news-inner
clock11:22 calendar-gray 05 Mart 2014 view-gray1764 dəfə oxunub
view-gray1764 dəfə oxunub

Körpünün altında dayanan fahişələr...

Bu gün Azad Qaradərəlinin 60 yaşı tamam olur. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və “Körpünün altındakı iş yeri” adlı yeni hekayəsini oxucuların diqqətinə çatdırır.

- Adım Ramazandır. Düz 45 il əvvəl bir ramazan bayramı vaxtı doğulmuşam. Atam-anam namaz qılmazdılar. Kəndimizdə təkcə Şərəbanu arvaddan başqa namaz qılan, oruc tutan yoxuydu. Elə ramazan bayramı məsələsini də kənddə camaat onnan öyrənərdi. Ona da Ordubadda dəmiryolunda işləyən oğlu xəbər gətirirdi... İndi isə maşallah, üç adamdan ikisi namaz qılır, oruc tutur. Elə mən də, qızım, arvadım, hətta 11-də oxuyan oğlum da ibadətlə məşquldur. Hələ saqqal da saxlayıb – peyqəmbərin bu barədə hədisi varmış... Görürəm, dədaa çəkmisən. Ona görə hər şeyi saa danışıram. Zaddı... Mən köhnə politexnik institutunun avtonəqliyyatını bitirmişəm. Amma iş-güc nəəzir? Ona görə bir JİQULİ maşınım vardı, onuynan “taksovatlıq” eliyirdim, təzəlikcən də qərar çıxartdılar, sovet maşınlarına icazə vermirlər. Əlacım kəsildi, gedib girdim kreditə, bir HUNDAY almışam, onnan gündəlik çörəkpulunu çıxardıram. Bax, bura - Səkkizinci kilometr qəsəbəsinnən köhnə Razinə, indiki Bakıxanova qalxan körpünün altı mənim iş yerimdir. Hər gün səhər saat 9-dan axşam 12-cən burda oluram. Allahın köməyiynən gündə 5-6 müştərim olsa, bəsimdi. Vay o günə ki, 1-2 adam ola. Ya da heç olmaya! Bu da olur hərdən. Neynəsinlər, camaatda pul yoxdu. Hamı başını girələyir. Zavod yox, fabrik yox... Mənim əsas müştərilərim bu körpünün altında dayanan fahişələr, bir də onların müştəriləridi. Necə deyərlər, o kişilər o qadınlara müştəridir, mən də hər ikisinə. Əvvəllər çöçün gəlirdi maa ki, mən fahişələri, onların müştərilərini zina eləməyə aparıram, pul qazanıram, ailə saxlayıram. Bir gün məsçidə gedib mollaya sual verdim, dərdimi anlatdım. Sağ olsun, o da başa saldı ki, sən bunu nahaq özünə dərd edirsən. Bu sənli-sənsiz olacaq işdi. Əslində haramdı, amma belə şeyin xırdalığına getməzlər. Sən özünü bilməməzliyə vur, işini gör. Nağayrım axı, sən də mənim balam, düz üç gün o qəhbələri maşına götürmədim, axşama evə əliboş getdim. Bizim də çörəyimiz bunlardan çıxır axı. Hə, bude, gəldilər. Bax, o yaşlı qadını görürsən, o bunların hamısının şefidi. Bura yığılan fahişələrin çoxu klyentlərini onun evinə aparır. Orda görüşürlər. Burda taksi çoxdu, amma bunların əksəri mənnən gedir. Bilirsən niyə, maa etibar eliyirlər?

Birdən tez məndən aralanır və deyir:

- Yaxşı, sən mənnən bir az aralı dur, onlar indi maa tərəf gələsidirlər.

Kök qadın bayaqdan mənimlə söhbət eləyən Ramazana yaxınlaşır, əlini salıb onun cibindən bir siqaret götürür, yandırıb nəsə deyir. Ramazan da əlini onun belinə dolayıb nəsə deyir və gülüşürlər. Sonra ikisi də maşına otururlar. Bu vaxt 19-20 yaşlarında gənc bir oğlan qaçıb özünü maşına təpir və Hunday yerindən tərpənir. Mən təzə tanış olduğum Ramazanın belə tez getməsinə heyfsilənirəm. Əslində mən də işsizəm, kəndimizdən bura iş axtarmağa gəlmişəm. Avtobusda pulyığan, mağazalarda satıcı, maşınyuyan... nə olsa. Bu Ramazanın mənə belə tez isinişməsinə məəttəl qaldım. Özü yaxınlaşdı maa. Dədaa oxşatdım deyir! Dədə... Koramal ölüsü də kara gələrmiş...

- Razin, Aygün siti, dvores, stansi Razin, Kamsomolski kruq, Yod zavod...

Gücü gəldikcə qışqıran əyin-başı kirli bir oğlan 23 saylı avtobusun sürücüsü ilə zarafatından da qalmır:

- Kəriş, sən canın o Üzeyrin musiqisiynən qız bişirmisən heç?

Sürücü əlindəki manatı ona uzadıb maqnitofonun səsini qaldırır, Üzeyirin zır-zır zırıldayan səsi dayanacağı başına götürür.

Körpünün sağ əlində təzə bir qəzet köşkü var, sağında, solunda qəzet üçün yerlər düzəldiblər və bir-iki köhnə-külüş qəzet atıblar ora, gözdən pərdə asmaq üçün. Hamı bilir ki, bu, qəzet köşkü deyil, burada qəzetdən başqa nə desən satırlar. Necə deyərlər, ad mənim, yar özgənin. Yaxınlaşıb satıcıdan söz soruşuram:

- Salam, qaqa. Mən iş axtarıram. Belə bir iş olsaydı, zor olardı. Kömək eləsən, yaxşılığından çıxaram.

Gədə ağzını gen açıb ondan al-ver edən qadınla danışır deyin, mənə heç fikir vermir.

- Az, sən öl, saa sən öl deyənin canı ölsün, bir can şeymiş ki!

-Alə, mənnən yaxşıydı? Ay yazıq, sən hələ nələr görmüsən ki!? Əlini cibinə sal, çox yox, iyirmicə manat qoy ovcuma, saa elə nömrələr göstərim ki, ağlın başınnan çıxsın!

- Az, səni tanıyıram dənə...

Orta yaşlı fahişəylə söhbəti qəfil kəsib mənə dönür:

- Əlli manat verəcəksən, bu axşam bu cananla gedəcəm kefə... Səni də özümə smenşik götürəcəm... Nə deyirsən?

Ay da! Ə, bu gədə qadınla danışa-danışa mənim dediklərimi necə eşidirmiş?! Atanan, elm yiyəsi!.. Bax, işlər düzəlir yavaş-yavaş... Yazıq mamamın maaşından yığıb mənə verdiyi iki yüz manatdan yüz yetmiş manat qalıb. Əllisini verirəm bu gədəyə, üstəlik də iş qazanıram...

- Bəs mənim qazancım nə qədər olacaq?

- Az, sən canın, çox ora-bura sürtmə özüu. Axşam sənin qoynunduyam... Nədi? Hə, sənin qazancın günə on manat olacaq. Günorta yeməyin də bir yerdə yeyəcəyik, o on manata daxil deyil... Az, Nazı, eşitdin nə dedim?

- Hə, hə... Bir ştuçnı siqaret ver yandırım, naziyinnən olsun. Bəlkə bir on manat beh verəsən?

Gədə üzünü mənə tutub tez-tez deyir:

- Ə, tez on manat ver maa!.. Ya da elə əllini ver də indidən. Az gəl, gəl apar!

Anamın maaşından qısıxdırıb yığdığı puldan əlli manat çıxarıb uzadıram gədəyə:

- Adını da bilmədim?

- Adım... Eeee... Bu soxhasoxda ad vaxtıdı? Alikdi adım... Nə gözünü döyürsən?

Doğrudan da gözümü döyə-döyə deyirəm:

- Alik də ad olar? Russan?

- Ə niyə olmur? Rus nədi? Ələkbərdi, amma kimdi Ələkbəri doluyan?! Hamı burda maa Alik deyir... Ver bura görüm!.. Sən keç mənim yerimə, ayın-oyuna nəzarət elə, dəyib-toxunan olmasın, mən qəhbəni behləyib gəlirəm...

Həəə... Keçmişəm piştaxtanın arxasına. Allah sən saxla. On dəqiqə qabaq dünyanın ən miskin, avara, pul-parasız adamı sanırdım özümü. Amma indi işim var. Maaş alacam. Müstəqil addım atacam ilk dəfə əsgərlikdən sonra... Ehhhh... Yazıq mamanın sözünə baxmadım. Kitab açmadım. Oğraş papamız kimi oğraş oldum. Camaatın anası məktəbə valideyn iclasına gedərdi, sevincindən ürəkləri atdanardı. Mənimki də danlanmağa çağrılardı. “Xasay pəncərəni sındırıb. Şüşə çox iridir. On iki manat edir. Ya alın gətirin salaq, ya da pulunu verin özümüz gedib alaq.” Yazıq anam yenə maaşından qısıxdırdığı puldan verib mənim cəriməmi ödəyirdi...

- Boy, əyə, nə tez taxta çıxdın?

Ramazandır. Müştəriləri düşürdüb qayıdıb. İçi gülür. Deyəsən yaxşı pul veriblər. Bir manat uzadır mənə:

- Maa bir fanta-duşes ver, ciyarım yanır...

Hə, bu Ramazan atamın dostuymuş. Bir yerdə çox işlərdən çıxıblar. Rusetə də bir gediblər, bu pulnan qayıdıb, amma bizimki hələ də ordadır. Mənim on doqquz yaşım var, bunun on bir ilini atasız böyümüşəm. İnnən belə heç gəlməsin, neynirəm onu? Yox bir, gedib Xoşqədəmin verilişinə çıxacam!.. Ay, zırt! Bude, əlim çörəyə çatır, işləyəcəm, qazanacam, mamayla baş-başa verib dolanacağıq... Eh! Yalansa mənim! Vallah qınamayın məni, bəzən adamın özündən asılı olmur, elə bil kimsə kəsir başının üstünü, deyir vur şüşəni sındır, qızın sumkasın qap, qaç... Hə, belə kopoluluq da eləmişəm. Amma yox, daha belə şeylərə tövbəliyəm... Oğurluqdu, əyrilikdi, pul atmaqdı, yalandı – bunlara əl bulasam kopoluyam!.. Elə onsuz da kopoluyam də... Çörəyi doğramışam, and içmişəm. Bir də əyri yola getsəm, and kəssin məni!

- Sən belə elə, hava qarannıxlaşır. Namaza az qalıb. Bax, hər şeyin üstündə qiyməti var. Nə istəsələr, ver, amma üstündə qiyməti olanı vermə day. Sohra qatıb-qarışdırarsan. Bax, bu dəftərə də satdığını yazassan. Mən bu küncdəcə namazımı qılım, sohra gəlib saa bəzi şeyləri də başa salım, gedim cananın yanına... Qorxma, ikicə sahata qayıdıb gələcəm...

Alikdi. Dardülük yerdə namazını qılmağa hazırlaşır və qəfildən dönür mənə tərəf:

- Kstati, sən də hazırlaş, başla namazın sözlərini öyrənməyə. Mən namaz qılmıyannan işləyə bilmərəm. Müdürümüz də dindardı. Alnının ortası teyxa möhür qarasıdı... Bizdə təmiz adamları işə götürürlər.

Ağılsız-ağılsız soruşuram:

- Alik, bəs axşam gedəssən ha, namazdan sonra o olar?

Gədənin gözləri alacalanır, əllərini qoşalayıb tutur göyə:

- Allah böyükdü, bağışdıyandı... Keçər günahımnan... Sən də adamı qəliz-qəliz suallarınnan cana doyduma. Nə deyirəm, onu da elə.

Müştərilər tökülüşüb, başımı itirmişəm. Bircə bu dəftərə yazmaq olmasaydı... Onsuz da bu yazı-pozudan əvvəldən zəhləm gedirdi...

- Adın da yadımdan çıxdı, maa tez bir nazik kent ver, müştəri var!

Ramazandır. Kenti alan kimi maşınına sarı gedən bayaqkı qadına baxır. Qadın qızıldiş bir qocayla tez-tez danışır, hərdən də o yan-bu yana devikir. Mən yenə dilimi dinc qoymuram:

- Bəs bu nə tez qayıtdı?

- Eeee, sən də ki qurd-quran açana oxşayırsan ha... O gündə beşiynən, bəzən altısıynan, yeddisiynən yatıb-durur... Ona pul lazımdır, sağ ol...

Gedir, bir az keçməmiş qayıdır, deyəsən qadınla qızıldiş sövdələşə bilməyiblər.

Kişi bir az aralıda dayanıb. Amma gözü qadındadır. Deyir bəlkə qoca kişiylə sövdəsi tutdu.

- Ramazan əmi, ay Ramazan əmi, mən oğurluq da eləmişəm, satqınlıq da, çoxlu da yalan danışmışam, indi maa namaz qılmaq olar?

Kişi gedə-gedə sağ əlini yelləyir:

- Ə, sən nə axmaq adamsan!? Sən elə bil heç Rəsulun oğlu deyilsən. Sənin dədən gündə iki araq içirdi, iki rus qızıynan görüşürdü... Amma sən?.. Hə namazı deyirsən? Tobanın qapısı həmişə açıqdı deyiblər. Üç dəfə deynən, toba, toba, toba, mən bir də pis iş tutmuyacam, qurtardı getdi.

- Toba nədi?

- Bıy, ə, mən öz ləhcəmiznən deyirəm dana. Yani ki, tövbə...

- Həəə... Bildim. Papam da toba deyirdi?

- Yox, ə, nə danışırsan!? Onun bir forsu vardı ki, elə bil akademiyanın üzvüydü. Rus dilində elə natik danışan heç rus da görmədim. Qəzet oxuyan, hər axşam “Vremya” xəbərlər proqramına baxan, gözəl deklamasiyaynan şeir söyləyən adamdı dədən! Ə, mən kişiliyimnən ona hayıl-mayıl qalmışdım e... Rus qızları sürüynən dalına düşürdülər... Yaxşı, mən getdim, klent var...

Mən elə danışa-danışa bir xeyli al-ver eləmişəm.

Nəhayət, Alikin namaz dəsgahı başa çatır. Gəlib elədiyim al-verlə maraqlanır. Satdığım şeylərin siyahısına baxır və gözləri gülür.

- Sağ ol Xasay məllim! Ə, sən əməlli-başlı tacirmişsən ki. Malades!

Təəccüblə üzünə baxıram:

- Adımı hardan bilirsən?

- Nə ad ə?!

- Adım Xasaydı dana...

Gədədən bir gülmək çıxır, bir uğunub gedir, deyirəm bəs, ürəyi getdi. Handan-hana özünə gəlir:

- Sənin kefin olsun, Xasay məllim!.. Di yaxşı, biz Ramazan kişiynən basdıq qaza, buralardan muğayat ol... Yaxşı yadıma düşdü, pasportunu ver mənə.

- Onu neynirsən?

- Neçə ki, mənnən işdiyirsən, şəxsiyyət vəsiqən bizdə qalacaq... Hə, birdən ablava olsa, çalış qapıları bağla. Ya da bağlama. De ki, Alik indicə gələcək, buralardadı.

İstədim deyəm ablava nədir, qorxdum məni ələ salacaq. Daha üstünü vurmadım. Başladım xımır-xımır al-verə. Əyni-başı babat müştəri olanda iyirmi, bəzən əlli qəpik üstünə qoyuram. Bunu əvvəlcədən soruşub öyrənmişəm. Axı on manat çox azdır, gərək üçdən, beşdən də özüm çak-çuk eləyəm...

- Alə, otun var ottamagə?

- Nə?

Bu ayaq üstdə dura bilmir ki! Baz-buruta bax, danışığa bax. Dolayıb məni. Ot nədi, otlamaq nədi? Axmağın biri, axmaq!

Bir xeyli üzümə baxıb, aşa-aşa çıxıb gedir. Sonra qayıdıb Aliki soruşur. Deyirəm ki, bir azdan gələcək. Üzü əyilir. Divardan tuta-tuta uzaqlaşır.

Təxminən yarım saat sonra dörd polos qaça-qaça körpünün altındakı ora-bura gəzişə-gəzişə siqaret çəkib laqqırtı vuran fahişələrə hücum elədilər. Qadınlar qaçışdılar; camaata qoşulan kim, dayanan avtobuslara girən kim... Bir də gördüm ki, biri də qaçıb mənim yanıma təpildi. Töyşüyə-töyşüyə bağla dedi qapıları, yoxsa o kürən oğraş məni salacaq dubinkanın altına. Tez ol, nə istəsən, verəcəm. Qurbanın olum, bağla qapıları.

Mən bir an özümü itirsəm də, Alikin sözünü də xatırlayıb (demişdi, ablava olsa, qapıları bağlayarsan) tez qapıları içəri çəkib bağladım və bu dar-dülük yerdə qadınla qaldım nəfəs-nəfəsə. Düyməni basıb işığı yandıranda çaşıb qaldım: bu o şortu arvadlardan deyildi, otuz yaşlarında qəşəng bir qadın idi.

- Sən də onlardansan?

- Hə, - deyib ağlamsındı, - təzə gəlmişəm bura. Ərim oğraş narkamandır, evin bahalı əşyalarınacan satdı, indi də məni satır... Dedim, bir az pul toplayım, boşanacam onnan... Sən sağ ol, vallah! Kişi adamsan,qorxmadın. Mənə yiyə durdun...

Sonra məni qucaqlayıb üzümdən öpdü:

- Təzəsən burda?

- Hə, bir-iki saatdır işə düzəlmişəm.

Qadın dalını mənə çevirib girdi qucağıma, özünü mənə sürtə-sürtə yavaşca dedi:

- Bu elə-belədi, amma mən sənə bir kayf borclu! Özü də pulsuz-filansız. Bu Alik pis oğlan deyil, di gıl ki, insanlar çiy süd əmib, ehtiyatlı ol...

Sonra boynunu çiyninin üstünə qoydu:

- Gecə düşür, uşaqları tək qoyub gəlmişəm... Mənə beş manat verərsən? Onsuz da sənə borcluyam?

Yenə anamın pullarının üstündən on manat götürdüm, (beş verməyə ürəyim gəlmədi) ona uzatdım.

Ara sakitləşən kimi qapıları açdım. Qadın elə sivişib getdi ki, heç kim fərqində olmadı. Bu vaxt Ramazan əmi mənə yanaşdı:

- Gennən fikir verirdim, kişilik elədin, amma bax yolun o üzündə duran o polisi görürsən? Adı Cümşüddü, hamı Cümü deyir. Özü kimi alçağı yoxdur. Əgər bilsəydi ki, sən qəhbəni ora soxmusan, qanın getmişdi...

Bir azdan Alik gəldi. Qanı it qanından qaraydı. Soruşdum, heç dedi. Dalbadal iki siqaret çəkəndən sonra dili açıldı. Gözləri dolmuşdu.

- Mamarozanın evinə polislər hücum elədilər. Bizdən başqa daha dörd kişini, dörd qadını pasteldə tutdular. Lüt soyunmuş halda evdən çıxardıb maşına basıb həbsxanaya aparacaqlarını dedilər. Bu cəhənnəmə, televiziya işçiləri də vardı, onlar da bizi lüt çəkirdilər... Dedilər sabah xəbərlərdə özünüzə baxarsınız...

Hönkürüb ağladı. Sonra üzümə baxıb zarıdı:

- Üstümdə dükanın üç yüz manatı vardı... Onu verdim əl çəkdilər mənnən. Nə imkanın var, kömək elə, bu tüldən çıxım. Sonra hesablaşarıq... Axşam şef pulu aparmağa gələcək...

Yenə mamamın pullarına əl uzatdım. On manat götürdüm, qalanını qoydum Alikin ovcuna. O məni qucaqlayıb öpdü, bir saatlığına hara isə yox oldu.

Alik gəlincən mən də bu günkü çak-çukumu hesabladım: altı manat qabaq idim! “Cəhənnəm hər şey” deyib bayaq Alikin verdiyi namaz sözlərini əzbərləməyə başladım:

“Allahu əkbər"

"Əşhədu ən la ilahə illəllah"

"Əşhədu ənnə Muhəmmədən Rəsulullah"

"Əşhədu ənnə Əmirəl-mu''mininə Əliyyən vəliyyullah"

"Həyyə ələssəlat"

"Həyyə ələlfəlah"

"Həyyə əla xəyril əməl"

"Qəd qamətissəlat"

"Allahu əkbər"

"La ilahə illəllah"

***

Saat ona işləyirdi. Adamlar da azalıb, müştəri də tək-tük. Bir də gördüm ki, xeyli aralıda Ramazan əminin maşını dayandı, bayaq mənim yanımda gizlənən qadınla Alik gülüşə-gülüşə maşından düşdülər. Ramazan əmi əlini uzatdı Alikə, o da şappıltıyla çırpdı onun əlinin üstünə. Çaşıb qalmışdım: bunlar nə tez bir yerə yığıla bildilər? Bu Alikin kefi nə yaxşı belə tez duruldu? Hələ bu qadın? Bəs o uşaqlarını evdə niyə tək qoyub qayıdıb?

Yadıma düşdü ki, mən tövbə eləmişəm. Ona görə onlara tərəf heç baxmadım da. Bircə ona arxayın idim ki, sağ cibimdə altı manatım vardı. Hələ mamamın pulundan da on manat qalıb o biri cibimdə.

Sonra gözüm namaz sözləri yazılmış vərəqi axtardı. Amma tapa bilmədim. Yəqin külək aparmışdı.

Fevral 2013

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020