news-inner
clock15:25 calendar-gray 24 Aprel 2014 view-gray2279 dəfə oxunub
view-gray2279 dəfə oxunub

Obyektivdə İrlandiyadır və yaxud AİLƏİÇİ FAŞİZM

OBYEKTİVDƏ İRLANDİYADIR

VƏ YAXUD

AİLƏİÇİ FAŞİZM

(resenziya-araşdırma)

Körpülər salaq, sərhədləri aşaq... və bir-birimizi tanıyaq... tanıyaq ki, bir-birimizlə dialoq quraq... dialoq quraq ki, bir-birimizi başa düşək... başa düşək ki, bir-birimizdən qorxmayaq... qorxmayaq ki, dərdimizi danışa bilək, yaşantılarımızı bölüşə bilək, sözümüzü deyə bilək. Hər bir beynəlxalq proyektin son məqsədi bu: insanları daha da yaxınlaşdırmaq, doğmalaşdırmaq, ünsiyyəti asanlaşdırmaq...

Mən bu dəfə uzun yazacağam, məxsusi peşəkarları hədəfləyib yazacağam; yazacağam ki, ürəyimi boşaldım. Hər deyəndə belə layihə olmur, olanda da belə uğurlu olmur ki, mən durub ondan hələ bir az da yazım, özü də istəyib Kulis.az da yazım! Odur ki, qüsura baxmayın, oxumaq istəməsəniz, oxumayın! Heç kəsdən incimərəm. İşdi, əgər oxusanız, zəmanət verirəm ki, maraqlı olacaq!

Böyük Britaniyadan Bakıya gəlmişdilər Yan Vilem Van Den Boş (quruluşçu rejissor), Liza Kuk (səhnə dizayneri) və Maykl Manyon (işıq üzrə rəssam), qısa şəkildə, Yan, Liza və Maykl. Üç əsl teatr adamı, yəni sənətini dəlicəsinə sevən üç peşəkar. “Britiş Kansıl” onları yığmışdı bir araya, əlbəttə, bizim Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə... ki, bu şəxslər çalışıb Gənc Tamaşaçılar Teatrında bir səhnə oyunu hazırlasınlar... elə bir oyun ki yeni olsun, qəfil olsun, gözlənilməz olsun... elə bir oyun ki, bizə insan varlığının gizlinlərini göstərsin... elə bir oyun ki, bizim düşüncəmizin hansısa bir küncündə iynəucu boyda işıq yandırsın... elə bir oyun ki, başqasının timsalında bizi bizə tanıtsın...

Biz hərdən özümüz də bilmirik teatrdan nə istəyirik...

Bizim özünə məftunluğumuz sonsuzdur...

Bizim tənqidi pafosumuzun hüdudu yoxdur...

Biz heç kəsə qulaq asmırıq, ancaq özümüzü dinləyib hayıl-mayıl oluruq...

Balin bazardan aldığı xristian müqəddəslərinin fiqurları üstünə “B” hərfini, yəni adının baş hərfini yazıb sürahiyə yığır: mənimsəmək... özünküləşdirmək... sahib olmaq instinkti bizə özgəsini fikirləşməyi unutdurur... Hətta müqəddəsləri özəlləşdiririk...

Heç bilirsiniz şeirlər və faşizm nədən yaranır, necə yaranır?

Məncə, Martin MakDonahın pyeslərində bu məsələnin mahiyyəti aydınlaşır... Məncə, Gənc Tamaşaçılar Teatrının “Lineyn trilogiyası” tamaşasında buna cavab var... Məncə, Azərbaycan teatr mədəniyyətində buzlaqlar çat verməyə başlayıb... Məncə, daha heç kim teatrda öyrəşdiyi kimi, vərdiş elədiyi kimi yaşamaq istəmir... Məncə, hamı anlayır ki, teatrı fasad olmaqdan qurtarmaq lazımdır...

Suallara cavab bulmaq üçün gərək əvvəlcə öz yalanından qurtulasan... toplumu dolaşan şirintəhər mifoloji yuxulardan qurtulasan... gerçəkliyi pudralayıb təqdim etmək tendensiyasından qurtulasan... və ayılasan... və aydınlaşasan... irland əsilli Böyük Britaniya dramaturqu, Hollivud ssenaristi Martin MakDonah kimi...

Bu dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsini quruluşçu rəssam Liza Kuk elə tərtibləyib ki, səhnə sanki olub film çəkilişləri üçün kinopavilyonda tam real ölçülərdə, real həcmdə hazırlanmış iri bir mənzil, frontal kəsimdə seyrçilər üçün sərgilənmiş bir mənzil və bu mənzil sanki dil açıb tamaşaçılara deyir ki, mənim sizlərdən gizlədəcək heç nəyim yoxdur... nə varsa, hamısı burdadır... göz önündədir... predmetlər də, yaşantılar da, münasibətlər də... Təsadüfi deyil ki, hərdən adam səhnəyə dırmaşıb aktyorlarla yanaşı dayanmaq, onların yaşadığı həyatın gerçəkliyini öz təcrübəsində yoxlamaq, soldakı giriş qapısından o tərəfdə nə olduğunu, hara olduğunu görmək istəyir...

Səhnə planşetinin üzərinə ağ və bozun çalarları ilə qatışmış südlü kofe rəngli taxta döşəmə vurulub və üç yandan solğun divarlarla əhatə olunub; elə əhatə olunub ki, sanki bu divarlar seyrçini öz içinə alır. Mənzilin sol, orta və sağ divarları boyunca paylaşdırılmış dekorlar və rekvizitlər, – sürahi, odunla işləyən dəmir şəbəkəli buxarı, maşa, dördgözlü qaz plitəsi, çüyün əlüzyuyan, soyuducu, masa, kreslo, servant, patefon, ov tüfəngi, – geyimlərlə, musiqilə birgə adamda elə təsəvvür yaradır ki, guya o, bu kadr-səhnəni “vestern” janrında çəkilmiş hansısa bir köhnə Hollivud kinofilmində görüb. Atmosferdən bir kasıblıq, nimdaşlıq, tənhalıq, üzgünlük və əyyaşlıq yağır: hamı hər şeydən bezib, hər şey bataqlıqda olduğu kimi üzücüdür, bıkdırıcıdır; insanlar bir-bir ölür, qocalıb ölür, çərləyib ölür, qəzaya düşüb ölür, ya öldürülür, ya da intihar edir; camaat da gedib hüzrdə Volovan kökələrindən yeyir, arağını içir, yenə qayıdır evinə, sıyığını qaşıqlayır və bir də anlayır ki, ömür keçib kinokadrlar ekrandan keçən kimi... cavanlıq isə qayıtmayacaq...

Bura İrlandiyadır, İrlandiyanın lap ucqar Lineyn vilayətidir, Konnemara kəndidir, Qəlueyn qraflığıdır. Üç pyes oynanılır eyni dekorlar arasında və bu olur “Lineyn trilogiyası”. Əvvəlcə səhnə tərtibatı seyrçiyə darıxdırıcı, ifadəsiz görünür: amma rejissor mizanlarla məkanı yavaş-yavaş elə “xətləyir” ki, dekorlar personajların rəftarlarında, davranışlarında “əriyirlər”, dekorlarla aktyorlar bir-birinə bənzəməyə başlayırlar: o bunun fakturası olur, bu da onun dinamikası; o bunu refleksiya eləyir, bu da onu ritmləşdirir. Və sonucda hiss edirsən ki, bütün səhnələr ard-arda düzülüb bir-birinə bitişir, kinolaşır...

Bu trilogiyada məkan personajların avtoportretidir, personajlar məkanın xarakteri.

Üç tamaşanın hər biri kinokollaj üslubunda yığılmış ayrı-ayrı epizodların təqdimilə başlayır. Mister Yan (aktyorlar rejissoru “əzizləyib” ona zarafatyana belə müraciət edirdilər) trilogiyanın elə bil ki hər dəfə özünəməxsus reklam çarxını “hərlədir” səhnədə: qaranlıq içində “pistolet”lərdən gah bura, gah da ora işıq topası göndərilir, irland musiqisi səsləndirilir və seyrçi bu topalar çərçivəsində personajlardan kimlərisə müəyyən mizan fraqmentlərində görür.

İndiyənəcən Azərbaycanda gerçəkləşmiş ən möhtəşəm bir teatr proyekti hesab elədim mən “Lineyn trilogiyası”nı... təkcə masştabına görə yox (təqribən iki aya üç tamaşa), təkcə səliqəsinə görə yox (oyun dəqiqliyinə nail olmaq üçün bəzi atributların Böyük Britaniyadan, hətta İrlandiyadan gətirilməsi, hər kiçik əlbəsəyə belə aşırı həssaslıqla yanaşılması), təkcə tamaşanın quruluş keyfiyyətinə, mizan rəsminə görə yox (səhnənin optimal mənimsənilməsi)... hər şeydən öncə Azərbaycanın teatr aləmində mövcud peşəkarlıq streotipini dağıtmaq, teatra dirilik, canlılıq gətirmək, səhnəyə yaşantı həqiqiliyini qaytarmaq cəhdinə görə... özündən deyil, dramaturq sözündən seyrçiyə doğru getməyin daha produktiv olduğunu bir daha əməli surətdə aktyorlara təlqin etdiyinə görə...

Qəribədir, mən son zamanlar müşahidə etmişəm, bizdə bütün tamaşalar, bütün rejissorların, bütün aktyorların işi və teatrşünasların yazdıqları bütün yazılar bir-birinə oxşayır: elə bil bir eynilik kabusu dolaşır teatr mühitində. Hətta “Yuğ”, Pantomim teatrlarının tamaşaları sonsuz bir serialı xatırladır: nə vaxtsa başlayıb, heç cür qurtara bilmir, yeni keyfiyyətə keçə bilmir, dəyişə bilmir. Azərbaycan hüdudlarında harada tamaşaya baxırsan bax, hansı tamaşaya baxırsan bax, adlar başqa-başqa olacaq, iştirakçılar başqa-başqa, amma mahiyyətsə – eyni: həmişə hər yerdə üfüqlər eyni dərəcədə sakitlikdir. Və hamı da bununla artıq barışıb bunu olduğu kimi qəbul eləyir, az qala norma kimi qəbul eləyir... Sanki hər yerdə duyğusallıq, emosiyalar korşalıb, tükənib, yaşantılar, həyəcanlar çürük iplər kimi qırılıb tökülüb, ürəklərin odu sönüb: sönüb deyə hər şey imitasiya olunur.

Mister Yanın quruluş verdiyi “Lineyn trilogiyası” isə çağdaş Azərbaycan teatrının repertuarına daxil tamaşaların hamısından fərqlidir: fərqlidir bu üzdən ki, son dərəcə inandırıcıdır, səmimidir və aldatmağa, yalan danışmağa, oyun oynamağa, nəyisə yamsılamağa çalışmır, yansıtmağa çalışır; çalışır ki, Lineyn sakinlərini, bu sakinlərin yaşantılarını, problemlərini, məişətini bizə maksimal şəkildə yaxınlaşdırsın, onların davranış məntiqini, bu məntiqin səbəblərini bizə aydınlatsın; çalışır ki, insanları insanlıqdan çıxanda, öz basqılarına təslim olanda göstərsin; çalışır ki, predmetlə davranmaq doğruçuluğunun köməyilə aktyorları vəziyyətin həqiqətinə qovuşdursun, onlara əsl səhnə yaradıcılığının həzzini yaşatsın. Əlbəttə ki, bəzən alınır, bəzən də yox: bəzən aktyorlar rejissor partiturasını birinci skripka kimi ifa eləyə bilirlər, bir-birilə təmas qura bilirlər; münasibətlərin hərarətini yaşaya bilirlər, bəzən də partituradan kənarlaşıb ünsiyyətsizlik zonasına düşürlər və oyun göstərməyə cəhd edirlər.

Amma... tamaşaların hər üçü sonacan seyrçini öz cazibəsində saxlayır; bir gərginlik içində saxlayır. Çünki gördüklərindən seyrçi həməncə heyrətlənir: insan hansı həddə çatanda insanlığını itirir; insan haracan insandır; insan hansı məqama qədər insan qala bilir; insanların bir-birilə sadist, amansız, aqressiv rəftarının kökü harda? Məgər su meymunun boğazına çıxanda balasını ayağının altına atmır? Bu ki bizim atalarımızın sözüdür: sən demə, heç irlandlar da bizdən fəqlənmirmiş bu məsələdə... Yəni insan, harada olursa olsun, milliyyətcə kim olursa olsun, öz xislətində meymundan çox da uzağa getməyib... İşi balaca çətinə düşəndə kimliyini unudur, insanlığını unudur, mədəniyyətin ona öyrətdiyi bütün şərtilikləri, yükləndiyi bütün dəyərləri unudur və meymunlaşır... Çünki başlayır yalnız özünü düşünməyə...

LİNEYN GÖZƏLÇƏSİ MƏCBURDUR...

Martin Mak Donahın trilogiyasının (trilogiya bütövdür, tamdır: burada hamı hamını tanıyır, hamı hamı barəsində hər şeyi bilir) birinci əsəri “Lineyn vilayətinin gözəllik kraliçası” adlanır: ona “Lineyn gözəlçəsi” də deyirlər. Pyes 1996-cı ildə yazılıb, 97-ci ildə isə Brodveydə oynanılıb, “İvininq Standart” və “Toni” teatr ödüllərilə təltiflənib, yəni dünya teatr məkanında yaxşı damaturgiya nümunəsi kimi qiymətləndirilir. Bunu və daha digər ikisini ingiliscədən İlahə Hacıyeva çevirib dilimizə. Mənanın qavranılması, personajların intonasiyasının saxlanılması baxımından dəqiq tərcümədir, söz palçığından azaddır; amma bəzən bədii dilə, səhnə danışığına qəti uyğun deyil. Replikaların ingiliscə səslənən sərrastlığına, ifadə minimalizminə nail olmaq üçün azərbaycanca o qədər ekvivalent tapmaq mümkün idi ki... Lakin bu ekvivalentlər tapılmadığı üçün personajları dinləyərkən hərdən elə təəssürat oyanır ki, sanki əcnəbilər yığışıb bizim dildə danışırlar. Və bu, təkcə İlahənin qüsuru sayılmaz... Ancaq mənim dediyimə rəğmən pyes seyrçini elə “ovsunlayır” ki, dil köntöylüyü daha onu qıcıqlandırmır.

“Lineyn vilayətinin gözəllik kraliçası” bədii-estetik parametrlərinə görə ailə dramıdır; cəmi dörd personajı var. Pyesin əməl xətti budur ki, Morin Folan, – 40 yaşlı, sifət cizgiləri adi, amma bədəni gözəl bir xanım, – nəyin bahasına olursa olsun öz sevgisinə qovuşmaq, tənhalıqdan qurtulmaq, ərə getmək niyyətindədir...

Aktrisa Zülfiyyə Alhüseynova bu rolda çox aktivdir, öz plastikasında qədərincə yumşaqdır, rəftarında səmimidir, səhnə planşeti üzərində yerimir, sanki süzür. Zülfiyyə prerdmetlərlə davranarkən son dərəcə təbiidir, sünilikdən, yapma ehtiraslardan uzaqdır. Məqamlarca aktrisa yüzdə yüz həyatından bezgin Morin Folandır, nə qədər ki, səhnə danışığının ritmi və tempi dəyişməyib. Elə ki, minordan majora keçmək lazım gəlir, bax, burada aktrisa peşəkarlıq problemlərilə üzləşir, səmimiliyini itirir, xırdalıqları ötürüb emosiyanı oynamağa başlayır. Lakin seyrçi diqqəti axıracan ondan yayınmır. Nədən ki, trilogiyanın birinci tamaşasının energetik mərkəzi Zülfiyyənin Morin Folan adlı personajının yaşantılarıdır.

Amma Morin Folanın istəkləri qarşısında 70 yaşlı kök, ancaq xəstə anasının niyyəti dayanıb. Meq Folan aktirsa Şəfəq Əliyevanın ifasında sanki şüşəgözlü, iri bataqlıq qurbağasını xatırladır və bu murdar, ləng hərəkətli qurbağa özündən savayı heç kimi sevmir. Morin Meqlə bir evdə yaşasalar da, ana ilə qızın heç bir ruhsal təmas nöqtəsi yoxdur. Onların ünsiyyəti anti-ünsiyyətdir. Odur ki, bu adamlar bir-birilə düşmən kimi davranırlar; odur ki, adi kasıb məişətin əngəlləri getdikcə psixi terrora, psixi təcavüzə çevrilir və seyrçi görür ki, balaca bir ailənin içində faşizm necə doğulur, qəddarlıq necə ayaq açıb gəzir və insanlıq necə ölür...

Eqoizm böyüyə-böyüyə bir gün gəlib faşizm olur.

Meq despotdur, sadistdir, başqalarının yazıqlıq hissindən faydalanan diktatordor. Morin isə anasını öldürəcək qədər anasından bezib. Çünki bu qadın hikkəsindən, eqoistliyindən öz doğma qızının bəlkə də sonuncu ümidini, – sevgilisi Patonun göndərdiyi məktubları, – buxarıya atıb yandırır, Morinin hər işinə ağız büzür, sidiyi aparıb əlüzyuyana əndərir ki, dözülməz bir vəziyyət, pis bir qoxu yaratsın mənzildə... Ki, heç kim Morinə yaxın düşməsin, onu bəyənməsin... Bəyənməsin ki, Morin qarıyıb evdə qalsın. Evdə qalsın ki, idbar qoca anasına xidmət eləsin, onun sıyığını bişirsin, çayını süzsün, dərmanını versin, bir sözlə, qulluqçusu olsun... Morin ərə getsə, o, necə yaşayacaq?.. Lakin Meqin bundan da böyük qorxusu var: ölənəcən Morinsiz tənha yaşamaq qorxusu...

Hərçənd... təklik hələ tənhalıq demək deyil.

Və getdikcə Morin də dözülməz olur... sadist təcavüzkar gözəlçə olur... qaynar tava ilə anasını hədələyir, onun əlini buxarının közərmiş dəmirlərinə basıb yandırır... Çünki çarəsizdir Morin... onu rüzgar, məişət vadar eləyir bunu eləməyə... bunu eləməsə həqiqəti öyrənməyəcək... həqiqəti öyrənməyə geciksə, Pato əlindən çıxacaq və o da həmişəlik tənha qalacaq...

Faşizm quruluş deyil, ideologiya deyil, zülm və işgəncələr sırasıdır, qorxular və hədələr sırasıdır. Haradasa kiməsə əziyyət verirlirsə, haradasa kiminsə hüququ və ya ləyaqəti tapdalanırsa, haradasa kiməsə qarşı zor tətbiq edilirsə, oradan faşizmə doğru lağım atılır.

Mən ona görə pyesin konfliktini bu cür danışdım ki, rol partituralarının mürəkkəbliyini, pilləvariliyini, mozaikliyini və dəyişkən mənalar sıxlığını göstərim. Aktyor burada hər bir nüansı, xırdalığı oynamasa əgər, qəhrəman öz əməlində təsirli olmayacaq, seyrçilərə personajın kimliyini və nə istədiyini çatdıra bilməyəcək. Mister Yan “Lineyn trilogiyası” tamaşasını gerçəkçi teatrın bədii-estetik prinsipləri əsasında düzüb-qoşub; bu prinsiplər paradiqmasında isə hər bir detal hər bir söz qədər vacibdir və konkret funksiya daşıyıb tamaşanın əməl xəttində “iştirak edir”. Belə ki, aktyor bir anlığa çaşsa, bir anlığa yubansa, öz yerini mizanda düzgün tapmasa, tamaşada münasibətlər zənciri qırılır və bütövlük təəssüratı həməncə dağılır.

Bu baxımdan rejissorun səhnə qurğusunda ikinci dərəcəli, epizodik heç nə yoxdur. Ona görə də Pato və Rey Duli qardaşları da tamaşa üçün Meq və Morin Folan qədər mühümdürlər: Folanların ailə dramının gerçəkləşməsində, emosiyalar kollapsının yaşanmasında, kimin necə insan olduğunun üzə çıxmasında onların hər ikisi sanki benzin çəlləyinə yaxınlaşdırılmış alovlanan kibrit çöpünə bənzəyirlər.

Morin Patoya təkcə sevgili kimi yox, öz xilaskarı, qəhrəmanı kimi baxır, onu ağ atlı oğlan bilir. Busa Patonun bir elə də vecinə deyil: o, Morinə iltifatla yanaşsa da, onu Lineyn gözəlçəsi kimi qavrasa da, qardaşı Reyin yarıtmazlığı, Meqin xəbisliyi ucbatından asanlıqla Morindən uzaqlaşır və başqasına nişanlanır. Bunun günahkarı kimdir: qardaşının xəbərdarlığına rəğmən məktubu Meqə vermiş Rey yoxsa məktubu yandırmış Meq? Həm o, həm bu: həm də heç biri. Onlar yalnız bəhanədir. Şərt budur ki, Patoda Morinə qarşı əsl sevgi yox idi... Şərt budur ki, Pato da öz həyatını normallaşdırmaq üçün variantlar axtarırdı və bu variantlar sırasında Morin sonuncu yerdə dayanırdı.

Aktyor Elşən Rüstəmovun Patosu isə birmənalı romantik personajdır, biraz səthidir sanki. O, Morinə qarşı yalnız Patonun sevgisini, yaxşı bir adamın, namuslu bir adamın sevgisini oynamağa cəhd göstərir. Halbuki Pato Morindən qaçır: çünki Morin heç adi bir qadın kimi də onu özünə çəkmədi: onların gecəsi alınmadı. Bu mənada Martin MakDonahın personajı Elşənin təqdim etdiyi Patodan daha mürəkkəb və daha dərindir.

Rey isə Pato ilə müqayisədə primitivcəsinə sadəlövdür, hətta haradasa əfəl, tənbəl, insani münasibətlərdə naşı, haradasa avara-avara vaxt keçirən birisidir. Eşqin Quliyevin aktyor yozumunda Rey Duli hiyləgər, bic işbaz kimi, hər yerə burnunu soxan kirpi kimi görünür. Rolun plastik rəsmi, donquldana-donquldana danışmaq manerası personajın kasad daxili dünyasının konkret səciyyəsidir. Ancaq Reyin məktubu Meqin ixtiyarına buraxıb getməsi, addımbaşı alver etmək, oturduğu yerdəcə qabağa düşmək xülyası, permanent harasa tələsməsi təkcə onun bicliyinin yox, həm də əhli-kefliyinin və səfehliyinin isbatıdır. Eşqinin ifasında məqamlarca rolun partiturası üçün səciyyəvi bu nüanslar ara-sıra itirilir; aktyorun özü Reydən çox fəndgir və çox bacarıqlı görünür. Nəticədə, Eşqinin fakturası Reyin insan mahiyyətindən önə düşür. Əgər Rey Eşqin qədər ağıllı olsaydı, məktubu Meqə tapşırmazdı...

Əsərin dramatizmi faktoloji qatda məhz Reyin səhlənkarlığından, biganəliyindən, əfəlliyindən qaynaqlanır. Məsələ bu ki, Rey Duli olmasa, hadisələrin gerçəkliyi olmaz; Rey Duli olmasa, pyes olmaz; Rey Duli olmasa, münasibətlərin partlayışı olmaz.

Ona görə...

... yəni Rey Duli məktubu Morinə çatdırmadığına görə...

... Lineyn gözəlçəsi məcburdur... ölüm ayağında imdad diləyən anasından üz döndərməyə və faktiki olaraq onun qatilinə çevrilməyə... Yox, o anasını öldürmədi: ancaq elə elədi ki, anası ölsün...

... Lineyn gözəlçəsi məcburdur... xəyalı reallıq kimi qavramağa, özünü aldatmağa, özünü ovundurmağa...

... Lineyn gözəlçəsi məcburdur... öz taleyilə barışıb indən sonra da özünə, həyatına, tənhalığına dözməyə...

... Lineyn gözəlçəsi məcburdur... əgər intihar eləmək istəmirsə...

Çünki Kafkanın qəhrəmanı kimi onun da üzünə taleyin bütün qapıları bağlanıb...

... ona görə bağlanıb ki, ətraf yalnız özünü düşünən biganə adamlarla doludur...

KONNEMARA KƏNDİNİN HAMLETİ

MakDonah dramaturgiyasının postmodernist quruluşu aşkardır: o, qəfil illyuziyalarla oynamağı, sitatlarla danışmağı, mənaları qarışdırmağı, “yaxşı – pis”, “ağ – qara” kontrastlarını “söndürməyi”, tamaşaçını müəmmalar və patoloji yaşantılar labirintinə yollamağı sevir. Onun üç pyesinin hamısının inkişaf xətti boyunca teatr və kinematoqrafiya tarixindən kontrapunktlar səpələnib. Personajlar özləri olmaqla yanaşı elə bil ki, hansısa məşhur əsərlərin qəhrəmanlarına bənzəyib onlarla ani assosativ əlaqə yaradırlar; “o mənəm, yox, mən o, deyiləm” sərhədində sanki bir-birlərinə göz vururlar.

Mən “Lineyn vilayətinin gözəllik kraliça”sında Morin – Merilin assosiativ cərgəsinə kökləndim. Və bilirsiniz məni nə apardı bu fikrə doğru? Öncə fonoloji oxşarlıq. Bir də... bir də Morinin Con və Robert Kennedi qardaşlarını xatırlaması, amerikalıların irlandları sevdiyini söyləməsi. Bax, burda şübhələndim ki, xeyir ola belə düşüncə tərzindən: axı hadisələr arasında yüzilin dörddə biri qədər zaman məsafəsi var? Sən demə, Kennedilər əslən irlandırlar. Hollivudun kino ulduzu Merilin Monronun ana nənəsi də irland olub və bu məşhur kinoaktrisa Con Kennedilə eşq macərası yaşayıb. Sarışın Lineyn gözəlçəsi Morinin idealı Hollivud gözəlçəsi Merilindirmi? Görəsən, o niyə deyir ki, mənim Robertdən xoşum gəlir? Merilindən fərqlənmək üçün? Təsadüf yoxsa Martin MakDonah pyesinin daha bir qatı?

“Konnemarada bir kəllə”, yəni “Trilogiya”nın ikinci pyesi isə ideyaca, ovqatca sanki Şekspir “Hamlet”inin qəbiristanlıq səhnəsindən doğulub və müasir, tam orijinal dramaturji mətnə çevrilib. Hansı əsəri oxuyursan oxu, əgər orada qafa tası bir oyun predmeti statusunda ortaya çıxacaqsa, o zaman həməncə saray təlxəyi Yorikin məzardan tapılmış kəlləsiylə Hamletin monoloq-söhbəti yada düşəcək.

Mik Daud da uzaqdan uzağa haradasa Konnemara Hamletidir. Avropa mədəniyyəti əlində qafa tası tutmuş adamı filosof kimi şifrələyir. Mik Daud da Hamlet kimi həmişə şübhələr içindədir: şübhələr içindədir ona görə ki, bir dəfə avtomobil qəzası törədib və bu qəzada onun arvadı ölüb. Lakin Mik Daudun özü də Konnemara camaatı kimi bilmir ki, bunu qəsdən eləyib, yoxsa tale belə gətirib? Ofeliyanın ölümündə dolayısı yolla Hamlet günahkar deyildimi? Mik Daudun kəllələri çəkiclə ovxalayıb torba içində gölün dibinə yatırtması Ofeliyanın özünü suda boğmasına bir işarəmi? Mik Daud da Hamlet kimi qatilmi? Ancaq heç kimin heç nədən konkret məlumatı yoxdur: detektivlər onda da Mik Daudun günahını isbatlaya bilməmişdilər.

Hərçənd...

Konnemara sakinləri bir də bu cinayətə o zaman qayıdırlar ki, Meq Folan ölür: əvvəla, trilogiya hüdudlarında pyesdən pyesə lağım atılır; ikincisi, məlum olur ki, qəbiristanlıqda eksqumasiya işləri aparılmayınca, təzə meyitləri dəfn etmək mümkünsüzdür. Ona görə keşiş Uelş gənc oğlan Martin Hənlonu həftədə 20 funta Mik Dauda köməkçi göndərir ki, onlar köhnə ölüləri qəbirlərdən çıxarıb məzarlıq torpaqlarını boşaltsınlar. Hər il bu proses adəti üzrə təkrarlanır: adəti üzrə dəfn günündən düz 7 il ötüşüncə meyitlər məzarlıqdan çıxarılır. Bu olay daha adiləşib: heç kimin sinirlərinə toxunmur, heç kimin ruhunu incitmir, heç kimi duyğulandırmır daha.

Heç kimi – hə, Tomas Hənlonu – yox. Konnemaranın bacarıqsız və uğursuz polisi vəziyyətdən faydalanıb Mik Daudun köhnə “cinayəti”ni araşdırmağı və onu suçlu bilib cəzalandırmağı, rütbəcə yüksəlməyi planlayır. Nədən ki, bu vaxt Mikin arvadı da eksqumasiya olunacaq və onu yenidən ekspertizaya göndərmək imkanı yaranacaq... Deməli, Mik Daudun arvadı 7 il bundan öncə basdırılıb və Tomas bilir ki, Mik bu dəfə artıq öz arvadının qafasını çəkic altına qoyub “əzişdirmək” məcburiyyətilə qarşılaşacaq: bu da öz növbəsində onun emosional-psixi vəziyyətini gərginləşdirəcək.

Tomas Hənlon üçün nə əla şərait!

Beləliklə, detektiv səciyyəli oyun başlayır: amma nə “qatil” qaçır, nə də polis onu tutuqlaya bilir. Akyor Qurban İsmayılovun Mik Daudu biraz dəyyusdur, biraz canidir, biraz Hamletdir, biraz filosofdur, biraz əhlikefdir. Amma ən əsası budur ki, o, tənhadır. Qurbanın Mik Daudu başqalarına yalnız dözür və yalnız ona görə dözür ki, tək qalmasın. Düzü, bu adam danışsa da, söhbət eləsə də, özünü ünsiyyətsizliyə məhkum edib: çünki daim öz dərdi, öz şübhələrilə əlləşir. Elə bu üzdən də Mik Daud üçün heç bir əhəmiyyəti, heç bir önəmi yoxdur ki, qoca, şişman, çərənçi və qeybətcil Merriconni ona baş çəkməyə gəlir, ya, sadəcə, araq içməyə.

Merriconni də tənha, kimsəsiz bir qadındır və mən bu rolu aktrisa Naibə Allahverdiyevanın ən peşəkar səhnə işlərindən biri kimi qavradım. Nədən ki, aktrisa bir anlığa da olsun, rolun partiturasından kənara çıxıb öz imkanlarını sərgiləməyə çalışmır, personajın pyesdəki missiyasını öz milli oyun koloriti ilə kölgələmir, şişmanlığı, qeybətcilliyi azərbaycanlılaşdırmır, bacardıqca xəsis qrafik cizgilərlə kifayətlənir. Bəlkə də N.Allahverdiyevanın təqdimatında Merriconni həmin yeganə adamdır ki, Mik Daudun yaşadığı qəzanın həqiqətini tam bilir və bəlkə də Mik Daud elə buna görə onu evindən qovmur, məcburən də olsa, onunla çənə döyür.

Naibə Allahverdiyeva tamaşanın finalını elə oynayır ki, guya əsl həqiqət ona axıracan bəllidir. Aktrisanın Merriconnisi final epizodunda o qədər qəti və inamlı danışır ki, Mik Daudun öz arvadının qatili olduğuna heç kimdə şübhə yeri saxlamır. Halbuki onun bu nəticəsi qeybətcil qocanın fantaziyasından başqa bir şey deyil. Buna görə aktrisa son məqamda da Mik Daudun günahsız olmaq şansını onun əlindən almamalıdır. Nədən ki, Martin Mak Donahın dramaturgiyasında heç nəyə birbaşa cavab yoxdur: hər şey gümandır və bu güman yaşantılar ilğımı ilə gerçəklik arasında saat kəfkiri kimi yellənməkdədir.

Tamaşada Mik Daudla Martinin, daha doğrusu, Qurban İsmayılovlaManaf Dadaşovun tandemi əla alınıb: hər ikisi ifa texnikası baxımından və rol partiturasının tələbinə görə yetərincə fərqli, kontrastlı oyun sərgiləyir səhnədə. Manafın arıq, sısqa, caydaq Martini yeniyetmədir, çox yüngüldür, çox axmaqdır, çox zəvzəkdir; istəyir ki, kişilər dünyasına adlayıb keçsin, kişilər dünyasında özünü təsdiqləsin; bu üzdən də aramsız danışır, dilinə nə gəldi danışır. Qurbanın Mik Daudu isə çox qapalıdır, çox gərgindir, çox narahatdır və hələm-hələm ünsiyyətə getmir. Bax, bu ikisi bir-birinə öcəşə-öcəşə, bir-birini incidə-incidə, ölənəcən içə-içə sonucda təmas nöqtəsi bula bilirlər. Avtomobil qəzasında, və hətta bəlkə də Mik Daudun (o, sanki nədəsə əmin olmaqdan ötrü 7 il bundan öncəki qəzanı bir də təkrarlamağa cəhd edir) zərbəsindən yaralanıb qana bulaşmış Martin onu satmır: demir ki, bunu o, törətdi. Hərçənd bu hadisə də müəmma olaraq qalır. Bilinmir ki, konkret nə vadar elədi Mik Daudu bu addımı atmağa? Mümkün ki, o, şayiələrdən bezib, tənhalıqdan bezib hər şeyə Tomas Həlonun əliylə bir nöqtə qoymaq, suçlu olmaya-olmaya cinayəti boynuna götürüb tutuqlanmaq, ağızları birdəfəlik qapatmaq fikrindədir... Amma bu da fərziyyələr sırasından olan bir düşüncədir...

Bəs niyə Martin Mik Daudu heç nədə suçlandırmadı:

... ona görə ki, lülqənbər olub heç nə xatırlamırdı;

... ona görə ki, ləyaqətli bir kişi olduğunu sübut etməyə çalışırdı;

... ona görə ki, qardaşı Tomas Hənlondan öc almaq istəyirdi;

... ona görə ki, Mikin arvadının kəlləsində Tomasın necə çat yaratdığını öz gözləri ilə görmüşdü...

Lakin bununla belə Martin Manafın yozumunda Konnemaranın tineycer-təlxəyi kimi öz səhnə həllini tapıb. Tamaşada onun əntiqə qara pariki var: bu parik və Manafın rok-n-roll silkələnməsi üslubunda davranış manerası Martini küləkdə tərpənən bağ oyuğuna oxşadır. Bu isə tamaşanın çox ciddi dramatik hadisələrinin yumor, zarafat kontrapuktuna çevrilir.

Mister Yan Liza və Mayklla birgə tamaşada əsl kinofilm fraqmenti kimi baxılan bir məzarlıq səhnəsi qurublar. Dekorlar və səhnə planşeti o tövr işıqlandırılıb ki, gözönündə gecə qəbiristanlığının real mənzərəsi peyda olur sanki. İri məzar daşları, qazınan torpağın xırçıltısı və üç nəfərin – Mik Daudun, Martinin və Tomasın söhbət-mübahisəsi haradasa Hamletdən sitat kimi qavranılır.

Hərçənd burada assosasiyalar məni birdən-birə ayrı səmtə apardı... Nədənsə Nuri Bilgə Ceylanın “Üç meymun” filmi düşdü yadıma. Bunlara da “Konnemara meymunları” demək mümkünmü?

Atmosferi gərginləşdirən Tomas Hənlonun iddiasıdır. Lakin bu iddiaya gerçək motivlərdən başqa “Makmillan və arvadı” serialının qəhrəmanına bənzəmək istəyi də pərçimlənib. 1971-76-cı illərdə, yəni ard-arda 6 mövsüm ərzində “Makmillan və arvadı” serialı Amerika Birləşik Dövlətlərinin ən reytinqli teleseriallarından biri olub: burada polis və onun yelbeyin arvadının detektiv macəralarından söhbət gedirmiş və görünür, Tomas Hənlon da bu serialın aludə seyrçisi imiş... Əbəs deyil ki, Martin qardaşı Toması dəqiqəbir “Makmillan və arvadı” teleserialını xatırlatmaqla qıcıqlandırıb ələ salır. Çünki orada Makmillan ən dolaşıq cinayətlərin izinə düşüb onların düyünlərini bir-bir açırmış... İndi də Tomas belə bir cəhddə bulunub Mik Daudun qatil olduğunu sübut etmək üçün çabalayır...

Vüqar Məmmədəliyevin Toması fiziki cəhətdən güclüdür, buğa kimidir; içində isə zavallı və fağırdır; sinəgirdir, zaman-zaman boğazına dərman fısqırtmasa, nəfəs ala bilməz; rəftarlarında inamlı adam təəssüratı bağışlamır. Niyəsi də bu ki, həmişə uğursuzluğun məngənəsində girinc olub qalıb və həmişə bir natamamlıq kompleksi yaşayıb. Bunun səbəbi təkcə Tomasda deyil, Konnemara kəndindədir, Lineyn vilayətindədir, İrlandiya ölkəsindədir... və hamıdadır... və Konnemarada yaşaya-yaşaya bundan artıq polis olmaq olmaz... və Konnemarada yaşaya-yaşaya bundan artıq diri olmaq olmaz... Çünki Konnemarada təkcə ölülər yox, bütün arzular da basdırılıb. Deməli, bütün ümidlər də çoxdan ölüb. Arzular olmayan yerdə isə həmişə tənhalıqdır. Tənhalıq ünsiyyətsizlikdən deyil, ümidsizlikdən doğulur.

Tomas Hənlon da son ümidini məzarlıqda axtarıb tapa bilmədi. Mik Daudun “cinayət”ini sübut etmək mümkün olmadı. Hərçənd bu fakt Konnemara kəndinin Hamletini tənhalıqdan və şübhələrdən qurtarmadı. Tomas Hənlon bir daha uduzdu, bir daha özünü camaat arasında biabır elədi. Ancaq buna rəğmən o, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” pyeslərində personajların əməllərini motivləşdirən mühüm bir subyekt kimi özünü tanıtdı...

“YALQIZ QƏRB”İN YALQIZ KEŞİŞİ

VƏ YA

QARDAŞLAR KORRİDASI

“Yalqız Qərb” pyesi “Lineyn trilogiyası”nın kinematoqrafik diskursuna uyğun “Vəhşi Qərb” kimi də çözülə bilər məncə...

Niyə də yox?..

Məgər tamaşa ondan başlamır ki, Koulmən Konnor atasını gülləylə vurub öldürüb?

Məgər atasının dəfnindən dönən qardaşlar bir-birilə it kimi boğuşmurlar?

Məgər məhz dedi-qodulara, şayələrə istinadən Balin Konnor qatil adamlarla, yəni arvadını balta ilə gəbərtmiş Mik Daudla, anasının beynini maşa ilə əzmiş Morin Folanla danışdığı üçün keşiş Uelşi ittiham eləmir? Bu ölümlərin səbəbini müqəddəs atanın moizələrində axtarmır?

Məgər keşiş Uelşin özü “bu necə şəhərdir ki, qardaşlar dalaşır, qızlar qapı-qapı araq satır, iki lənətə gəlmiş qatil isə azadlıqdadır” deyib də təəccüblənmir?

Yalqızlıq vəhşilikdən törəyir, yoxsa vəhşilik yalqızlıqdan?..

“Lineyn trilogiyası”nı, əslində, “Qardaşlar trilogiyası” da adlandırmaq mümkün... lap “Qardaşlar korridası” da...

Martin MakDonah “Lineyn vilayətinin gözəllik kraliçası” pyesinin remarkasında yazır ki, divarda Con və Robert Kennedinin çərçivəli şəkli asılıb. Hərçənd tamaşada bu yoxdur. Mister Yan imtina edib bu şəkildən... Özü bilər... Hərçənd mənim fikrimcə, nahaq... Çünki həmin şəkil pyesin əsas “qardaşlar” leytmotivinin simvolik-vizual gerçəkliyidir.

Nədən ki, Pato ilə Rey Duli qardaşdırlar, Martinlə Tomas Hənlon, Koulmənlə də Balin Konnor...

Trilogiya isə tənhalıq haqqındadır...

“Yaxşı şey olsaydı, Allah özünə qardaş yaradardı”... mən bu məsəli kimdənsə eşitmişəm; amma isnad verə bilməyəcəyəm...

Habili qardaşı Qabil öldürmədimi?..

“Qardaş yaxşı şeydi dostluğu olsa”...

Bəs birdən olmadı: onda nə olacaq?..

Heç nə, müharibə: ya açıq, ya gizlin... o bunu, bu da onu öldürməyə qalxacaq...

Qardaşlar həmişə ayırd eləməyə çalışırlar ki, üstün kimdir... birinci kimdir... lider kimdir...

Ancaq biz insanıq, vəhşi yox: konsensusa gələ bilirik, instinkti ağılla cilovlayırıq...

Balinlə Koulmən də vaxtaşırı, hər dəfə öz münasibətlərini aydınlaşdıranda bir-birinə sataşırlar, nə ki təhqir, həqarət var, hamısını deyirlər bir-birinə; doymurlar, daha betərlərini tapıb söyləyirlər: söylədikcə qızışırlar; qızışdıqca bir-birinin sinirlərini dartıb çimdikləyirlər; çimdiklədikcə coşurlar; coşduqca əlbəyaxa olub yerlə süpürrəşirlər...

Rejissor bu mizanları yavaşıdılmış kinokadrlar kimi göstərir bizə... Asta-asta, ustufca Koulmənlə (Vüsal Mehrəliyev) Balin (Rasim Cəfərov) tutaşırlar, bir-birini çırpırlar, döşəmədə belədən-belə fırlanırlar, elədən-elə... Hətta bir gün elə olur ki, keşiş Uelş (Anar Səfiyev) qardaşları ayırmaq üçün əlini qaynar qazanın içinə soxub yandırır və öz bağırtısı ilə onları susdurur.

Hətta qardaşlar da bir-birilə faşistcəsinə davrana bilərlər...

Bakı kəndlərində dəfələrlə olub ki, iki qardaş bir-birini bir göyərçindən ötrü bıçaqlayıb... ki, yaxşısı onda yox, məndə olsun...

Azərbaycanın bölgələrində o qədər qardaş bir-birini baltalayıb torpağa görə... ki, vərəsə payı mənə çatsın, ona yox...

İnsanların həmişəmi missionerlərə ehtiyacı olacaq?.. Yəni insan heç ağıllanmır?..

Eqoizm öz eqosuna olan sevgi bolluğudur: bu sevgi o sevgidir ki, səni dünya ilə və hamı ilə düşmən edir... Çünki sən eqoizmə yoluxanda özündən savayı heç kəsi bəyənmirsən... bəyənmirsən deyə sevə bilmirsən... Sevə bilmirsən deyə daim çəkişirsən...

Eqoizm özünüqoruma instinktinin toplum variantıdır.

Qardaşlar öz eqoları ucbatından bir-birinə qənim kəsilirlər: eqolar ünsiyyəti çətinləşdirir, tənhalığı gücləndirir.

Vəhşi Qərb eqoist Qərbdir; ona görə yalqızdır!

Qəhrəmanlıq isə başqasını xilas etməkdir: başqasını xilas eləyəndə sən insan olduğunu təsdiqləyirsən.

“Yalqız Qərb”in qəhrəmanı keşişdir: amma keşiş məğlub qəhrəmandır. Uelş/Uolş ata, hamı onun adını səhv salıb iki formada deyir, aktyor Anar Səfiyevin ifasında, digərlərinə nisbətən, daha çox avropalıdır, daha çox irlanddır, daha çox xristiandır. Ancaq keşiş öz missiyasını yerinə yetirə bilmir bu vilayətdə: heç kim xristian dəyərlərilə yaşayıb sevmir öz yaxınını, öz doğmasını... İsa Məsih öyüdü real həyatda heç cür gerçəkləşmir, insanların əməllərinə sirayət eləmir... Yaxın öz yaxınını sevə bilmir, handa qalsın özgəsini... Keşiş narahatdır... Keşiş çarəsizdir... və məcburdur... özündə və başqalarında nəyisə dəyişməyə...

Elə bu an səs yayılır ki, bəs Tomas Hənlon da intihar eləyib, özünü göldə boğub öldürüb...

Dözmədi!

Kimə? Özünə? Əfəlliyinə? Konnemara camaatına? Mik Dauda?

Dözmədi!

Nəyə? Şəraitə? Şayiələrə? Martin Hənlonun zarafatlarına? Uğursuzluğa?

Bilinmir. Bilinən o olur ki, Tomas Hənlonun sui-qəsdi hamını sarsıdır: sən demə, o, hələ insanlığını itirməyibmiş... Bəzən bunu insanlara sübut etmək üçün ölmək lazım gəlir.

Evdən qəbiristanlığa qədər olan məsafə və əksinə; Lineyn sakinlərinin əsas məşğuliyyəti: basdırmaq və yaşamaq, yaşamaq və basdırılmaq... Nə qədər ki yolu özün gedirsən, qayıdırsan; elə ki səni çiyində aparırlar, daha geri götürmürlər.

İntihar eləyəndə isə sən məzarlıq kamikadzesi olursan.

Koulmənlə Balin isə heç nəyi bir-birinə sübut eləyə bilmirlər, heç nəyi bölüşə bilmirlər: hətta bədbəxt Tomasın dəfni, qısa müddətə də olsa belə, onların qarşılıqlı nifrətinin üstünü pərdələmir. Səhnədə Koulmən və Balin münasibətləri Vüsal Mehrəliyevlə Rasim Cəfərovun bir aktyor fristaylı kimi oynanılır: hər ikisi ləzzət ala-ala, haradasa repə yaxın bir dinamikada ifa eləyir öz rolunu; fakturaca da dekorativ fonla əla uyuşurlar; kostyumlar da əyinlərinə əla oturur; elə bil “vestern” janrında çəkilən filmin pavilyonunda işləyirlər, çox rahat, sərbəst işləyirlər... və düzgün tonallıqda işləyirlər, ciddiliklə zarafatın sərhəddini dəfələrlə pozub ordan bura, burdan da ora adlayırlar... Vüsalın Koulməni biraz vecsizdir, biraz cığaldır, bir az ərköyündür, bir az özbaşınadır və arıq Balindən biraz daha canlıdır. Rasimin Balin Konnoru isə evin bütün yükünü boynuna götürmüş , özündən razı, yorğanına görə ayağını uzadan bir tipdir. Qardaşların hər ikisi bir-birinin sözünə, hərəkətinə qarşı aşırı həssasdır; heç nə qulaq ardına vurulmur və partlayış hər bir an gözlənilir.

Çünki onlar da bir-birinə dözür və dözməyə məcburdurlar... çünki tənhadırlar...

Tomasın dəfnindən Koulmən evə tez qayıdır. Görür ki, Balinin yenicə aldığı qaz plitəsi orta divarın tən ortasında, buxarının önündədir. Məqamıdır, qoy, deyim: səhnə dizaynında yeganə predmetdir ki, yeri düzgün tapılmayıb; rəng baxımından da uğurlu həll deyil məncə... Qaz plitəsi səhnəyə çıxarılan kimi aktyorların davranış məkanı həməncə kiçilir, balacalaşır sanki... dekorativ fon çirklənir...

Koulmən məhz bu qaz plitəsində Balinin fiqurlarını yandıracaq... Balin keşiş Uelşlə dəfndən dönüncə qoxunu hiss edəcək və hər şeyi anlayacaq... anlayacaq ki, bu yaramazlıq Koulmənin işidir... və başlanacaq... Koulmən Balin “korridası”... Keşiş də əlini elə buradaca qaynar qazana soxub bağıracaq... və gedəcək... gedəcək ölümünə doğru... Tomasın intihar elədiyi göldə intihar eləyəcək... və intihar eləməmişdən öncə qardaşlara məktub yazacaq... yazacaq ki, uğursuz keşişdir... yazacaq ki, heç bir nəsihətinin indiyə qədər heç kimə faydası olmayıb... yazacaq ki, o öz ruhunu onların bir-birini sevməsi xatirinə mərcə qoyur...

Keşiş də yalqız idi Qərbdə... Tomas Hənlon kimi... İntihar elədi ki, xilas olsun... İntihar elədi ki, xilas eləsin... İntihar elədi ki, heç olmasa bircə dəfə öz gözlərində yüksəlsin. İntihar elədi ki, mənəvi gücünü göstərsin başqalarına... Uğursuzluq odur ki, sən lazımsızsan... Lazımsız nəsnə zibil sayılır və tullanılır... İnsan bu lazımsızlığını duyanda həyatdan özü gedir ki, ona zibil qismində baxmasınlar... Çoxları isə heç vədə bunu anlamayacaq...

İntihar həmişə xəbərdarlıqdır.

Bizsə bunu dəlilik adlandırıb özümüzün hələ də ağıllı qaldığına təəccüblənirik...

Bu məktubu da araq satan qız – Qörlin, keşiş Uelşə aşiq 17 yaşlı Qörlin, ölümündən öncə onunla danışmış Qörlin, ərköyünsov, dəcəl və hörükləri qəşəng Qörlin (Nigar Məmmədova) qardaşlara gətirəcək və qardaşlar barışıq elan edib qarşılıqlı etiraflarda bulunacaqlar ki, bəs vaxtilə mən səni bu sayaq incitmişəm, üzmüşəm, sən də məni bu sayaq... Artacaq bu etirafların sayı, getdikcə çoxalacaq və məlum olacaq ki, bu qardaşların ikisi də sadizmə, işgəncəyə meyllidir... onlar hətta etiraflarını söyləyəndə belə çalışırlar ki, bir-birini ağrıtsınlar, bir-birinin yarasına duz bassınlar... və bu etiraflar da sonucda ona gətirib çıxaracaq ki, Koulmən tüfəngi götürüb Balinin təzəcə gətirdiyi yeni fiqurları onun gözü önündəcə qıracaq, aldığı qaz plitəsini güllə ilə vurub dağıdacaq və tüfəngi Balin qamarlayınca mənzildən qaçıb gedəcək... Qardaşına çata bilməyən Balin isə geri dönəcək... hirsindən alışqanı tutub Uelşin məktubunu odlayacaq, amma ürək eləməyəcək sonacan yandırsın, alovu söndürəcək və məktubun mucullanmamış parçasını götürüb yenidən çarmıxdan asacaq...

Hələ ümid var...

Ümid var ki, keşiş Uelş mərcdə udacaq və onu cəhənnəm işgəncələri gözləmir...

Cəhənnəm faşizmdir, yoxsa faşizm – cəhənnəm?

Bəzən adiliyin özü faşizmdən də betər olur...

Hərdən adama elə gəlir ki, qardaşlar oynaqlaşırlar, zarafatlaşırlar; cavanlıq eləyirlər; amma bir də görürsən ki, “hənək-hənək axırı oldu dəyənək”... və hər şey qəfildən ciddiləşdi. Mister Yan trilogiyanın üçüncü oyununu həqiqətin zarafatı, zarafatın həqiqəti, cəhənnəmin adiliyi, adiliyin cəhənnəmi üzərində qurub. Yaşamaq istəyirsənsə, həyata dözməlisən... Dözmək üçün gərək özünə də, dünyaya da zaraftla yanaşmağı bacarasan... Ona görə də bu dramatik hadisələr seyrçinin üzərinə çöküb onu əzmir, incitmir, əksinə, bu personajlara qarşı onda bir mərhəmət, bir iltifat oyadır.

Bilirsiniz, Balin qardaşını niyə satmamışdı, niyə deməmişdi ki, atasını Koulmən öldürüb? Çünki istəmirdi tənha qalsın... qorxurdu tənha qalmaqdan... qorxurdu tənhalığın cəhənnəmindən...

Yalqızlıq içində yaşamaq istəmirsənsə, eqonun hər şeyə sahib olmaq iddiasından qurtulmalısan... Bundan qurtulanda faşizmdən qurtulursan, toplumu müharibəyə sürükləməkdən qurtulursan...

Gedin və baxın bu tamaşaya... Və... bundan sonra... həmişə...

TEATRA BİR SALAM VERİN

Gənc Tamaşaçılar Teatrına bir salam verin: çünki sabahın teatr seyrçisi bugün orda. “Lineyn trilogiyası” proyekti də heç əbəsdən bu teatrda gerçəkləşməyib. Nədən ki, Gənc Tamaşaçılar Teatrı getdikcə daha çox XXI yüzilin teatrına doğru addımlayır, əsl gənclik teatrına çevrilir, sanki dərin bir yuxudan ayılıb dünyaya sarı boylanır. Azərbaycanın çağdaş teatr məkanı içrə məhz Gənc Tamaşaçılar Teatrında elə sənət hadisələri yaşanır ki, bu hadisələrin hədəfi birbaşa uğur deyil, respublikada teatr situasiyasını yaxşılaşdırmaqdır, teatrı yeni sənət qavrayışı səviyyəsinə yüksəltməkdir, yeni teatr bilgilərini kollektivə aşılamaqdır, teatr mədəniyyətinə bir dirilik suyu damızdırmaqdır. Üç fərqli teatrın aktyor truppası Gənc Tamaşaçılar Teatrında bir araya gələndən sonra bu teatrda keyfiyyətcə yeni, çox mobil, çox istedadlı və çox cavan bir aktyor kollektivi formalaşıb; elə aktyor kollektivi ki, basma kağızı kimi hər cür təzəliyi çəkib özünə hopdurur. Mister Yanın quruluşunda “Lineyn trilogiyası” da Gənc Tamaşaçılar Teatrının bədii imkanlarının nümayişi baxımından önəmli bir tamaşa oldu və onları dünyaya daha açıq olmağa, yeniliyə münasibətdə daha elastik olmağa, daha cəsarətli, daha inadcıl olmağa, XX əsrin teatr estetikasından, dünənin teatrından, dünənki teatr dəbindən, dünənin mövzularından daha intensiv uzaqlaşmağa səslədi, müasir teatr dilinə yaxınlaşdırdı. Ona görə vaxt tapanda, öz müasirlərinizin yaşantılarından xəbər tutmaq istəyəndə gəlib də

TEATRA BİR SALAM VERİN!!!

Oxşar xəbərlər

Xəbər lenti

190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020