Falçıları ifşa edən Azərbaycan filmi

Falçıları ifşa edən Azərbaycan filmi
13 iyun 2014
# 12:33

Nicat Qafuroğlunun “Ultionis” filmi haqqında qeydlər

Yazar, bəstəkar, rejissor…

Azərbaycanda kino sahəsindəki problemləri və boşluqları mütəxəsislər də, tamaşaçılar da yaxşı bilir. Dövlətin ayırdığı milyonlar göyə sovrulsa da, ortalıqda “dişə vurulası” nəticə yoxdur. Müxtəlif cəhdlər olsa da ümumilikdə vəziyyət ürəkaçan deyil.

Hərdən yaxşı film çəkməyə cəhd edən rejissorlarımız da ya pulsuzluqdan, ya da təcrübəsizlikdən işi sona çatdıra bilmir və yaxud başa çatdırdıqları iş ürəkaçan olmur. Xüsusən gənc rejissorların problemlərini saymaqla bitməz. Heç uzağa getmirəm, şəxsən ssenari müəllifi olduğum filmi başa çatdırmaq üçün o qədər əngəllə qarşılaşdıq ki, tamam ruhdan düşdüm. Şükürlər olsun ki, çətinliklərə sinə gərib, işini sona çatdıran, ruhdan düşməyən nəsildaşlarım, həmyaşıdlarım da var. Bu yazıda haqqında danışacağım filmin rejissoru, ssenari müəllifi, bəstəkarı bir sözlə cəfakeşi Nicat Qafuroğlu da öz əzmkarlığı və inadkarlığı ilə seçilir.

Şəxsən mən Nicat Qafuroğlunu şair kimi tanımışam. Amma Nicat daim axtarışda olan, fərqli düşüncəyə sahib və olduqca orijinal insandır. Yəqin Nicatın keçən ilki cəsarətli addımını xatırlayırsınız. Səhv etmirəmsə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorluğuna namizədliyini irəli sürəndə Nicatın cəmi 29 yaşı vardı və prosesdə ən iddialı namizədlərdən biri idi. Çıxışları da kifayət qədər cəsarətli və inamlı idi. Təklifləri və çıxışları sübut edirdi ki, Nicat sadəcə iddialı deyil, həm də hazırlıqlıdır.

Nicatın “Ultionis” filmi haqqında fikirlərimi bölüşməmişdən öncə onu oxuculara ətraflı təqdim etmək yerinə düşərdi.

Nicat Qafur oğlu Mustafayev 1984-cü ildə Kürdəmirdə anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya fakültəsini bitirib. 2003-cü ildə qısa müddətə “Gənclər üçün” adlı qəzet nəşr etdirib. Sonra fəaliyyətini “Ədalət” qəzetinin müxbiri kimi davam etdirib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışıb. “Carçı” informasiya proqramının böyük redaktoru, 2009-cu ilin sonlarına kimi həm də proqramın aparıcısı işləyib. AzTV-də hərbi-vətənpərvərlik verilişlərinin redaktor-aparıcısı kimi çalışıb. “Qafuroğlufilm”in yaradıcısıdır. Ədəbi-bədii yaradıcılıqla məşğul olur. Hazırda Türkel TV-də məsul vəzifədə çalışır. Nicat Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi turizm filmləri festivalında “Aranda bir gün” adlı sənədli ekran əsəri ilə “Ən yaxşı etnoqrafik film” nominasiyasında qalib olub. “Ultionis” televiziyada bir neçə sənədli film, kliplər çəkən rejissorun ilk bədii filmidir.

Romandan filmə

Nicat Qafuroğlunun “Ultionis” filmi televiziya vasitəsi ilə yayımlansa da, kino tənqidçilərindən lazımi diqqəti görmədi. Bu yazını qələmə almaqda məqsədim, həm də filmi və gənc rejissorumuzun zəhmətini yenidən yada salmaq istəyindən qaynaqlanır. Film Nicatın “Ultionis” romanının motivləri əsasında “Qafuroğlufilm” və “Biz production” tərəfindən çəkilib. Filmin ssenari müəllifi Ceyhun Musaoğlu və Nicat Qafuroğlu, quruluşçu operator Faiq Əliyev, prodüseri Sirac Mustafayevdir. Filmin əksər musiqilərini də Nicat bəstələyib. Nicat böyük kinodakı ilk işində təxminən 167 nəfər aktyor o cümlədən xalq artistlərimiz Rasim Balayev, Həmidə Ömərova, Səidə Quliyeva, əməkdar artist Sabir Məmmədov və digərlərini çəkib. Baş rollarda modelyer Tunay Əliyeva və Əflatun Abdullayev çəkiliblər.

“Ultionis”- Məqsəd dəli etməkdir

Film psixoloji triller janrındadır. Filmdə falçılar və ekstrasenslər, bu tip insanların toruna düşən cahil insanlar kəskin tənqid edilir. Filmdə “Ultionis” adlı gizli bir şəbəkə, onların falçılardan gələn sifarişlər əsasında insanları dəli etməklərindən bəhs olunur.

Baş qəhrəman gənc jurnalistdir. Keçmiş sevgilisinin sifarişi əsasında Cavidi (Əflatun Abdullayev) “Ultionis” şəbəkəsi dəli etməyə çalışır. Şəbəkə bunun üçün üzvlərindən birini Kamsirmen(Tunay Əliyeva) kod adlı xanımı təlimatlandırır. Cavid soyuqqanlılığı hesabına qurulan tordan xilas olmağı bacarır. Kamsirmenin Cavidə aşiq olmağı süjetdə kəskin dönüş yaradır. Cavidi dəli etmək planları baş tutmadıqda şəbəkənin rəhbəri Era (Həmidə Ömərova) Kamsirmenə Cavidi öldürməsini tapşırır.

Kamsirmen etdiyi əməllərdən peşman olduğu üçün verilən zəhərli həbi özü qəbul edir və Cavidi onu gözləyən təhlükə barədə xəbərdar edir. Kəndə dönən Cavid atasının (Rasim Balayev) təklifi ilə geri qayıdır və çalışdığı qəzetin baş redaktoru ilə (Sabir Məmmədov) ilə məsləhətləşib “Ultionis” şəbəkəsini ifşa edir. Şəbəkənin rəhbəri Era isə intihar etmiş Kamsirmenin əslində öz doğma qızı olduğunu bildikdən sonra eyni üsulla intihar edir.

Film əsasən Ağsu, Şamaxı, Bakı, habelə Ukraynada çəkilib.

Pafoslu Kamsirmen

“Ultionis” iki hissəli olsa da darıxdırıcı deyil. Yazının bu yerində əl saxlayıb film haqqında qeydlərimə baxıram. 8-10 səhifəlik qeydlərin içərisində Tunay Əliyeva (Kamsirmen) və Həmidə Ömərova (Era) haqqında bir dənə də olsun müsbət qeydim yoxdur. Həmidə xanımın peşəkarlığı müəyyən qədər obrazı xilas etsə də, Tunay Əliyevanın bayağı və pafoslu oyunu tamaşaçını əsəbiləşdirməyə kifayət edir. Modelyer xanım qətiyyən oynadığı obrazı canlandıra bilmir. Biz ekranda bayağı və qlamur modelyerdən başqasını görmürük. Həmidə xanım isə uzun illərin təcrübəsinə baxmayaraq kifayət qədər inandırıcı deyil.

Baş rolun ifaçısı Əflatun Abdullayevin aktyor oyunu inandırıcı və maraqlıdır. Həmçinin Rasim Balayev, Sabir Məmmədov və Səidə Quliyeva da maraqlı obrazlar yarada biliblər.

Film haqqında qeydlərim kifayət qədər olsa da, hamısını yazmaq fikrində deyiləm. Çünki gec-gec görüşsək də bu qeydləri birbaşa rejissorun özü ilə müzakirə etmək daha məqsədəuyğundur.

Nicat peşəkar rejissor deyil və filmdə bu hiss olunur. Çünki hansısa rejissorun təqlidi, hansısa rejissora bənzəmək cəhdləri onun işinə yaddır. 28 yaşında belə böyük yükün altına girmək təbii ki cəsarət tələb edir. Nicatın cəsarətini təqdir etsəm də həm ssenaridə, həm rejissor işində təcrübəsizlik hiss olunur. Bir filmdə həm ssenarist, həm rejissor, həm də bəstəkar işini görmək yəqin ki, asan deyil.

Nicat bu işin öhdəsindən gələ bilib, işini başa çatdırıb və filmi cəsarətlə tamaşaçıya təqdim edib. Nicatın özünəməxsus düşüncə tərzi və yanaşması şəxsi söhbətlərdə nə qədər qabarıq hiss olunursa, bu filmə də bir o qədər əks olunub. Filmin gərgin süjet xətti, əsəb qıcıqlandıran musiqisi tamaşaçını uzun müddət öz təsirində saxlamağa kifayət edir. Filmdə məni heyrətləndirən nüanslardan biri də Nicatın musiqi duyumu oldu. Filmin musiqilərini çox bəyəndim. Məncə Nicat məhz bunu istəyib; tamaşaçını inandırmaq və öz auditoriyasını yaratmaq.

Sonda təkrar olsa da bir daha vurğulamaq istəyirəm ki, filmin diqqətdən kənarda qalması ürəkaçan deyil. Çünki rejissor cəmi 28 yaşında, məhdud imkanlarla bu işin altına girib və kifayət qədər maraqlı film çəkib.

Ümid edirəm ki, peşəkarlar bu film haqqında öz fikirlərini deyəcək və Nicat Qafuroğlu yeni filmini çəkməyə daha həvəslə davam edəcək...

# 3409 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #