“Qanun” nəşriyyatı və Azərbaycan ədəbiyyatı

“Qanun” nəşriyyatı və Azərbaycan ədəbiyyatı
7 mart 2014
# 10:58

Azərbaycan ədəbiyyatının ən ağır günlərində “Qanun” adlı bir nəşriyyat yarandı və ilk gördüyü iş maklatura ədəbiyyatına zərbə vurmaq oldu - yenilikçi gənclərin, gerçəkçi yazıçıların kitablarnı çap etməyə başladı. Qonorar verməsə də, bu nəşriyyat gənclərin kitablarını pulsuz buraxırdı. Seymur Baycan, Əli Əkbər, Sevinc Elsevər, Günel Mövlud, Aqşin Yenisey, Qanturalı, Şərif Ağayar, Nərmin Kamal, Şəhriyar Delgerani... kimi gənclərin Azərbaycanoxucusuna tanıdılmasında (ən əsası isə gənclərin özlərini və bir-birilərini tanımasında) “Qanun” nəşriyyatının müstəsna yeri olub.

Şəxsənim ilk iri həcmli (412 səifəlik) kitabım burada işıq üzü görüb. Nə gizlədim, mən o həcmdə kitab buraxmağı xülya bilirdim. 100-150 səhifəlik kitablarım çıxmışdı və onları buraxınca mənimki mənə dəyirdi. Amma burada “qorxma, yaz, çap edərik” deyib sənə qol-qanad verirlər. Və yəqin ki, gün gələcəkdi ki, yazıçıya qonarar da verə biləcəkdilər. Heyhat...

Nəşriyyatın rəhbəri Şahbaz bəyin, məncə, ən böyük xidmətlərindən biri də dünya ədəbiyyatının tanınan simalarının əsərlərini sifarişlə tərcümə etdirib çap etməsidir. Markesi, Kafkanı, Mario Varqas Lyosanı, Herta Mülleri... ana dilimizdə məhz bu nəşriyyat səsləndirib.

“Qanun” nəşriyyatı Azərbaycanda romanın inkişafına ciddi təkan verib. Onsuz da romançılıq ənənələri zəngin olmayan ölkəmizdə gənclərin və onlardan bir az yaşlı olan biz 80-cilərin sayəsində yeni vüsət aldı ki, bunun da səbəbkarı yenə bu nəşriyyatdır. Yəni, çətin ki, yazdığının çap olunduğunu, satıldığını və oxunduğunu görməyən yazıçı yeni roman yazmağa girişəydi.

“Qanun” nəşriyyatının üstünə niyə gedirlər bəs? Hə. Burada məsələ çox qəlizdir. Nədən nigarandırlar bu feodal təfəkkürlü çinovniklər?!

Hər şeydə bir bazar təfəkkürü axtaranlar bilməlidirlər: ədəbiyyat deyilən bu selin ağzı açılıb daha. Çətin ki, onu bağlaya bilsinlər. Əgər buna cəhd edilsə, “samizdatlar” hesabına da olsa, bu ədəbiyyat inkişaf edəcək. Bu isə yaxşı heç nə vəd etmir. Ən yaxşısı, qanuni nəşriyyatlara toxunmamaqdır. Elə “Qanun”a da.

# 1102 dəfə oxunub

Oxşar xəbərlər

# # #