın ömrü uzun olmur. Faktlar tarixin səhifələrinə pozulmayan mürəkkəblə yazılır.!

Qayıdaq əvvəlki cümləyə. “Məcməül-xəvas” təzkirəsi də daxil olmaqla Sadiq bəy Əfşar yaradıcılığı ilə bağlı tədqiqat işi yazıb çap etdirmiş, artıq mərhum alimin zəhmətlərini şübhə altına almayaraq onu qeyd etmək olar ki, mənim və həmkarlarımın tanıdığı Məntiqə xanım fars dilini, təzkirənin yazıldığı Orta əsr cığatay ləhcəsini çox primitiv bir səviyyədə bilirdi və onun etdiyi “tərcümə” üzə çıxarılmağa layiq olsa idi, mərhum alimimiz, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun sabiq direktoru, f.e.d. Məmməd Adilov onu nəşr etdirərdi. M.Adilovun mənə olan çoxsaylı müraciətlərindən sonra mən tərcüməyə razılıq verdim və o təzkirəni tərcümə və transfoneliterasiya edib nəşrə hazırladım. M.Muradovanın gördüyü iş Məmməd Adilovun şəxsi arxivində saxlanılır. Maraqlananlar tanış ola bilərlər. Təzkirədə olan farsca şeirlərin də türkcə olan şeirlər kimi latın qrafikasında transfoneliterasiyanı - oxunuşunu vermişəm. Çünki, Orta əsrlər divan ədəbiyyatı ilə məşğul olan tədqiqatçılara bu şeirlərin orijinalı onların filoloji tərcüməsindən daha çox lazımdır və əlyazma şəklində olan naməlum bir əsərin müəllifini dəqiqləşdirmək baxımından dəyərlidir. Məlumdur ki, hər hansı bir Orta əsr şairinin əlyazma şəklində əsərlərini taparkən müəllifin məhz kimliyini müəyyənləşdirmək nöqteyi-nəzərindən orijinal şeir parçası onun tərcüməsindən daha önəmlidir. Təzkirələrin nəşrində bu fakt nəzərə alınmalıdır.

Səh. 22-də yazılmış toponim Tusərqan deyil, Toysərkandır. Eyni səhifədə oxuyuruq: “Məcməül-Xəvas”ın Təbriz külliyyatındakı nüsxəsi f.ü.f.d. Ə.Bağırov tərəfindən qısa ön sözlə 2008-ci ildə nəşr olunmuşdur. Oxucunu çaşdıran səhv bir cümlə! Sanki, Təbriz nüsxəsinin faksimile nəşri icra olunmuşdur. Əsər üzərində çəkdiyimiz altı illik zəhməti bu xanım niyə belə cılızlaşdırır, bilmirəm. Bunun səbəbini xırdalamadan yalnız onu deyə bilərəm ki, kitabın 2-ci səhifəsində yazılmış aşağıdakı sözləri Vüsalə xanım yəqin ki, görməli idi. Ən azı, mənə yox, oxuculara və tədqiqatçılara hörmət əlaməti olaraq: “Müqayisəli mətnin tərtibi, tərcümə, transfoneliterasiya, ön söz, izahlar və adlar göstəricisi: Əkrəm Bağırov, filologiya elmləri namizədi.” O zaman o, “sadəcə, şair bioqrafiyaları Azərbaycan dilinə tərcümə olunmuş” sözlərini də yazmazdı. Məncə, əlyazmaçı olsaydı və fars dilindən, Orta əsr cığatay ləhcəsindən, ümumiyyətlə tərcümə işindən daha geniş təsəvvürü olsaydı, bu sözləri yəqin ki, yazmazdı.

Səh. 24-də yazılıb: “t.ü.f.d. Tahirə Həsənzadə “Xeyrati-hesan” əsərindəki 159 azərbaycanlı-türk qadını haqqında məlumatı fars dilindən azərbaycan dilinə tərcümə etmişdir”. Bu fakt artıq neçə ildir ki, köhnəlib. T.Həsənzadə bu əsər üzərində yenidən işləyərək 2009-cu ildə nəşr etdirdiyi təkrar çapda artıq 177 qadın şairə haqqında olan hissələri təqdim etmişdir.

Səh. 25-27-də mənimlə bağlı, Mir Möhsün Nəvvabın təzkirəsinin 1998-ci il nəşri haqqında deyilmiş sözlər haqqında bircə onu deyə bilərəm ki, yalan, böhtan və iftiradır. V.Musalının yazılarında olan kobud qüsurları və açıq plagiat faktlarını bir neçə dəfə şifahi olaraq onun nəzərinə çatdırdığım üçün qərəzçiliklə onlara cavab olaraq yazılmışdır. Bu məsələ ilə bağlı mən öz fikrimi “Vüsalə xanımın “daş yuxuları” və ya haqq nazilər, üzulməz” adlı məqaləmdə bildirmişəm (“Kredo” qəzeti, 26 fevral, 2014; Eyni yazı “Kulis-lent.az” saytında təkrar olaraq “Kitabxanaçının “daş yuxuları” adı altında getmişdir).

Səh. 26-da kitabın nəşri ilə bağlı Vüsalə xanımın texniki qüsur adlandırdığı 1995 və 1998-ci il tarixləri haqda onu deyə bilərəm ki, özünü kitab nəşri işinin mütəxəssisi sayan Vüsalə xanım nəşriyyat tərəfindən yazılmış informasiyanı diqqətlə oxusaydı və onun qayğısız uşaqlıq çağlarında yaşadığı keçid dövrü adlandırılan illər haqqında təsəvvürü olsaydı, görərdi ki, bizim tərəfimizdən çox-çox əvvəl nəşriyyata təqdim edilmiş kitab 30.05.1995-ci ildə yığılıb çapa imzalansa da, ölkədə olan ağır iqtisadi şərait üzündən yalnız 1998-ci ildə nəşr olundu. Bu müddət ərzində əsərin korrekturası mənim tərəfimdən oxunmuş və islah edilmişdir. Əsəri çapa mən hazırlamışam və bu iş mənim tərəfimdən icra edilib. Bu əsərin nəşri ilə bağlı heç kəsin, istər transfoneliterasiya edən mərhum Nəsrəddin Qarayevin, istərsə də tərcümələri icra etmiş dörd nəfərin haqqı tapdalanmayıb, adları qeyd olunmuşdur. Şəxsən mənim heç kəsin əməyində gözüm yoxdur. İyirmiyə qədər kitabda tərcüməçi, müəllif və ya tərtibçi kimi imzam var. Son illərdə çap olunmuş “Farsca-azərbaycanca” və çapda olan “Azərbaycanca-farsca” lüğətlərin müəlliflərindən biriyəm. Fars dilini demək olar ki, bilməyən və sözün həqiqi mənasında əlyazmaçı olmayan bir şəxsin mənə qarşı olan ittihamlarını da cəfəngiyyatdan başqa bir şey hesab etmirəm.

Məhəmməd ağa Müctəhidzadənin 1995-ci ildə mənim öz təşəbbüsümlə nəşr etdirdiyim “Riyazül-aşiqin” təzkirəsi bu əsərin 1992-ci il Türkiyə faksimile nəşri ilə müqayisədə bizim üçün, elə türklərin özü üçün də daha dəyərlidir. Əsərin həm türk, həm də farsca şeir mətnlərinin, bioqrafiyalar yazılmış türkcə mətnlər də daxil olmaqla transfoneliterasiya edilərək çap olunması bu əsərin istifadə dairəsini qat-qat genişləndirmişdir. Təəssüf ki, mənə qarşı olan kini Vüsalə xanıma bu üstünlükləri görməyə imkan verməmişdir.

Səh. 31-də “mərhum şərqşünas alim, f.ü.f.d. Əbülfəz Rəhimovun nəşr etdirdiyi iki mənbənin – “Təkmilətül-əxbar” və “Şah Təhmasibin təzkirəsi” əsərlərinin və “Sam Mirzənin qətli haqqında yeni məlumat” adlı məqaləsinin Vüsalə xanım haqlı olaraq böyük əhəmiyyət daşıdığını qeyd etsə də vərəq altında çapa hazırlayanın nədənsə Ə.Rəcəbov olduğunu oxuyuruq. Bu səhifədə V.Musalı Ə.Rəhimovun Sam Mirzənin ölüm tarixinin h. 975-ci il (m. 1567) olduğunu “sübut” etdiyini yazır. Ə.Rəhimov istedadlı, işgüzar və həqiqi alim olmuşdur. Mən onunla müştərək kitab da çap etdirmişəm. Onun belə ucuz mədhiyyələrə nə sağlığında, nə də indi ehtiyacı var. Alim bu məlumatları İran mənbələrinə əsasən elmi dövriyyəyə buraxdığını özü də əsərlərində qeyd etmişdir. Məlumat üçün bildirmək istəyirəm ki, bu informasiya mərhum alimin yazdığı məqalədən (1990) hələ çox əvvəl Rüknəddin Humayun Fərruxun Əhməd Gülçin Məaninin şəmsi 1345-ci il tarixli (m.1966) məqaləsinə əsaslanaraq “Töhfeyi-Sami”nin şəmsi 1348-ci il (m.1969) İran nəşrinə yazdığı ön sözdə ətraflı şəkildə verilmişdir.

Kitabın 32-33-cü səhifələrində əsli Şotlandiyadan olan amerikalı türkoloq Ceyms Stüart Robinsondan və onun Əhdi Bağdadi ilə bağlı məqaləsindən bəhs olunur. Stüart Robinson adını və bu alimin “Əhdi və onun şairlər təzkirəsi” adlı gözəl məqaləsini Azərbaycanda ilk dəfə mən elmi dövriyyəyə buraxmışam. Vüsalə xanımın kitabında isə bu fakt elə təqdim olunur ki, sanki bu haqda o, məndən də əvvəl məlumatlı olmuşdur və ingiliscə olan mənbəni göstərir. Elmi etikaya görə ingiliscə mənbə mənim yazıma əsasən göstərilməli idi. Keçən əsrin səksəninci illərində tədqiq etdiyim bu məqalə T.Bağırzadə və F.Hüseynovun gözəl tərcüməsində əvvəlcə rus dilində “Elm” qəzetində, sonra isə Azərbaycan dilində “Şərq” tərcümə toplusunda 2006-cı ilin əvvəllərində çap olundu. Və tanıtım məqaləsində mən Əhdinin təzkirəsinin hələ də çap olunmadığını dedikdə məhz Azərbaycanı nəzərdə tutmuşam, Türkiyəni yox! Ola bilsin ki, Vüsalə xanımın Türkiyədə olan nəşrlərə əli daha tez çatır, mən isə məqaləni yazıb çapa təqdim etdikdə bu haqda heç bir mətbu orqanda məlumat yox idi.

“Azərbaycan təzkirəçilik tarixi” kitabı ilə bağlı iradlardan biri də budur ki, əsər boyu “Təzkireyi-Nəvvab”, “Riyazül-aşiqin”, “Məcməül-Xəvas” təzkirələrinin tərəfimizdən icra olunmuş nəşrlərinə istinad olunsa da, bu təzkirələrin kim tərəfindən nəşrə hazırlanması demək olar ki, qeyd olunmur. Halbuki, başqa mənbələrə, xüsusən türk mənbələrinə münasibət tam başqa səviyyədədir. Vüsalə xanım! Sizə müraciət edərək, nəzərinizə çatdırmaq istəyirəm ki, sizin kimdənsə xoşunuz gəlməyə bilər, lakin elmi yazıların vahid elmi prinsipi olmalıdır!

Səh. 61-də Vəliqulu bəy Şamlunun “Qisəsül-Xaqani” adlı əsəri ilə bağlı oxuyuruq: “Müəllif öz əsərini tam şəkildə h.1085/ m.1674-75-ci ildə bitirmişdir”. Səh. 62-də isə oxuyuruq “təzkirə 1665-66-cı ildə qələmə alınmışdır”. Dəqiqilik xatirinə qeyd etmək istəyirəm ki, təzkirə h.q. 1073-cü ildə yazılmağa başlanmış və h.q. 1085-ci ildə tamamlanmışdır.

Sam Mirzə Səfəvi bölməsi ilə bağlı bir şeyi də nəzərə çatdırmaq istərdim: Bu hissədə Sam Mirzənin təzkirəçilik fəaliyyətindən ətraflı bəhs etmək əvəzinə, Vüsalə xanım əsas gücünü o dövrün ictimai-siyasi həyatının xırdalıqlarına verdiyindən və tarixçi olmadığından, həm də fars dilini bilmədiyindən mənbə kimi istifadə etdiyi (güya!) farsdilli ədəbiyyata istinadlar versə də hər şeyi qatıb-qarışdırır, Sam Mirzənin artıq bütün tədqiqatçılara məlum olan ölüm səbəbini də çox yanlış qeyd edir. Vüsalə xanım, bilin və bir də belə səhvə yol verməyin:

Sam Mirzə Şah Təhmasibin əmri ilə öldürülməmişdir! O, h.975/ m.1567-ci ildə Qəhqəhə qalasında başqa şahzadələrlə birlikdə zəlzələ zamanı dünyasını dəyişmişdir.

Vüsalə xanım bu təzkirə haqqında yazarkən fəsillərin adını mənim verdiyim qısa formada təqdim etsə də - yəni birbaşa məndən köçürsə də (bax: Ə.Bağırov “Töhfeyi-Sami” əsərinin Bakı nüsxələri. “Əlyazmalar xəzinəsində.,” Bakı, 1987, s.24) nədənsə istinad verməyi unudur. Mənim bu yazılarda nəinki adım, heç ruhum da xatırlanmır. Halbuki, 2007-ci ildə çap etdirdiyi “XV-XVII əsr (əslində “əsrlər” yazılmalıdır – Ə.B.) türk təzkirəçiliyi” kitabında mənim yazılarıma bol-bol istinad olunmuş və belə bir fikir də qeyd olunmuşdur: “F.e.n. Ə.Bağırovun “Töhfeyi-Sami”yə dair yazdığı araşdırmaları da diqqətəlayiqdir” (s.60). Bu əsərdə isə “Töhfeyi-Sami”-dəki şairlərin sayı 713 verilir. Bu sayı bir dəfə dəqiqləşdirmək olar, ya yox!? Olar! Mənbəyə baxmaq lazımdır, müxtəlif müəlliflərin yazdıqlarını olduğu kimi köçürmək yox!

Vüsalə xanımın çap etdirdiyi kitablarda bir şey də nəzərimizi cəlb etdi – bu xanım özü-özünü təkrar edir. Bu iş nəinki müxtəlif kitablarda, hətta eyni bir kitabda da bariz şəkildə özünü göstərir. Məsələn: “Azərbaycan təzkirəçilik tarixi” kitabının 19-cu səhifəsində olan bu cümlə “Onu da qeyd edək ki, XV əsrin ikinci yarısı və XVII əsrin birinci yarısında yaşayan 714 şair haqqında məlumat verən təzkirə hələ də Azərbaycan dilinə tərcümə olunmamışdır”, səh.102-də eynilə təkrar olunur. Vüsalə xanımın kitablarında belə hallar bol-boldur. Necə deyərlər ...

“Azərbaycan təzkirəçilik tarixi”nin Əhdi Bağdadiyə həsr olunmuş fəslini oxuduqca Vüsalə xanımın bu əsər haqda türk təzkirəşünaslarının yazdıqları əsərlərdən necə məharətlə “yararlandığının” şahidi olursan. Müəllif lazım olmayan, ikinci, üçüncü dərəcəli, gün kimi aydın olan məqamlarda forma xatirinə bu mənbələrə istinad etsə də, bir çox lazımlı hallarda o tədqiqatçıların böyük zəhmət bahasına araşdırıb üzə çıxardığı faktları mənbə göstərmədən öz əməyinin nəticəsi kimi təqdim edir. Məsələn, səh. 113-də oxuyuruq: “Başqa təzkirələrdə bəhs olunmayan və yalnız “Gülşəni-şüəra”da rast gələ biləcəyimiz şairlərin sayı 147 nəfərdir.” Vüsalə xanım! Bu və bunun kimi bir çox fikirləri özəlləşdirmək yox, mənbəyini göstərmək lazımdır. Mənbəyi isə məlumdur: Türk təzkirəşünaslarının əsərləri (Bax: S.Solmaz, “Əhdi və Gülşəni-şüərası”, s. 49-51).

Əhdi Bağdadiyə həsr olunmuş oçerkin başqa bir yerində (s.109) Vüsalə xanım yazır: “Əhdi bu tarixdə yazdığı təzkirəsini üç rövzəyə ayırmışdır. Sonralar müəllif əsəri yenidən gözdən keçirərək (?!- Ə.B.) h.1001/ m.1592-93-cü ilə qədər yetişmiş şailər haqqında topladığı məlumatları əlavə edərək təzkirəsinə bir rövzə də artırmışdır. Dördüncü rövzəyə əlavə olunan şairlər aşağıdakılardır”. Bu fikir səhvdir! “Gülşəni-şüəra”nın həm üç, həm də dörd rövzəli nüsxələri vardır. Türkiyəli tədqiqatçı Süleyman Solmazın yazdığına görə yalnız dörd rövzəli nüsxələrdə yer alan şairlərin sayı 60 nəfərdir. (Əhdi və “Gülşəni şüəra”sı (incələmə mətn), Ankara, 2005, s.49-50). V.Musalı Süleyman Solmazın uzun illər çəkdiyi əqli zəhmətin məhsulu olan bu 60 nəfərlik siyahını öz tədqiqatının nəticəsi kimi, lakin çox səhv təqdim edir. Vüsalə xanım, bu mənbə ki, fars dilində deyil, niyə türkcə yazılmış fikri təhrif edirsiniz!?. Eyni münasibət Əhdi Bağdadinin görüşdüyü şairlər siyahısına da aid edilə bilər. Süleyman Solmazın böyük zəhmət və tədqiqat nəticəsində tərtib etdiyi bu siyahı (Süleyman Solmaz. s.25) “Azərbaycan təzkirəçilik tarixi” kitabında (s.111). Vüsalə xanımın öz zəhmətinin bəhrəsi kimi təqdim olunur. Bundan əlavə V.Musalının bu oçerkində S.Solmazdan və Türkiyədə çap olunmuş “Şair Təzkirələri” kitabından köçürdüyü cümlələr və mənbəyi göstərmədən mənimsədiyi fikirlər də az deyil. Məsələn:

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi, s.111

S.Solmaz.

Əhdi və “Gülşəni-şüəra”sı (incələmə mətn) Ankara, 2005, s.25

Əhdi əsərində yeri gəldikcə təzkirəsinin qaynaqları haqqında da bilgi verməkdədir... Belə ki, təzkirəçi bəzi şairlərlə söhbət etdiyini, onların əsərlərini öyrəndiyini, bəzilərində isə aralarında “hüquqi-sabiqə” olduğunu qeyd etmişdir. Bir qism şailər haqqında isə “əvsafın quş itdügümüz şüəradandır” şəklində ümumi açıqlama vermişdir. Əhdi bəzi şairlərlə məktublaşdığını, bəzilərinin yaxınlarından məlumat aldığını, bəziləri ilə dost olduğunu söyləyir . Ahdi eserinde, yeri geldikce, kaynakları hakkında bize bilgi vermektedir. Bu vesileyle bazı şairlerle konuştuğunu, onların eserlerini tetebbu ettiğini, bazılarında isə aralarında hukuk – ı sabıka bulunduğunu kaydetmişdir. Bir kısım şairlerde ise evsafın guş itdigümüz şüaradandır biçimində çok genel bir ifade kullanmıştır... baziları ilə məktuplaşmış, bazılarının yakınlarından birinden bazı bilgiler almıştır. Bazılarında isə aralarında dostlugun kardeşlik (uhuvvet) mertebesine vardığını söylemektedir.

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi, s.112

S.Solmaz.

Əhdi və “Gülşəni-şüəra”sı (incələmə mətn), Ankara, 2005, s.28

Şübhəsiz ki, “Gülşəni-şüəra”nın qay­naq­ları bu qədər deyildir. Təbii ki, Əhdi özündən əvvəl yazılmış təzkirələri də görmüşdür. O, təzkirəsində Lətifidən bəhs edərkən “Lətifi təzkirəsi”ni gördüyünü, fəqət bu əsəri bəyənmədiyini yazır”... Ahdinin kaynakları şüphesiz bu kadar degildir. Kendinden önce yazılmış tezkireleri görmemiş, hatta incelememiş olması düşünülemez. Bilakis mesela Latifi tezkiresini gördügünü, fakat beğenilmediğini eserinde belirtmektedir: ...

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi, s.113

Şair tezkireleri,

Ankara, 2002, s.44

Əlavələr əsərin bəzi yerlərində əlifba prinsipinin pozulmasına səbəb olmuşdur. Esere sonradan ilavelerin yapılmasından do­la­yı alfabetik sistemde bazı düzensizlikler vardır.

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi, s.113

Süleyman Solmaz.

Əhdi və Gülşəni-şüərası, s.50-51

Başqa təzkirələrdə bəhs olunmayan və yalnız “Gülşəni-şüəra”da rast gələ biləcəyimiz şailərin sayı 147 nəfərdir. Diger tezkirelerde olmayıp da sadece Gülşeni-şuarada yer alan şairler: (147 şairin adı sıra ilə təqdim olunur-Ə.B.))

Yeri gəlmişkən, bir məqamı da Vüsalə xanımın nəzərinə çatdırmaq istəyirəm: Türk mənbələrindən istifadə edərkən çalışın bu yazıları Azərbaycanda istifadə edilən müasir latın qrafikasına çevirəsiniz. Əgər bunu etməyə gücünüz və ya vaxtınız yoxdursa, heç olmasa mətnləri dəqiq təqdim edin. Bir prinsipə riayət edin. Yarı elə, yarı belə mətnlər təqdim etməyin. Əks təqdirdə özünüz dediyiniz kimi “absurd” bir şey alınır. Məsələn, səh. 112-də səhv yazdığınız “muüqəddəmə” sözü “müqəddəma” – yəni “bundan əvvəl” kimi yazılmalıdır. Belə misalların sayı həddindən çoxdur və onları siyahı şəklində də verə bilərəm. Lakin məlum bir məsəldə deyildiyi kimi, “dəryanın suyunun şor olmasını bilmək üçün bircə qətrə də içmək kifayət edər”.

“Azərbaycan təzkirəçilik tarixi” kitabında olan bioqrafik oçerklərdən biri də İbrahim Mirzə Səfəviyə həsr edilib. V.Musalı bu Səfəvi şahzadəsini “Fərhəngi-İbrahim” adlı təzkirənin müəllifi kimi təqdim edir. Məlumat üçün bildiririk ki, İbrahim Mirzə Səfəvi təzkirəçi olmayıb. Onun “Fərhəngi-İbrahim” adlı təzkirəsi də olmayıb. V.Musalı yəqin ki, “Fərhəngi-İbrahimi” adlı əsəri nəzərdə tutur. Lakin, bu əsər izahlı lüğətdir və müəllifi də I Şah İsmayıl Səfəvinin vəziri, İsfahanlı memar kimi tanınan, Mirzə Şahhüseynin oğlu Mirzə İbrahimdir (h.q. 929-cu ildə qətlə yetirilib). Ətraflı məlumat üçün Əhməd Gülçin Məaninin məlum əsərinə müraciət etmək olar. (Tarixe-təzkirehaye-farsi. c.I. s.618).

Bu, məsələnin bir tərəfi. İnsan səhv edə bilər. Məhəmmədəli Tərbiyət də bir vaxt İbrahim Mirzə ilə bağlı səhv etmişdi və onun da səhvini V.Musalı təkrarlayıb. Təəssüf doğuran isə məsələnin o biri tərəfidir. 200 sətirlik bir yazının təxminən dörddə üçü dırnaq içində verilən sitatdır, yerdə qalan isə ... necə ki, aşağıda görürük:

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi, s.119

P.Kərimov.

“Şah İsmayıl Xətainin nəvəsi İbrahim Mirzənin ana dilində şeirləri” Azərbaycan” jurnalı. N1, 2012-ci il, s.186.

Deyilənlərə görə, İbrahim Mirzə ölümünün yaxınlaşdığını bilmiş və II Şah İsmayıla belə bir məktub yazmışdır: ...

Deyilənlərə görə, İbrahim Mirzə ölümünün yaxınlaşdığını bilmiş və II Şah İsmayıla belə bir məktub yazmışdır: ...

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi, s.123

M.Tərbiyət.

“Danişməndani-Azərbaycan”, Bakı 1987, s.163.

İbrahim Mirzənin məclisləri həmişə elm və ədəbiyyat xadimlərinin yığıncağı olmuş. Hindistana səfər edən hər bir söz ustası Xorasandan keçdikdə İbrahim Mirzə onu bir müddət qonaq saxlayar və ona böyük hörmət göstərərdi.

İbrahim Mirzənin məclisləri həmişə elm və ədəbiyyat xadimlərinin yığıncağı olmuş. Hindistana səfər edən hər bir söz ustası Xorasandan keçdikdə İbrahim Mirzə onu bir müddət öz yanında qonaq saxlayar və ona böyük hörmət göstərərdi.

V.Musalının təqdim etdiyi başqa azərbaycanlı təzkirəçi Tövfi Təbrizinin də iki səhifəlik bioqrafiyasının səhifə yarımı Sadiq bəy Əfşarın, Məhəmmədəli Tərbiyətin və Gülçin Məaninin yazdıqlarının sitat şəklində təkrarıdır. (Azərbaycan təzkirəçilik tarixi. s.125-127). Buna isə elmi dildə kompilyasiya deyilir. V.Musalının 2012-ci ildə nəşr etdirdiyi və kompilyasiya və plagiatın şah əsəri olan “Mətnlərin nəşrə hazırlanması problemləri” kitabının 56-cı səhifəsində yazılıb: “Kompilyasiya (lat. Compilatio – oğurluq, qarət) müstəqil tədqiqat aparmadan başqa müəlliflərin materialından istifadə yolu ilə yaradılan ədəbi və ya elmi əsərlərə deyilir” Şərhə ehtiyac yoxdur! Davam edək. Sadiq bəy Əfşar bu müəllifi təqdim edərkən yazdığı “sərraclıqla gün keçirirdi” əvəzinə, V.Musalı nədənsə “sərrafçılıqla gün keçirirdi” yazıb. Bioqrafiyanın içində Zikri təxəllüslü müəllifin Tövfi haqqında verdiyi məlumatları elə təqdim edir ki, sanki mənbəyə özü müraciət edib. Halbuki, bu mənbədə olan məlumatları Əhməd Gülçin Məaninin məlum əsəri vasitəsi ilə əldə etdiyini mətnin içində xüsusi vurğulamalı idi. Sonda yazdığı cümlə də oxucunu çaşdırır: “Təəssüf ki, “Təzkireyi-Tövfi” haqqında Sadiq bəy Əfşarın, Lütfəli bəy Azərin, Zikrinin, M.Tərbiyətin və Ə.G.Məaninin qeydlərindən savayı əlavə məlumat əldə edə bilmədik” (Azərbaycan təzkirəçilik tarixi. s.127). Zikrinin yazdıqlarını Ə.G.Məaninin əsərindən götürdüyü burada da aydınlaşmır. Təəssüf. Bir də təəssüf ona görə ki, Tövfi Təbrizi - bu maraqlı təzkirəçi-şair haqqında onun özü qədər maraqlı və ətraflı bir yazı yazmaq olardı. Mənbələr kifayət qədərdir. Heyif ki, onlar V.Musalının bilmədiyi fars dilindədir.

“Azərbaycan təzkirəçilik tarixi” kitabının 131-154-cü səhifələrini əhatə edən, Sadiq bəy Əfşar haqda verilən portret-oçerk üzərində bir qədər geniş dayanmaq lazımdır. İlk əvvəl onu qeyd etmək istəyirəm ki, mənim 2008-ci ildə nəşr etdirdiyim “Məcməül-xəvas” təzkirəsi üzərində Sadiq bəy Sadiqi yox, Sadiq bəy Əfşar yazılıb və Vüsalə xanım, sizin də bu kitaba istinad edərkən həmişə Sadiq bəy Əfşar yazmağınızı xahiş edirəm. Bu kitabı 2008-ci ildə Sadiq bəy Əfşar özü çap etdirməyib, mən çap etdirmişəm və onun çapına qədər altı il zəhmət çəkmişəm və başqa tərtibçilərdə olduğu kimi mənim də adımın hər dəfə səhifə altında verilən mənbədə qeyd olunmasına hüququm çatır. Əlavə olaraq bildirmək istəyirəm ki, Sadiq bəy Əfşar bir çoxlarının yazdığı və sizin də təkrar etdiyiniz kimi sözün həqiqi mənasında musiqişünas olmayıb. Mənim fikrim belədir: “Onun “Orta əsr muğam və təsniflərindən xəbər verən gözəl musiqi duyumu olmuşdur”.

“Məcməül-xəvas”ın strukturundan bəhs edən Vüsalə xanım “XV-XVII əsr türk təzkirəçiliyi” kitabında verdiyi tərcümədə bir qədər qəribə səslənən fəsil adlarını (s.168) - Məntiqə xanım Muradovadan mənimsədiyi bu başlıqları “Azərbaycan təzkirəçilik tarixi” kitabında yaxşı ki, təkrar etməyib. Lakin mənim etdiyim tərcüməni təqdim edən tədqiqatçı, nədənsə, mənbəni göstərməyi unudur! (s.133-134). Bir faktı da qeyd etmək lazımdır ki, səh. 134-də verilmiş bir cümlə yəni, “külliyyatda isə bu rəqəm 369-a çatır” cümləsi “fil.ü. f.d. Əkrəm Bağırovun çapa hazırladığı və nəşr etdirdiyi müqayisəli mətnə görə” şəklində yazılmalı idi. Diqqətli olmaq lazımdır.

Bu kitabın əvvəldə qeyd etdiyimiz kimi, bir çox hissələri Vüsalə xanımın əvvəllər çap etdirdiyi kitablarından nöqtə vergülünə qədər eynilə təkrar olunur. Bu isə heç bir elmi etikaya sığmır. Yazının həcmini nəzərə alaraq o misalları Vüsalə xanımın öz vicdanına buraxsaq da, bununla əlaqədar onun belə bir cümləsinə heyran qalırıq: “Müəllif təkcə başqa kitab və qaynaqlara deyil, hətta öz əsərlərinə də istinad etməlidir” (“Azərbaycan təzkirəçilik tarixi”, s. 27).

Səh. 135-də “Məcməül-xəvas”da təqdim olunmuş Pirqulu bəyin, Məhəmməd bəy Məzaqinin və başqalarının bioqrafiyalarını və şeir nümunələrini təqdim edən Vüsalə xanım bütünlüklə mənim tərcümələrimi 2008-ci il çapından kitabına köçürmüş, lakin mənbəni göstərməyi yenə də unutmuşdur! Bu, artıq müəlliflik hüququnun pozulmasıdır, Vüsalə xanım!

İndi də, təkcə Vüsalə xanımla bağlı olmayan, mən deyərdim ki, Sadiq bəy Əfşara aid olan bir çox yazılarda yol verilən kobud bir səhv haqda fikrimi təkrar olaraq bu yazıda da bildirmək istəyirəm. Vüsalə xanım öz yazısında dolayısı ilə mənim fikrimlə razılaşsa da, nədənsə heç cür səhvini etiraf etmək istəmir. Əvvəlcə f.e.n. Məntiqə Muradovanın Sadiq bəy Əfşara həsr etdiyi monoqrafiyasında olan cümlələrə nəzər salaq: “Hacı Hüseynağa Naxçıvani Sadiqinin külliyyatını təsvir edərkən “Məcməül-xəvas” təzkirəsi haqqında əhəmiyyətli mülahizə irəli sürmüşdür. Naxçıvaninin yazdığına görə “Məcməül-xəvas”ın türk şairlərindən ibarət olan II hissəsi ( ?! - Ə.B.) külliyyatda “Fəthnameyi-Abbasnamdar” əsərindən sonra verilmişdir. Naxçıvaninin qeydlərindən öyrənirik ki, Sadiqi türk şairləri haqqında məlumat verən bu hissəni “Bəqiyeyi-təzkireyi-şüəra” adlandırmış ( ?! -Ə.B.) və IX bölmədə yerləşdirmişdir. Adından məlum olduğu kimi, bu hissə “Məcməül-xəvas”in davamıdır. Yəqin ki, hələ Sadiqinin sağlığında əlyazması şəklində olan “Məcməül-xəvas” geniş yayıldığından müəllifin sonradan hazırladığı bu hissəni “Məcməül-xəvas”la birləşdirmək imkanı olmamış, ayrıca “Bəqiyeyi-təzkireyi-şüəra” adı ilə ( ?! -Ə.B.) külliyyatına salmışdır... Türkoloqlar bu qiymətli əsərdən istifadə etməmişlər”. (Məntiqə Muradova. Sadiq bəy Sadiqinin həyat və yaradıcılığı. Bakı, Elm -1999. s.51)

İndi də Vüsalə xanımın Təbriz külliyyatı ilə bağlı “Türk təzkirəçiliyi. Biblioqrafiya. Bakı, 2011” kitabında verdiyi iki məlumatı nəzərə çatdıraq:

“№232. “Bəqiyyeyi-təzkireyi-şüəra” Təbriz Dövlət k/x 3616.

Sadiq bəy Əfşar “Külliyyat”ının 627-888-ci vərəqləri arasında 138 Osmanlı şairi haqqında qısa məlumat və əsərlərindən nümunələri əhatə edən “Bəqiyyeyi-təzkireyi-şüəra” adlı (?! - Ə.B.) əsər yer almışdır. “Bəqiyyeyi-təzkireyi-şüəra” adlı bu əsər haqqında ilk məlumatı hələ 1961-ci ildə Hacı Hüseynağa Naxçıvani vermişdir. Daha sonra f.e.n. Məntiqə Muradova bu təzkirə haqqında məlumat vermiş və “türkoloqların bu qiymətli əsərdən istifadə etmədiklərini” qeyd etmişdir” (s.115).

“№592. yenə həmin əsər (“Məcməül-Xəvas” – Ə.B.) Təbriz Dövlət k/x 3616.

Təzkirə Sadiqi “Külliyyat”ının 410-440 vərəqləri arasında yer almışdır (?!-Ə.B.) Nüsxədəki şair sayı 369-dur. “Külliyyat”ın 627-888-ci vərəqlərində isə “Bəqiyyeyi-Təzkireyi-Şüəra” (!?-Ə.B.) adlı Osmanlı şairlərindən bəhs edən təzkirə vardır. Tədqiqatçılar onun Sadiqiyə aid olub-olmaması mövzusunun müqayisəli tədqiqata ehtiyac olduğunu bildiridilər (yazı olduğu kimi təqdim edilir – Ə.B.) Tərəfimizdən aparılan araşdırmalar nəticəsində deyə bilərik ki, “Bəqiyyeyi-Təzkireyi-Şüəra” Sadiq bəy Əfşara aid deyil” (s.232).

Qeyd etmək lazımdır ki, Vüsalə xanımın 2007-ci ildə çap etdirdiyi əsərində bu mövzuya toxunulmamışdır. Çünki, mənim hazırladığım və ön söz yazdığım “Məcməül-xəvas” təzkirəsi hələ çap olunmamışdı və bu mövzu tədqiqatçıların diqqətindən kənarda idi. “Məcməül-xəvas”a yazdığım ön sözdə isə belə qeyd olunub: “Külliyyatı görmədən fikir yürütmüş (M.Muradova – Ə.B.) və ya yürüdülmüş fikri təkrarlamış (V.Musalı – Ə.B.) tədqiqatçıları pərişan edə biləcək bir məqam da budur ki, təzkirənin altıncı məcməsinin sonunda peyğəmbər nəslindən olan şairlər fəslində bu fəslə aidiyyatı olmayan (! -Ə.B.) 138 Orta əsr türk-Osmanlı şairinin adı sadalanır, haradan olması, məşğuliyyəti göstərilməklə yaradıcılıqlarından çox kiçik nümunələr təqdim edilir. Şairlərin təqdim edilmə üsulu “Məcməül-xəvas”dan açıq-aşkar fərqlənən (! - Ə.B.) bu səhifələri ən yaxşı halda Sadiq bəy Əfşarın qaralama yol qeydləri (yəni, gələcəkdə istifadə etmək üçün topladığı xam material ! – Ə.B.), ən pis halda isə katib əlavəsindən başqa bir şey hesab etmirik (həcmi artırıb çox pul almaq xatirinə! - Ə.B.). Orta əsr türkdilli təzkirələrin gələcəkdə müqayisəli tədqiqata cəlb edilməsi, hər halda bu mövzuya aydınlıq gətirə bilər (yəni, onların mənbəyi aydınlaşar! – Ə.B.). Hələlik isə bu hissənin kiçik bir təzkirə kimi tədqiqatçılar üçün maraqlı ola biləcəyini nəzərə alaraq əlyazmada əlifba sırası ilə verilmiş şair adlarını bu kitaba əlavə kimi sonda təqdim edirik”. İndi də bir balaca şərh verək. Vüsalə xanım! Gün kimi aydın olan bir fikri mənim çap etdirdiyim bütün başqa yazılar kimi niyə baş-ayaq qəbul edirsiniz? Orta əsr əlyazma mənbələrinin çapa hazırlanmasının nə qədər ağır bir iş olduğundan xəbəriniz olmaya-olmaya özünüzü əlyazma qaynaqları ilə işləyən təzkirəçi-alim adlandırırsınız! Yanlış və qərəzli iddiaları bir kənara atın. Mən heç bir yerdə “Anonim Osmanlı təzkirəsi”nin Sadiq bəy Əfşara aid olub-olmamasının tədqiqata ehtiyacı olduğunu yazmamışam! Xahiş edirəm, f.e.n. Məntiqə Muradova ilə məni səhv salmayasınız. Mətni oxuyarkən rica edirəm ki, diqqətli olasınız. Mən bu yazıların bu külliyyata haradan və necə düşməsini təyin etmək üçün gələcəkdə türkdilli təzkirələrlə müqayisəli tədqiqata ehtiyac olduğunu yazmışam. Belə bir iş isə sizin imkanlarınız daxilindədir (Türkiyə ilə əlaqələrinizi nəzərdə tuturam). Araşdırın, axtarın, tapın. Mən isə bu yazımı əlyazmaçıların başa düşdüyü bir dildə yazmışam. Təəssüflər olsun ki, siz o dili yaxşı bilmirsiniz və ya bilmək istəmirsiniz. Bilmək istəsəydiniz mənim bu fikrimi – müqayisəli tədqiqat ideyasını məharətlə mənimsəyərək “Azərbaycan təzkirəçilik tarixi” kitabının 137-ci səhifəsində öz adınızdan yazmazdınız: “Bu əsərin Osmanlı ədəbiyyatı tədqiqatçıları və təzkirəşünaslar tərəfindən ciddi müqayisə və təhlil əsasında öyrənilməsi ... zəruridir”.

Anonim təzkirə adlandırdığım materialların Sadiq bəy Əfşara aid olmaması günəşin səhərlər doğub axşam batması kimi aydın bir faktdır. İndiyə qədər ağartmaq istəmədiyim və sizin “elmi” səviyyənizi göstərən adi bir faktı burada qeyd etmək məcburiyyətində qaldım, gərək bağışlayasınız!

“Türk təzkirəçiliyi. Biblioqrafiya: Bakı 2011-ci il” kitabınızda gedən çoxsaylı xətalardan biri də Sadiq bəy Əfşarın Təbriz külliyyatı ilə bağlı yuxarıda qeyd etdiyim həmin bu məqamdır. Dəfələrlə demişəm, bir daha təkrar edirəm. Təbrizli məşhur kitab kolleksioneri, əlyazmaçı Məhəmməd Naxçıvaninin külliyyata yazdığı mündəricatdakı “Bəqiyyeyi-təzkireyi-şüəra” ifadəsi təzkirə adı deyil, sadəcə olaraq “şailər təzkirəsinin ardı”, yəni “Məcməül-xəvas”ın ardı deməkdir. Mən, “Məcməül-xəvas” təzkirəsi üzərində işləyəndə Təbrizdə olduğum zaman həmin mündəricatın da fotosurətini çıxarıb çap etdirdiyim kitaba əlavə etdim. Xətt Məhəmməd Naxçıvaninin xəttidir, əlyazmanı köçürən katibin yox. Əlbəttə, bunu əlyazmalarla məşğul olanlar yaxşı bilər. Siz də bilməliydiniz. Çünki, tədqiqatlarınızın da əlyazma qaynaqları əsasında yazıldığını iddia edirsiniz. Yəqin burada Orta əsr əlyazmaları haqda yazılmış müasir tədqiqatları - əlyazma hüququnda olan mənbələri nəzərdə tutursunuz. Mövzudan aralanmayaq. Sizin bu xətanızın mənbəyi, yenə də f.e.n. Məntiqə Muradovanın 1999-cu ildə çap etdirdiyi məlum monoqrafiyasıdır. Əlbəttə, əlyazmaçı olmayan və fars dilini bilməyən alimlərə bu səhvi bağışlamaq olar. Gələcəkdə bir qədər diqqətli olun, lüğətlərdən istifadə edib, mütəxəssislərlə məsləhətləşməkdən çəkinməyin. Sizin yazdıqlarınıza görə “Məcməül-xəvas” Təbriz külliyyatının cəmi otuz səhifəsini (410-440), “Bəqiyyeyi-təzkireyi-şüəra” kimi gülməli bir ad qoyduğunuz və mənim sonradan “Anonim Osmanlı təzkirəsi” adlandırdığım əsər isə külliyyatın 261 səhifəsini (627-888) əhatə edir; Siz nədənsə burada da səhvə yol verib səhifə əvəzinə vərəq yazmısınız. Dəqiqlik xatirinə arabir Azərbaycan dilinin izahlı lüğətinə nəzər salmaq hər bir alim üçün faydalı olardı. Bu məqamla bağlı sizin xoşladığınız bir sözü işlətmək istəyirəm – absurd!

Ömrünü əlyazmalarla bağlı şərəfli, lakin ağır bir işə həsr etmiş insanlara böhtan atmaq və həqiqəti baş-ayaq yazıb inkar etmək həmkar tədqiqatçıya, xüsusən qadına yaraşan sifət deyil. Elmdə ucalmağın şərəfli yolları var. Çalışın o yollarla gedin. Seçdiyiniz sahədə özülünüz olmasa da, istedadınız var. Bunu mən inkar edə bilmərəm. O istedadı düzgün istiqamətə yönəldin.

“Anonim Osmanlı təzkirəsi” ilə bağlı iradlarınız da məndə təəssüf hissi doğurur. “Məcməül-xəvas” təzkirəsi çapa gedərkən mən elmi ictimaiyyətin diqqətini bu təzkirə içərisində yer almış türk-Osmanlı şairləri haqqında olan məlumata cəlb etmək üçün 138 şairin adını kitabda əlavə olaraq verdim. Şairlərin nisbəsi ilə bağlı səhvlərin bir qismi əlyazmanın özündən və bir qismi də etiraf etməliyəm ki, mənim Türkiyə toponimikasını yaxşı bilməməyimdən irəli gəldi. “Anonim Osmanlı təzkirəsi”ni çapa hazırlayarkən mən artıq müraciət etdiyim, xeyirxah insanların köməyi ilə bu səhvlərin çoxunu islah edə bildim. Siz isə kinli bir sevinclə o vaxt köməkdən imtina etdiniz və “kitab çap olunandan sonra deyərəm” dediniz. Lakin buna baxmayaraq bu təzkirənin 2012-ci il nəşrində düzgün oxunuş şəklində yazılmış bir çox adların 2008-ci ildə çap olunmuş səhv şəklində verməyinizdə görəsən məqsəd nədir? Yəni, siz bu kitabda gedən bu adları görmədiniz: Qələtəli, Çorlu, İzniki, Bərqi, Tirəli, Amidli, Gelibolulu, Toqati, Üsküblü, Rodosçikli, Bosnəvi və sairə. Bunlar əsərin nəşrində artıq düzgün şəkildə yazılmış sözlərdir. Siz isə 2012-ci il nəşrindən danışıb 2008-ci il nəşrindəki siyahıda olan xətaları qeyd edirsiniz. Məncə, bu işdə də bircə məqsəd güdmüsünüz: bacardıqca alçaltmaq və bu fonda yüksəlmək. Ancaq səhv edirsiniz. Gəlin, görək bizdə bu səhvləri tutan “təzkirəşünas”ın bu işə səviyyəsi və haqqı çatırmı?! “Tədqiq” etdiyi təzkirələrin içində özünə yer almış şair adlarını yalnız bir təzkirə üzrə Vüsalə xanımın necə təqdim etdiyinə nəzər salaq. “XV-XVII əsr türk təzkirəçiliyi” kitabının Sadiq bəy Əfşarın “Məcməül-Xəvas”ına həsr olunmuş 251-253-cü səhifələrində olan xətaların sayı yüz rəqəmini keçir! Əvvəlcə xətanı, sonra isə düzgün oxunuşu veririk:

Qazi Giray – Qazi Gəray,

Məmməd xan Qord – Məmməd xan Lor,

Şahverdi Qəyyuri – Şahverdi xan Qüyuri,

Məhəmməd bəy Məzaki – Məhəmməd bəy Məzaqi,

Mirzə Şərif Cahan – Mirzə Şərəf Cahan,,

Mirzə Süleyman – Mirzə Salman,

Mirzə Rasti – Mir Rasti,

Xacə Əfzal-i Tərkə - Xacə Əfzəl Tərkə,

Hakim Məsihi – Həkim Rüknəddin Məsihi,

Məhəmməd Haşim Mərdumi – Məhəmməd Haşim Mərdümi,

Mövlana Məhəmməd Şərqi – Mövlana Məhəmməd Şərəfi,

Qasım bəy Qismi – Qasım bəy Qəsəmi,

Əlixan Mirzə Sadıq – Əlixan Mirzə Sadiq,

Qasım bəy Həcri – Qasım bəy Hicri,

Mir Suni – Mir Süni,

Mir Eşqi – Mir Əşki,

Mir Sədid Zari – Mir Sədid Razi,

Mir Münhi – Mir Münha,

Mir Əbu Turab Məhrum –i Razi – Mir Əbu Turab Məhrəmi Razi,

Mirzə Sadıq – Mirzə Sadiq,

Mir Mugis Məhfi – Mir Müqis Məhvi,

Mir İbrahim Dərdi – Mir İbrahim Dürdi,

Mir Firibi – Mir Fəribi,

Mir Şah Murtuza – Mir Şah Mürtəza,

Mir Müizəddin – Mir Müizzəddin,

Mir Yaqubi Həyat – Mir Yəqubi Xəyyat,

Mir Seyid Əli Müsəvvər – Mir Seyyid Əli Müsəvvir,

Həsən bəy Şüküroğlu – Həsən bəy Şəkəroğlu,

İmamqulu bəy Füsni – İmamqulu bəy Füsuni,

Susəni bəy – Süsəni bəy,

Durə bəy Kirami – Dürrə bəy Kərami,

Xoştab Bali – Xoştəb Bali,

Mir Məhəmməd İvağlı – Mir Məhəmməd Evoğlu,

Dərdi – Dürdi,

Qəzəli-yi Məşhədi – Qəzali Məşhədi,

Mövlana Vəhşi-yi Bəxşi – Mövlana Vəhşi Bafeqi,

Urfi – Ürfi,

Şeyx Əli Naqi – Şeyx Əli Nəği,

Heydər Kəlic – Heydər Kəliç,

Mövlana Tufi – Mövlana Tövfi,

Qazi Əhməd Figari – Qazi Əhməd Fiqari,

Mülki bəy – Mələki bəy,

Qəzəli Conbək – Qəzali Cünbək,

Mövlana Əbdi Cünabədi – Mövlana Əbdi Cənabüdi,

Mövlana Şərifəddin Əli – Mövlana Şərəfəddin Əli,

Mövlana Kamal Səbzvari – Mövlana Kəmali Şəbzəvari,

Kakayi Qəzvini – Kakayi-Qəzvini,

Mövlana Tabahi – Mövlana Təbəxi,

Firibi-yi-Tehrani – Fəribi Tehrani,

Hakim Şifayi – Həkim Şəfai,

Mövlana Naimi – Mövlana Nami,

Mövlana Sahifi – Mövlana Süheyfi,

Mövlana Cəfər-i Savəci – Mövlana Cəfəri Savəci,

Mövlana Aqdəsi – Mövlana Əqdəsi,

Mövlana Kəsri – Mövlana Kəsra,

Mövlana Əyani – Mövlana İtabi,

Həşməti Rəşti – Hişməti Rəşti,

Məhrəmi Ərdəbili – Mücrimi Ərdəbili,

Xələf Firaş – Xələfi-Fərraş,

Mövlana Alimi – Mövlana Aləmi,

Mövlana Səyrafi – Mövlana Şeyrəfi,

Ustad Həsən Məzhəd – Ustad Həsən Müzəhhib,

Qəzəli Təbrizi – Qəzali Təbrizi,

Hakim Zühuri – Həkim Zühuri,

Hakim Bədii – Həkim Bədii,

Mövlana Səyqali – Mövlana Seyğəli,

Mövlana Səyrafi – Mövlana Seyrəfi,

Mir Əziz Kamançi – Mir Əziz Kəmançei,

Cünuni Kaliöuş – Cünuni Qalipuş,

Xacə Nasir – Xacə Nəsir,

Tabii-yi Dəmavəndi – Tabei Dəmavəndi,

Mövlana Xülqi – Mövlana Xəlqi,

Əlül Vəfayi Qələndər – Əbülvəfayi-Qələndər,

Naziki Nihavəndi – Nazüki Nəhavəndi,

Xızıri – Xızri,

Mövlana Firaqi – Mövlana Fəraqi və sairə və ilaxirə!

“Azərbaycan təzkirəçilik tarixi” kitabının 136-cı səhifəsində belə bir cümlə var: “AMEA Əlyazmalar İnstitutunda Sadiqi Əfşarın “Külliyyat”ının Təbriz nüsxəsinin fotosurəti mühafizə olunur” və istinad kimi səhifə altında FS – 27 nömrəli mənbə göstərilir. V.Musalının yazdığına görə bu fotosurətin içində mənim “Anonim Osmanlı Təzkirəsi” adı ilə çap etdirdiyim (Elm və Təhsil, 2012) bölmə də var və bu bölmədən uzun-uzadı danışır və həmin fotosurətə səhifə göstərmədən istinadlar verir. Bu məsələyə aydınlıq gətirərək bildirmək istəyirəm ki, FS – 27 nömrəli fotosurət Təbriz yox, Sankt-Peterburq nüsxəsinin (B-1187) surətidir və yalnız təzkirədir, külliyyat deyil və o nüsxədə Təbriz nüsxəsində olan Osmanlı-türk şairləri bölməsi yoxdur! V.Musalı mənim nəşrimdən gen-bol istifadə etsə də, mənbə kimi bu fotosurəti verməsinə nə ad vermək olar?! Elmi etikadan kənar bir hal! Çox maraqlıdır ki, 120 vərəq həcmində olan bu nüsxə haqqında, hətta, V.Musalının 2011-ci ildə nəşr etdirdiyi və s.51-dən s.248-ə qədər demək olar ki, bütünlüklə plagiat olan “Türk təzkirəçiliyi, biblioqrafiya” adlı kitabının 230-cu səhifəsində də Sankt-Peterburq nüsxəsi kimi məlumat verilmişdir. Nəyə görə bu nüsxəni Təbriz külliyyatının surəti kimi təqdim etməsi çox “təəccüblüdür”. Əlyazmalar İnstitutunda Təbriz külliyyatının da naqis fotosurəti mühafizə olunur (FS – 412). Lakin bu nüsxə elə bərbad vəziyyətdədir ki, ondan istifadə qeyri-mümkündür. Cildləmə zamanı vərəqlərin bir hissəsi itib. Anonim təzkirədən olan hissələrin yarısı yoxdur (cəmi: 21 səhifədir), olanlar da oxunmur. İstinad olaraq V.Musalı tərəfindən adları çəkilmiş müəlliflərin də bir hissəsi ümumiyyətlə yoxdur. Bəs görəsən V.Musalı bu müəlliflərdən danışarkən nəyə görə bu fotosurətə istinad edir?! Mənim çap etdirdiyim “Anonim Osmanlı Təzkirəsi”nə istinad verməmək və mənim adımı çəkməmək üçün! Bu isə elmi etikadan kənar hal, müəlliflik hüququnun pozulması deməkdir.

XVII əsr Azərbaycan təzkirəçisi Nazim Təbrizi haqda yazılmış oçerk belə başlanır: “Azərbaycan təzkirəçiliyinin XVII əsr mərhələsində indiyə kimi yalnız Sadiq bəy Əfşar”ın “Məcməül-xəvas” adlı təzkirəsinin qələmə alındığı qeyd edilirdi. Halbuki, Nazim Təbrizinin “Nəzmi-güzidə” adlı əsərini h. 1036/1626-cı ildə tamamladığı məlumdur” və bu fikrin mənbəyi kimi M.Muradovanın məlum monoqrafiyası və mənim nəşr etdirdiyim “Məcməül-xəvas” təzkirəsi göstərilir. Lakin nədənsə istinad olunan səhifə deyil, həmin kitabların V.Musalının bir çox istinadlarında olduğu kimi, həcmi göstərilir. Ağ yalan olan belə bir fikrə mən yalnız V.Musalının bəzi səhifələri bir-birinin təkrarı olan iki kitabında (“XV-XVII əsr türk təzkirəçiliyi”, Bakı, 2007, s. 34 və “Türk təzkirəçiliyi, biblioqrafiya”, Bakı, 2011, s.30) rast gəlmişəm. Hər iki kitabda gedən eyni cümlə belədir: “XVII əsrdə Azərbaycan təzkirəçiliyinə yeganə nümunəni Sadiq bəy Sadiqi vermişdir”. Bir məqamı da qeyd etməliyəm ki, bu oçerki yazarkən mənbə kimi Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” və Əhməd Gülçin Məaninin “Tarixe-təzkirehaye-farsi” əsərlərindən bol-bol faydalanan müəllif onların istifadə etdiyi mənbələrdən elə danışır ki, sanki o mənbələrdən birbaşa istifadə etmişdir.

İndi də oçerkdə gedən başqa qüsurlar haqqında. Əvvəla, “Danişməndani-Azərbaycan” əsərinin 1987-ci il Bakı nəşrindəki səhv əsər adı burada da təkrar olunmuşdur. Nazim Təbrizinin məsnəvisinin adı “Firuz və Şahbaz” yox, “Firuz və Şəhnaz”dır. Bundan əlavə, qeyd etmək lazımdır ki, Nazim təzkirəsindəki fəsil adlarının “Azərbaycan təzkirəçilik tarixi”ndə təqdim olunmuş tərcümələri səhvdir. Bu adlarda olan “fəsahətlilər” və “bəlağətlilər” əvəzinə “fəsahət sahibləri” və “bəlağət sahibləri” deyilməlidir. “Montəxəb” sözü “müntəxəbat” deyil, “seçilmiş” “seçmə” deməkdir. “Və onların gözəl mahiyyətə malik əhvalının bir qismi” yox, “Və onların xoşbəxt sonluqlu həyatlarından səhifələr” kimi tərcümə edilsəydi daha düzgün olardı. Ümumiyyətlə, bu oçerkdə fars dilindən icra olunmuş tərcümələrdəki qeyri-dəqiqlik və səhvləri bir-bir göstərməkdənsə bizim üçün onları yenidən tərcümə etmək daha asan olardı.

Bu oçerkdə də Əhməd Gülçin Məaninin adını çəkmədən V.Musalının ondan mənimsədiyi fikirlər və cümlələr var. Məsələn, səh. 156-da olan bu abzas: “XVII əsr müəllifi Arif təxəllüslü Məhəmməd Şirazinin “Lətaifül-xəyal” təzkirəsinə görə Nazim Təbrizi Şah Abbas zamanında yaşamış, Hindistan səfərindən qayıdarkən dənizdə qərq olmuşdur” G.Məaninin məlum əsərindən götürülmüşdür (c.I. s.386). O mənbəyə G.Məani baş vurub, V.Musalı yox! İran Məlik Milli Kitabxanasında saxlanan nüsxə ilə bağlı yazılan cümlələri də fikrimizcə plagiat kimi təfsir etmək olar. Nazim Təbrizi oçerkinin son abzasında olan cümlələr mənaca cəfəng və ziddiyyətli olması ilə yanaşı, həm də eyni kitabın 55-ci səhifəsində verilmiş cümlələrin təkrarıdır.

Əliqulu xan Valeh Dağıstani haqqında yazılmış oçerkdəki bir çox cümlələr bu yazının da elmi-ədəbi oğurluqdan – plagiatdan başqa bir şey olmadığını nümayiş etdirir. Məsələn:

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi, s.165-167

C.Qəhrəmanov.

“Valeh Dağıstani və onun “Riyazüş-şüəra” əsəri. “Ədəbiyyat və incəsə­nət” qəzeti. 17 sentyabr. 1982-ci il.

Atası Məhəmməd Əli xan İrəvanın bəylərbəyisi təyin olunmuş və onlar ailəlikcə Qafqaza köçmüşlər. Ancaq atası h.1127/1716-cı ildə vəfat etdiyindən Valeh qohumları ilə birlikdə İsfahana qayıtmış, orada təhsil almışdır. H. 1135/1722-ci ildə əfqanların İrana hücumundan və İsfahanın işğalından sonra Valehin yaxınları dövlət vəzifələ­rin­dən kənar-laşdırılmışdır. Nadir şahın hakimiyyəti zamanı (1736-1747) onun ailə vəziyyəti daha da pisləşmişdir. Bu səbəblərdən də o Hindistana getməli olmuşdur. Hindistanda görkəmli ədib və alimlərlə görüşən Valeh böyük hörmət qazanmışdır. Böyük Moğol dövlətinin rəhbəri olan Məhəmməd şah Valehə müxtəlif dövlət vəzifələri və titullar vermişdir...

Valeh Hindistanda olarkən Aqra, Dehli, Cahanşahabad, Lahor və başqa şəhərləri gəzmiş, material­lar toplamış və h.1161/1747-ci ildə “Riyazüş-şüəra” adlı təzkirə­sini tamamlamışdır...

Təzkirədə yüzdən artıq azərbay­can­lı şair haqqında məlumat ve­ril­miş­dir ki, onlardan təqribən 70 faizi az tanınan və unudulmuş şairlərdir. Burada Nizami, Xaqa­ni, Əbülülla Gəncəvi ...və başqa anılmamış şairlər də xatırlanmış­dır...

Əlyazmalardan biri h. 1161/ 1748-ci ildə Gülşən Əli tərəfindən köçürülmüşdür. Həcmi 493 vərəqdir. İkinci əlyazma da müəllifin yaşadığı dövrdə h. 1163/m.1750-ci ildə nəstəliq xətti ilə köçürülmüşdür.

...Məhəmməd Əlixan İrəvanın bəylərbəyi təyin olunmuş və iki yaşlı Valeh ailəsi ilə birlikdə Qafqaza köçmüşdür. Ancaq 1128/1716-cı ildə Məhəmməd Əlixan Naxçıvan şəhərində vəfat etdikdən sonra Valeh yaxın qohumları ilə birlikdə İsfahana qayıtmış və beş yaşından məktəbdə oxumağa başlamışdır. 1135/1722-ci ildə əfqanların İrana hücümundan və İsfahanı işğal etməsindən sonra Valehin əmisi və başqa qohumları bütün dövlət vəzifələrindən kənar edilmiş...Nadir şahın hakimiyyəti zamanı onun ailə vəziyyəti daha da pisləşmiş... Bütün bunlardan sonra o... Hindistana getməli olmuşdur.

Hindistanda görkəmli ədib və alimlərlə görüşən Valeh tezliklə onların arasında böyük hörmət və nüfuz qazanır.

...Böyük Moğol dövlətinin rəhbəri olan Məhəmmədşah Valehə ... müxtəlif dövlət vəzifələri və titullar vermişdir.

...Hindistanda Valeh Aqra, Dehli, Cahanşahabad, Lahur və s. şəhərləri gəzmiş, gələcək yaradıcılığı üçün materiallar toplamış və 1160/1747-ci ildə özünün “Riyazüş-şüəra” əsərini tamamlamışdır...

...Təzkirədə yüzdən çox azərbaycanlı şa­ir haqqında məlumat verilmişdir ki, onların təqribən 70 faizini doğrudan da az tanınan və unudulmuş şairlərin tər­cümeyi-halı və əsərlərindən nümunə­lər təşkil edir. Burada Nizami, Xaqani, Əbül­üla Gəncəvi... və başqa naməlum və öyrənilməmiş şairlər haqqında da danışılmışdır...

Əlyazmalardan biri 1161/1748-ci ildə ... katib Gülşən Əli tərəfindən şikəstə xətti ilə köçürülmüşdür. Əlyazma 498 vərəqdən ibarətdir.

İkinci əlyazması da müəllifin yaşadığı dövrdə - 1163/1750-ci ildə incə nəstəliqlə köçürülmüşdür.

Bütün bu əyani faktlarla yanaşı üç səhifəlik kiçik bir yazıda başqasının əqli əməyinin məhsulu olan fikirlərə, səhv olaraq göstərilmiş adlara və rəqəmlərə də rast gəlmək olar. Məsələn, “Riyazüş-şüəra” təzkirəsində ixtisar işi aparmaqla yanaşı əlavələr də edərək “Lübbi-lülab” adlı təzkirə tərtibləmiş müəllifin – Qəmərəddin Əli bin Sənaüllah Hüseyni Nasirinin adı səhv olaraq Kamal Əli bin Sənaullah Hüseyn Nasiri kimi getmişdir. “Valeh “Divan” qələmə almışdır” ifadəsi səhvdir. Divanı qələmə almırlar, onu tərtib edirlər.

Lütfəli bəy Azər oçerkində də V.Musalı ara-sıra bir-iki mənbəyə istinad etsə də, çox zaman “mənimsədiyi” fikirləri öz adından təqdim edir. Məsələn, “Azərbaycan təzkirəçilik tarixi”, səh. 172-173-də Azərbaycan haqqında verilmiş cümlələr M.Məmmədovanın “Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı”, Bakı, 2001 kitabının 84-cü səhifəsindən köçürülmüşdür.

Bir səhifə həcmində olan İshaq bəy Üzri Bəydili oçerkində müəllif bu təzkirəçinin İran Məclis Kitabxanasında saxlanan 7261saylı əlyazmasının nüsxəsini əldə etdiyini qeyd edir (Yəqin, əlyazmanın özünü deyil, surətini əldə edib). Lakin, nədənsə bir səhifəlik yazını M.Məmmədovanın adıçəkilən monoqrafiyasının müvafiq səhifələri əsasında “ərsəyə” gətirib. Bəs əlyazma surətini əldə etməkdə məqsəd nə olub?! Oçerkdə Ə.G.Məanidən gələn fikirlərin olmasına baxmayaraq, mənbənin adı çəkilmir.

“Azərbaycan təzkirəçilik tarixi”nin 183-cü səhifəsində yarım səhifə həcmində təqdim olunmuş XVIII əsr Azərbaycan təzkirəçisi Əbu Talib xan Təbrizi haqqında mən bu yaxınlarda məqalə-məruzə ilə çıxış etmişəm. (bax: Ə.Bağırov. Azərbaycan türkü Əbu Talib xan Təbrizi. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş XIII Respublika elmi konfransının materialları. Bakı, 24 may, 2013 s. 95-99). Məqaləmdə təqdim etdiyim bir məqamı burada da təkrar etmək məcburiyyətindəyəm:

“Əbu Talib xan Təbrizi haqqında “Azərbaycan təzkirəçilik tarixi” adlanan kitabda (səh.183) V.Musalı adlı tədqiqatçı məlumat verməyə cəhd göstərmiş, lakin, təəssüf ki, yarım səhifəlik həmin yazıda Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” əsərində verilən məlumatların 1987-ci il Bakı nəşrindəki primitiv və səhv tərcüməsinin daha da primitiv və səhv təkrarından irəli gedə bilməmişdir. Bütün bunlarla yanaşı Məhəmmədəli Tərbiyətin Əbu Talib xan Təbrizinin ölüm tarixi ilə bağlı verdiyi səhv rəqəm (h.q. 1220-ci il əvəzinə h.q. 1221-ci il) burada da təkrar olunmuşdur...Farsdilli klassik poeziyanın parlaq simalarından olan Ənvərinin adı 1987-ci il Bakı nəşrində mexaniki olaraq Ənvari kimi getdiyindən, hətta bu texniki səhv də eynilə təkrar olunmuşdur. Bütün bunlar Azərbaycan ədəbi təzkirələrinin demək olar ki, əksəriyyətinin fars dilində yazıldığından və bu səbəbdən də bu dili bilməyən bir çox tədqiqatçılar üçün qaranlıq qaldığından, onların bu mənbələrə yaxın dura bilməyib ələ keçirə bildikləri azərbaycandilli tədqiqatlara tənqidi yanaşmadan, bu mənbələri təkrar etməklərindən irəli gəlir” (s.96).

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi, s.183

M.Tərbiyət.

Danişməndani-Azərbaycan, Bakı, 1987, s.107

Əbu Talibxanın atası Hacı Məhəmmədbəy xan Təbrizi Nadir şah dövründə İsfahandan Hindistana getmiş və o, h.1165/1751-ci ildə Ləknəhur (Ləkhnay-Ə.B.) şəhərində anadan olmuş, orada boya-başa çatmışdır. “Töhfətül-aləm” əsərinin müəllifi (kimdir bu müəllif ?!-Ə.B.) Kəlküttədə onunla görüşüb, təbinin zənginliyini və sərbəst yaradıcılığını (?! - Ə.B.) tərifləmişdir. Əbu Talib yaradıcılığa və ədəbiyyatşünaslığa böyük həvəs bəsləyir və tarixçilikdə misli-bərabəri yox idi. O, güclü hafizə sahibi olaraq, Xaqani, Ənvari (Ənvəri – Ə.B.) kimi şairlərin çətin şeirlərini əzbər bilir və izah edirdi.

Mirzə Əbu Talib h.1206/1791-ci ildə “Xülasətül-əfkar” adlı təzkirə təlif etmişdir (yazmışdır-Ə.B.). Əsərdə nəzm, nəsr, inşa, risalə, əruz, qafiyə, musiqi, əxlaq və s. haqqında məlumat vermişdir.

Atası Hacı Məhəmmədbəyxan Təbrizi Nadirşah dövründə İsfahandan Hindistana getmiş və Mirzə Əbu Talibxan hicri qəməri 1165(1751)-ci ildə Ləknəhur şəhərində anadan olmuş və orada boya-başa çatmışdır. “Töhfətül-aləm” əsərinin müəllifi Kəlküttədə onunla görüşüb, təbinin zənginliyini və sərbəst yaradıcılığını tərifləmişdir. Bu müəllif Mirzə Əbu Talib haqqında deyir:

“Əbu Talib yaradıcılığa və ədəbiyyatşünaslığa böyük həvəs bəsləyir və tarixçilikdə misli-bərabəri yox idi. O, güclü hafizə sahibi olaraq Xaqani, Ənvari kimi şairlərin çətin şeirlərini əzbər bilir və izah edirdi.

Mirzə əbu Talib hicri qəməri 1206(1791)-ci ildə “Xülasətül-əfkar” adlı bir təzkirə təlif etmiş, orada bütün sahələr: nəzm, nəsr, inşa, risalə, əruz, qafiyə, bədi, musiqi, əxlaq, tarix, tibb və sairə haqqında məlumat vermişdir.

V.Musalı bu yazıda Əbu Talib xanın “Lübbüs-siyər və cahannüma” adlı əsərindən məlumat verərkən Ə.G. Məaninin məlum əsərindən (c.II, s.733) faydalansa da mənbəyi göstərməyi unudur. V.Musalı özünün 2012-ci ildə nəşr etdirdiyi “Mətnlərin nəşrə hazırlanması problemləri” adlı kitabının 33-cü səhifəsində yazır: “Hər hansı bir müəllifin əsərindən, fikrindən istifadə edib ona istinad verməmək plagiat faktı hesab olunur.” V.Musalı öz fikirlərinin təsdiqi kimi f.e.d. N.Göyüşovun “Milli sənətin nəzəri təhlilinə giriş” adlı kitabından (Bakı, 2006) aşağıdakı cümlələri sitat gətirir:

“Əsas plagiat növləri bunlardır:

-başqasının sözünə sahib çıxmaq;

-başqasından alınan məna və sözün yerdəyişməsi, mənanın genişlənməsi;

-nəsr və ya nəzmin məzmununu başqasından alıb, yeni ibarələrlə, yeni qəlibdə vermək və s.” (səh.34).

Göründüyü kimi, hər iki tədqiqatçının fikirləri ilə nəzəri cəhətdən razılaşmamaq mümkün deyil. Bəs təcrübədə vəziyyət necədir?! Necə olur ki, bu qədər plagiat faktına yol verən V.Musalının kitabına N.Göyüşov rəy yazır, onun nəşrinə xeyir-dua verir. Bu yerdə deyiblər: “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa”

Axırıncı Səfəvi şahzadəsi olan Sultan Məhəmməd Mirzə Bahadırxan haqqında yazılmış yarım səhifəlik məlumat (“Azərbaycan təzkirəçilik tarixi”, s.185) yeganə mənbə kimi təqdim edilən Əhməd Gülçin Məaninin məlum əsərinin I cild 160-168-ci səhifələrindən mənimsənilib böyük ixtisarla təqdim edilmişdir. Əhməd Gülçin Məani bu şahzadə haqqında bilgilərini tarixçi Əbülhəsən ibn İbrahim Qəzvininin vətənindən didərgin düşmüş bu şahzadəyə ithaf etdiyi “Fəvaidi-Səfəviyyə” əsərinə əsasən vermişdir. Bu məlumatlar V.Musalı tərəfindən elə təqdim olunur ki, sanki o özü birbaşa “Fəvaidi-Səfəviyyə”dən bəhrələnmişdir. “Töhfətüş-şüəra” təzkirəsini görmədən V.Musalı onun Lütfəli bəy Azərin “Atəşkədə” təzkirəsinin təsiri altında yazıldığını söyləyir. İnsan görmədiyi bir şey haqqında necə fikir yürüdə bilər. Demək, bu fikri hardansa mənimsəmisən. Mənbədə isə müəllifin bu təzkirəni “Azərkədə” təzkirəsinin təsiri altında deyil, “Atəşkədə” təzkirəsi üslubunda qələmə alındığı bildirilir.

V.Musalının təqdim etdiyi növbəti təzkirəçi Azərbaycanın görkəmli tarixçisi, ədəbiyyatşünas alimi və “Məftun” təxəllüslü şairi Əbdürrəzzaq bəy Dünbüli Azərbaycanidir (“Azərbaycan təzkirəçilik tarixi”, s.189-191) Bu müəllif haqqında “Azərbaycanşünaslığın aktual problemləri” adlı beynəlxalq konfransda etdiyim məruzədə (Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV beynəlxalq elmi konfrans. 01-04 may 2013-cü il, Bakı, Azərbaycan. s.81-83) V.Musalının bu portret-oçerkində olan nöqsanlar haqda qeydlər etmişəm. Bu yazımda orada olan nöqsanlardan yalnız birinə diqqəti cəlb edəcəyəm:

“Azərbaycan təzkirəçilik tarixi” adlı kitabın Əbdürrəzzaq bəy Dünbülüyə həsr olunmuş bölməsinin bioqrafiya hissəsi (s.189) sətirbəsətir “Danişməndani-Azərbaycan”da verilən məlumatların təkrarı olmasıyla yanaşı, belə bir fakt da diqqəti cəlb edir və təəssüf doğurur ki, Əbdürrəzzaq bəy Dünbüli haqqında XIX əsr təzkirəçisi Bəsməl təxəllüslü Hacəli Əkbər Nəvvab Şirazinin h.q. 1237-1240-cı illərdə qələmə aldığı “Təzkireyi-Dilgüşa” əsərinin II bustanında verdiyi məlumatı həm Məhəmmədəli Tərbiyətin və həm də Əziz Dövlətabadinin eynilə verib mənbəni göstərdikləri halda “Azərbaycan təzkirəçilik tarixi” adlı kitabda bu cümlələr əsər müəllifinin öz fikri kimi təqdim olunur”.

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi, s.189

M.Tərbiyət.

Danişməndani-Azərbaycan”, Bakı-1987, s. 204

Adı Əbdürrəzzaq bəy, ədəbi təxəllüsü Məftundur. Təbriz bəylərbəyisi Nəcəfqulu xanın oğludur. O, atasından sonra istər-istəməz hökumət işini tərk edib, elm kəsb etmək, bu vilayətin alimləri ilə həmsöhbət olmaq və bilik əldə etməklə vaxtını keçirərək, elm və maarif sahəsində yüksək mərtəbəyə çatmışdır. Məftun ərəb və əcəm ədiblərinin və məşhur fəzilətli şəxslərin əsərlərini mütaliə edərək öyrənmiş və yüksək məfkurə sahibi olub, elm və ədəbiyyat sevən şəxslərin müraciət etdikləri bir şəxsiyyət olmuşdur. Deyilənlərə görə, o bəndə təxəllüslü Mirzə Rəzi ilə birlikdə “Zinətüt-təvarix” əsərini yazmışdır (Görəsən V.Musalıya bu sonuncu məlumatı kim verib?! Ə.B.)

Məftun – adı Əbdürrəzzaqbəy, Təbrizin keçmiş bəylərbəyi olan Nəcəfquluxanın oğludur. O, atasından sonra istər-istəməz hökümət işini tərk edib, elm kəsb etmək, bu vilayətin alimləri ilə həmsöhbət olmaq və bilik əldə etməklə vaxtını keçirərək, elm və maarif sahəsində yüksək mərtəbəyə çatmışdır. Məftun ərəb və əcəm ədiblərinin və məşhur fəzilətli şəxslərin əsərlərini mtüaliə edərək öyrənmiş və yüksək məfkurə sahibi olub, elm və ədəbiyyat sevən şəxslərin müraciət etdikləri bir şəxsiyyət olmuşdur. Deyilənlərə görə o Bəndə əxəllüslü Mirzə Rəzi ilə birlikdə “Zinətət-təvarix” əsərini yazmışdır (“Təzkireyi-dilgüşa”).

V.Musalının Əbdürrəzzaq bəy Dünbüli haqqında olan yazısının son abzasında deyilmiş fikirlə qismən razıyam. Bəli, Ə.Dünbüli də V.Musalı kimi istifadə edib mənimsədiyi mənbələrin heç də hamısını göstərməyib. Lakin, “Bu fikri (başqa əsərdən köçürmə fikrini – Ə.B.) hər iki təzkirənin təxminən eyni struktura malik olması da təsdiq edir” cümləsi V.Musalının xoşladığı bir söz olan absurddur. Eyni struktura malik əsər hələ heç nə demək deyil. Bir də ki, Ə.G.Məaninin fikrinin V.Musalının təsdiqinə ehtiyacı yoxdur.

“Azərbaycan təzkirəçilik tarixinin” 193-195-ci səhifələri Ravi təxəllüslü Məhəmməd Fazil xan Goruşiyə həsr olunub. Bu “elmi” oçerki oxuyarkən mənim dilim-ağzım qurudu, əllərim yanıma düşdü. Mən hələ indiyə qədər belə yazıya rast gəlməmişəm. Bircə mənbəyə belə istinad olunmayan bu yazı bütünlüklə Ə.G.Məaninin Ravi və təzkirəsi haqqında yazdıqlarının (Əhməd Gülçin Məani. Tarixe-təzkirehaye-farsi, c.I. s. 60-68) qısaldılmış, primitiv tərcümə - təkrarıdır. Necə deyərlər, tənqid olunacaq həddə çatmayan bir yazıdır.

Fətəli şah Qacarın on beşinci oğlu-təzkirəçi, tarixçi və şair Mahmud Mirzəyə həsr olunmuş yazı da qüsurlardan xali deyil (s.197-199). Bu yazıda getmiş və mənim “Ədəbiyyatşünas - alim Mahmud Mirzə Qacar” adlı məruzəmdə qeyd olunmuş bəzi səhvləri müəllifin təcrübəsizliyinə bağışlamaq olsa da (məsələn, Mahmud Mirzə Qacarın divanının 5000 deyil, on iki min beytdən ibarət olduğunu, onun “Noğli-məclis” adlı təzkirəsinin adının “Nüqli-məclis” kimi mənasız bir şəkildə verilməsini və oradakı fəsil adlarının qeyri-dəqiq tərcüməsini və sairəni), plagiat faktlarını bağışlamaq olmur. Məsələn, səh.197-nin sonunda belə bir cümlə yazılmışdır: “Bəzi şahzadələrin bu təzkirəyə daxil edilməməsinin səbəbi budur ki, təzkirənin yazıldığı ildə həmin şahzadələr azyaşlı olduqları və ya şair kimi tanınmadıqları üçün bu əsərə daxil edilməmişlər”. Mənbəyi göstərilməyən bu fikir və cümlə başqa mənbələrdə, məsələn, Əhməd Gülçin Məanidə də olduğu kimi qeyd edilib. (bax: Əhməd Gülçin Məani. Tarixe-təzkirehaye-farsi. c.II, s.65).

Mahmud Mirzənin “Bəyanəl-Mahmud” təzkirəsindəki azərbaycanlı şairlərin siyahısını da plagiat kimi qiymətləndirmək olar. Müəllif bu siyahının mənbəyinin Ə.G.Məaninin bu təzkirə haqqındakı yazısı olduğunu qeyd etməli idi (Ə.G.M. Tarixe-təzkirehaye-farsi, c.1. s.-141-149). Oxucuda elə təəssürat yaranır ki, sanki V.Musalı həmin təzkirəni vərəq-vərəq oxuyub bu şairlərin adlarını qeyd etmişdir.

Əsərdə təqdim olunan növbəti təzkirəçi Fətəli şah Qacarın yeddinci oğlu Seyfəddövlə Sultan Məhəmməddir. “Bəzmi-xaqan” və ya “Təzkirətüs-səlatin” adlı əsər yazmış bu müəllifə həsr olunmuş bu yazı da, V.Musalının təzkirənin İran Məclis Kitabxanasındakı 894 şifrəli əlyazmasının surətini əldə etməsinə baxmayaraq, əsasən, Ə.G.Məaninin Sultan Məhəmməd haqqında verdiyi bilgilərin səhv və primitiv tərcümə-təkrarıdır. Əncümən - fəsil adlarının səhv tərcüməsi V.Musalının təzkirədə olan bəzi azərbaycanlı şairlərin tərcümeyi-hallarının qısa tərcüməsinə də etimadı azaldır. Əlbəttə, bunlar hamısı onun təcürbəsizliyindən və fars dilini, yumşaq desək, zəif bilməsindən irəli gəlir. Lakin Ə.G.Məanidən götürdüyü bəzi fikir və cümlələri mənbəyə istinad etmədən öz adından verməsi V.Musalının öz təbirincə desək, “Dəstursuz bağa girməkdir”. Məsələn, səh. 203-də olan bu fikir-cümlə “Bu, əslində Sərəfəddin Rami (öl. H.795/1392-də) adlı şairin məhbubun vəsfinə həsr etdiyi “Ənisül-üşşaq” əsərinin eynidir. Fəqət bu əsəri təzkirəsinə daxil edən Seyfəddövlə özünü onun müəllifi kimi təqdim etmişdir” Ə.G.Məaninin məlum əsərindən götürülmüşdür (Tarixe-təzkirehaye-farsi, c. I, s.93).

Növbəti müəllif təzkirəçi Bəhmən Mirzə Qacardır. Fətəli şah Qacarın nəvəsi, Naibisüs-səltənə Abbas Mirzənin dördüncü oğlu Bəhmən Mirzə haqqında olan bu oçerk-portret də qusurlardan xali deyil. Məsələn, müəllifin “Şükürnameyi-şahənşahi” əsərini fars dilindən azərbaycan dilinə tərcümə edərək ona ön söz yazıb 1999-cu ildə Bakıda nəşr etdirən dosent Raqub Kərimovun adı nədənsə səhifəaltı qeyd olunmuş mənbədə göstərilməmiş və onun yerinə kitabın redaktorunun adı yazılmışdır. Bundan əlavə müəllif tədqiqat prosesində təzkirənin İran Məclis Kitabxanasında mühafizə olunan 903 saylı nüsxəsini əldə etdiyini qeyd edir. Bu, mümkün olan iş deyil. Yəqin ki, V.Musalı əlyazma nüsxəsinin fotosurətini nəzərdə tutur. Bir məqamı da burda qeyd etməyə ehtiyac duyuram. Bəhmən Mirzənin Əlyazmalar İnstitutunda iki qiymətli əlyazma nüsxəsinin (M-24 və C-1079) mühafizə olunmağına baxmayaraq V.Musalının istinadları İran Məclis Kitabxanasındakı nüsxəyədir. Bəhmən Mirzəyə həsr olunmuş yazının son abzasında müəllifin h. 1256/m.1840-41-ci ildə yenidən işləyib tərtib etdiyi “Təkmileyi-təzkireyi-Məhəmmədşahi” adlı əsərindən danışılır, lakin bu məlumatların mənbəyi göstərilmir. Oxucu onları V.Musalının əqli əməyinin bəhrəsi kimi qəbul etsə də, biz onların mənbəyini bilirik: Ə.G.Məani. Tarixe-təzkirehaye-farsi, c.I, səh.337-338! Bu isə əsas plagiat növlərindən biri olan “başqasının sözünə sahib çıxmaq”dır (bax: Göyüşov N. Milli sənətin nəzəri təhlilinə giriş. Bakı, Nurlan, 2006, s.237-238; V.Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri. Bakı-2012, s.34).

Məhəmməd Saleh Şamlu adlı təzkirəçiyə həsr olunmuş növbəti bir səhifədən də az olan yazı (Azərbaycan təzkirəçilik tarixi, s.213) Ə.G.Məaninin məlum əsərinin II cildində olan (s. 169-171) cümlə və fikirlərin mənbəyi göstərilmədən təkrarıdır. V.Musalı bu yazını da demək olar ki, bütünlüklə öz əqli əməyinin məhsulu kimi təqdim edir.

V.Musalının bir çox yazılarında olduğu kimi bu kitabında da çox maraqlı bir “elmi üslub” var. Gənc tədqiqatçı bir şeyi nəzərə almaq istəmir ki, əksər hallarda Ə.G.Məaininin əsərində verilmiş fikir və cümlələrin tərcümə-təkrarı olan yazılarında zahiri görünüş və “elmilik” xatirinə mənbəyə istinad verilsə də plagiat faktlarını gizlətmək mümkün deyil. Oçerkin sonunda V.Musalı yazır: “...ehtimal ki, bu, müəllifin öz əlyazmasıdır (yəni, avtoqrafdır!-Ə.B.) Soruşmaq lazımdır: Vüsalə xanım, Siz hansı əlamətlərə görə bunu iddia edirsiniz!? Ə.G.Məani bu əlyazmanın Hindistanda hazırlandığını və haşiyələrdə olan qeydlərin də eyni xəttlə yazıldığını səbəb gətirərək bu fikrə gəlir. Bəs Siz?! Onun gəldiyi nəticəni təkrar edib adını da çəkmirsiniz! Olmaz!!

Hülaku Mirzə Qacar haqqında verilmiş növbəti oçerk də yuxarıda dediklərimizə əyani sübutdur. (Azərbaycan təzkirəçilik tarixi, s.215-217). Ə.G.Məaninin Hülaku Mirzə Qacar və onun əsərləri haqqında yazdığı geniş oçerkinin (Tarixe-təzkirehaye-farsi., c.I, s.482-512) primitiv və səhv tərcümə-təkrarı haqqında V.Musalı yazısının əvvəlində açıq şəkildə etiraf etməli idi. Bir-iki cümlənin sonunda istinad verməklə heç kəsi aldatmaq olmaz! O istinadlar formal şəkildə həmin cümləyə aiddir, bütöv səhifəyə yox! Sonda tarixçi alim T.Həsənzadədən götürülmüş böyük cümlə isə dırnaq içində verilməlidir.

Məhəmməd Bağır xan Qacar oçerki haqqında da eyni sözləri demək olar (Azərbaycan təzkirəçilik tarixi. s.223). Bu yazıda V.Musalı bir qədər də irəli gedərək Ə.G.Məaninin mənbələrə istinad etməklə yazdığı cümlələri eyni ilə mənbəqarışıq öz yazısında verir və bunları Ə.G.Məanidən götürdüyünü qeyd etməyi “unudur” (Tarixe-təzkirehaye-farsi., c.II, s.26-27).

Növbəti oçerk həm də təzkirə müəllifi kimi tanıdığımız və XIX əsr İranının olduqca maraqlı və maraqlı olduğu qədər də müəmmalı bir şəxsiyyətinə - Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənəyə həsr olunmuşdur. Bu yazını yazarkən V.Musalı tarix elmləri doktoru Tahirə Həsənzadənin iki kitabından çox məharətlə “bəhrələnir”. Misal olaraq aşağıdakı cümlələrə nəzər salaq:

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi. s.223

T.Həsənzadə.

Məhəmmədhəsən xan Etimadüs­səltənə­nin həyatı və “Xeyrati-hesan” əsəri (ön söz). Marağalı Məhəmməd­həsənxan Etimadüssəltənə Xeyrati-hesan (gözəllər sərvəti) Bakı, Nurlan-2003, səh.3-4

Marağalı Məhəmməd Həsən xan Etimaddüssəltənə 1843-cü ildə Tehranda anadan olmuşdur. Ana tərəfdən Ağa Məhəmməd şah Qacarın qardaşı Mustafaqulu xanın nəvəsidir. Atası Əlixan Müqəddəmdir. Doqquz yaşında ikən piyada qoşunlar komandakı Əziz xanın yanında qulluq etməyə başlamışdır. 1863-1867-ci illərdə Parisdə İranın səlahiyyətli səfirinin müavini olmuşdur.

Tehrana qayıtdıqdan sonra Nəsrəddin şahın şəxsi mütərcimi və köməkçisi təyin edilmişdir.

1871-ci ildə Nəsrəddin şah Tehranda aparılan bir sıra islahatlarla əlaqədar bütün tərcümə işlərini və kitab nəşrini bir yerdə mərkəzləşdirmək barədə sərəncam vermişdir. Şah eyni vaxtda Məhəmmədhəsən xana Səniüddövlə titulu verərək, nəşriyyat və tərcümə idarəsinin rəisi təyin etmişdir...

Məhəmməd Həsən xan Lütfəli bəy Azərin “Atəşkədə”, Mahmud mirzə Qacarın “Nüqli-məclis” əsərlərindən buraya əlavələr edərək, azərbaycanlı qadınlar haqqında da məlumat vermişdir.

Marağalı Məhəmmədhəsən xan 1843-cü il 16 sentyabrda Tehranda anadan olmuşdur. (Mehdi Bamdad. Tarixe-recale-İran. c.3., Tehran 1966, s.330). Ana tərəfdən Ağa Məhəmməd şah Qacarın qardaşı Mustafaqulu xanın nəvəsidir. Atası Əlixan Müqəddəmdir...O, 9 yaşında ikən piyada qoşunlar komandanı Əziz xanın yanında qulluq etməyə başlamışdır. 1863-1867-ci illərdə Parisdə İranın səlahiyyətli səfiri Həsənəli xan Gorusinin müavini, attaşe kimi çalışmışdır...Tehrana qayıtdıqdan sonra...Nəsrəddin şahın mütərcimi və köməkçisi təyin edilmişdir.

1871-ci ildə Nəsrəddin şah Tehranda aparılan bir sıra islahatlarla əlaqədar bütün tərcümə işlərini və kitab nəşrini bir yerdə mərkəzləşdirmək barədə sərəncam vermişdir. Şah eyni vaxtda Məhəmmədhəsən xana Səniüddövlə titulu verərək, nəşriyyat və tərcümə idarəsinin rəisi təyin etmişdir...

Məhəmməd Həsən xan Lütfəli bəy Azərin “Atəşgədə”, Mahmud Mirzə Qacarın “Noqli-məclis”... əsərlərindən buraya əlavələr edərək, azərbaycanlı qadınlar haqqında da məlumat vermişdir.

Növbəti təzkirəçi Fətəli şah Qacarın 15-ci oğlu Xavər təxəllüslü Heydərqulu Mirzədir. Bu müəllif və əsərləri haqqında da V.Musalı yarım səhifəlik yazıda Ə.G.Məaninin yazdıqlarının təkrarından irəli gedə bilməmiş və əksər cümlələrdəki fikirləri öz yaradıcılıq məhsulu kimi təqdim etmişdir. Eyni sözləri növbəti müəllif-Fətəli şahın üçüncü oğlu Məhəmmədqulu Mirzə Qacar barədə yazılmış yarım səhifəlik oçerk haqqında da demək olar (V.Musalı. Azərbaycan təzkirəçilik tarixi. s.229).

Əlavə olaraq bir məqamı da qeyd etməyi özümə borc bilirəm ki, Məhəmmədqulu mirzə Qacarın poetik təxəllüsü V.Musalının yazdığı kimi Xosrovi deyil, Xosrəvidir!

Klassik poeziyamızın görkəmli numayəndəsi Seyid Əzim Şirvaniyə həsr olunmuş beş səhifədən bir neçə sətir artıq olan portret-oçerkdən biz V.Musalının əvvəlki yazılarından fərqli olaraq müsbət nəticə gözləyirdik. Çünki, bu şair-təzkirəçi haqqında kifayət qədər tədqiqat işi aparılmış, əsərləri çap olunmuşdur. Ələlxüsus, türkiyəli tədqiqatçı Ö.Bayramın Azərbaycan sahəsi təzkirəçiliyinə və konkret olaraq Seyid Əzim “Təzkirə” sinə həsr olunmuş elmi əsərinə verilmiş istinadlar buna əsas verirdi. Lakin, təəssüf ki, 60 sətir həcmində olan sitatlar V.Musalının hər hansı bir fikrini, gəldiyi nəticəni təsdiq etmək üçün deyil, oçerkə həcm vermək, onu “elmi” görkəm halına salmaq üçün verildiyinin şahidi oluruq. Oçerkin tələsik yazıldığı, məntiqi ardıcıllığın gözlənilmədiyi, analitik təfəkkürdən uzaq bir söz yığını olduğu ilk oxunuşdan görünür.

Növbəti oçerk XIX əsr ədəbiyyatımızın məhsuldar, lakin demək olar ki, tədqiqatdan kənarda qalmış nümayəndələrindən birinə, çoxsaylı əsərlər müəllifi, şair, ədəbiyyatşünas, tarixçi Məhəmmməd Kazım Əsrar Əlişah Təbriziyə həsr olunmuşdur. Bir neçə mənbəyə əsaslanaraq yazılmış, lakin, həmin mənbələrə tənqidi münasibətdən uzaq olan bu yazı da nöqsanlardan və oxucunu çaşdıran informasiyadan xali deyil. Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” əsərinin 1987-ci il nəşrindən götürülmüş yanlış tərcüməni təkrar edən V.Musalının yazdığından elə çıxır ki, Əsrar Təbrizi cəmi iki kitab yazıb. Lakin, çoxsaylı əsərlər müəllifi olan Əsrar Əlişah Təbrizi haqqında orijinalda – fars dilində olan fikirdə isə onun şairlər haqqında iki kitab – təzkirə yazdığı qeyd olunur. Əsrar Təbrizi haqqında tədqiqat işi aparan iranlı soydaşımız Rəhim Təbrizi adlı araşdırıcı çap etdirdiyi məqalələrində onun bu iki təzkirə ilə yanaşı başqa əsərlərinin də adını çəkir və bəziləri haqqında qısa da olsa məlumat verir. Ə.G.Məaninin məlum əsərinə istinad edən, lakin fars dilində yazılmış fikri düzgün tuta bilməyən V.Musalı Əsrar Təbrizinin “Hədiqətüş –şüəra” təzkirəsi haqqında: “Bu təzkirənin (“Behcətüş-şüəra” –Ə.B.) hazırlanmasından sonra müəllif oradakı şeirlərdən nümunələr seçərək bunları “Hədiqətüş-şüəra” adlandırdığı bir müntəxabatda toplamışdır” yazır. Fars dilində olan montəxəb ilə Azərbaycan dilində olan müntəxəbat sözləri burada fərqli mənalar daşıyır. Əsrar Əlişah Təbrizi şeirlərdən müntəxabat tərtib etməyib. “Behcətüş-şüəra” təzkirəsindən bəzi şairlər haqqında yazdığı hissələri seçərək oraya başqa farsdilli şairlər haqqında da topladığı materialları əlavə etməklə “Hədiqətüş-şüəra” adlı təzkirə tərtib etmişdir!.

V.Musalıının ondan əvvəl deyilmiş fikirləri, həmin müəlliflərin adını çəkmədən öz adından təqdim etməsi adəti burada da təkrarlanır. Məhəmmədəli Tərbiyətin “Behcətüş-şüəra” təzkirəsinin adını səhv olaraq “Ləhcətüş-şüəra” kimi təqdim etməsini elə bir şəkildə yazır ki, sanki İran mənbələrində neçə illərdir təkrar-təkrar qeyd olunan bu məqamı ilk dəfə V.Musalı üzə çıxarıb. “Azərbaycan təzkirəçilik tarixi” kitabının 240 və 241-ci səhifələrində verilmiş “Behcətüş-şüəra” təzkirəsindən olan sitat-tərcümə və təzkirədə olan 86 azərbaycanlı şairin adı, istinad verilmədiyindən oxucuda elə fikir yaradır ki, sanki V.Musalı bunları ilk mənbədən - əlyazmadan götürmüşdür. Xeyr! Bunlar Ə.G.Məaninin məlum əsərinin I cildinin V.Musalının istinad vermək istəmədiyi 130-134-cü səhifələrindən götürülmüşdür. Bu isə yumşaq desək, müəlliflik hüququnun pozulmasıdır.

Eyni fikirləri XIX əsrin başqa bir təzkirəçisi Əlirza Mirzə Qacar haqqında yazılmış sonrakı yazıya da yönəltmək olar. Müəllifin “Bəsatinül-xaqaniyyə” adı altında tərtib və təqdim etdiyi, beş hissədən ibarət olmaqla hər biri müstəqil təzkirə kimi qəbul olunan əsərinin adlarından “Bustan” sözünü V.Musalının “bostan” kimi oxuyub yazması yalnız gülüş doğura bilər. Heç olmasa, ən azı Sədinin “Bustan” əsərini yada salmaq olardı (“Bostan” başqa şeydir, orda qarpız yetişdirirlər!). V.Musalı I bustan-“Bustanül-üşşaq” təzkirəsində müəllifin yol verdiyi yanlışlıqlar haqqında elə danışır ki, (Azərbaycan təzkirəçilik tarixi. s.244) sanki bunları o özü müəyyən etmişdir. Halbuki, bunlar Ə.G. Məaninin məlum əsərinin I cildinin V.Musalının istinad verib göstərmək istəmədiyi 105-ci səhifəsindən götürülmüşdür “Bustanül-üşşaq” və “Bustanül-fəzail” təzkirələrində xatırlanan azərbaycanlı müəlliflərin adları da eyni üsulla, eyni mənbədən (c.I, s. 105-115, 118-121) istinad verilmədən götürülmüşdür.

Mirzə İsa Xəyali Ziyai haqqında yazılmış növbəti oçerk V.Musalının özü tərəfindən ön söz yazılmaqla çapa hazırladığı “N.Qarayev. XIX əsr Azərbaycan ədəbi məclisləri” kitabından nöqtə vergülünə belə toxunmadan köçürmədir. N.Qarayevin yazdığı cümlələri onun göstərdiyi mənbə və istinadla qarışıq köçürən V.Musalının bu ağlasığmaz əməlini “Müəllif hüquqları agentliyi” ört-basdır etməyə nə qədər çalışsa da, orada olan üç abzasın plagiat olduğunu etiraf etmək məcburiyyətində qaldı. Müqayisə üçün hər iki kitabda gedən cümlələrdən bəzilərini təqdim etməklə qərarı oxucunun öhdəsinə buraxıram:

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi. Bakı, 2012. s. 247-255

N.Qarayev.

«XIX əsr Azərbaycan ədəbi məclisləri». Nəşrə hazrlayan və elmi redaktoru V.Musalı. Bakı, 2012, s. 89-103

- Mirzə İsa Xəyali Ziyai XIX əsrin ikinci yarısında klassik şeir üslübünda yazan Azərbaycan şairlərindəndir. «Fövcul-füsəha» ədəbi məclisinin fəal üzvlərindən olan Mirzə İsa Xəyali öz əsərlərində dövrün bəzi ictimai problemlərini açmışdır.

-Əlyazmalar İnstitutunda mühafizə olunan cing-məcmuədə şairin qısa tərcümeyi-halı yazılmışdır. Xəyali əsərlərində də, öz həyat və məşğuliyyəti haqqında məlumat verir.

-Mirzə İsa Xəyali 1850-ci ildə Ərdəbil şəhərində sərraf ailəsində anadan olmuşdur. İlk təhsilini Ərdəbildə almış, ərəb, fars dillərini, eləcə də klassik Şərq poeziyasını mükəmməl öyrənmişdir.

Atası vəfat etdikdən sonra ondan qa­lan irsi bölüşdürərkən Mirzə İsa ilə qar­daşlar arasında narazılıq baş vermiş­dir. Bu səbəbdən o, 1871-ci ildə Lənkə­rana köçmüş burada müdərrislik etmiş, bəzzaz dükanında satıcı olmuşdur. Onun «Elədi» rədifli şeirində Lənkərandakı həyat öz əksini tapmışdır:…

- Lənkəranda şair yerli ziyalarla yaxın dostluq əlaqəsi yaratmış, əhalinin hüsn-rəğbətini qazanmışdır. Boş vaxtlarını «Fövcül-füsəha» ədəbi məc­li­sində müsahibələrdə keçirən Xəyali tezliklə həmin məclisin görkəmli üzv­lə­rin­dən biri kimi şöhrət tapır. Lakin mad­di cəhətdən çətinlik çəkdiyi üçün Bakıya köç­məyə məcbur olur. Burada ilk vaxtlar özünə iş tapa bilmədiyindən neft sat­maqla (!- Ə.B.) dolanır, bir qədər son­ra isə müdərrislik etməyə başlayar.

Lakin, nə neft yığıb satmaq, nə də az haqla müdərrislik etməklə, o, özünü və ailəsini dolandıra bilmir. Odur ki, iş dalınca Mərvə gedib, orada yeni çəkilməkdə olan dəmir yolunda fəhləlik edir. Bir növ səyahət xarakteri daşıyan iş axtarmaq səfəri onu Aşqabada aparıb çıxarır. M.İ.Xəyali burada atasının keç­miş bir dostundan borc alaraq sərraflıq et­məyə başlayır. Nə Bakıda, nə Mərvdə, nə də Aşqabadda rahatlıq və məişətini tə­min edəcək bir iş tapa bil­məyən şair Lən­kərana qayıdır. Bura­da ki­çik bir bəz­zaz dükanı açır və öm­rünün so­nuna kimi bu işlə məşğul olub, ailə­sini dolandırır. Xəyali Bakıda olar­kən «Fövcül-füsəha»da iştirak edə bil­mə­məsi məclis üzvlərini çox narahat etmişdi.

Şairin yaxın dostu Mirzə İsmayıl Qasir bu münasibətlə ona yazmışdı…

-Həmin əlyazmasına tikilmiş başqa bir vərəqdə isə qeyd edilir ki, Xəyali h. 1328-ci il məhərrəm ayının 20-də (m. 1910-cu il fevral ayının 1-də) vəfat etmişdir… Qalan iki tarixdən hansının düzgün olması hələlik aydın­laş­dırıl­ma­mış qalır.

-Lakin onun ədəbi irsi tam əldə edilməmişdir. Lənkəran şairləri adlı məcmuədə onun «Elədi», «Uzaq», «Məni», «Eyləyibsən», «Arasında», «Səbəbi-Təlifi-kitabi-xəyaliyyət», «İran əhlinin tənbih və nəsihətinə», «Əhli-İranın məzəmmətinə», «Əhvalatı-vəliəhdi – Yapon», «İtaliyalı qarının vəsiyyəti», «Dər müqəddimeyi-əncü­mən» və başqa şeirləri verilmişdir. Bun­lar­dan əlavə, D-379 şifrəli cing-məc­muədə

«Nə gördü bilməm ol suxi-nüktədan məndən»,

«İsa neçə müddətdi ki, heyrətdə qalıbdır»,

«Deyillə şəh yenə məşrutəni müqərrər edər»,

«Saqiya, ey fərxəndə ruxü mah cəmal»,

«Saqiya, dönmə əhdü peymandən» - mətləli şeirləri, fars dilində naməlum şəxsə yazılmış məktubu vardır. Bunlar­dan «Deyillə şəh yenə məşrutəni müqər­rər edər» «Nə gördü bilməm ol şuxi – nüktədan məndən» şeirləri və yuxarıda adı çəkilən məktubu avtoq­raf­dır ki, tərtibatçı tərəfindən buraya tikilmişdir. Ümumiyyətlə bu iki mən­bədə Xəyalinin otuza qədər şeiri top­lan­mış­dır.

- Yuxarıda qeyd olunduğu kimi, Mirzə İsa Xəyalinin əsli Ərdəbildəndir, 1871-ci ildə Lənkərana gəlib burada sakin olmuşdur. «Təzkireyi-Ziyai» də Lənkəranda yazılmışdır. Bunu müəllifin təzkirəyə yazdığı qısa müqəddimədən də görmək olur. O yazır: «Kəcmədar zəmanə bir hadisənin səbəbi üzündən bu həqiri Gilan zəmin, yəni Lənkərana atdı və bir neçə müddət bekar oldum».

Müqədimmədən aydınlaşır ki, bekar qalmağı sevməyən Mirzə İsa yazı-pozu ilə məşğul olur. Özündən sonra bir yadigar qoymaq məqsədilə o, on-on iki günlüyə bir nəfərdən çox minnətlə Lütfəli bəy Azərin «Atəşkədə» əsərini alır, on beş günün tamamında həmin kitabın üzünü köçürüb sahibinə qaytarır. Müəllif göstərir ki, «Atəşkədə» yazılan vaxtdan indiyədək keçən təxminən yüz illik bir dövrün şairləri haqqında əlimdə məlumat olmadığından və Lənkəranda bu haqda bir kitab tapa bilmədiyimdən mən də öz müasirlərim haqqında məlumatımı bu kitaba əlavə edirəm. Müqəddimədə fars dilində açıq-aydın qeyd olunmuşdur:…

(Günahları çox olan Fəqir, Həqir, Sərraf Ərdəbili kimi tanınan mərhum Hacı Məhəmməd Rəhimin oğlu Ziyai təxəllüslü İsa).

Buradan görünür ki, həmin təzkirənin müəllifi Ziyai Ərdəbilli Hacı Məhəmməd Rəhim oğlu İsadır.

Yeri gəlmişkən onu da qeyd etməliyik ki, XIX əsrin ikinci yarısında Ərdəbildə Ziyai təxəllüslü iki şair olmuşdur. Mirzə İsa Ziyai öz təzkirəsində Ərdəbilli Kərbəlayi Haqverdi Cigərçi təxəllüslü şairdən bəhs edərkən yazmışdır:…

-Yuxarıdakı bu parçadan aydın olur ki, həmin məclisdə Mövlana Ziyai və Şəms Ərdəbili ilə birlikdə haqqında danışdığımız təzkirənin müəllifi Mirzə İsa Ziyai də iştirak etmişdir. Həm də onun Mövlana Ziyai və Şəms Ərdəbilinin söhbətlərinin arzusunda olması göstərir ki, təzkirə müəllifi Mirzə İsa Ziyai ilə yuxarıdakı mətndə göstərilən Şəms Ərdəbilinin dostu Mövlana Ziyai ayrı-ayrı şəxslərdir. Həmin təzkirədə Ərdəbilli Mövlana Ziyai haqqında da məlumat verilmişdir. Burada yazılır ki, «Mövlana Ziyai Ərdəbil əhlidir və vilayətin varlı ailələrinin birindəndir. İncə, gözəl zövqlü, gözütox bir cavandır. Şahmat elmində kamil, arif bir şəxsdir. Gecə-gündüz vaxtını Şəms Ərdəbili ilə keçirir. Bəlkə bir saat bir-birlərindən ayrılmırlar. 1871-ci ildə kəcrəftar zəmanə onunla düz gətirməyib, mal və mülkdən əli boşa çıxıb, Ərdəbildən Gilan tərəfə gəlib, on iki il Lənkəranda sakin olub. Təxəyyülatından bir neçə tuğra türkcə (azərbaycanca – V.M.) qəzəli yazılır» (ƏYİ. D – 269, vər. 816)

-Təzkirədə Mövlana Ziyainin «Qoyubdu başə ol sərvi-səhi külah əyri», «Əgərci hicrdən canımda olmuş min bəla peyda», «Dilbəra, şəhdi-ləbin dil hərdən eylər arzu», «Bir zaman görsəm fərəhdən ərşə əfğanım çıxar», «Çox kimsədən dilər bu dili-binəva mədəd» misraları ilə başlanan qəzəlləri verilmişdir. (ƏYİ, D-269, vər. 200b-201a)

-Xəyalinin isə əlyazmasının haşiyəsində «Xəyali Ərdəbilinin kəlamından» başlığı altında «Bir yol eşidib ol məhi naməhrəm içində», «Şəhneyi-hicr kəsib başımı qəssab ki­mi», «Ömrün qəbaləsi şəbi-hicran əlin­dədir» mətləli qəzəlləri getmiş, həyatı haqqında isə heç bir məlumat veril­mə­mişdir. Bir məsələ aydındır ki, «Tez­kireyi-Ziyai»ni yazan İsa ibn Hacı Məhəmmədrəhim Ziyai həmin təzkirə­nin 81 «b» vərəqində qeyd olun­muş Zi­yai deyildir. Bu həmin şəxs olsaydı müəl­lif, Şəms Ərdəbili ilə Mövlana Ziyai­nin iştirak etdikləri məc­lisdən bəhs edərək onlarla söhbət etmək arzusunda olduğunu yazmazdı. N.Qarayev Xəyali­nin tərtib etdiyi təzkirənin müqəddimə­sində özü haqqında məlumat verdiyi üçün təkrara ehtiyac duymadığını yazır. Onun həm Ziyai, həm də Xəyali təxəl­lüs­ləri daşımasına gəlincə deməliyik ki, eyni hal bir çox şairlərdə müşahidə olunur. Məsələn, Mirzə Rəhim Fəna «Aşıq», Əbdülxaliq Cənnəti «Əttar», «Vasifi», Abdulla bəy Abış «Abdulla» və başqaları müxtəlif vaxtlarda müxtəlif təxəllüslərlə şeir yazmışlar. Çox güman ki, Mirzə İsa da əvvəllər, daha doğrusu təzkirəni yazmağa başladığı illərdə Ziyai təhəllüsü daşımış, sonralar el-oba, qohum-qardaşdan ayrılıqdan sonra Xəyali təxəllüsünü qəbul etmişdir.

Həmin təzkirənin əvvəlində üç vərəq ağ buraxılmışdır. Bu vərəqlərin hər birində bənövşəyi karandaşla köhnə rus və ərəb əlifbaları ilə yazılmışdır: «İsa Xəyali təxəllüs ziyad-fikirli», «Mirza İsa Xəyali təxəllüs».

Hər halda bunları yazan naməlum adam Xəyali ilə Ziyainın eyni şəxs olduğuna əmin olmuşdur. Əgər belə olmasaydı, təzkirənin 5 «a» vərəqinə «Sərraf Ərdəbilli kimi tanınan məhrum Hacı Məhəmməd Rəhimin oğlu Ziyai təxəllüslü İsa» yazıldığı halda naməlum bir şəxs oraya Ziyai əvəzinə Xəyali sözlərini yazardımı?

-«Təzkireyi-Ziyai» fars dilində, «Atəşkədə» səpkisində yazılmışdır. «Atəşkədə»də olduğu kimi burada da əvvəl şairlərin həyatı, sonra isə onların əsərlərindən nümunələr verilmişdir. Təzkirəyə əlavə olunan şairlərin əksəriyyəti XIX əsrin ikinci yarısında Ərdəbil və Təbrizdə yaşayıb yaratmışlar. Burada həmçinin S.Ə.Şir­va­ni, Mirzə Ələsgər Növrəs, Əbülhəsən Şəhid, Mirzə Rəhim Fəna, Fatma xanım Kəminə, Hacı Abbas Agəh kimi Şirvan və Qarabağ şairləri də daxil edilmişdir. Bunlardan əlavə, həmin əlyazmada baş­qa təzkirələrdə adlarına rast gəlmədi­yimiz Rindi Şirvani, Niyazi Şirvani və Əsrar Qarabağinin şeir­lərindən nümunə­lər verilmişdir. Ümu­miyyətlə, burada XIX əsrin yetmişdən artıq şairi haqqında məlumat vardır.

Təzkirədə Ərdəbil şairləri ilə tanış olarkən öyrənirik ki, XIX əsrin 60-70-ci illərində orada da şair və alimlərin məclisi olmuşdur. Musiqişünas və sənətkar Sərraf Ərdəbili, dövrünün «bütün elmlərindən xəbərdar» olan Molla Qulaməli Həsrət, Kərbəlayi Fərəc Zikri Ərdəbili, Mirzə Əsəd Ərdəbili, əvvəllər Ərdəbildə olub, 1871-ci ildə Lənkərana köçən Molla Məhəmməd Mücrüm, Mövlana Ziyai Ərdəbili, Mirzə Əbdürrəhim Rağib Ərdəbili, Məşədi Zeynalabdin Ünqa, Mirzə Abdulla Şağəri və başqaları tez-tez həmin məclisə toplaşaraq şeir-sənət ətrafında söhbət açmış, mübahisələr aparmışlar. Təzkirədə Əliməmməd Rövşən, Mirzə Abdulla Şağəri, Kərbəlayi Haqveri Ciqərçi, Mirzə Əbdürrəhman Rağib, Ünqa və başqalarından bəhs edilərkən onların həmin məclisdə iştirak və müşairələri haqqında çoxlu qeydlər vardır.

Təzkirədə müsiqi, rəssamlıq, xəttatlıqda məharəti olan, həmçinin təbabət, nücum və s. elmləri gözəl bilən söz ustaları ilə yanaşı, Məşədi Məhəmməd Müsəvvir, Mirzə Rəhim Fəna, Mövlana Ziyai Ərdəbili və Mahmud kimi şairlərin öz dövrlərinin görkəmli şahmat ustaları olmasına dair məlumat da verilmişdir.

Müasirləri haqqında verdiyi bəzi qeydlərdən görünür ki, təzkirənin «Atəşkədə» hissəsini təxminən 1871-ci ildə köçürən müəllif ona etdiyi əlavələrin bir çoxunu 1883-cü ildə yazmış, sonralar əlinə məlumat düşdükcə bu işi davam etdirmişdir.

XIX əsrin ikinci yarısında Azər­bay­can şairləri haqqında qısa da olsa mə­lumat və əsərlərindən nümunələr ver­diyi üçün bu təzkirə ilk mənbə kimi xü­susi əhəmiyyətə malikdir...

-Xəyali XX əsrin ikinci yarısında klassik şeir üslubunda yazan Azərbaycan şairlərin­dəndir. «Fövcül-füsəha» məclisinin fəal üzvlə­rindən olan Mirzə İsa Xəyali öz əsərlərində dövrün bəzi ictimai yaraların açmış…

- AMEA Əlyazmalar İnstitutunda saxla­nı­lan bir cing-məcmuədə şairin qısa tərcümeyi-halı yazılmışdır (Ə.Y.İ., D – 379) Bundan başqa onun əsərlərində də öz həyatı, dolana­caq, məş­ğu­liyyəti haqqında bəzi məlumatlara rast gəli­rik.

-Mirzə İsa Xəyali 1850-ci ildə Ərdəbil şəhərində sərraf ailəsində ana­dan olmuşdur. O, ilk təhsilini Ərdə­bildə almış ərəb, fars dillərini, eləcə də klassik şərq poeziyasının qayda­qanunla­rın mükəmməl öyrən­miş­dir.

Atası öl­dük­dən sonra ondan qalan irsi bölüşdü­rərkən Mirzə İsa ilə qardaşları arasında narazılıq baş vermişdir. Həmin narazılıq üzündən o 1871-ci ildə Lənkərana köçmüş müdərrislik etmiş… bəzzaz dükanında satıcı olmuşdur. Şair «Elədi» rədifli şeirində Lənkərandakı həyatını belə təsvir edir!...

- Lənkəranda şair yerli ziyalarla yaxın dostluq əlaqəsi yaratmış, əhalinin hüsn-rəğbətini qazanmışdır. Boş vaxtla­rı­nı «Fövcül-füsəha»da mü­sa­hi­bələrdə keçirən Xəyali tezliklə həmin məclisin görkəmli üzvlərindən biri kimi şöhrət tapır. Lakin maddi cəhətdən çətinlik çəkdiyi üçün Bakıya köçməyə məcbur olur. Burada ilk vaxtlar özünə iş tapa bil­mədiyindən çala-çuxurlardan neft sat­maq­la dolanır, bir qədər sonra isə mü­dər­rislik etməyə başlayar.

Lakin, nə çala-çuxurlardan neft yı­ğıb satmaq, nə də az haqla müdərrislik etmək­lə, o, özünü və ailəsini dolandıra bil­mir. Odur ki, iş dalınca Mərvə gedib, orada yeni çəkilməkdə olan dəmir yo­lun­da fəhləlik edir. Bir növ səyahət xa­rak­teri daşıyan iş axtarmaq səfəri onu Aş­qabada çıxarır. M.İ.Xəyali burada ata­­sı­nın keçmiş bir dostundan borc ala­raq sərraflıq etməyə başlayır. Nə Bakı­da, nə Mərvdə, nə də Aşqabadda rahat­lıq və məişətini təmin edəcək bir iş tapa bilməyən şair Lənkərana qayıdır. Bura­da… kiçik bir bəzzaz dükanı açır və öm­rü­nün sonuna kimi bu işlə məşğul olub, ailəsini dolandırır. Xəyali Bakıda olar­kən «Fövcül-füsəha»da iştirak edə bil­mə­mə­si məclis üzvlərini çox narahat etmişdi.

Şairin yaxın dostu Mirzə İsmayıl Qasir bu münasibətlə ona yazmışdı…

-Həmin əlyazmasına tikilmiş başqa bir vərəqdə isə qeyd edilir ki, Xəyali hicri 1328-ci il məhərrəm ayının 20-də (miladi 1910-cu il fevral ayının 1-də) vəfat etmişdir… Qalan iki tarixdən hansının düzgün olması hələlik aydın­laş­dırılma­mış qalır.

-Lakin onun ədəbi irsi tam əldə edilməmişdir. Lənkəran şairləri adlı məcmuədə onun «Elədi», «Uzaq», «Məni», «Eyləyibsən», «Arasında», «Səbəbi-Təlifi-kitabi-xəyaliyyət», «İran əhlinin tənbeh və nəsihətinə», «Əhli-İranın məzəmmətinə», «Əhvalati-vəliəhdi– Yapon», «İtaliyalı qarının vəsiyyəti», «Dər müqəddimeyi-əncü­mən» və başqa şeirləri verilmişdir. Bun­lar­dan əlavə. D-379 şifrəli süng-məc­muə­də

«Nə gördü bilməm ol suxi-nüktədan məndən»,

«İsa neçə müddətdi ki, heyrətdə qalıbdır»,

«Deyillə şəh yenə məsrutəni müqərrər edər»,

«Saqiya, ey fərxəndə ruxü mah cəmal»,

«Saqiya, dönmə əhdü peymandən» - mətləli şeirləri, fars dilində naməlum şəxsə yazılmış məktubu vardır. Bunlar­dan «Deyillə şəh yenə məşrutəni müqər­rər edər» «Nə gördü bilməm ol şuxi – nüktədan məndən» şeirləri və yuxarıda adı çəkilən məktubu avtoq­raf­dır ki, tərtibatçı tərəfindən buraya tikilmişdir. Ümumiyyətlə, bu iki mən­bədə Xəyali­nin otuza qədər şeiri top­lan­mışdır.

- Yuxarıda deyildiyi kimi, Mirzə İsa Xəyalinin əsli Ərdəbildəndir, 1871-ci ildə Lənkərana gəlib burada sakin olmuşdur. «Təzkireyi-Ziyai» də Lən­kə­randa yazılmışdır. Bunu müəllifin təz­kirəyə yazdığı qısa müqəddimədən də görmək olur. O yazır: «Kəcmədar zəmanə bir hadisənin səbəbi üzündən bu hə­qiri Gilanzəmin, yəni Lənkərana atdı və bir neçə müddət bekar oldum».

Müqədimmədən aydınlaşır ki, bekar qalmağı sevməyən Mirzə İsa yazı-pozu ilə məşğul olur. Özündən sonra bir yadigar qoymaq məqsədilə o, on-on iki günlüyə bir nəfərdən çox minnətlə Lütfəli bəy Azərin «Atəşkədə» əsərini alır, on beş günün tamamında həmin kitabın üzünü köçürüb sahibinə qaytarır. Müəllif göstərir ki, «Atəşkədə» yazılan vaxtdan indiyədək keçən təxminən yüz illik bir dövrün şairləri haqqında əlimdə məlumat olmadığından və Lənkəranda bu haqda bir kitab tapa bilmədiyimdən mən də öz müasirlərim haqqında məlumatımı bu kitaba əlavə edirəm. Müqəddimədə fars dilində açıq-aydın qeyd olunmuşdur:…

(Günahları çox olan Həqir, Fəqir, Sərraf Ərdəbili kimi tanınan mərhum Hacı Məhəmməd Rəhimin oğlu Ziyai təxəllüslü İsa).

Buradan görünür ki, həmin təzkirənin müəllifi Ziyai Ərdəbilli Hacı Məhəmməd Rəhim oğlu İsadır.

Yeri gəlmişkən onu da qeyd etməliyik ki, XIX əsrin ikinci yarısında Ərdəbildə Ziyai təxəllüslü iki şair olmuşdur. Mirzə İsa Ziyai öz təzkirəsində Ərdəbilli Kərbəlayi Haqverdi Cigərçi təxəllüslü şairdən bəhs edəkrən yazmışdır:…

-Yuxarıdakı bu parçadan aydın olur ki, həmin məclisdə Mövlana Ziyai və Şəms Ərdəbili ilə birlikdə haqqında danışdığımız təzkirənin müəllifi Mirzə İsa Ziyai də iştirak etmişdir. Həm də onun Mövlana Ziyai və Şəms Ərdəbilinin söhbətlərinin arzusunda olması göstərir ki, təzkirə müəllifi Mirzə İsa Ziyai ilə yuxarıdakı mətndə göstərilən Şəms Ərdəbilinin dostu Mövlana Ziyai ayrı-ayrı şəxslərdir. Həmin təzkirədə Ərdəbilli Mövlana Ziyai haqqında da məlumat verilmişdir. Burada yazılır ki, «Mövlana Ziyai Ərdəbil əhlidir və vilayətin varlı ailələrinin birindəndir. İncə, gözəl, zövqlü, gözütox bir cavandır. Şahmat elmində kamil, arif bir şəxsdir. Gecə-gündüz vaxtını Şəms Ərdəbili ilə keçirir. Bəlkə bir saat bir-birlərindən ayrılmırlar. 1871-ci ildə kəcrəftar zəmanə onunla düz gətirməyib, mal və mülkdən əli boşa çıxıb, Ərdəbildən Gilan tərəfə gəlib, on iki il Lənkəranda sakin olub. Təxəyyülatından bir neçə tuğra türkcə (azərbaycanca – N.Q.) qəzəli yazılır» (ƏYİ. D – 269, vər. 816)

-Təzkirədə Mövlana Ziyainin «Qoyubdu başə ol sərvi-səhi külah əyri», «Əgərci hicrdən canımda olmuş min bəla peyda», «Dilbəra, şəhdi-ləbin dil hərdən eylər arzu», «Bir zəman görsəm fərəhdən ərşə əfğanım çıxar», «Çox kimsədən dilər bu dili-binəva mədəd» misraları ilə başlanan qəzəlləri verilmişdir. (ƏYİ, D-269, vər. 200b-201a)

- Xəyalinin isə əlyazmasının ha­şi­yəsində «Xəyali Ərdəbilinin kə­lamın­dan» başlığı altında «Bir yol eşidib ol məhi naməhrəm içində», «Şəhneyi-hicr kəsib başımı qəssab kimi», «Ömrün qəbaləsi şəbi-hicran əlindədir» mətləli qəzəlləri getmiş, həyatı haqqında isə heç bir məlumat verilməmişdir. Bir məsələ aydındır ki, «Tezkireyi-Ziyai»ni yazan İsa ibn Hacı Məhəmmədrəhim Ziyai həmin təzkirənin 81 «b» vərəqində qeyd olunmuş Ziyai deyildir. Bu həmin şəxs olsaydı müəllif, Şəms Ərdəbili ilə Mövlana Ziyainin iştirak etdikləri məclisdən bəhs edərək onlarla söhbət etmək arzusunda olduğunu yazmazdı. Müəllif tərtib etdiyi təzkirənin müqəddiməsində özü haqqında məlumat verdiyi üçün təkrara ehtiyac duymamışdır. Onun həm Ziyai, həm də Xəyali təxəllüsləri daşımasına gəlincə deməliyik ki, eyni hal bir çox şairlərdə müşahidə olunur. Məsələn, Mirzə Rəhim Fəna «Aşıq», Əbdülxaliq Cənnəti «Əttar», «Vasifi», Abdulla bəy Abış «Abdulla» və başqaları müxtəlif vaxtlarda müxtəlif təxəllüslərlə şeir yazmışlar. Çox güman ki, Mirzə İsa da əvvəllər, daha doğrusu təzkirəni yazmağa başladığı illərdə Ziyai təhəllüsü daşımış, sonralar el-oba, qohum-qardaşdan ayrılıqdan sonra Xəyali təxəllüsünü qəbul etmişdir.

Həmin təzkirənin əvvəlində üç vərəq ağ buraxılmışdır. Bu vərəqlərin hər birində bənövşəyi karandaşla köhnə rus və ərəb əlifbaları ilə yazılmışdır: «İsa Xəyali təxəllüs ziyad-fikirli», «Mirza İsa Xəyali təxəllüs».

Hər halda bunları yazan naməlum adam Xəyali ilə Ziyainin eyni şəxs olduğuna əmin olmuşdur. Əgər belə olmasaydı, təzkirənin 5 «a» vərəqinə «Sərraf Ərdəbilli kimi tanınan mərhum Hacı Məhəmməd Rəhimin oğlu Ziyai təxəllüslü İsa» yazıldığı halda naməlum bir şəxs oraya Ziyai əvəzinə Xəyali sözlərini yazardımı?

- «Təzkireyi-Ziyai» fars dilində, «Atəşkə­də» səpgisində yazılmışdır. «Atəşkədə»də oldu­ğu kimi burada da əvvəl şairlərin həyatı, sonra isə onların əsərlərindən nümunələr verilmişdir. Təzkirəyə əlavə olunan şairlərin əksəriyyəti XIX əsrin ikinci yarısında Ərdəbil və Təbrizdə yaşayıb yarat­mışlar. Burada həmçinin S.Ə.Şir­va­ni, Mirzə Ələsgər Növrəs, Əbülhəsən Şəhid, Mirzə Rəhim Fəna, Fatma xanım Kəminə, Hacı Abbas Agəh kim Şirvan və Qarabağ şairləri də daxil edilmişdir. Bunlardan əlavə həmin əlyazmasında başqa təzkirələrdə adlarına rast gəlmədi­yimiz Rindi Şirvani, Niyazi Şirvani və Əsrar Qarabağinin şeirlərindən nümunə­lər verilmişdir. Ümumiyyətlə, burada XIX əsrin yetmişdən artıq şairi haqqında məlumat vardır.

Təzkirədə Ərdəbil şairləri ilə tanış olar­kən öyrənirik ki, XIX əsrin 60-70-ci illərində orada da şair və alimlərin məclisi olmuşdur. Musiqişünas və sənətkar Sərraf Ərdəbili, dövrü­nün «bütün elmlərindən xəbərdar» olan Molla Qulaməli Həsrət, Kərbəlayi Fərəc Zikri Ərdəbili, Mirzə Əsəd Ərdəbili, əvvəllər Ərdəbildə olub, 1871-ci ildə Lənkərana köçən Molla Məhəmməd Mücrüm, Mövlana Ziyai Ərdəbili, Mirzə Əbdürrəhim Rağib Ərdəbili, Məşədi Zeynalabdin Ünqa, Mirzə Abdulla Şağəri və başqaları tez-tez həmin məclisə toplaşaraq şeir-sənət ətrafında söhbət açmış, mübahisələr aparmışlar. Təzkirədə Əliməmməd Rövşən, Mirzə Abdulla Şağəri, Kərbəlayi Haqveri Ciqərçi, Mirzə Əbdürrəhman Rağib, Ünqa və başqalarından bəhs edilərkən onların həmin məclisdə iştirak və müşairələri haqqında çoxlu qeydlər vardır.

Təzkirədə musiqi, rəssamlıq, xəttatlıqda məharəti olan, həmçinin təbabət, nücum və sair elmləri gözəl bilən söz ustaları ilə yanaşı, Məşədi Məhəmməd Müsəvvir, Mirzə Rəhim Fəna, Mövlana Ziyai Ərdəbili və Mahmud kimi şairlərin öz dövrlərinin görkəmli şahmat ustaları olmasına dair məlumat da verilmişdir.

Müasirləri haqqında verdiyi bəzi qeydlərdən görünür ki, təzkirənin «Atəşkədə» hissəsini təxminən 1871-ci ildə köçürən müəllif ona etdiyi əlavələrin bir çoxunu 1883-cü ildə yazmış, sonralar əlinə məlumat düşdükcə bu işi davam etdirmişdir.

XIX əsrin ikinci yarısında Ərdəbil və Təbriz şairləri haqqında qısa da olsa məlumat və əsərlərindən nümunələr verdiyi üçün bu təzkirə ilk mənbə kimi xüsusi əhəmiyyətə malikdir.

Hindistan ədəbi mühitində doğulub boya-başa çatmış Əbülqasim Möhtəşəm Şirvani barədə yazılmış bir səhifəlik oçerk haqqında iki məqamı vurğulamalıyam. Əvvəla, bu yazı bütünlüklə Ə.G.Məaninin məlum əsərindən tərcümədir (Tarixe-təzkirehaye-farsi., c.I, s.19-22) və dırnaq içində yazılsaydı daha düzgün olardı. Sonda istinad kimi verilmiş rəqəm yazının plagiat olduğunu heç cür ört-basdır etmir. İkincisi, hər bir Şirvani azərbaycanlı deyil, o cümlədən Əbülqasım Möhtəşəm Şirvaninin azərbaycanlı olması fərziyyəsinin, fikrimizcə, təsdiqə ehtiyacı vardır. V.Musalı Ə.G. Məaninin bu təzkirəçi haqqında yazdıqlarını diqqətlə oxusaydı görərdi ki, “Əbülqasım Möhtəşəm Şirvaninin nəsli Mədinədəndir” və kökü mənbələrdə qeyd olunduğu kimi “Cabir bin Abdulla Ənsariyə gedib çıxır”. Onlar son məskənləri olan Bohupal şəhərinə qədər Bağdad, Həmədan, Nəcəf, Şirvan, Ləkhnou, Bəndər Hədidə və Hindistanın Punə şəhərini keçərək gəliblər. Lakin, buna baxmayaraq Əbülqasım Möhtəşəm Şirvani 82+2 nəfər Orta əsrlər qadın şairləri haqqında yazılmış ədəbi təzkirə müəllifi kimi maraqlıdır və heç şübhəsiz ki, bu əsərin türk, o cümlədən Azərbaycan şairləri ilə də bağlılığı var və bu müəllifin başqa əsərləri ilə yanaşı tədqiq edilmək hüququna malikdir. Lakin fərqli aspektdə və fərqli təqdimatda!

Təzkirəsinin 1998-ci ildə nəşrinə nail olduğum Mir Möhsün Nəvvab oçerki ilə bağlı çox söz demək olar. Mərhum həmkarımız Nəsrəddin Qarayevin transfoneliterasiya etməyə başladığı bu böyük əsərin çapa hazırlanmasında mənimlə bərabər o zaman gənc tədqiqatçılar və fars dili tərcüməçiləri olan, bu gün isə tanınmış alimlərimiz Nizami Məhərrəmov, Kamil Allahyarov və mərhum Fərrux Fərmanov da az zəhmət çəkmədilər. Onların gördükləri iş müvafiq dövrün elmi hesabatlarında da öz təsdiqini tapmışdır. Bu mövzu mənə çox doğmadır. Təzkirənin tərcümə və nəşri ilə bağlı V.Musalının ittihamlarına hazırkı yazının əvvəlində qeyd etdiyim kimi, mən “Kredo” qəzetinin 26 fevral 2014-ci il nömrəsində “Vüsalə xanımın “daş yuxuları” və ya haqq nazilər, üzülməz” başlıqlı yazı ilə cavab vermişəm. Təkrar olaraq bildirirəm ki, eyni yazı sosial şəbəkələrdə də yayımlanıb. Bu, öz yerində. V.Musalının təxminən səkkiz səhifəyə yaxın bir oçerkinin beş səhifə həcmində olan bir hissəsi istinad verilməklə olan, dırnaq içərisində yazılmış sitatlardan və N.Qarayevlə iki başqa müəllifin fikirlərinin bu və ya digər dərəcədə , bəzən isə təhrif olunmuş şəkildə təkrarıdır. Təzkirənin birinci hissəsində təqdim olunmuş şairlərin sayının otuz bir olmasına və bu rəqəmin bütün mənbələrdə otuz bir kimi çəkilməsinə baxmayaraq V.Musalının onu otuz beş kimi qeyd etməsi yəqin ki, oxucunu çaşdıra biləcək bir qüsurdur. Oçerkin bir neçə yerində dırnaq içərisində verilmiş sitatlar üçün istinad verilmədiyindən onların mənbəyi oxucu üçün qaranlıq qalır. Mir Möhsün Nəvvab təzkirəsinin 1998-ci il nəşrinə düz on dəfə istinad verilsə də bu fundamental işi çapa hazırlayanın-mənim adım qeyd olunmur. Türk, İran mənbələrini təqdim etdikdə səhifə altında təkrar-təkrar mənbələri çapa hazırlayanların adlarını qeyd edən V.Musalının görəsən bizə - Azərbaycan alimlərinə qarşı olan bu laqeydliyinin mənbəyi hansı etika və ikili standartlar təlimatına söykənir?! Deyilmiş fikir və yazılmış cümlələri sistemsiz şəkildə bir yerə toplayıb, hətta bəzilərinin mənbələrini belə göstərməklə onlara “elmi” görkəm vermək hünər deyil! Onun adı tam başqadır...

Növbəti oçerkin həsr olunduğu müəllifin “Riyazül-aşiqin” təzkirəsini də Azərbaycanda mən çapa hazırlamışam. 1995-ci ildə Bakıda təmənnasız olaraq nəşr etdirdiyim bu təzkirə və onun müəllifi Məhəmməd ağa Müctəhidzadə haqqında V.Musalının yazdığı bu oçerk də eyni qüsurları daşıyır. 146 sətirlik bir oçerkin 83 sətri dırnaq içində verilmiş sitatlardır və hətta, bir neçəsinin istinad verilmədən mənbəyi belə göstərilməmişdir. Göstərilən istinadlarda isə eyni V.Musalı üslubu təkrar olunur: çapa hazırlayanın adı qeyd olunmur!.

Özündən sonra zəngin bir irs qoyub getmiş İbrahim Tahir Musayevə həsr olunmuş portret-oçerkin də bu şair-tərcüməçi haqqında yazıların təkrarı olduğunu ilk baxışdan o fakt nəzərə çarpdırır ki, 92 sətirlik bir yazının 62-si sitat şəklində verilmiş cümlələrdir. Qalan fikirlər də Raqub Kərimovun və Aljira Topalovanın yazdıqlarının bu və ya digər şəkildə təkrarıdır. Həm düz deyilmiş fikirlərin təkrarıdır, həm də səhv deyilmiş. V.Musalının “Mətnlərin nəşrə hazırlanması problemləri” adlı kitabının 98-ci səhifəsində belə cümlələr var: “Elm varislik əsasında inkişaf etdiyi üçün sələflər tərəfindən aparılmış araşdırma nəticələrinin iqtibas olunması çox zaman labüddür. İqtibaslar məqalə müəllifi üçün öz nəzəri müddəalarını inkişaf etdirməkdə istinad, dayaq rolunu oynayır... Müəllifin gətirdiyi ayrı-ayrı mühakimlərin, habelə güman olunan nəticələrin əsaslandırılması sübutu üçün də iqtibaslardan istifadə oluna bilər. Bütün hallarda istifadə olunan iqtibasların sayı optimal (!-Ə.B.) olmalıdır”. Şərhə ehtiyacı olmayan gözəl sözlərdir...

Əldə olan faktik materiala əsasən deyə bilərik ki, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda B-207 şifrəsi ilə mühafizə və 52 vərəq həcmində olan “Riyazül-arifin” adlı müxtəsər təzkirə Rzaquluxan Hidayətin “Məcməül-füsəha” təzkirəsinin yox, eyni müəllifin “Riyazül-arifin” təzkirəsinin farscadan ixtisarla tərcüməçisidir. Bunu İbrahim Tahir Musayevin özü də bu əsərə yazdığı ön sözdə etiraf edir. Lakin nədənsə V.Musalı A.Topalovanın buraxdığı səhvi (bax: A.Topalova. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Ağa Məhəmməd Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirəsi., Bakı, 2001, s.36) fikirləşmədən təkrar etmişdir. V.Musalının 281-ci səhifənin sonuncu sətrində “Riyazül-arifin” əvəzinə “Riyazül-aşiqin” yazmasını isə texniki səhv kimi ona yəqin ki, bağışlamaq da olar...

Həsənəli xan Qaradağiyə həsr olunmuş növbəti üç səhifə yarımlıq oçerkdə də V.Musalı deyilənləri təkrar etməkdən uzağa gedə bilməmiş və H.Qaradağinin Əlyazmalar İnstitutunda mühafizə olunan əsərlərinə ən azı ədəbiyyatşünaslıq baxımından işıq sala bilməmişdir. Öz dövrünün görkəmli ziyalısı və pedaqoqu olmuş Həsənəli xanın həyat səhifələrini təqdim edən V.Musalı burada da çox “mahir” bir plagiatçı kimi hərəkət edir. Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan ədəbi məclisləri kitabından” “mənimsədiyi” cümlələrə istinad kimi R.Kərimovun və V.Qaradağlının 2003 və 2004-cü illərdə çap olunmuş kitablarını göstərir. Dediklərimizin isbatı üçün misal olaraq aşağıdakı cümlələrə nəzər salmaq kifayətdir:

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi, s.285-286

N.Qarayev.

XIX əsr Azərbaycan ədəbi məclisləri. s.229-233

Ata-babası Cənubi Azərbaycanın Qa­ra­dağ mahalından olan Həsənəbi xan Qaradaği 1847-ci ildə Şuşa şəhərində hərbi xidmətçi ailəsində anadan ol­muş­dur. Hələ ana bətnində ikən atası və­fat etdiyi üçün atası Həsənəlinin adı­nı ona qoymuşlar. Ailəsi və qohumları Hənəsənəli ağanı xatırlayaraq, həmişə onu “Balaca ağa” deyə çağırarmışlar. O, Şuşanın yaşlıları arasında həmin adla məşhur olmuşdur...

Atası vəfat edəndən sonra dünyaya göz açan Həsənəli əmisi Məhəmməd Hüseyn ağanın himayəsində böyümüşdür. Rus dilini öyrənmək məqsədilə əmisi onu yeddi-səkkiz yaşlarında Şuşa qəza məktəbinə qoyur. Həsənəli burada oxuyarkən əmisi Tiflisə köçür...

Həsənəli xan Şuşa məktəbində oxuyan zaman boş vaxtlarında müstə­qil olaraq mütaliə ilə məşğul olardı. Həm də Şuşa rus-tatar məktəbinin müəllimi olan Mirzə Bəşir Yusifza­də­nin atasından ərəb və fars dillərini öy­rənir. Öz müəlliminin yanın­da və evdə görkəmli Şərq klassiklərinin əsərlərini mütaliə etməklə bərabər, özü də tək-tək şeir yazmağa başlayır. Səbirlə, inadla və müntəzəm çalışması sayəsində elm-bilikdə olduğu kimi, şeirdə də artıq şəhər əhalisinin hörmətini qazanır.

Təxminən 1868-ci ildən H.Qaradaği məktəbdarlıq etməyə başlayır. Qaradaği 1873-cü ilə kimi Şuşada məktəbdarlıq etmişdir.

Tiflisdə Zaqafqaziya Sərdarının yanında məsul vəzifədə çalışan əmisi Məhəmməd Hüseyn ağa Şuşaya gələndə Həsənəli xanın rusca, farsca və ərəbcə savadını görüb onu öz yanına aparır. Burada Həsənəli xan əmisinin Avropa, rus və Şərq ədəbiyyatı ilə zəngin kitabxanasından istifadə edir. O, Tiflisdə fransız dilini də öyrənməyə başlayır.

Beş ilə yaxın Tiflisdə qalan Qaradaği 1878-ci ilin əvvəllərində Şuşaya qayı­dır, yenə də məktəbdarlıqla məşğul olur. Heç bir dərslik olmadığı üçün Qa­radaği axşamlar səhər deyəcəyi dər­sin mətnini hazırlayırdı. H.Qarada­ği­nin yazdığına görə, ana dili dərs­liklərində özü yazdığı kiçik şerilərdən və Krılovdan tərcümə etdiyi təmsil­lər­dən, təlimdə isə rus pedaqoqu Usinski­nin metodundan istifadə edərmiş...

Qaradağinin ədəbi irsi qəzəl, qəsidə, müxəmməs, müstəzad, uşaqlar üçün yazılmış kiçik həcmli şeirlər, Krılovdan etdiyi tərcümələr və s. ibarətdir.

Həmin şeirlərin bir qismi AMEA Əlyazmalar İnstitutundakı müxtəlif əlyazmalar, cüng və fraqmentlərdə mühafizə olunur.

...ata-babası Cənubi Azərbaycanın Qaradağ mahalından olan Həsənəli xan Qaradağı 1847-ci ildə Şuşa şəhərində hərbi xidmətçi ailəsində anadan olmuşdur. Hələ ana bətnində ikən atası vəfat etdiyi üçün atası Həsənəlinin adını ona qoymuşlar. Ailəsi və qohumları Hənəsənəli ağanı xatırlayaraq, həmişə onu “Balaca ağa” deyə çağırarmışlar. O, Şuşanın yaşlıları arasında həmin adla məşhur olmuşdur.

Atası vəfat edəndən sonra dünyaya göz açan Həsənəli əmisi Məhəmməd Hüseyn ağanın himayəsində böyümüşdür. Rus dilini öyrənmək məqsədilə əmisi onu yeddi səkkiz yaşlarında Şuşa qəza məktəbinə qoyur. Həsənəli burada oxuyarkən əmisi Tiflisə köçür...

Həsənəli xan Şuşa məktəbində oxuyan zaman boş vaxtlarında müstəqil olaraq mütaliə ilə məşğul olardı... Həm də Şuşa rus-tatar məktəbinin müəllimi olan Mirzə Bəşir Yusifzadənin atasından ərəb və fars dillərini öyrənir. Öz müəlliminin yanında və evdə görkəmli Şərq klassiklərinin əsərlərini mütaliə etməklə bərabər, özü də tək-tək şeir yazmağa başlayır. Səbirlə, inadla və müntəzəm çalışması sayəsində elm-bilikdə olduğu kimi, şeirdə də artıq şəhər əhalisinin hörmətini qazanır.

Təxminən 1868-ci ildən H.Qaradaği məktəbdarlıq etməyə başlayır. Qaradaği 1873-cü ilə kimi Şuşada məktəbdarlıq etmişdir. Tiflisdə Zaqafqaziya Sərdarının yanında məsul vəzifədə çalışan əmisi Məhəmməd Hüseyn ağa Şuşaya gələndə Həsənəli xanın rusca, farsca və ərəbcə savadını görüb onu öz yanına aparır. Burada Həsənəli xan əmisinin Avropa, rus və Şərq ədəbiyyatı ilə zəngin kitabxanasından istifadə edir. O, Tiflisdə fransız dilini də öyrənməyə başlayır. Beş ilə yaxın Tiflisdə qalan Qaradaği 1878-ci ilin əvvəllərində Şuşaya qayıdır, yenə də məktəbdarlıqla məşğul olur. Heç bir dərslik olmadığı üçün Qaradaği axşamlar səhər deyəcəyi dərsin mətnini hazırlayırdı. H.Qaradağinin yazdığına görə, ana dili dərsliklərində özü yazdığı kiçik şeirlərdən və Krılovdan tərcümə etdiyi təmsillərdən, təlimdə isə rus pedaqoqu Usinskinin metodundan istifadə edərmiş...

Qaradağinin ədəbi irsi qəzəl, qəsidə, müxəmməs, müstəzad, uşaqlar üçün yazılmış kiçik həcmli tərbiyəvi şeirlər, Krılovdan etdiyi tərcümələr və s. ibarətdir.

Həmin şeirlərin bir qismi AMEA Əlyazmalar İnstitutundakı müxtəlif əlyazmalar, cüng və fraqmentlərdə mühafizə olunur.

Şəmsəddin xan Həqqi Təbriziyə həsr olunmuş oçerk Ə.G.Məaninin məlum əsərinin I cildinin 57-59-cu səhifələrində verilmiş yazısının tərcümə - təkrarıdır. Lakin, V.Musalı demək olar ki, istinad vermədən və mənbə göstərmədən bunu elə ustalıqla icra edib ki, oxucu bütün cümlə və fikirlərin V.Musalının öz əqli mülkiyyəti olduğuna inanmaq istəyir. Afərin!

1987-ci ildə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Danişməndani-Azərbaycan” təzkirəsinin müəllifinə və yazdığı əsərə həsr olunmuş oçerk isə sistemsiz bir halda toplanmış informasiya yığınına bənzəyir. Geniş məlumat üçün səhifəaltı qeydlərdə oxucunu XX əsrin əvvəllərində çıxmış qəzet və jurnallara yönəldən V.Musalı görəsən özü onların üzünü görübmü? Görübsə bəs niyə orda gedən yazıların kimlərə məxsus olmasını qeyd etmir? Bəlkə açıq demək lazım idi ki, M.Tərbiyət haqqında olan oçerkin yazılmasında istinad olunmuş, lakin çox ustalıqla özününküləşdirilmiş fikir və cümlələr “Danişməndani-Azərbaycan” əsərinin 1987-ci il Bakı nəşrinə ön söz yazmış mərhum tərcüməçilər İsmayıl Şəms və Qafar Kəndliyə məxsusdur. V.Musalı susur, biz isə müqayisə şəklində yazmağa məcburuq:

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi, s.295-296

Q.Kəndli, İ.Şəms.

Böyük Azərbaycan alimi və ədibi Mirzə Məhəmmədəli Tərbiyət Təbrizi. (Ön söz). Məhəmədəli Tərbiyət. “Danişməndani-Azərbaycan” Bakı, 1987, s.4-7.

....Tərbiyət Təbrizin tanınmış həkimlərindən Mirzə Nəsrullaxanın və 1896-ci ildən bir neçə il Təbrizdə yaşayan Məhəmmədxan Kufrinin yanında Avropa və Şərqin tibb elmindən dərs alaraq bu iki alimin tövsiyəsi ilə fransız və ingilis dillərini təkbaşına öyrənmişdir.

1894-1895-ci illərdə Təbrizdə hökümət vəsaiti ilə idarə olunan Müzəffəriyyə mədrəsəsində, 1898-1912-ci illərdə isə Loğmaniyyə məd­rə­səsində dərs demişdir. M.Tərbiyət XIX əsrdə Təbrizdə açılan Avropa tipli əczaxananın yaradıcılarından biridir. Tərbiyət Seyid Məhəmməd Şəbüstəri, Seyid Hüseynxan Ədalət və b. ilə birlikdə 1896-cı ildə Təbrizdə yeni üsulla idarə olunan ilk kitabxananın əsasını qoymuşdur.

...Bu kitabxananın bölməsi Tehranda da açılmışdır. 1898-ci ildən başla­ya­raq Tərbiyət Azərbaycanda daha çox irəliləyən maarifçilik hərəkatında yaxından iştirak etmişdir.

Tərbiyət Asiya, Afrika və Avropanın bir çox ölkələrində çap olunan kitab, jurnal və qəzetləri gətirərək bu kitabxana vasitəsilə oxuculara çatdırırdı. O, 1902-ci ildə “Gəncineyi-Fünun” jurnalını Təbrizdə nəşr etmişdir. Az müddət içərisində Azərbaycan və İranda şöhrət tapmış bu jurnalı hökümət bağlamışdır.

“Hünəramuz”, “Təməddünati-qədimə”, “Zad-bum” və “Təqvimi-Tərbiyət” Tərbiyətin gənclik illərində yazdığı əsərlərindəndir.

1903-1911-ci illərdəki yaradıcı­lı­ğında jurnalistika fəaliyyəti geniş yer tutmuşdur.

Birinci dünya müharibəsinin sonu­nadək Tərbiyət İstanbulda yaşamışdır.

....Mirzə Məhəmmədəli Təbrizin adlı-sanlı həkimlərindən olan Mirzə Nəsrullaxanın və 1314(1896)-ci ildən bəri neçə il Təbrizdə yaşayan doktor Məhəmmədxan Kufrinin yanında Avropa və Şərqin tibb elmindən dərs alaraq bu iki alimin tövsiyəsi ilə fransız və ingilis dillərini təkbaşına öyrənmişdir...

....1312-1313(1894-1895)-cü illərdə Təbrizdə hökümət vəsaiti ilə idarə olunan Müzəffəriyyə mədrəsəsində, ...1316-1331(1898-1912)-ci illərdə isə Loğmaniyyə mədrəsəsində ... işləmişdir.

...M.Tərbiyət keçən əsrdə Təbrizdə açılan Avropa tipli dərmanxananın yaradıcılarındandır... Mirzə Məhəmmədəli Seyid Məhəmməd Şəbüstəri, Seyid Hüseynxan Ədalət və b. ilə birlikdə 1314(1896)-cü ildə Təbrizdə yeni üsulla idarə olunan ilk kitabxananın əsasını qoymuşdur...

...Bu kitabxananın bölməsi Tehranda da açılmışdır... 1898-ci ildən başlayaraq M.Tərbiyət Azərbaycanda daha çox irəliləyən maarifçilik hərəkatında yaxından iştirak etmişdir...

...M.Tərbiyət Asiya, Afrika və Avropanın bir çox ölkələrində ... nəşr olunan əsərləri, qəzet və jurnalları... gətirərək bu kitabxana vasitəsilə oxuculara çatdırırdı. ...M.Tərbiyət... “Gəncineyi-Fünun” jurnalını 1320(1902)-ci ildə Təbrizdə nəşr etmişdir.

...Az müddət içərisində Azərbaycan və İranda şöhrətlənmiş bu jurnalı hökümət bağlamışdır...

“Hünəramuz” (Hünər öyrədən), “Təməd­dü­nati-qədimə” (Qədim mədəniyyətlər), “Zad-bum” (Ana yurdu) və “Təqvimi-Tər­biyət” (Tərbiyətin təqvimi) Mirzə Məhəm­mə­dəlinin gənclik illərində yazdığı ... əsər­lərindəndir...

Ədibin 1321-1330(1903-1911)-cu illər­dəki yaradıcılığında publisistika və jurna­listik fəaliyyəti başlıca yer tutmuşdur.

....Birinci dünya müharibəsinin sonu­na­dək M.Tərbiyət Türkiyədə -İstanbulda yaşa­mışdır.

Qulam Məmmədli haqqında olan səhifə yarımlıq yazı da hələ 1987-ci ildə bu görkəmli şəxsiyyət haqqında məqalə yazmış bir oxucu kimi məni qane etmədi.

Şəxsi fondu, əsərlərinin çapdan əvvəlki variantları, çap olunmuş bir çox kitabları, o cümlədən təzkirə adlandırdığımız əsərinin əlyazması haradasa Vatikan kitabxanasında deyil, Bakıda, M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunur. Bunları daha diqqətlə nəzərdən keçirib oxucuya qısa da olsa dolğun və düzgün məlumat vermək olardı. V.Musalı bu oçerki yazarkən ən azı Q.Məmmədlinin təzkirəsini çapa hazırlayan institut həmkarı, filol.ü.f.doktoru A.Rəhimova ilə məsləhətləşə, informasiya mübadiləsi edə bilərdi. Tələskənliyi olmasaydı və oxuduğu materialları analitik təhlil süzgəcindən keçirsəydi, heç olmasa, əlyazmanın həcmi ilə bağlı daha düzgün məlumat verərdi və orada təqdim olunmuş müəlliflərin sayının mindən artıq deyil, A.Rəhimovanın artıq çap etdirdiyi kitabında qeyd etdiyi və həqiqətdə olduğu kimi 733 (bax: A.Rəhimova. Qulam Məmmədli təzkirəsi, Bakı, 2012) olduğunu yaza bilərdi. Oçerkinin sonunu da elmdən uzaq xarici bir jurnalist kimi bu şəkildə bitirməzdi: “Azərbaycan MEA Əlyazmalar İnstitutunda mühafizə olunan zəngin və dəyərli şəxsi fondlar içərisində Qulam Məmmədlinin arxivinə rast gəlirik (kursiv bizimdir-Ə.B.) Burada müəllifin tərcümeyi-halı, dəyərli tədqiqatları, fotoşəkilləri və s. saxlanılır” (V.Musalı. “Azərbaycan təzkirəçilik tarixi”., s.301-302)

Növbəti oçerkdə təqdim olunan təzkirəçi Seyyid Əbdülhəmid Xalxali haqqında V.Musalının yazısı cəmi 6 sətirdir. Bu yazının həcminin belə az olmasına səbəb isə Ə.G.Məaninin məlum əsərinin I cildinin 297-298-ci səhifələrində olan informasiyanın təxminən elə bu qədər olmasıdır. Əlbəttə, çox olsaydı, çox da yazardı. Lakin, nədənsə Ə.G.Məaninin bu təzkirə haqqında verdiyi mühüm bir məqamın üstündən V.Musalı sükutla keçib. Bu təzkirənin nəşrində bütün şairlərin səkilləri verilmişdir. Bir də ki, Ə.G.Məaninin yazdığına görə birinci cild azad şəkildə yazıldığından, təsir altında yazılmış ikinci cilddən daha dəyərlidir. Bu qədər!

Növbəti oçerk təzkirə adlandırdığımız və müvafiq tədqiqatçıların demək olar ki, stolüstü kitablarına çevrilmiş 2 cildlik “Süxənvərani-Azərbaycan” və “Qafqazın fars dilində şeir yazmış şairləri” adlı əsərlər müəllifi Əziz Dövlətabadiyə və onun bu əsərlərinin təhlilinə həsr olunmuşdur. Bu oçerkdə V.Musalı, bu iki əsərlə yanaşı, Əziz Dövlətabadi haqda çap etdirdiyi məqalələri ilə diqqəti cəlb edən gənc tədqiqatçı Jalə İsmayılovanın yazılarına da istinad edir, onlardan da bəhrələnir. Lakin, nədənsə “Süxənvərani-Azərbaycan” əsərinin tərtib prinsiplərindən yazarkən mənbəyi diqqətlə vərəqləmədiyindən hər şeyi qatıb-qatışdırır. V.Musalı yazır: “Təzkirəçi öncə vəfat etmiş şairlər, sonra isə müasir şairlər haqqında məlumat verir. Bu cəhətdən Müctəhidzadə və Mir Möhsün Nəvvabın təzkirələri ilə struktur baxımından oxşarlıqlar nəzərə çarpmaqdadır” (s.308) Bu səhv fikir V.Musalının həmin səhifədə bir qədər əvvəl dediyi “təzkirə tərtib olunarkən coğrafi prinsip əsas götürülmüşdür. Coğrafi prinsip daxilində də əlifba ardıcıllığına riayət edilmişdir” fikri ilə ziddiyyət təşkil edir. Eyni səhifənin sonunda verilmiş: “Belə ki, təzkirədə hər bölgədən bəhs edilərkən keçmiş zamandan müasir dövrə kimi mövcud olmuş “hal-hazırda həyatının şamı sönmüş” şairlər xatırlanmışdır. İkinci cild isə (!?-Ə.B.) həmin bölgələrin həyatda olan şairlərinə həsr olunmuşdur” cümlələrini yazarkən J.İsmayılovanın yazdığı və bu mövzu ilə bağlı V.Musalının istifadə etdiyi məqaləsindəki aşağıdakı düzgün fikir-cümləni görəsən nə səbəbdən tuta bilməyib? Onun bir səbəbi var: Tələskənlikdən və diqqətsizlikdən mənbə dəqiq araşdırılmayıb! J.İsmayılova yazır: “...əvvəlcə hər bir ərazinin qədim şairlərinin tərcümeyi-halını vermiş və onlar haqqında ətraflı məlumat əldə etmək üçün kifayət qədər mənbələrdən istifadə etməyə çalışmış, daha sonra müasir şairlərin, ən nəhayət, Azərbaycan dilində yazan şairlərin siyahısını (kursiv bizimdir-Ə.B.) verməklə kifayətlənmişdir.” (Jalə İsmayılova. Ə.Dövlətabadinin “Süxənvərani-Azərbaycan” təzkirəsinin tərtib prinsipləri” ,“Tədqiqlər” №4, Bakı-2004, s.252)

Bütün bu dediklərimiz V.Musalının tədqiqat xarakterli qüsurları kimi dəyərləndirilə bilər. Lakin, səh. 309-310-da verilmiş cədvəl mənbəyi göstərilmədən “Süxənvərani-Azərbaycan” əsərinin Təbriz-1377-ci il nəşrinə yazılmış ön sözün XXVII səhifəsindən götürülmüşdür. Bu cədvəldə Marağa vilayətinin adı və oradan olan şairlərin sayı – 38 rəqəmi V.Musalının təqdim etdiyi cədvəlində buraxılsa belə cəmin Əziz Dövlətabadidə olduğu kimi 944 çıxması buna əlavə sübutdur.

Əziz Dövlətabadinin ikinci təzkirəsi ilə bağlı V.Musalının informasiya xarakterli qısa qeydləri haqqında susaraq bu kitabın adının “Qafqazın farsdilli şairləri” yox, nəşr tarixi göstərilmədən Azərbaycan dilində tərcüməsi çap olunmuş variantında qeyd olunduğu kimi “Qafqazın farsca yazan şairləri” kimi verilməsini daha düzgün sayır və bu kitab haqqında ətraflı məlumat almaq istəyən oxucuları J.İsmayılovanın (Şükürovanın) “Filologiya məsələləri” toplusunda çap olunmuş məqaləsinə (№11, 2010, (s.356-365) yönəltmək istəyirəm.

V.Musalının Azərbaycan təzkirəçiləri sırasında təqdim etdiyi növbəti müəllifin həm özü - Əli Nəzmi, həm də 1976-cı ildə Təbrizdə çap olunmuş “Devist soxənvər” adlı təzkirəsi diqqəti cəlb edən, lakin az tədqiq olunmuş mənbələrdən biridir. Bu təzkirə haqqında hələ 1986-cı ildə böyük ustadımız Mübariz Əlizadənin yadigarlarından olan Lalə xanım Əlizadə Azərbaycan SSR EA “Xəbərlər”ində iki səhifəlik, lakin oxucuda həm təzkirəçi, həm də onun əsəri haqqında tam təsəvvür yaradan bir məqalə ilə çıxış etmişdir. V.Musalının “Əli Nəzmi” oçerkini yazarkən yeganə mənbə kimi yararlandığı bu məqalə ilə “Azərbaycan təzkirəçilik tarixi” adlı kitabda gedən yazını tutuşdurduqda bundan əvvəlki müəlliflərdə olduğu kimi eyni vəziyyətin şahidi olduq. L.Əlizadənin yazdığı fikir və cümlələri V.Musalı öz zehni əməyinin məhsulu kimi təqdim edir. Forma xatirinə qeyd olunmuş istinadlar heç nəyi gizlədə bilmir. Misal olaraq aşağıdakı cümlələrə nəzər salaq:

V.Musalı.

Azərbaycan təzkirəçilik tarixi, s.313

L.Əlizadə.

“Klassik Azərbaycan şairləri yeni təzkirə səhifələrində” Az.SSR EA-nın “Xəbərlər”i 1986, №3, s.155-156.

...zəngin mənbələr əsasında yazılmışdır. Müəllif kitabın ön sözündə yazır: "İndiyə qədər yazılan təzkirələrin əksəriyyətində bəzi səhvlərə yol verildiyindən, şairlər haqqında məlumat təhrif olunduğundan, onların doğum və vəfat tarixləri qarışıq salındığından, birinin əsəri digərinə aid edilmişdir” Əli Nəzmi bu qüsuru aradan qaldırmağı qarşısına məqsəd qoymuşdur.

Əli Nəzminin “Devist süxənvər” təzkirəsi özündən əvvəl bu formada yazılmış başqa əsərlərdən hər bir şair üçün verilmiş “maddeyi-tarix”lə fərqlənir. Kitabda adı çəkilən iki yüz şairin hər biri üçün üç-dörd beytdən ibarət şeir yazılmışdır. Şeirin axırıncı misrası maddeyi-tarix olub, şairin vəfat tarixini göstərir.

...zəngin mənbələr əsasında yazılmışdır. Kitabın müqəddiməsində müəllif qeyd edir ki, “indiyə qədər mövcud olan təzkirələrin əksəriyyətində bəzi səhvlərə yol verildiyindən, şairlər haqqında məlumat təhrif olunduğundan, onların anadanolma və vəfat tarixləri qarışıq salındığından, birinin əsəri digərinə aid edilmişdir”. Müəllif bu çatışmazlıqları aradan qaldırmağı qarşısına məqsəd qoymuşdur.

Əli Nəzminin “Devist süxənvər” təzkirəsi özündən əvvəl bu formada yazılmış başqa əsərlərdən hər bir şair üçün verilmiş “maddeyi-tarix”lə fərqlənir. Kitabda adı çəkilən ikiyüz şairin hər biri üçün Ə.Nəzmi üç-dörd beytdən ibarət şeir yazmışdır. Şeirin axırıncı misrası “maddeyi-tarix” olub, əbcəd hesabı ilə şairin vəfat tarixini göstərir.

Qeyd etmək lazımdır ki, V.Musalının bir səhifəlik bu kiçik yazısında olan yerdə qalan cümlələr də L.Əlizadənin yazdığı fikir və cümlələrin xülasə şəklində təkrarıdır.

XX əsr təzkirəçiləri Yəhya Şeyda, Məhəmməd Dəyhim və XXI əsrin məhsuldar qələm sahibi, klassik üslubda yazılmış maraqlı təzkirə müəllifi Şahin Fazil haqqında yazılmışların çox qısa xülasəsi olan son üç yazı ilə V.Musalının “Azərbaycan təzkirəçilik tarixi” kitabı bitir. Bu üç müəllif haqqında olan oçerklərin təhlilindən yan keçirəm. Ona görə yox ki, o yazılarda qüsur yoxdur, ona görə ki, yoruldum. Ona görə ki, yazdıqlarımı oxuyub bu nöqsan və qüsurlara münasibət bildirmək istəyənlərin olacağına çox az ümid edirəm. Sözün həqiqi mənasında bir kimsə bir kimsənin kitabını oxumadığı bir dövrdə, hətta, redaktorların, rəyçilərin çox vaxt adlarının formal bir şəkildə kitablara yazıldığı bir zamanda, necə ümid etmək olar ki, bu kitablar haqqında yazılan tənqidlər tezliklə öz səmərəsini verəcək?!

Plagiatçılıqla bağlı Türkiyədə üç müəllif tərəfindən nəşr olunmuş “Akademik yazım ihlalları” kitabının (Ankara, 2011) cildində və titul vərəqində, deyilənə görə, sındırılmış qələm təsviri verilmişdir. Nəsib Göyüşov və Könül Mirzəyevanın imzaları altında 2013-cü ildə çap olunmuş “Yazılı abidələrin akademik tədqiqi və nəşri problemi” (əslində “problemləri” olmalıdır) məqaləsində (“Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri” Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş XIII Respublika elmi konfransının materialları. Bakı, 24 may, 2013,s.19-35) həmin sındırılmış qələmin rəmzi mənası belə açıqlanır: “akademik normaları pozmaqla başqalarının əməyindən faydalanaraq “əsər” yazmaqdansa qələmi sındırmaq daha düzgündür” (s.28). Yozum müəllifinin kim olduğu açıqlanmayan bu məqalədə bü cür gözəl fikirlər çoxdur. Məsələn, “Akademik nəşrlərdə qaynaqlardan istifadə çox önəmlidir və istinad olmadıqda ifadə və fikrin kimə aid olduğu sual altında qalır. Başqalarının fikir və sözlərini “özününküləşdirərək” qələmə vermək olmaz. Almaniyanın təhsil naziri belə bir problemə görə istefa verməli oldu” (s.31) Bizdə isə, çox təəssüf ki, vəziyyət tam başqa müstəvidədir. Plagiatçı “alim”, hətta, ekspert kimi uzun müddət Ali Attestasiya Komissiyasında fəaliyyət də göstərə bilir və buna açıq-aşkar göz yumanlar da tapılır.

V.Musalının “Müəlliflik hüquqları” Agentliyi tərəfindən müvafiq qanunun müvafiq maddələrinin pozulduğu öz təsdiqini tapsa da, qeyd etdiyimiz kimi onun bir müddət Ali Attestasiya Komissiyasında ekspert kimi vəzifə icra etməsi hamı kimi məndə də uzun müddət təəccüb doğurdu. O ali orqana bu haqda yazdığım beş müraciətə mən bircə cavab da ala bilmədim. İşlədiyi Bakı Dövlət Universiteti də mənim müraciətlərim qarşısında susmağa üstünlük verdi. V.Musalının kitablarına redaktorluq etmiş, rəyçi kimi adı yazılmış fil.ü.e.doktoru Nəsib Göyüşovun – belə qüsurlu kitabların nəşrinə göz yummuş bir alimin həm də Ali Attestasiya Komissiyasında ekspert olması da məndə bu günə qədər az təəccüb və sual doğurmur.

...Hər il ürəkləri yazıb-yaratmaq, tədiqiqat aparmaq, elmin zirvələrini fəth etmək arzusu ilə döyünən yüzlərlə gənc magistratura və doktorantura təhsili almaq üçün Azərbaycanın ali təhsil müəssisələrinə, AMEA institutlarına axışır. Onlara örnək olmalı əvvəlki nəslin əsərlərini vərəqləyir, öyrənmək istəyirlər. Lakin görəndə ki, V.Musalı adlı bir tədqiqatçı – alimin “Türk təzkirəçiliyi. Biblioqrafiya”, Bakı-2011” kitabının s.51-dən s.248-ə qədər olan hissəsi başqa mənbədən köçürmədir və biləndə ki, o səhifələrdə verilmiş elmi-paleoqrafik təsvirlərin adları çəkilməyən müəllifləri və mənbələri var, V.Musalı isə bütün bu təsvirləri öz əqli mülkiyyəti kimi təqdim edir, o gənclərin elm və alimlik haqda olan fikirləri görəsən qarışmayacaqmı?! Oxuyanda ki, həmin kitabda yazılmış 39 səhifəlik ön sözün 24 səhifəsi V.Musalının “XV-XVII əsr türk təzkirəçiliyi” kitabından, 9 səhifəsi isə yenə də V.Musalının “Osmanlı təzkirələrində azərbaycanlı şairlər” kitabından bu haqda heç bir işarə olunmadan təkrar olunmuşdur, kitab yazıb-buraxmağın bu qədər sadə olacağını düşünməyəcəklərmi?! Biləndə ki, V.Musalının “Mətnlərin nəşrə hazırlanması problemləri” kitabının azı dörd fəsli M.Lomonosov adına Moskva Dövlət Universitetinin kafedra müdiri, professor S.Q.Antonova və başqalarının rus dilində olan “Редакторская подготовка изданий” əsərinin tərcüməsinin qısaldılmış variantıdır , görəsən onun – V.Musalının əvəzinə utanmayacaqlarmı?!

P.S. Böyük Şah İsmayılın ədəbiyyatşünas oğlu Sam Mirzənin “Töhfeyi-Sami” əsərində belə bir məqam var: Caminin şeirlərini öz adına çıxan şirazlı bir mövlanədən bu əməlin səbəbini soruşduqda həmin şəxs cavab verir ki, “Cami sünnidir, mən isə şiə. Sünninin malı şiəyə halaldır”. Hörmətli Vüsalə xanım da, ehtimal ki, bu prinsiplə antonovaların, solovyovların, ryabininaların...əsərlərini özünə halal hesab edib. Onda mən də yerdə qalan bütün müəlliflər adından deyirəm: Halal olsun! Vüsalə xanım!

ƏKRƏM BAĞIROV

filologiya üzrə fəlsəfə doktoru

Qeyd: Qarşı tərəfin fikirlərini də yayımlamağa hazırıq.

# 3489 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #