Qaçqınlar məni infarkt elədi KİNO SEANS

Qaçqınlar məni infarkt elədi  KİNO SEANS
5 may 2014
# 14:00

Kulis.Az-ın “Kino Seans” layihəsində ssenarisi Rüstəm İbrahimbəyova məxsus olan, rejissor Oleq Səfərəliyevin çəkdiyi “Əlvida, cənub şəhəri” filmi müzakirə edilir.

2006-cı ildə çəkilən filmdəki hadisələr Bakı şəhərində baş verir. Bildiyiniz kimi, hələ 1969-cu ildə Rüstəm ibrahimbəyovun ssenarisi əsasında rejissor Eldar Quliyev “Bir cənub şəhərində” filmini çəkmişdi. 60-cı illər Bakısını kifayət qədər maraqlı əks etdirən film geniş tamaşaçı auditoriyası qazanmışdı. 1988-ci ildə baş verən hadisələri əks etdirən “Əlvida, cənub şəhəri”ni həmin filmin davamı saymaq olar. Ancaq vəziyyət tamamilə dəyişib. SSRİ dağılmağa doğru gedir, Bakıya ilk qaçqınlar gəlib artıq. Yeni tarixi vəziyyət yeni obrazların ortaya çıxmasına şərait yaradıb.

Film Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil telefonla hansısa binaların sökülməsi tapşırığını verir. Növbəti kadrlarda isə başı dibindən qırxılmış, çiynində çanta olan gənc oğlan bir restorana girir və burada tanışı ilə rastlaşır. Onların söhbətindən belə məlum olur ki, bu gənc - Alik (Teymur Bədəlbəyli) həbsxanadan çıxıb. Tanışı – Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin "işini" bitirəcək.

Daha sonra hadisələr 1988-ci ilə keçir.

Bakını simvolizə edən balaca bir məhəllə... Burada hər kəs köhnə qonşulardır. Bircə Fariz ailəsi ilə bura yenicə köçüb. Onun ailəsi də, özü də şəhər həyatına alışmayıb. Amma vəzifə sahibi olduğundan hamı ondan çəkinir. Alik isə məhəllənin müdafiəçisi kimi çıxış edir. Məlum səbəblərdən rusların, ermənilərin Bakını tərk etdiyi qarışıq bir dövrdə Alik tanıdığı adamların dadına çatır.

Alik yerləşdiyi zirzəmidən çıxarılmaq üzrə olan caz qrupunun üzvlərinə də, sevdiyi qıza – Mayaya da (Mehriban Zəki) arxa durur.

Filmin sonunda hadisələr yenə də 2000-ci ilə qayıdır. Dəniz kənarında Rza Alikə bir daha Farizi öldürməyi təklif edir. Alik isə "yox" cavabı verərək, Azərbaycanı tərk edəcəyini deyir. Vaxtilə neft buruğunda birgə işlədiyi, tənbəlliyi üzündən yalnız Alikin özünə ortaq götürdüyü Rza cibindən bıçaq çıxardıb, ona bir neçə zərbə endirir. Alik qan içində yerə yıxılır. Film Bakının gecə panoramı, caz musiqisinin sədaları altında bitir.

“Əlvida, cənub şəhəri”nin nümayişindən sonra rəssam Mir Teymur Məmmədov və şair-publisist Kərim Kərimli Şərif Ağayar və Ağa Cəfərlinin moderatorluğunda filmi müzakirə etdilər.

- Buyurun, film haqqında ilk təəssüratlarınızı bölüşün.

Mir Teymur Məmmədov: - Filmə ikinci dəfə baxıram. İlk dəfə baxanda da çoxlu suallar yarandı. Əgər filmi müzakirə edəcəyiksə, öncə bilməliyik ki, hansı planda müzakirə aparırıq.

- Əsasən filmin ideyasını müzakirə etmək istəyirik. Sizcə mesaj nə idi, ilk olaraq tamaşaçıda hansı təəssürat yaratdı?

M.M: - Konflikt... Çoxmərtəbəli konflikt... Mən deməzdim ki, bu film çox suallara cavab verir. Bu film afişadır. Konfliktin heç vaxt ağ-qarası olmur. O, çoxrənglidir. Eyni zamanda hər konfliktin kökü var. İstər məişət, istər siyasət, istər millətlərarası konflikt olsun... Hamısının dərin kökləri var. Nə rejissorun, nə operatorun işi məni qane etdi. Məncə saat yarım davam edən filmi yarım saata sıxmaq olar. Tamaşaçı dinamika olmayan bu filmdən narahatdır. Ən gözəl kadrları belə uzadanda tamaşaçı darıxacaq.

Kərim Kərimli: - Filmə ilk dəfədir baxıram, ancaq haqqında çox eşitmişəm. İlk dəfə ekrana çıxandan sonra haqqında yazılan rəyləri, fikirləri oxumuşam. Rüstəm İbrahimbəyov kimi məşhur adamın haqqında mənim kimi qeyri-ixtisas sahibinin mənfi rəyi yaxşı alınmır. Amma, hər halda özü fikrimi deməliyəm. Ümumiyyətlə, qarşısına qoyduğu məqsədlər baxımından bu filmi bəyənmədim. Münaqişə məsələsi tam açılmayıb, əsas problem haqqında fikir yaratmır. Filmdə ağsaqqal vəsiyyət edir ki, məni Qarabağda dəfn edərsiniz. Bu, Azərbaycandan kənardakı tamaşaçıya heç nə demir. Çünki situasiya aydın verilməyib. Sonra, bir cümlə şəklində keçir ki, ermənilər torpaqlarımızı ala-ala gəlir. Bunlardan başqa problemin əsas səbəbləri haqda heç nə yoxdur.

- Filmdəki hadisələr 1988-ci ildə baş verib. O dövrdə ermənilər torpaqları işğal etmirdi.

K.K.: - Prinsipcə Ermənistandan deportasiya da hesab oluna bilər. Amma hadisənin kökü, mahiyyəti açılmır. İkinci məsələ: film çox uzanır. Mənə elə gəlir ki, bu, bizim həyatımızın kiçik bir şəklidir. Bu, köhnə Bakının kiçik bir şəklidir. Bununla belə bu, müəllifin gördüyünün və bildiyinin kiçik bir hissəsidir. Əslində “Əlvida, cənub şəhəri” adı altında daha böyük mətləblərə toxunmaq olardı.

- Əslində bu film “Bir cənub şəhərində” filminin müstəqillik dövrü variantıdır. Diqqət etdinizsə, filmdə həmin məşhur küçə də göstərilir. Müəllif həmin “cənub şəhəri”nə əlvida deyir. Yadımdadır, film ekranlara çıxanda zövqünə inandığım kinematoqrafçılar dedilər ki, bu Rüstəm İbrahimbəyovun uğursuzluğudur. Məncə, uğursuzluqlardan biri də filmdə çoxlu istiqamətlərin olmasıdır. Detektiv, kriminal, sevgi, bölgəçilik, Bakıya yeni gələnlər, Bakıdan yeni gedənlər, tikinti bumu, fərqli mədəniyyətlər və s.

M.M.: - Mən həm sizinlə razıyam, həm də razı deyiləm. Bədii işdə bir fənd var ki, mən bir ideyanı götürürəm və onun üzərində işləyirəm, onu açıram. Rəssam (rejissor da, operator da rəssamdır) da bu yolla gedə bilər, bir neçə ideyanı qoya bilər. Amma nə aldıracağını bilməlidir. Bu filmdə rejissor da, operator da nə istədiyini bilmir. Mənə yaşamadığım, tanımadığım şəhərdən mövzu versələr məndə də alınmayacaq. Operator da, rejissor da cənub şəhərini bilmir, tanımır.

- Ssenarist bilir axı.

M.M.: Yox, o da bilmir. O vaxt “Bir cənub şəhərində” filmini Heydər Əliyev ekranlara buraxdı. O dövr üçün siyasi baxımdan lazım olduğu üçün film prokata çıxdı. Amma o film də bədii cəhətdən zəif idi. O filmdə çox neqativ şeylər vardı.

“Əlvida, cənub şəhəri” acı bağırsaq kimi uzanır. Bu film məqsədinə çatmadı. Abı-havanı göstərmək, konflikti göstərmək, arxetipi göstəmək alınmadı. Vaqif Mustafayevin fotoları da nişan kimi verilir, ciddi heç nəyi həll etmir.

- Vaqif Mustafayevin fotoları, “Qaya” qrupunun üzvləri, gənc pianoçu Şahin Növrəsli Bakının simvolu kimi götürülüb və “gəlmələrə” qarşı qoyulur...

M.M.: - Onlar çox pis zamanda yaşayırlar. Sanki qaçqınlar gəlib onları incidəcəklər.

- Doğrudanmı Azərbaycan rusdilli “Qaya” qrupundan daha çox ibarətdir, nəinki Qərbi Azərbaycandan gələnlərdən?

M.M.: - Filmdə Qərbi Azərbaycandan gələnlərə qarşı anlayışsızlıq var. Halbuki hər iki tərəfə eyni baxmaq lazımdır. Mən hər şeyi itirmişəm, ermənilər isə satıb gedirlər.

K.K.: - Bizim müzakirəmiz ikitərəflidir. Birinci, film, ikinci, filmə mövzu olacaq məsələlər... Predmet olan cənub şəhəri yarandığı gündən kriminalla, beynəlmiləlçiliklə, korrupsiyayla, ticarətlə iç-içə olub. Bu 88-ci ildə ortalığa çıxmayıb axı? Bu 69-dan əvvəl də belə idi. İllərlə Azərbaycanın paytaxtında digər millətlər azərbaycanlılardan çox olub. Əsas da ruslar, ermənilər... Cənub şəhərinin 88-ci ildən sonra korlandığını demək doğru deyil. Həmin əsərin qəhrəmanının cibindən “nəşə tapan”, “çəkmirsənsə, satırsan” deyən polis 88-ci ildə ortalığa çıxmayıb ki? Bu polis əvvəldə də var idi.

M.M.: - Oleq (Oleq Səfərəliyev – C.C.) də bunu bilirdi və kabinetdə gedən o söhbəti düz aparmayıb.

- Mənə elə gəlir ki, bu filmdə aktyor seçimində səhvlər var. Şamil Süleymanov o rola uyğun deyil.

K.K.: - Bəli, Şamil müəllim vicdansız adam roluna uyğun gəlmir.

M.M.: - Mən başa düşürəm onu. Gözəl sifətli vicdansız adamlar olur. Burda daxili konflikt var.

K.K.: - Hər hansı aktyor oynasa da, bu tiplər o dövrdə ortalığa çıxmamışdı. Gəlmələr və yerlilər məsələsi 25 ildir ciddi mövzuya çevrilib. Əksəriyyət bu məsələni müzakirə edir ki, kənddən gələnlər şəhərin mədəniyyətini məhv elədi.

- Bu fikir hətta bir neçə dəfə yüksək tribunalardan da səsləndi.

K.K.: - Razılaşıram. Siz qeyd elədiyiniz simvollar məsələsi... Hər şeyin itirib Bakının küçələrinə düşmüş adamlar xilas olmağa gəlmişdilər. O adamları xeyirxah məqsədlərlə idarə edənlər tapılmadı. Əksinə, onları öz məqsədləri üçün istifadə edənlər oldu və bu, filmdə hiss olunur. Zirzəmi məsələsi simvoldur. Biz gələndə Bakı başdan-başa zirzəmilərdən ibarət idi. Sonradan o zirzəmilər təmizlənib istifadə olunmağa başladı.

- Filmin müəllifləri demək istəyir ki, mədəniyyət zirzəmilərə sığınıb, gəlmələr isə onu ordan da kənara atır.

K.K.: - Bununla belə, o adamlar zirzəmilər uğrunda mübarizə aparmırdılar. Mədəniyyətin sığındığı sonuncu nöqtə üçün də gəlmələri irəli verirdilər.

Gəlin baxaq: Azərbaycanın şedevrlərini yaratmış insanlar kənddən gəlməyibmi? Üzeyir bəydən başlayaraq bu silsiləni günümüzə qədər davam etdirmək olar.

- Filmdə Sara Qədimovanın səsi ilə mesaj verilir ki, biz bu mədəniyyəti danmırıq.

K.K.: - Simvol kimi qeyd olunan Şahin Növrəslinin də ata-babası Qarabağdan gəlməyibmi? Bizdə - Şuşada onların babası Mirzə Ələsgər Növrəsin adına küçə vardı.

- Film ekrana çıxandan bir müddət sonra Rüstəm İbrahimbəyov müsahibələrinin birində dedi ki, gəlmələr Bakının ansamblını pozdular. Mirteymur müəllim, bildiyimiz qədər sizin emalatxanaya da qaçqınlar yığışıb... Siz bir bakılı olaraq “pozulan ansambl”ı necə hiss etmisiniz?

M.M.: - Mən qapını açıb onları içəri buraxmışam. Anam rəhmətlik onlar üçün təmizlik apardı ki, yaşasınlar. Sonralar imkanları olsa da emalatxanadan çıxmırdılar. Mən bu problemə görə infarkt keçirdim. Onlar məni öldürmək istəyirdilər. Ancaq buna görə bütün qaçqınlara nifrət edə bilmərəm. Onların arxasında başqa adamlar dayanırdı. Filmdəki Farizə niyə dəstək verirdilər? Belə adamlar lazım idi. Konfliktə benzin töküb, nifrət yaradırdılar. Çox zaman bakılıların evini alıb, ailəni çölə atmağın arxasında sahə müvəkkilləri dayanırdı.

K.K.: - Qaçqınlar və köçkünlər axışıb gələndə onlar taleyin ümidinə buraxıldılar.

M.M.: - Yox, onları Bakıya qəsdən buraxdılar. Bu siyasət idi. Onları “Beşinci kalon” kimi Bakıya gətirdilər.

K.K.: - Qaçqınlar Bakıya gələndə müəyyən planlar olsaydı, belə nəticə alınmazdı.

M.M.: - Plan vardı, amma onlar üçün işləmirdi.

K.K.: - Sizə bir misal deyim. Tanınmış şairlər Əlisəmid Kürə və Tofiq Qaraqayaya dövlət Yasamalda ev vermişdi. Onlar öz evlərini şuşalılara bağışladılar, Şuşanın işğaldan azad olunmasına qədər yaşamaqlarına şərait yaratdılar. İllər keçdi və onlar gördü ki, nə Şuşa azad olunur, nə də qaçqınlar evdən çıxır. Sonra şairlər gileylənməyə, şikayətlənməyə başladılar. Axırda rəhmətlik Heydər Əliyev onlara yenidən ev verdi. Səhv etmirəmsə 1998-ci il idi...

Xeyli adam qaçqınları öz evinə buraxırdı. Mən də məcburi köçkün kimi məşhur bir adamın evinə sığınmışam. Deyib ki, Şuşa işğaldan azad olunanadək bura sənindir. Bir neçə ildən sonra gəlib ki, evdən çıx. Mən də çıxmışam. Hamı rəssamın emalatxanasına sığınanlar kimi deyil.

- Mən də məcburi köçkünəm və yataqxanada yaşayıram. Şahidi olmuşam ki, evi-eşiyi, hər cür şəraiti olan adamlar da, o yataqxana otağını əlindən vermir. Heç ehtiyacı olan qohumuna da vermir.

M.M.: - Qaçqınların arasında çadırda, vaqonda yaşayanlar da, çoxlu ev alanlar da vardı. Mən ünvanları da bilirdim.

- Elə adamlar vardı ki, evi olsa da yardıma görə çadırda qalırdı. Amma bunlar istisnalar idi və ümumi vəziyyət ağır idi.

M.M.: - Bəli, vəziyyət belə idi və camaat hər şeyi yaxşı görürdü. Əsl qaçqın vaqonda, çadırda yaşayanlar idi. Çoxlu evi olanlar isə, qaçqın deyil! Çoxlu torpaq zəbt edənlər də az deyil.

K.K.: - Qaçqın ayrı bir millət deyil. Biz hamımız eyni dilə, dinə mənsubuq. Eyni dövlətin vətəndaşıyıq. Qaçqın olmayıb, oxşar əclaflıqla məşğul olanlar var. 50-60 evə sahib olub, onun birini də ehtiyacı olana verməyənlərin çoxu qaçqın deyil.

- Bu faktdır ki, köhnə Bakı dağılıb, ansambl pozulub. Amma bu işdə yeganə səbəbkar kimi qaçqın və köçkünləri göstərmək nə dərəcədə doğrudur?

K.K.: - Çox təəssüf ki, bu mövzu köhnəlib. Film çəkiləndə isə aktual idi. Biz 22 ildir, Şuşanı satanı axtarırıq. İşğalın 20 illiyində mən bəyanat vermişdim ki, Şuşanı mən satmışam, pulu da mən almışam! Bütün məsuliyyəti də öz üzərimə götürürəm. Qurtarın bu söhbəti!

M.M.: - Elbrus Orucovla danışmısınız?

K.K.: - Onun da məsuliyyətini öz boynuma götürürəm, təki bir-birimizi günahlandırmağı dayandırıb, axır ki, Şuşanı geri qaytarmaq barədə düşünək.

- Kərim müəllim Şuşalıdır. Heç kəs deyə bilməz ki, Şuşa mədəni səviyyəsinə görə Bakıdan çox da geri qalırdı. Problem burdadır ki, biri şəhərinin dağılan ansamblını düşünür, biri isə tamamilə dağılmış şəhərinin dərdi ilə yaşayır. Bəyəm İçərişəhəri də qaçqınlar satırdı?

M.M.: - İçərişəhər Bakının kiçik modelidir. Onun satılmasına qarşı, ilk dəfə mən 500 tanınmış adamdan imza topladım.

- Xatırlayırsınıza o vaxt İçərişəhər Mədəniyyət Nazirliyinə tabe idi. O vaxt mədəniyyət naziri Polad Bülbüloğlu camaatın qarşısına çıxıb açıq şəkildə etiraf elədi ki, mənim İçərişəhəri qorumağa gücüm çatmır. O vaxt onun üzərinə çox getdilər. Vəziyyət o qədər gərgin idi ki, nazirin gücü çatmırdı abidəni qorumağa.

M.M.: - Sonra YUNESKO gəldi və İçərişəhər mədəni irs siyahısına düşdü.

İçərişəhərdə hökmranlıq edən adamlar vardı. Nə istəsələr tikirdilər, nə istəsələr sökürdülər. Bu dağıntını camaatın gücü ilə dayandıra bildik.

- Yerli sakinlər də qanunsuz tikinti işləri aparırdı, bunu da etiraf edək.

M.M.: - Düzdür.

- Filmə qayıdaq... Burada bir nüans da tamaşaçıda təəssüf hissi yaradır. Sanki Qarabağ yalnız qarabağlıların problemidir. Bakılıların isə, bircə Bakı dərdi var.

M.M.: - Mən çox ölkələrdə olmuşam, diaspor üzvlərimizlə görüşmüşəm. Bizdə milli ideya yoxdur. Haralı olmağın dəxli yoxdur. Əsas odur ki, azərbaycanlı ol, milli ideyaları qoru. Biz şou-biznesə baxırıq. Televiziya əsas silahdır. Televiziya milli ideya doğmalıdır.

- Mən dəfələrlə eşitmişəm, yerli adamlar deyiblər ki, kişi idinizsə, torpağınızı qoruyaydınız. Halbuki bir Türkiyə vətəndaşı, başqa birinə bu sözü heç vaxt söyləməz, problem varsa, onu həm də özününkü bilər.

K.K.: - Biz nə vaxtsa problemlərə eyni vicdan ağrısı ilə baxsaq, o zaman həmrəy olacağıq. Mən 22 ildir Şuşadan gəlmişəm və artıq 22 ildir Şamaxıdan gələnlə ciddi bir fərqim yoxdur. Torpağınızı qoyub gəlmisiniz demək, düzgün deyil. Mənim torpağım həm də Lənkərandır, Ağcabədidir və başqa torpaqlardır.

- Məşhur bir ifadə vardı: Qarabağ problemindən neft qoxusu gəlir. Əslində həm də Bakının neftinə görə rus-erməni şovinistləri Qarabağ insanlarını sıxdı. Düşmən bizi bütöv görür, amma özümüz yox.

Gəlin belə bir suala da cavab axtaraq: Azərbaycan kinosu bizim taleyüklü məsələləri hansı dərəcədə işıqlandırır?

K.K.: - Mənim fikrimcə Azərbaycan kinosu taleyüklü məsələləri heç 50 faiz də əks etdirmir. Gücü çatmır. Əsas səbəb kinoya layiq olduğu miqyasda baxılmamasıdır. Min adda qəzet buraxmaqdansa bir film çəkmək faydalıdır. Mən özüm də qəzetçiyəm. Biz bunu anlamırıq. Kinoya lazım olan pulu, diqqəti ayırmırıq.

- Dövlət kifayət qədər pul ayırır.

K.K.: - Azdır. Ayrılan pul peşəkarlar əlinə düşmür. Biz işi işbilənə tapşırmırıq.

- Azərbaycanda əksər filmlər sınaqdan çıxmış adamlara peşəkar və təcrübəli insanlara verilir, bütün filmləri də onlar bərbad günə qoyur.

K.K.: - Adam var 40 ildir qəzetdə işləyir, amma indi əlinə qələm alanın iki sətrini yaza bilmir. Çünki sovet dövründə stereotiplər vardı. İndi dövr başqadır.

- Sizcə kino nə dərəcədə problemləri ehtiva etməlidir? Biz vətənpərvərlik təbliğatı aparmalıyıq kino ilə?

M.M.: - Mən hər şeydən öncə Azərbaycan Respublikasının vətəndaşıyam, sonra rəssamam və ya başqa işin sahibiyəm. Mənim çəkdiyim rəsmlə dövlətçiliyə xidmət etməliyəm, ziyan vurmalı deyiləm.

- Bəzən dövlətçilik, vətənpərvərlik ideologiyası ilə çağdaş sənət prinsipləri ziddiyyət təşkil edir. Məsələn, Orxan Pamuk Nobel alır, deyirlər, vətəni söydüyünə görə alıb...

M.M.: - Bizdə də, “Daş yuxular” siyasət idi və planlı idi Nobel mükafatına. Amma, Zori Balayan “Ocaq”la nəsil böyütdü.

- Mən düşünmürəm ki, Zori Balayan bu əsərlər ermənilərə xeyir verdi.

M.M.: - Ən əsas ermənilər üçün işlədi. Birinci vətəndaş olmaq lazımdır, sonra peşəkar olmaq!

K.K.: - Üzeyir bəy deyir, rəssam rəsmi elə çəkməlidir ki, onun altından “Bu atdır” yazmağa ehtiyac qalmasın. Fikri şüarla çatdırmaq yox, işarə vermək lazımdır.

M.M.: - Mən demək istəyirəm ki, bu gün Azərbaycan kinosu yoxdur. Problemlərimizi isə heç 10 faiz də ehtiva etmir. Məncə, yaxşı film olsa, dövlət istənilən qədər vəsait ayırar.

# 3655 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
# # #