Markesin təriflədiyi zəif roman

Markesin təriflədiyi zəif roman
11 mart 2014
# 11:03

Elə əsərlər var ki, onları oxumasaq belə necə əsər olduğunu əvvəldən bilirik. Misal üçün “İtirilmiş zamanın axtarışında”, “Uliss”, “Buddenbroklar”, “İdeal” kimi əsərlər. Onlar haqqında artıq kifayət qədər fikirlər yazılıb-söylənilib və o əsərləri nə vaxtsa oxuyana qədər artıq onlar haqqında bizdə olduqca pozitiv fikir formalaşır.

Xuan Rulfonun “Pedro Paramo” əsəri də belələrindəndi. 1955-ci ildə çap olunmuş təqribən 100 səhifəlik roman Latın Amerikası nəsrinin mayakına çevrilib. “Pedro Paramo” sayəsində oxucular Latın Amerikası ədəbiyyatına istiqamətləniblər.

“Pedro Paramo” maqik realizm janrında yazılmış ilk romanlardan hesab olunur. Bu romandan Latın Amerikası nəsri yeni məcraya yönəlib, “Pedro Paramo”nun sehrli realizm bulağından su içmiş neçə-neçə ədəbiyyat incisi ortaya çıxıb. Qabriel Qarsiya Markes, Xulio Kortasar, Karlos Fuentes, Xorxe Luis Borxes kimi yazarlar Xuan Rulfonun yaradıcılığından təsirləniblər.

“Pedro Paramo” XX əsr Latın Amerikası nəsrinin nəhəng əsərlərindən, Xuan Rulfo isə adı ədəbiyyat tarixinə düşən yazıçılardandır.

“Pedro Paramo”nun Yaşarın tərcüməsində “Qanun” nəşriyyatında çap olunması xəbərini eşidəndə çox sevinmişdim. Nəhayət ki, adı dillər əzbəri olan bu kitabı oxuya biləcəkdim. Sevinirdim. Çünki “Pedro Paramo” haqqında o qədər yüksək fikirlər eşitmişdim ki, kitabı oxumağa başlayanda qəlbimdə zərrə qədər tərəddüd, zərrə qədər şübhə yox idi.

Təəssüf ki, belə olmadı. Kitabdan gözlədiyim nəticəni ala bilmədim. Və buna çox mütəəssir oldum. Bunun qəbahətini təbii ki, özümdə gördüm. Dedim, yəqin diqqətlə oxumamışam, odur ki, təkrar vərəqlədim. Amma yenə də bir nəticəsi olmadı.

Xuan Presiadonun anasının ölüm ayağında oğluna Komala kəndinə gedib atasını tapmağı tapşırır. Xuan Komalaya gedir, lakin kənddə artıq heç kəs sağ deyil, hər kəs ölüb. O özü də hiss etmədən ölür və ölülərlə söhbətində atası Pedro Paramonun gerçək kimliyini öyrənir.

Deyirlər Qabriel Qarsiya Markes bu əsərdən çox təsirlənib. Elə “Yüz ilin tənhalığı”nı oxuyanlar da bu təsiri sezə bilərlər.

Bəlkə də bunun səbəbi Latın Amerikası ədəbiyyatı ilə tanışlığımın xronoloji ardıcıllıqla olmamağındadır. “Pedro Paramo”nu Latın Amerikası ədəbiyyatının digər nümayəndələrindən tez tanısaydım, bu məyusluq olmazdı.

Bir misal; Qodarın “Yeni dalğa”nın başlanğıcı sayılan “Son nəfəsdə” filminə baxanda tarixi kontekstdən yanaşmasan heç bir yeni şey görə bilmirsən. Çünki sonrakı filmlərdə “yeni dalğa”nın texnikası sıradan bir kinematoqrafik detala çevrildiyi üçün “Son nəfəsdə” təsadüfən qarşına çıxsa onun önəmini anlaya bilməzsən.

Yaşarın bu sevimli əsərini sevə-sevə tərcümə etməsi də göz qabağındadır. Amma yenə də şeytan qəlbimə girdi; bəlkə tərcümədə ispan dili özü qüdrətini itirib, buna görə Xuan Rulfonun dühasını görə bilmirik.

“Səs-küy və hiddət”ə kimsə mənim əsərim deyil, Folknerə kimsə mənim yazıçım deyil deyə bilər. Bununla belə heç kim bu əsərin möhtəşəmliyini dana bilməz.

Qısacası, “Pedro Paramo” məni mütəəssir edən, təəccübləndirən, pis mənada heyrətləndirən bir əsər oldu. İnsanı inandıqları məyus edəndə xəyal qırıqlığına uğrayır, düşüncələri alt-üst olur. Bizim ədəbiyyatdan başqa inanılası nəyimiz var ki...

# 4165 dəfə oxunub

Oxşar xəbərlər

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

15:00 18 mart 2026
"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər