news-inner
clock13:04 calendar-gray 04 Aprel 2014 view-gray2297 dəfə oxunub
view-gray2297 dəfə oxunub

Şeyx Əbdül: “Repçilərin hamısı narkomandır”

Kulis.Az rejissor Şeyx Əbdüllə müsahibəni təqdim edir.

- Şeyx, may ayının 15-də 70 yaşınız tamam olacaq. Yubiley münasibətilə bəri başdan sizi təbrik edirəm. Maşallah, çox cavan görünürsüz. Heç 70 yaş vermək olmur.

- Əvvəla təşəkkür edirəm ki, ilk yada salan siz olduz. O ki, qaldı cavan qalmağıma, mən elə düşünürəm burda genetikamın, soy-kökümün əhəmiyyəti var. Bizim nəsildə uzunömürlü insanlar çoxdur. Anam iki il öncə rəhmətə gedəndə 97 yaşı var idi. 95 yaşında öldü. Nənəm də rəhmətə gedəndə yüzdən çox yaşı vardı. Biz ailədə yeddi uşağıq. Ən balacaları mənəm, yetmiş yaşım var. Hamımız da sağ-salamatıq.

Bu belə. Bu bir şərt. İkincisi həyat tərzidir. İnsan həm aclıqdan, həm də toxluqdan özünü itirir. İnsan gərək özünü qorumağı bacarsın. Bir vaxtlar mən İbn Sinanı çox oxuyurdum. O deyir ki, normal insan ən azı gərək iki xəstəliyin daşıyıcısı olsun. Mən bunun barəsində çox fikirləşdim. İbn Sina demək istəyirmiş ki, bədənində xəstəlik olmayan adam onun qeydinə qalmaz. Bəzən görürsən deyirlər, filankəs top kimi adam idi, birdən-birə öldü. Elə ona görə öldü ki, bədənindəki proseslərdən xəbəri yoxmuş.

Bir də ailə əsas şərtdir. İnsan ki, ailədə uşaqları ilə, evin xanımı ilə münasibətin qura bildi və orda hər kəs öz mizanını, tərəzisini, ölçüsünü-biçisini, yerini bildi onda hər şey qaydasında olur. Şükür allaha, hər üç sarıdan bəxtim gətirib.

- Yubileylə bağlı dövlət tədbiri nəzərdə tutulur?

- Kinostudiyanın direktoru ilə görüşmüşük, nə isə eləməlidirlər. Amma mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mən bunu sizə çox səmimi deyirəm. Çünki bir ara dedilər ki, əlli illiyini qeyd edəcəyik. Sonra dedilər ki, əlli tezdir, altmış, altmış beşdə dedilər olmaz. İndi yetmişi qeyd etmək istəyirlər. Onu da qadağa eləyərlər 80 yaşı gözləyərik. Mən hələ buralardayam onsuz da (gülür).

- Maşallah, tez-tez qalmaqallarda olursuz, özünüz də tez coşan adamsız, nə əcəb əsəblərinizə təsir etməyib?

- Mən evdə yataq otağımın başına yazmışam ki, İlahi hər bir şəraitdə səbrimi, hövsələmi əlimdən alma. Orda ikinci bir yazı da var. Duran kimi hər ikisini oxuyuram: İlahi, sən məni pis adamların şərindən, böhtanından uzaq elə. Çünki mən çox emosional adamam. Mən yalan, ədalətsiz görəndə istəyir qadın olsun, kişi olsun, uşaq olsun, böyük olsun, dözə bilmirəm, həqiqəti söyləyirəm, onları cavabsız qoymuram. Bəzən əsəbiləşmək bir növ qazanın qapağını açmaq kimidir, amma əndazəsinə, ölçüsündə. Cavan vaxtı çox emosional adam olmuşam.

- Elə bu sonuncu qalmaqaldan danışaq. Müsahibədən qabaq sizlə söhbət edəndə məlum oldu ki, hadisə bir il əvvəl baş verib. Amma mətbuatda bu günlərdə yayılıb.

- Məni tamaşaya baxmağa baş rolu oynayan Münəvvər xanım dəvət etmişdi. Mən də Alim Qasımovla tamaşaya gəldim. Bu bir əvvəlin söhbətidi. Teatrda Xarici Dillər Universitetinin tələbələri də var idi. Birinci səhnə oldu, dedim yəqin epizodikdi, ikinci səhnə oldu, üç... Aktrisanın bədəni qalıb qıraqda, ayaqları göydə oynayır. Bizdən əvvəl o tələbələr bu tamaşaya etiraz elədilər. Bizə irad tutdular ki, ağsaqqalımızsıız, niyə etiraz etmirsiz. Bundan sonra qızlar bayıra çıxdılar. Alim də dedi ki, qardaş dur çıxaq. Biz də tamaşadan tərk elədik, baxa bilmədik. Qapıda bir jurnalist qız yaxınlaşdı, çıxmağımızın səbəbini soruşdu. Onda da Alim yox, mən dedim ki, bizim belə eybəcər şeylərə baxası yaşımız deyil. Mənim sənət əsəri haqqında təsəvvürüm, düşüncəm, fərqlidir. Çox təəssüf edirəm ki, gəldim belə şeyə baxdım.

Vəssəlam bununla da söhbət qurtardı. Üstündən bir il keçib.

Deməli üç gün bundan əvvəl... Mən hər gün səhər dörddə yuxudan dururam, saat səkkizə kimi işləyirəm. Bu mənə ulu öndərim, ustadım İsa Muğannadan keçib. Allah ona rəhmət eləsin. Biz onunla 30 ildən çox bir yerdə işləmişik. “Nəsimi” filmində əməkdaşlıq etmişik. Qonşu olmuşuq. Tez-tez görüşürdük. O deyirdi ki, insanın beyninin ən işlək vaxtı səhərdir. Mələklər də bu vaxtı göydən yerə enirlər. Zarafatla əlavə də edirdi ki, səhər tezdən dur, onda təmiz oksigenin qiyməti bir manatdır, saat on birdən sonra da on qəpiyə düşür. Elə tezdən dur, manatlıq oksigendən ud da.

Həmin gün tezdən dalbadal zənglər gəldi. Telefonum susmaq bilmirdi. Saytlardan, qəzetlərdən zəng edib deyirdilər ki, müəllim, Mehriban Ələkbərzadə sizi təhqir edib, sizin haqqınızda “arvadağız kişi” deyib. Dedim, əvvəla mənim bu hadisədən heç xəbərim yoxdur. İkincisi, bunu kim qızışdırıb mən bilmirəm. Üçüncüsü, bu əhvalat bir il bundan əvvəl olub, onda da demişəm ki, mən sənətdə bu cür rüsvayçılığı, əxlaqsızlığı qəbul edə bilmirəm.

Sən demə nə olub? Bu tamaşanı təzədən reklam etmək üçün televiziyalarda, internetdə rolikini yayıblar. Rolikdə də ancaq tamaşanın açıq-saçıq yerləri gedib. Bunda da “Azdrama”nın bütün kollektivi ayağa qalxıb.

Mən onda da demişəm, indi də deyirəm, Akademik Milli Dram Teatrı eksperimental teatr deyil. Əgər eksperiment eləmək istəyirlərsə, Mehriban xanım da, kimlər, kimlər bizi Avropa əxlaqsızlığına, mənəviyyatsızlığına sürükləyirlərsə Allah işlərini avand eləsin. Amma getsinlər bir teatr açsınlar orda eləsinlər. Nümunə də göstərmişəm.

- Deyirsiz bizim teatrlarda belə səhnələr oynanılmasın?

- Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu, Cənnət Səlimova kimi rejissorlar özləri üçün teatr açmışdılar, öz eksperimentlərini etmişdilər. Kimsə də onlara bir söz demirdi. Əvvəllər bütün teatrların studiyaları var idi. Eksperimental qruplar olurdu. Bizim teatr həmişə Rusiyadan qaynaqlanıb. Orda bu cür eksperimental qruplar olur, tamaşalar əvvəl o qruplarda oynanılır, artıq orda müsbət rəy alandan sonra böyük teatrların səhnəsinə çıxarılır. Birdən-birə uşaq-muşağı səhnəyə çıxartmaq olmaz. “Azdrama” məbəddir. Onu bu cür ləkələmək olmaz. Bu, birmənalıdır. Mən Mehribanın aktyorlarına dərs demişəm. O qadın məni təhqir etməkdə böyük səhv edib, sonradan bütün günahı da Elçin müəllimin üstünə atır. Daha doğrusu, çox ustalıqla Elçin müəllim tərəfə sürüşdürür. Çünki bilir ki, biz Elçin müəllimlə dostuq.

Tamaşanın, filmin sahibi dramaturq, ssenarist deyil, rejissordu. Ümumiyyətlə teatrda da, kinoda da əsərin sahibi rejissordu, qalan hamısı, aktyor da, ssenarist də boş-boş şeylərdi. Tamaşadan gedir söhbət, əsərin müzakirəsindən getmir ki.

- Siz o tamaşanı səhnələşdirsəydiniz necə olardı?

- Təmiz fərqli edərdim. Əksinə orda çox maraqlı mövzu var. Talesiz qadın məsələsini elə həll eləmək olardı ki, nə şiş yanardı, nə kabab. Bu da götürüb onu edib küçədə qalan fahişə. İkinci hissədə də guya peşman olur, guya haqqa qayıdır.

- Mehriban Ələkbərzadəni şəxsən tanıyırsız?

- Yox, mən heç o xanımı yaxşı tanımıram. Onu üst-üstə iki dəfə görmüşəm. Əvvəllər televiziyada verilişlərinə baxmışdım, təqdir eləmişdim. Amma o çox böyük səhv edib, məsələnin məğzinə varmadan çox ədəbsiz, əxlaqsız cavab vermişdi. O məni paxıllıqda günahlandırır. Mən paxıl adam deyiləm. Mənim tələbələrim var, Fuad Poladov, Telman Adıgözəlov, Vaqif Mustafayev, kimlər, kimlər, kimlər.

Əvvəla bizim sahələrimiz tamam ayrıdır. O teatr rejissoru, mən kino rejissoru. Teatr mənim sahəm deyil. İkincisi o qadın, mən kişi, yenə paxıllıqdan söhbət gedə bilməz. Üçüncüsü, şöhrətə qalanda, Allaha şükür, ondan az tanınmıram, bəlkə ondan da çox tanınıram. Və nəhayət “arvadağız” söhbəti. O hardan bilir ki, arvadağız kişi nə olan şeydi? O bunun elmi ilə məşğuldu, ya fəlsəfəsi ilə məşğuldu? O məni tanımır axı. Həmişə məni televiziyadan, kinodan görüb. Mənim həmişə kişi kimi mövqeyim olub.

- Həsən Seyidbəylinin “20 min Amerikada” əsəri var. Orda deyir ki, Brodveydə tamaşaya baxdıq. Aktyorlar hamısı çılpaq idi. Biz də teatrı tərk etdik. Çünki sənət deyildi. Bunun üstündən 40 ildən çox vaxt gedib. Artıq dünya dəyişib. Biz indi heç Amerikaya getmədən də burdan istədiyimiz tamaşaya, lap pornofilmə də baxa bilərik. Yəni 40 il əvvəlki əxlaq kodeksi dəyişməməlidir?

- Mən tez-tez Avropada oluram. Siz dediyiniz 60-cı illərin neorealizm, seksual inqilab dövrü idi. Daha Avropada belə şeylər yoxdu. Ümumiyyətlə soruşuram, soyunub ortada gəzməyi nə estetikası var?

Bizim özümüzün milli-mənəvi dəyərlərimiz var. Bütün dünya indi əxlaqsızlıqdan qaçır, biz niyə ora qaçaq.

- Bizə elə gəlir ki, dünyada bizdən əxlaqlı xalq yoxdur. Amma Stefan Sveyqin “Dünənin dünyası” əsərini oxuyanda görürsən ki, XX əsrin əvvəllərinin Avstriyası indinin Azərbaycanından daha mühafizəkar olub. Yəni bu prosesi hər bir toplum keçir.

- Mən sizə bir söz deyim. Niyə görə Avropa kütləvi şəkildə belə şeylərə qarşı çıxır? Siz bilirsiz də Avropada eynicinslilər evlənə də bilərlər. Artıq Avropa bu əxlaqsızlığa qarşı həyəcan siqnalı çalır. Avropa bu mənəvi deqradasiyadan xilas olmaq istəyir. Bizim bir millət kimi zaman-zaman məhv olmamağımız da məhz bu mənəvi dəyərlərin hesabına olub.

Bu gün bütün dünyada eybəcər bir Afrika mədəniyyəti hökm sürür. Musiqimizdə, mədəniyyətimizdə, soyunmağımızda, cırıq şalvar geyinməyimizdə Afrika mədəniyyətinin izləri var. Açıq-saçıqlıq onsuz baş alıb gedib. Gəl bunun estetika tərəfini götürək, cırıq şalvarı cavan qız əyninə geyər? Ümumiyyətlə cırıq şalvarda nə estetika ola bilər axı? Bunun ideoloqu vəhşi Afrikadır. Bu gün cavan-cavan uşaqlar var, Füzulini bəyənmirlər, Üzeyir bəyi bəyənmirlər, Mirzə Cəlili qəbul eləmirlər, Sabiri tanımırlar... Bunlar ancaq danışanda Nitşedən, Heminqueydən, Hüqodan-müqodan sitat gətirilər. Və bunlara nəsə deyəndə də keflərinə dəyir. Bunlar hamısı kor-koranə təqlidçilikdi.

Bu gün Azərbaycan musiqi mədəniyyətində rep deyilən bir şey var. Replə məşğul olan adamların hamısı birmənalı şəkildə narkomandı, o yolun yolçusudu. O vəhşi Afrika musiqisi ilə məşğul olanlar, hamısı narkomandılar, bir nəfərə kimi.

- Şeyx, ona qalsa bir çox muğam ifaçısı var ki, onlar haqqında belə deyirlər, çəkməsə oxuya bilmir. Lap Elə Vaqif Mustafazadə olsun.

- Bunlar hamısı şayiədir. Vaqiflə qapı bir qonşu olmuşam. O, heç siqaret də çəkmirdi. Bunu deyənlər Vaqifi gözü götürməyənlərdir.

- İsa Hüseynovla kinostudiyada işləmisiz?

- Mən Ziyad Bünyadov, Adil İsgəndərov, Həsən Seyidbəyli, Əli Fəhmi kənarda qalmaq şərti ilə mən İsa Hüseynov kimi ikinci bir fenomenə rast gəlməmişəm. Əvvəla bu adam çox işgüzar, zəhmətkeş idi. O kinostudiyada işləyəndə otağı elə yerdə yerləşirdi ki, biz tez-tez onun qabağından keçməli olurduq. Bir də görürdün qapını açıb dəhlizə çıxır, deyirdi ki, işiniz-gücünüz yoxdu, gedin kitab oxuyun, sənətlə məşğul olun. Nə gəzirsiz koridorda? Koridorda gəzmək isə bizim işimizin xüsusiyyəti idi. İsa Hüseynov bu dərəcədə həssas adam idi. Heç kəs ondan incimirdi. Biz də bilirdik ki, İsa Hüseynov otağında iş görür, bacardıqca oradan sakit keçirdik.

Öz gözümün şahidiyəm, rus yazıçılar, Çingiz Aytmatov, Oljas Süleymanov, Qrant Matevosyan, Vil Lipatov kimi yazıçılar deyirdilər ki, biz indiyə qədər olan ədəbiyyatımıza nifrət elədik və biz bundan sonra İsa Hüseynov əxlaqında formalaşırıq.

- “Nəsimi”filmində onunla əməkdaşlığınız necə olmuşdu?

- Moskvada təhsil alıb Bakıya qayıtmışdım. Artıq öz filmimi çəkmək istəyirdim. Amma, bir gün Həsən Seyidbəyli mənə ssenarini verdi, dedi bunu oxu, özü də ciddi oxu. Əvvəl istədim rədd edəm, sonra fikirləşdim ki, öz filmimi bir il sonra da çəkə bilərəm. İsa Hüseynov da gəldi, dedi, Həsən, ürəyimdən keçən adama vermisən ssenarini. İsa dedi ki, ssenarini oxu, sonra görüşək müzakirə edək. Onlar bilirdilər ki, mən dərviş nəslindənəm. Bunları məndən yaxşı bilən olmayacaq.

Hə, bir də filmi birbaşa Heydər Əliyev sifariş vermişdi, onun nəzarətində idi deyə, demək olar ki, hər gün Kamran Hüseynov kinostudiyada olurdu. O vaxt, kinostudiyada hamı rusca danışırdı, nazirlər, katiblər nə bilirdi Nəsimi kimdi? Bir də gördün katiblərdən kimsə Mərkəzi Komitəyə getməlidir, mənə zəng edirdi ki, sən Allah, Nəsimidən mənə bir şey denən. Qorxurdular ki, birdən Heydər Əliyev Nəsimi barədə nəsə sual verər, bilməzlər. Nazir çağırıb məndən xahiş edirdi.

Nəsə, mən də ssenarini iki dəfə oxudum, lazımı yerləri qeyd elədim. Görüşəndə İsa Hüseynova dedim ki, dərviş rolunu özüm oynayacağam. İsa ilə Həsən Seyidbəyli də dedilər ki, bu rolu elə sənin üçün fikirləşmişik.

- Nə əcəb aktyor seçimləri olmayıb?

- Oldu. O rolu Mirzə Babayev də, Məlik Dadaşov da oynamaq istəyirdi. Mən də Həsən Seyidbəyliyə dedim ki, qoy sınaq çəkilişləri olsun. Çünki mənim artıq aktyor olmaq fikrim yox idi, aktyorluğun daşını atmışdım. Nə olsun ki, mən dərvişəm, belə şeyləri yaxşı bilirəm.

- Maraqlı təxəllüsünüz var, Şeyx. Soyadınız Mahmudbəyovdur amma.

- Mənim nəslim Şeyx nəslidir. Ulu babam Hacı Şeyx Mürsəl Ağa 1700-cü ilə Ərdəbildə Şeyx Səfiəddin İsaq Ərdəbilinin darülfünun qurtarıb. Şeyx olub. Sonra da Şamaxıya göndərilib. Mən onun altıncı arxa dönəniyəm. Şeyxlik dini status olmaqla yanaşı yaşadığı cəmiyyətin, mahalın mənəvi-əxlaqi dəyərlərinin daşıyıcısıdır. Sovet dövründə bizim nəsil çox təqib olunub. Onda Şeyx soyadını götürməyə qorxurdum. Müstəqillikdən sonra da bu soyadı çıxartdım ortaya. İndi bəla burasındadır ki, uşaqlarıma bu soyadı verə bilmirəm. Deyirlər Milli Məclisin soyad barədə qanunu var. Deyirəm a kişi, “ov”u verdiz ruslara, “yan”ı verdiz ermənilərə. İndi də “şeyx”i vermək istəyirsiz. “Ov” qədim türk soyadıdır. “Yan” da sənindi, “ov” da sənindi. “Yan”ı vermişik ermənilərə, ermənilər bütün dünyada bu soyadla tanınırlar.

news-inner-user
Mirmehdi Ağaoğlu

537 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Brodski: sürgündə xanımı ilə, mühacirətdə xanımsız
21:00 19 Avqust 2019
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
18:52 19 Avqust 2019
“Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb - Video
18:31 19 Avqust 2019
“Sosium” yenidən APA TV-nin efirində
17:44 19 Avqust 2019
Cinə inanan adam Nəsimini anlaya bilməz – Yazarlardan Firudin Qurbansoya sərt cavab
17:07 19 Avqust 2019
Maestronun xatirəsi anılacaq
16:22 19 Avqust 2019
Fikir qaşınması
15:29 19 Avqust 2019
Fikrət Qoca: “Nəsimini öz yazıçılarımız soyub” – Müsahibə
14:52 19 Avqust 2019
Rasim Balayev onu tənqid edən alimə cavab verdi: “50 ildən sonra səhv tuturlar”
14:01 19 Avqust 2019
Öpsün ciyərindən tüstülər, adam! – Orxan Bahadırsoydan Yeni Şeirlər
13:12 19 Avqust 2019
Rüstəm İbrahimbəyovun sədrliyi təsdiq olunub
12:34 19 Avqust 2019
Özünü döydürən qadınlar
12:00 19 Avqust 2019
Yeni çoxseriaylı film gəlir: "Kür nəğmə" - Fotolar
11:33 19 Avqust 2019
Fərid Hüseynin kitabı Serbiyada çap olundu
11:02 19 Avqust 2019
Oqtay Rzanın son müsahibəsi: “Yaradıcı adamlar 80 yaşında dünyadan köçürlər”
10:12 19 Avqust 2019
Məşhur pianoçu Bakıda konsert verəcək
09:51 19 Avqust 2019
“Rasim Balayevin filmdə Nəsimidən oxuduğu şeir biabırçılıqdır” – Müsahibə
08:47 19 Avqust 2019
Sərhədçinin tapılan iti... - Hekayə
14:01 18 Avqust 2019
Oqtay Rza vəfat etdi
13:32 18 Avqust 2019
38 yaşında güllələnən şairin şeiri – Bazar Oxusu
12:18 18 Avqust 2019