Dünyanı məzar-məzar gəzən türk

Dünyanı məzar-məzar gəzən türk
1 may 2014
# 15:47

Kürşat Çetin Türkiyədə yaşayır. 33 yaşı var. Eskişehir Anadolu Üniversitesi İletişim Fakültesi mezunudur. Özəl şirkətdə işləyir. İstanbulda yaşayır. Kürşat Çetinin olduqca maraqlı hobbisi var. O, məşhur insanların qəbirlərini ziyarət edir. Məzar abidələri yanında şəkil çəkdirib “Twitter” hesabında paylaşır.

Kulis.Az Kürşat Çetin ilə müsahibəni təqdim edir.

- Yanılmıramsa dünyada yalnız bir nəfərin bu cür hobbisi var. Məşhurların məzarlarını ziyarət etmək niyə marağınızı çəkdi?

- Bəli, belə bir adam var. Mən də sonradan öyrəndim. Ondan başqa kiminsə belə bir işlə məşğul olması faktı məndə yoxdu. Əslində mən əvvəllər də çox sevdiyim məşhur adamların məzarını ziyarət edirdim; şairlər, musiqiçilər, aktyorlar və s. Bundan sonra digər məşhurların da məzarları marağımı çəkdi. Əcəba, baxımlıdırlarmı? Dəyişik məzar daşları varmı? Sadə və ya təmtəraqlıdır? Belə-belə hobbim yarandı.

- Nə vaxtdan bu ziyarətləri edirsiz?

- İlk dəfə İstanbula 1999-cu ildə gəlmişdim. 18 yaşım vardı. O zaman Barış Manço, Sadri Alışık, Ayhan İşık və uşaqlığımızın önəmli yazıçısı Ömər Seyfəddini ziyarət etmişdim. Fotolarım da var.

- Ziyarətləri ancaq ölkə içində edirsiz? Mən bilən xaricdə də ziyarətləriniz olub?

- Xaricdə də olmuşam. Amma xaricə, əlbəttə məzar ziyarət etmək üçün getməmişdim. Sadəcə getdiyim bəzi yerlərdə vaxtımın bir neçə saatını məzarlığa ayırıram, bu qədər.

- Bəs Türkiyədə necə, ziyarətləri öncədən planlaşdırırsınız?

- Təbii ki, əvvəldən planlaşdırıram. Adətən şənbə günlərində günorta işdən çıxıb gedirəm. Bəzən də bazar günləri. Getmək istədiyim məzarların siyahısını çıxarıram. Həmin siyahı ilə o qəbiristanlığa gedir, lazımı qəbri axtarıb tapıram. Bəzən 4-5 saat məzarlıqda gəzib bir, ya iki məzar tapa bilirəm. Çünki mən ancaq qəbiristanlığın yerini bilirəm. Tək-tək sinə daşlarına baxa-baxa tapıram. Bu baxımdan bir az çətin və yorucudur. Nə eləyək, hobbidir də. Bu işin ləzzəti də yorğunluğundadır. Və əlbəttə, bu iş üçün pul da xərcləyirəm.

- Məzarın harada yerləşməsi haqında xəritə olmur?

- Hələ ki, bizim qəbiristanlıqlarda qəbrin harada olduğunu müəyyənləşdirən xəritə və buna bənzər bir şey yoxdur. Çanaqqalada, Zincirlikuyu və Karacaahmet qəbiristanlıqlarında da belə bir sistemin yaradıldığını gördüm. Amma bildiyim qədəri ilə aktiv deyil.

- Dünyadakı məşhurlardan kimləri ziyarət etmisiz?

- Şopen, Motsart, Bethoven, Şubert, Ştraus, Brams, Cim Morrison, Balzak, Edit Piaf, Oskar Uayld, Jilber Beko, Allan Kardek... Siyahını uzatmaq olar. Parisdə Panteon var. Volter, Russo, Viktor Hüqo, Emil Zolya, Pyer və Mariya Kürilər, Aleksandr Düma orada basdırılıblar.

- Azərbaycanda olmusuz?

- Azərbaycana heç gəlmədim, amma çox istəyirəm gəlim.

- Kimlərin məzarını ziyarət etmək istəyib, amma hələ gerçəkləşdirə bilməmisiz?

- Çox qəbir var. Nazim Hikmətin qəbrini görməyi çox istəyərdim. Nazimin hələ də şeirlərini oxuyuram, böyük şairdir. Elvis Presli, Mahatma Qandi, Bryus Li, Şekspir, Salvador Dali, Çarli Çaplin, Jül Vern...

- Bu günlərdə vəfat etmiş Qabriel Qarsiya Markesin qəbrini ziyarət etməyi düşünürsüz?

- İmkanım olsa məmnuniyyətlə ziyarət edərdim. Türkiyədə çox sevilən və tanınan yazıçıdır.

- Sizin hobbidə məqsəd məşhurların qəbirləri ilə şəkil çəkdirməkdi? Yəni selfie kimi bir şey. Yoxsa daha başqa bir xüsusiyyəti də var?

- Əslində əvvəl-əvvəl demək olar ki, şəkil çəkdirmirdim. Daha sonra “Niyə də olmasın?” dedim. Çünki arxivimin olmasını istəyirdim. Bu işi sənədləşdirmək qərarına gəldim. Sonra dostlarım “Twitter”-də paylaşmağımı istədilər. Mən də paylaşdım. Hətta məşhur televiziya aparıcısı Okan Bayülgenin proqramına da qonaq olmuşam.

- Məşhurların qəbri üstündə hansısa bir ayin yerinə yetirirsiz? Fatihə oxumaq və ya bir şairin məzarı başında onun şeirlərini söyləmək...

- Təbii ki, törən və ya ritual eləmirəm. Amma dua oxuyuram. Qəbrini ziyarət elədiyim adamın inanclı və ya inancsız olması məni maraqlandırmır. Dini inancı da maraqlandırmır. Həmin adam mənim üçün hörmət olunacaq adamdır və onun üçün yaşam deyilən yolçuluq bitib. Bizdən daha çox şey bilir. Amma şairlərin məzarında içimdə şeir oxuyuram, bəstəkarların əsərləri içimdə səslənməyə başlayır, film oyunçularının çəkildiyi filmlərin səhnələri gözümün önündən keçir. Onlara gözəl əsərlər üçün içimdə təşəkkür edirəm.

- Heç sevmədiyiniz, deyək ki, sizin dünyagörüşünə zidd olan bir məşhuru ziyarət edirsinizmi, yoxsa belə bir ayrıseçkilik yoxdur?

- Dünyagörüşümə zidd olan məşhurları da ziyarət edirəm. Onlar mənim üçün hörmət olunası şəxslərdir. Hər kəsin sevdiyi bir adam var və həmin adam onun üçün önəmlidir. Mən məşhurları ziyarət edirəm. Hansı görüşün sahibi olması, həyata hansı pəncərə və ya perspektivdən baxması mənim kriteriyam deyil. Mənim üçün hamısı önəmli şəxsiyyətlərdir.

- Nə qədər məşhur məzarı ziyarət etmisiz?

- Məncə, 300-dən çoxdur. Çoxunun şəklini paylaşmamışam.

- Fotoları sonradan kitab halında dərc etmək və ya sərgi təşkil etmək fikriniz varmı?

- Sərgi yaxşı olardı, amma ən çox kitab olmasını istəyirəm. Bir neçə çap evi mənimlə danışıb, amma hələ razılaşmamışıq. Təəssüf, bu istək hələ ki, gerçəkləşmir, gerçəkləşsə çox yaxşı olardı. Ən azından qalıcı olardı. Sponsor və ya dəstək lazımdır.

- İnstagramda da izləyiciləriniz varmı? Sizi sosial media fenomeni adlandırmaq olar?

- İnstagramda paylaşmıram. Sadəcə “Twitter”də paylaşıram. Fenomen olduğumu düşünənlər və söyləyənlər var. Məndə dəyişən bir şey yoxdu, əvvəl nə idimsə bu gün də oyam.

- Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd əmin Rəsulzadənin məzarı Ankarada Əsri qəbiristanlığındadır. Heç ziyarət etdinizmi?

- Ankaraya həmişə çox qısa müddətə getmişəm. Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin qəbri ziyarət etmək istədiyim abidələr siyahısındadır. Ümid edirəm, növbəti səfərimdə bu ziyarətimi həyata keçirə biləcəm. Çünki görməyi çox istədiyim Uğur Mumcu, Cahit Sıtkı Tarancı kimi şəxslərin qəbirləri də Əsri qəbiristanlığındadır.

- Daha çox kimlərin məzarını ziyarət etməyi sevirsiz; şairlərin, rəssamların, yazarların, musiqiçilərin, siyasətçilərin?

- Ən çox sənətkarların qəbrini ziyarət eləmək xoşuma gəlir. Onların fərqli və özəl həyatları bəzən məzar daşlarında da əks olunur. Məsələn, türk kinosunun ən önəmli və sevdiyim isimlərindən olan Kamal Sunalın qəbri mənə çox təsir eləmişdi. Hərəkət edən film lenti bir anda bitir. Film bitmişdir...

Amma mədəni və dini fərqliliklər də məzarlara, məzarlıqlara əks olunur. İslam dinində qəbirlər ifrat bər-bəzəkli, görkəmli olmur. Çünki ölən adam artıq axirətdədir, amma Qərb cəmiyyətlərində bir az fərqlidir. Ölən adamla rabitəni davam elətdirirlər. Qəbir üstünə gedib danışırlar.

Vyanada yaşlı bir qadın və uşaqlarının qəbir üstündə bir qədəh şampan içdiklərini gördüm. Ölən adam yaşlı qadının həyat yoldaşıymış, evlilik ildönümlərini qeyd edirmişlər. Həm ağlayır, həm də gülürdülər. Xoşuma gəlmişdi. Bu da dəyişik xatirələrimdən biridir.

Bundan başqa “ilk” olmaq özəlliyi olan qəbirləri də ziyarət edirəm. Olimpiyadalarda ilk qızıl medal alan türk idmançı, ilk türk dünya gözəli, ilk mətbuat şəhidi, ilk jurnalist, ilk səsli filmi çəkən, ilk qadın aktyor, ilk sehrbaz və sair.

- Heç qəbir üstünə gecə getmisiz? Adətən insanlar qorxurlar.

- Gecə getmədim, amma qəbiristanlıq qorxulası yer deyil. Bizə zərər verəcək şey yoxdur orda. Qəbiristanlıqlarda quşlar, pişiklər olur. Amma təbii ki, insan psixologiyasıdır. İçinizdə ürpərti ola bilər. Buna izlədiyimiz filmlərin də təsiri olur.

- Sizə ən çox kimin məzarı təsir edib? Həm mənəvi, həm də memari baxımdan.

- Yuxarıda dediyim kimi, Kamal Sunalın məzarı oldu. Bundan başqa böyük sərvəti olan məşhur iş adamı Sakıp Sabancının məzarı da memarlıq baxımından xoşuma gəldi. Çünki sahibinin varlı olmasına baxmayaraq çox sadə məzar idi. Xaricdəki qəbirlər, təbii ki, memarlıq baxımından daha gözoxşayandır. Oradakı qəbiristanlıqlar açıq hava altında heykəl muzeyinə bənzəyir.

- Qəbir ziyarətləri vaxtı başınıza qəribə hadisələr gəlib? Misal üçün , məzarlığa getdiniz, amma foto çəkməyə kimsə tapmadız və sair.

- Qəbiristanlığa tək gedirəm. Fotoları adətən özüm çəkirəm. Fotoaparatı avtomatik çəkmə rejiminə qoyuram. Ya da selfie edirəm. Amma bəzən dostlarım, yoldaşım da mənimlə gəlir. Bir dəfə yoldaşımla başımıza bir hadisə gəldi. Məzarlıqda gəzəndə qəfildən qabağımıza qartopu düşdü. Hava günəşliydi. Qış günü olsa da qar ərimiş, çox az qalmışdı. Qartopunu kimin atdığını görmədik, çünki ətraf bom-boşdu. Qartopuda isə əl izləri aydın görünürdü. Sonra təlaş içində gedə-gedə fotoaparatı itirdik. Geri qayıdanda aparatı bir daşın üstündə tapdıq. Tələsik qapıya doğru getdik, gördük ki, qapı hörülüb. Çıxa bilmədik. Başqa yerdən çıxdıq. Yoldaşım bir daha mənimlə gəlmədi. Amma məncə bu təsadüflər zənciri idi. Mən qorxmadım.

- Məhəmməd peyğəmbərin məzarını ziyarət elədinizmi?

- Getməmişəm, amma getmək istəyirəm.

- Hansı məşhurun məzarını heç ziyarət etmək istəməzdiniz?

- Kamal Sunalın... Kaş ölməzdi və mən də ziyarət etməzdim.

- Müsahibə üçün təşəkkür edirəm.

- Diqqətiniz üçün mən də çox təşəkkür edirəm.

# 5815 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #