Atamın meyiti məndən su istədi-YUXULARIM 7

Atamın meyiti məndən su istədi-YUXULARIM 7
11 iyun 2014
# 17:11

Niyə hamı bizimlə maraqlanır?

Skeletdən gözlər sallanırdı

Naxışlar, alqışlar, beşillik plan

Xlorsatanın şairi ilandan xilas etməyi

Şəklimi çəkib feysbuka qoyacaqlar, biabır olacam

Xoruz kimi banlamağım, məni yeyən rəngli kirpilər

Gördüm, kənddəyəm, kəndçilərimizdən iki qadın, bir kişi mənə yaxınlaşıb deyir, atan ölüb. Mən çox kədərlənirəm, dərhal da soruşuram ki, nədən ölüb? Deyirlər, boğazında xərçəng vardı, yemək yeyə bilmədi, sonra da su içə bilmədi, beləcə ac-susuz qalıb öldü.

Gördüm, onlar məni kənddəki evimizin yuxarı otaqlarının birinə gətirdilər.

Baxdım ki, atam otağın ortasına qoyulmuş taxta tabutda uzanıb. Mənə dedilər, səhərə qədər otaqda atanın meyitinə qarovul durmalısan. Gördüm, onlara demək istəyirəm ki, meyitdən qorxuram, məni burda tək qoymayın. Bu zaman atamdan gələn səs mənə deyir, qorxma, oğul, ata meyiti adama heç nə eləməz. Sonra məni bura gətirən kəndçilərim bic-bic gülərək əl eləyib dal-dalı otaqdan çıxdılar.

Gördüm, otaqda atamın tabutundan başqa uzun bir güzgü də var. Atamın ölümünü unutmaq, meyitdən yayınmaq üçün güzgünün qarşısına gəlib özümə baxdım. Gördüm, otağa girəndən xeyli qocalmışam. Güzgüyə baxa-baxa qəribə hislər keçirirəm: birdən atamın meyiti durub məni yeyə bilər. Sonra özümə ürək-dirək verirəm, atam belə eləməz, çünki məni sağlığında çox istəyirdi. Həm də meyit adamı necə yeyə bilər, axı?

Beləcə güzgüyə baxıb düşünürdüm ki, qəfil çiynimdən güclü bir əl yapışdı. Vahimədən az qaldı ürəyim partlasın. Fikirləşdim, yəqin bayaq ağlımdan keçənlər gerçək olacaq, atamın meyiti indicə məni yeyəcək. Quruyub qalmışdım, nə qışqırıb səsimi çıxara, nə də tərpənib qaça bilirdim.

Ancaq güzgüdə məni arxadan tutanın əksi görünmür. Mən qorxudan əsə-əsə birtəhər arxaya çevrilirəm. Gördüm, çiynimdən tutan atamdı, sən demə, o, ölməyibmiş. Baxdım ki, atamın cavan vaxtlarıdı, üzümə gülümsəyir, qucağında da bələyə bükülmüş bir körpə uşaq var. Gördüm, o uşaq mənəm, təzəcə doğulmuşam. Atam məni doğum evindən çıxarıb evə aparır. Artıq adımı da qoyub.

Çoxdanın həsrətliləri kimi onunla qucaqlaşıram. Gördüm, biz qucaqlaşanda bələkdəki körpə aramızda itdi. Atamın sağ-salamat olmasına çox sevinirəm. Sonra ondan soruşuram, bəs deyirlər sən ölmüsən? O da deyir, ölsəm də səninlə görüşmək istəyirdim.

Birdən gördüm, mən dördüncü sinifdə oxuyuram, məktəbdən gəlirəm, çantamı otağın bir küncünə tullayıb atamın üstünə atılıram. Gördüm, atam barmağımdakı bənövşəyi çernil ləkəsinə baxıb məni öpür və yanağımı yüngülcə dişləyir.

Sonra gördüm, yox, mən artıq orta məktəbi bitirmişəm, atam əli ilə attestatımın üstünü sığallayır. Birdən mən tələbə oluram və atam tələbə biletimdəki şəklimə baxıb sevinir.

Sonra güzgüdə gördüm, atam arxa tərəfimdə qoyulmuş tabutda uzanıb. Çevrildim ki, bəlkə güzgü aldadır məni. Gördüm, atam doğrudan da tabutdadı.

Sonra gördüm, atamın meyiti deyir, get mənə bir stəkan su gətir. Bu zaman mənə elə gəlir, atam su içən kimi diriləcək. Ona görə pilləkənləri tez-tez düşüb aşağıdakı otağa su dalınca gedirəm. Gördüm, bu otaqda da iri bir güzgü var, su da onun arxasındadı. Arxaya keçib suyu götürmək istəyəndə güzgüdəki əksim mənə dedi, özünü yorma, atan dirilməyəcək. Mən də ona dedim, yox, su içsə diriləcək. Əksim ucadan gülüb dedi, mən sənə su verməyəcəm. Əksimə məhəl qoymadan güzgünün arxasına keçmək istədim. Gördüm, qollarım yoxdu. Geri dönüb baxdım ki, qollarım güzgüdə qalıb. Mən güzgünün qarşısında olmayan qollarımı bir müddət oynatdıqdan sonra gördüm, qollarım geri qayıtdı. Mən təzədən su üçün güzgünün arxa tərəfinə keçmək istəyəndə hər yan zülmətə çevrildi, heç nə görə bilmədim. Bildim ki, güzgü bu dəfə gözlərimi özündə saxlayıb. Birtəhər geri addımlayıb güzgünün qarşısına gəldim. Güzgüdəki əksim gülüb: bəs niyə gedə bilmədin?


Atanı diriltmək üçün bir qurtum su apara bilmirsən?- dedi. Güzgünün qəddarlığına dözməyib ona var gücümlə bir yumruq vurdum. Güzgü mənim yumruğumu özünə çəkib uddu. Məni beləcə özündə saxlayıb yavaş-yavaş biləyimi və bütövlükdə sağ qolumu içərisinə sorurdu. Qolumu xilas eləmək üçün var gücümlə qışqırıb ayağımı güzgünün aşağısına dirədim. Baxdım ki, güzgü artıq ayağımı da buraxmır, özünə çəkib udur. Güzgü sağ ayağımı və sağ qolumu bütöv udduqdan sonra məni buraxdı. Mən güzgüdən qopub yerə yıxıldım. Gördüm, bədənimdən qan axmır, qopmuş əzalarım şikəst adamlardakı kimi sanki çoxdan əməliyyat olunub.

Yenə də geri çəkilməyib bir əl, bir ayaqla iməkləyib su dalınca getmək istədim. Bu zaman əksim əlini güzgüdən çölə çıxardı və ayağımdan yapışaraq məni göydə bir neçə dəfə fırlayıb divara çırpdı. Mən güzgü ilə üzbəüz olan divara yapışdım və güzgüdə divardakı vəziyyətimin əksini gördüm. Sonra baxdım ki, itirdiyim əl-ayağım tədricən geri qayıdır. Əl-ayağım bərpa olunandan sonra divardan sürüşüb yerə yıxıldım. Zərblə divara çırpılsam da heç yerim ağrımırdı. Durub qaçmaq istəyəndə güzgüdəki əksim əlini uzadıb kürəyimdən ağ ciyərimi çıxartdı. Ürəyim döyündükcə qanım kürəyimin açıq yerindən çölə vururdu. Çevriləndə gördüm, qanlı ciyərimi ovcunda moçalka kimi sıxıb. Gördüm, ciyərimi sıxan barmaqlarının beşi də qəfildən ilan balalarına çevrildi. İlan balaları ciyərimi parazit qurdları kimi ordan-burdan deşərək yeməyə başlayanda bədənimdə dözülməz ağrılar başladı. Mən bu ağrılara dözməyib üzü üstə yerə yıxıldım. Güzgüdəki əksim kürəyimin açılan yerinə budaqları əyri-üyrü olan balaca bir ağac basdırdı. Bu zəhərli ağac sürətlə böyüyüb qol-budaq atır, dolaşıq kökləri ilə bədənimi mayeyə döndərib gövdəsinə sorurdu. Gördüm, atamın meyiti qəfil divardan içəri girdi və güzgüdəki əksimə möhkəm bir şillə vurdu. Həyəcandan ürəyim əsdi, indicə güzgü atamın meyitini yeyəcək! Kaş fikrimi atama dərhal çatdıra biləydim! Gördüm, yox, hər şey tamam başqa cür oldu, atamın şilləsi dəyən kimi güzgüdəki əksim yoxa çıxdı. Belimdəki ağac da öz-özünə sorulub güzgüyə doldu. Bədənimin bütün əzaları bərpa olundu və mən çox rahat oldum. Gördüm, atamın meyiti əlimdən tutub məni otaqdan çıxardır. Biz otaqdan çıxan kimi atamın meyiti qeyb oldu.

Mən dərhal meyit olan otağa gəldim və gördüm ki, atam əvvəlki kimi tabutda uzanıb. Gördüm, meyit mənə deyir, su güzgünün arxasında yox, başqa yerdədi. Mən yenə su dalınca qaçmaq istəyəndə atam dedi, getmə, darıxıram, yanımda ol, mən onsuz da heç vaxt dirilməyəcəm. Mən atamın meyitini qucaqlayaraq öpdüm və ağladım. Gördüm, atam da ağlayır. Bizim göz yaşlarımız bir-birinə qarışaraq yavaş-yavaş tabutu doldururdu.

Mən ağlaya-ağlaya yuxudan ayıldım və beləcə bir xeyli ağlamağa davam elədim.

# 2645 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #