Şəhriyar, mənimlə işin olmasın!

Şəhriyar, mənimlə işin olmasın!
13 iyun 2014
# 11:08

Bu gənc ömrümün qos-qoca 11 ilini jurnalistikaya həsr eləmişəm. Amma, heç vaxt heç bir yazımla mətbuatda görünməmişəm. Uzağı müsahibə vermişəm. Mən elə başlanğıcdan televiziyada çalışmışam. Yəni, ancaq mən danışmışam, başqaları qulaq asıb, izləyib. Yazılı mətnin isə üstünlüyü ordadır ki, həm müəllif danışır, həm də müəlliflə danışmaq imkanı olur. Bu, son dediyim cümlə daha çox bədii mətnlərə aiddir. Məsələn, hekayə.


Səbirsiz adam olduğumdan böyük mətnləri oxuya bilmirəm. Ya şeir oxuyaram, ya da hekayə. Düzünə qalsa, hekayə daha çox xoşuma gəlir. Sözüm Şəhriyar del Geraninin “Bizim olan heç nə” hekayəsi haqqındadır... Daha dəqiq desək, hekayənin yazılma tarixçəsi haqqında. Yaza bilsəydim, hekayənin özü barədə yazardım. Ancaq, təəssüf mənim belə qabiliyyətim yoxdur. Təvazökarlıq eləmirəm.


Bilənlər bilir, Xəzər TV-də “Ənənə boğçası” adlı bir proqramımız yayımlanır. Aparıcısı da bəndənizdir. Ölkələrdə, regionlarda oluruq, adət-ənənəyə uyğun toyları çəkib göstəririk, təbliğ edirik. Həmin layihə çərçivəsində İmşlidə də olmuşuq. Şəhriyar da həmin ərəfədə rayondaydı. Çəkiliş qrupumuzu evlərinə qonaq çağırdı. Biz də dəvəti dəyərləndirib yollandıq şairgilə. Qonaqpərvərlikləri haqqında yazmayacam, bunu özünüz qonaq olub görsəniz yaxşıdır. Uzun yol gəldiyimizdən yorğun idik. Şam yeməyindən sonra çay süfrəsi arxasında oturub söhbət edirdik. Şəhriyar da bizimlə söhbət eləyə-eləyə kompüterdə qurdalanırdı. Əvvəlcə elə bildim feysbukda status yazır. Sonra gördüm, arabir qaşlarını düyünləyir, qıvrım saçlarını pırtlaşdırıb düşünür. Sonra yenidən qəribə sifət alıb yazmağa davam edir. Nə yazdığını soruşdum. Dedi, hekayə yazıram, çoxdandı beynimdə hərləyib-fırladırdım, başlamışam yazmağa. Əvvəlcə qəribə gəldi mənə. Necə yəni hekayə yazıram?! Axı bizimlə söhbət eləyir. Hərdən sözarası zarafatından da qalmır. Belə də hekayə yazarlar? O vaxta qədər elə bilirdim şairlər, yazıçılar nəsə yazanda işıqları söndürürlər, şam yandırırlar, çəkilirlər bir küncə, siqaret sümürə-sümürə xəyala dalırlar. Sonra da öz-özümə fikirləşdim ki, əşi bunun yazdığı hekayə nə olacaq?! Heç sevə-sevə oxuduğum şair də deyil. Ramiz Rövşən hara bu hara?! Bir-iki şeirini oxumuşam. Xoşuma gələn misraları olub. Onları da özünə yazmışam. Nə isə. Dedim yazıb qurtarandan sonra verərsən oxuyaram. Əvvəlcə razılaşmadı. Dedi, çapa gedəndə oxuyarsan. Özündənrazının biriymiş! Heç vecimə də deyil, oxumaram, dedim.

Biz toyumuzu çəkib bitirmişdik. Bir gün də qalıb səhərisi Bakıya dönəcəkdik. Çəkiliş qrupumuzla birlikdə Araz çayına baxmağa getmişdik. Şair dedi ki, gün batandan sonra Araz çayında ruhani bir əzəmət olur, gedib baxaq. Mən də lağa qoydum: “Yox əşşi, əzəmətə bax hələ!” Amma xətrinə dəyməsin deyə razılaşdım.

Getdik. Elə bildim Araza baxıb şeir deyəcək çatanda. Özümü hazırlamışdım qulaqlarımı tutam. Onsuz da gecədir, görünməyəcəkdim. Yaxşı ki, belə fikrə düşmədi. Bir az ruhani əzəməti seyr eləyib qayıtdıq evə. Amma, Şəhriyar izah eləyə bilmədi ki, Arazın ruhani əzəməti hardadır.

Evə qayıdan kimi saata baxıb barmağını dişlədi. Sonra qəfil kompüteri qucağına alıb keçdi başqa otağa. Bizə də bildirdi ki, müsabiqəyə göndərəcəm hekayəni, əsər qəbulunun vaxtına bir saatdan az qalıb. Biz də oturduq çay süfrəsinə. Bir az keçmiş yenə kompüter qucağında qayıtdı. Üzündə qəribə təbəssüm vardı. Elə bil azadlıq xəbərini indicə almışdı. Saata baxdı. Dedi, bax, vaxta 1 dəqiqə qalıb, göndərirəm. Həmişə gecikirəm. Milli Kitab Mükafatına da 5 dəqiqə qalmış göndərmişdim romanı, qalib oldu. Bu hekayə də qalib olacaq. Mən də dedim, gecə yuxunda balıq görməmisən? Dedi, yox. Dedim, gərək görəydin. Əlamətlərə inananlar üçün balıq xeyrə, uğura yozulur. Gülüşdük. Cavab qaytarmadı. Ya qaytara bilmədi, ya da başı qarışıq idi. Sonra hekayəni göndərib başladı söhbətə. Hansısa mənasız hadisədən danışırdı. Düşündüm, bunun belə söhbətinə qulaq asmaqdansa elə hekayəsini oxusam yaxşı olar. Oxumaq istədiyimi dedim. Bu dəfə razılıq verdi. Özümü hazırlamışdım, razılıq verməsə bir status yazıb biabır eləyəcəkdim. Amma ehtiyac olmadı. Yəqin təhlükəni hiss eləmişdi. İlan kimi bir şeydi. Təhlükəni bir kilometrdən duyur. Dili də zəhərdi. Yalandan söz qoşmağı var.

Başladım hekayəni oxumağa. Mənim üçün doğma idi. Ona görə ki, ilk dəfə idi yaradıcı adamı yazı prosesində görmüşdüm. Sonrası da ona görə ki, mənə ciddi görünməmişdi. Maraqlı idi ki, görəsən o cür ortamda necə hekayə yazıb. Oxuya-oxuya gördüm bir qızın dilindən yazıb. Elə yazıb ki, lap inandım hekayəni bu yox, hansısa qadın yazıb. Sözüm hekayədə deyil. Bacarsaydım elə tənqid edərdim ki, bir də klaviaturaya yaxın gəlməzdi. Bilmirəm tənqidçilər hara baxır? Məgər belə ədəbsiz şeyləri ədəbiyyat adı ilə camaata sırıyanları görmürlər?! Ara yerdə telejurnalistlərə də sataşıb. Guya telejurnalistlərin hamısı özünü xoşbəxt göstərən uğursuz bədbəxtlərmiş. Ay sən öləsən! Telejurnalistin biri mən. Özümü də uğurlu və xoşbəxt hiss eləyirəm. Ən azı sənin kimi əxlaqsız yazıçı, ruhani əzəmətdən danışan əvəzində dini inancları az qala təhqir eləyən şair deyiləm. Yazdıqlarının da, özün demiş, 40-50 manat qonorardan başqa heç bir dəyəri yoxdur. Hələ bunun sözünə baxın: “O ictimailəşmiş, siyasiləşmiş, ümumiyyətlə “ləşmiş” qadınların heç biri xoşbəxt-zad deyil. Hamısı qadın kimi uğursuzdular, bədbəxtdilər. Nolsun etiraf eləmirlər. Və ya belə məlum şeyləri niyə də etiraf eləməlidilər?”

Hələ dalınca əxlaqsız bir yerə də bağlayır. Ondan danışmıram. Özümü o yerə qoymaq istəmirəm. O səviyyəyə düşməyi özümə yaraşdırmıram. Kim yaraşdırır getsin yaraşdırsın. Ancaq belə münasibəti hamıya şamil eləmək olmaz. Ümumi danışmaq qaydalara ziddir. Bu adicə jurnalistika etikasıdır.

Bir sözlə, Şəhriyar bizimlə işin olmasın! Sənin üçün yaxşı olmaz! Amma, insafən, hekayədəki qıza adamın ürəyi ağrıyır, yaxşı qızdı. Kaş ki, o hekayəni Şəhriyar yox, başqa biri yazaydı.

# 5451 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #