news-inner
clock13:05 calendar-gray 28 Fevral 2014 view-gray3295 dəfə oxunub
view-gray3295 dəfə oxunub

Bütün kişilər zavallıdır

1919-cu ildə İranın Kirmanşah şəhərində dünyaya göz açıb, 94 yaşında ikən, 2013-cü ilin noyabrında əbədiyyətə qovuşub.

Onun bədii yaradıcılığında modernizm, postmodernizm, elmi fantastika, utopiya və sufizm meylləri aşkar sezilməkdədir.

İlk romanı “Otlar nəğmə oxuyur” 1949-cu ildə işıq üzü görüb. 1952-69-cu illərdə onun “Zorakılıq uşaqları” yarıbioqrafik romanlar silsiləsindən beş romanı çap olunur. 1962-ci ildə çıxan “Qızılı dəftər” romanı feminist ədəbiyyatın klassik nümunəsinə çevrilir. 1979-1983-ci illərdə Lessinq “Arqosdakı Kanopus” silsiləsindən 5 roman çap etdirib.

Yazarın digər romanları aşağıdakılardır: “Cəhənnəmə enmək üçün təlimat” (1971), “Xeyirxah terrorçu” (1985), “Beşinci övlad” (1988), “Dərimin altında” (1994), “Kölgədə yürümək” (1997), “Yenidən sevişmək” (1996), “Maara və Den” (1999), “Atılmış Ben” (2000), “Oğru” (2007), “Alfred və Emili” (2008).

O, həm də 6 hekayə kitabının, 2 şeir toplusunun, 3 memuar kitabının, 2 opera librettosunun və 4 pyesin müəllifidir.

D.Lessinqin çoxşaxəli yaradıcılığı dünya ölkələrində təsis edilən bir sıra nüfuzlu ədəbi ödüllərə layiq görülüb: Somerset Moem mükafatı (1954, Britaniya), Avstriya Dövlət ədəbiyyat mükafatı (1981), Uolton Henri Smit ədəbiyyat ödülü (1986, Britaniya), Qrintsane Kavur mükafatı (1989, İtaliya), Ceyms Tayt ödülü (1995, Britaniya), Alfred Tepfer adına mükafat (Almaniya), Asturiya şahzadəsinin ədəbi ödülü (2001, İspaniya), Devid Koen mükafatı (2001), ədəbiyyat üzrə Nobel ödülü (2007).

Kulis.Az Doris Lessinqin “O” adlı hekayəsini təqdim edir.

- İlahi! Ürəyim düşdü, Meri…

Meri Bruk sobanın böyründə oturub, milçə ilə nə isə toxumaqla məşğul idi.

- Sənə bir baş çəkim dedim.

Enni Bleyk şlyapasını çıxartdı, əlindəki çörək və tərəvəzlə dolu tor zənbili stolun üstünə qoydu. Bu ara o, mətbəxə nəzər salmağa da macal tapdı. Əlüzyuyanda yuyulacaq boşqablar, stulun oturacağında isə bir əski var idi. Çəkinə-çəkinə: "Hər tərəf səliqəsizdir" – dedi.

Gözlərini toxumasından ayırmayan Meri Bruk: "Yaxşı, otur görüm. Bundan təmiz nə istəyirsən, axı?!" – dedi.

Bir az duruxan Enni stullardan birinə əyləşdi və gözlərini qapadı: "Bu pilləkən də…" dedi tövşüyərək. Sonra soruşdu: "Bir fincan çay içərsən, Meri?"

Meri toxumasını əlüstü bir kənara qoydu:

- Yox, sən otur. Mən dəmləyərəm.

Öz yöndəmsiz və taqətsiz bədənini zorla yerdən qaldırdı, krandan su doldurduğu çaydanı ocağın üstünə qoydu. Sonra rəfiqəsinin hələ də dilxor baxışlarla süzdüyü qab dəsmalını gətirib öz yerindən asdı və qapını arxadan kilidlədi. Mətbəx indi o dərəcədə təmiz və sahmanlıydı ki, onu hətta sərgiyə çıxartmaq olardı. Oturub, toxumasına sarı uzandı və qarşısındakı divara baxaraq, yəni toxuduğuna baxmadan işinə davam elədi və dedi:

- Dünən gecə o, dəli kimi bağırırdı yenə.

Yumulu göz qapaqlarını qaldıran Enni bunun ardınca qəddini də dikəltdi, özündən asılı olmadan: "Eləmi?" – deyə soruşdu. Üz əzələləri gərilmişdi.

- Onun kimi bir qadından başqa nə gözləmək olar?! Gün-günorta olmayınca yeri-yatağı ortadan qaldırmaz. Ev-eşik kirin-tozun içində. Qadını kötəkləyərkən ona: "İyrənc fahişə!" deyə bağırırdı.

Enni peşmancasına dedi:

- Mənim onun üçün etdiklərimi o qadının eləmədiyinə heç şübhə bəsləmirəm, - dedi.

- Haradasa səhərə qədər bir-birinə bağırıb, qapıları çırpdılar. Hamı da bunu eşidirdi.

Bir tərs və bir dənə də düz ilmə vurandan sonra sözünə davam elədi:

- Məncə, bunlarınkı uzun sürməz. O qadınla birgə yaşadığı altı ay oldu yəni?

Enni özündən razı halda dilləndi:

- Sözün düzü, o mənə bir kərə də əl qaldırmamışdı. Heç vaxt. Görünür, mənim başqalarından qürurlu olduğuma yaxşı bələd idi.

- Haqlısan, canım. İki tərs, bir dənə də düz ilmə.

- Onun dəli-dolu bir xasiyyəti var. Yay-qış heç fərq eləməz, hər gün sübh dörddə yuxudan oyanıb, ofisləri təmizləyər, sonra isə gündüz yeməyinə qədər miss Lindin evində yır-yığış edərdim. Bütün bunlara rəğmən, evə gəlcək yeməyini qabağına qoymasaydım, əsl mərəkə qoparardı. Mən də ona deyirdim ki, əgər beşcə dəqiqə gözləməyə səbrin çatmırsa, onda evə get və özünə yemək hazırla. Elə mən də evə sənin qədər pul gətirərəm də. Ancaq əlini ağdan-qaraya vurmazdı o. Zavallının biridir o! Bütün kişilər kimi zavallıdır!

Meri rəfiqəsini cəld və sınayıcı baxışlarla süzüb, mızıldandı:

- Ancaq yenə də etiraf elə ki…

- Uşaqlar da, yır-yığış da, bütün günü işləmək də mənim boynuma düşürdü. Hərdənbir işsiz qaldığı vaxtlarda ailə təkcə mənim qazancımla dolanırdı… Hətta çaydanı da ocağın üstünə qoymağa ərinər və "Bu, qadın işidir" deyərdi.

- İki tərs, bir düz ilmə, - dedi Meri, halbuki qayğılı üzündən başqa bir şey söyləmək istədiyi sezilirdi. Ən nəhayət, o, təskinlik verərmiş kimi:

- Bunun nə demək olduğu hamımıza bəllidir, - dedi.

Enni çevik şəkildə yerindən qalxıb, buxar püskürən çaydanı ocaqdan götürdü və əlini dəm çaydanına uzatdı. Zərif və dümdüz qamətinə arxadan göz qoyan ona iyirmi yaş ancaq verərdi. Buxar qalxan dəm çaydanı ilə geri dönəndə gözləri güzgüdə öz əksinə sataşdı. Çaydanı yerə qoyub güzgüyə yanaşdı. Əliylə üzünə toxunaraq dedi: "Bunun sir-sifətinə bax!" Yerindən oynayan bir sancağı saçına bərkidib, çiyinlərini dartdı və: "Kimin gözünü-könlünü oxşamalıyam ki, görəsən?!" - dedi.

Fincanları çıxartdı. Zərif cizgilərə malik üzü onu əzən qayğılardan sərtləşmişdi, xırda, mavi rəngli gözlərinin kəskin baxışları vardı. Yerinə oturarkən əsəbi bir jestlə əlini saçında gəzdirdi. "Saçımı yığmalıyam" deyə mızıldandı.

- Oğlanlardan nə xəbər var?

Enninin masanın üstünə qoyduğu əli yumruq şəklində düyümləndi.

- Aylardan bəri Çarlidən bircə sətir xəbər ala bilmirəm. Heç bir düşünmürlər də ki… Çarliyə yaxşı bələdəm, günlərin bir günü geri dönəcək və yerinin hazırlanmasını gözləyəcək. Missis Tomasdan isə Tomminin Mançesterdə bir işlə məşğul olduğunu öyrəndim. Hələlik təkcə Dikdən səmimiyyət dolu bir məktub almışam…

Qadının üz cizgiləri yumşaldı, dalğın gözləri yol çəkməyə başladı.

- Atası barədə yazıb. Mənə təklif edir ki, istəyirsən gəlim, atamla hər şeyi kişiyana danışım. Mən də cavab yazdım ki, atan barədə bu tonda danışman xoş bir şey sayılmaz, hər nə cür davransa belə, onun hörmətini saxlamalısan. "Atana ağıl vermək sənin işin deyil" dedim ona.

- Enni, oğullar sarıdan bəxtin gətirib.

- Canla-başla çalışırlar və heç kəs bunu inkar edə bilməz. Heç vaxt da yanlış bir addım atmayıblar. Hər halda heç nədə atalarına çəkməyiblər.

Bu yerdə Merinin yorğun baxışlarında bir istehza peyda oldu:

- Qoy görək, Enni, həyatda hamımızın yanlış addımları olur.

Enni bu sözləri qulaqardına vurduğu üçün xüsusi vurğuyla əlavə elədi:

- Onu bu səhər küçədə gördüm.

Enni fincanını zərblə nəlbəkiyə çırpdı:

- Tək idi?

- Yox. Ancaq məni bir kənara çəkdi… və əgər səninlə rastlaşarsam, dediklərini sənə çatdırmamı istədi... Pulu isə sabah yox, bu axşam gətirəcəyini bildirdi. Cümə axşamlarında qadın anasıgilə gedir yəqin, o da hazır…

Enni təlaş içində ayağa durdu. Təkrar əyləşdi və qaşıqla çayını qarışdırmağa başladı. Əli titrədiyindən çay qaşığı hər dəfə fincana dəyəndə şaqqıltı yaranırdı. Bikef halda dilləndi:

- Ən azından pulu vaxtında gətirəcək. Ondan məhkəməyə şikayət etməyə məcbur qalmadım. Özü bunu məsləhət gördü. Həm də axı, balalarına aliment verəsi deyildi, çünki hamısı öz başını saxlayacaq yaşdadır artıq.

Başını önə doğru əyən Meri üyüdüb-tökürdü:

- O, hələ də səni düşünür, Enni. Səmimi sözümdür.

Enni qeyzləndi:

- O, özündən başqa heç kəsi düşünməz. Əsla və əsla.

Meri içini çəkdi:

- Yaxşı, sən deyən olsun, - dedi. – Gedim. Axşam yeməyi hazırlamalıyam.

Toxumasını torbaya dürtdü. Rəfiqəsini ovundurmaq üçün:

- Bəxtin gətirib, - dedi. – Bir az təkbaşına qalmaq istədiyin vaxt heç kəs rahatlığına haram qatmır. Özündən başqa heç kimsənin qeydinə qalmağa məcbur deyilsən daha.

- Heç düşünmə ki, onun ardınca göz yaşı-filan axıdıram. Ömrümdə ilk dəfə nəyi isə vecimə almıram. Qadın həyatı boyu əri və övladları üçün hər cür köləliyə qatlaşır. Onlar isə təşəkkürə də gərək duymadan bir gün həyatından çəkilib gedirlər. Odur ki, ən nəhayət, sən də ürəyin istəyəni etmək imkanı qazanırsan.

Meri həsədlə dedi:

- Sənin yerində olmaq istəyərdim.

Kandara çatanda o, daha nə isə deməyə gərək duydu:

- Döşəmə o qədər təmizdir ki, üstündə yemək də yeyə bilərsən.

Meri gedən kimi Enni önlüyünü taxdı, ətrafı silib-süpürməyə girişdi. Dizi üstə düşüb, döşəməni parlatdı, sonra paltarını çıxarıb, əlüzyuyanda yuyundu. Rəngi soluxan pırtlaşıq saçlarına daraq çəkdi. Qızardılmış sosisə bənzəyənə qədər hər iki yanağını durmadan şillələdi. Paltarını geyinib, təkrar masa arxasına keçdi. Çox keçmədən qapı açıldı: Rob Bleyk kandarda dayanmışdı.

Qəddini xəfifcə əyən bu çəlimsiz kişi qarşısındakından üzr diləməyə hazır görünürdü. Kübar tərzdə soruşdu:

- Məşğulsan deyəsən, Enni?

Enni ona əmr edərmiş kimi, sərt tərzdə dedi:

- Keç, otur.

Bir anlığına kandarda karıxan kişi baxışlarını yerdən ayırmadan içəri keçdi. Buna rəğmən, çəkmələrinin yerə döşənmiş müşəmbədə buraxdığı toz ləkələrinə nəzərləri sataşan Meri çimçisdi.

Rob dostyana şəkildə dilləndi:

- Bunu da özünə dərd eləmə. Həftədə bircə kərə mənim ayağımın tozuna dözə bilərsən yəqin?

Enni güclə gülümsədi. Təlaşlı mavi gözlərini indi o, stul çəkib oturan Roba zilləmişdi.

- Ev-eşiyi nəzərdə tuturam, Enni.

Ancaq səmimi söhbətə bu keçid cəhdinə Enni hər hansı reaksiya vermədi. Bir dəqiqəlik sükutdan sonra dilləndi:

- Diklə danışdım. Evlənmək istəyir.

- Evlənir?! Day denən ayaqlarımız göydə qalacaq ki!

- Sənin ayaqların elə həmişə göydədir! – deyə Enni kinayəsindən qalmadı.

Kişi üzünə yaltaq bir təbəssüm qondurdu və buna etiraz elədi:

- Yaxşı da, Enni…

Ancaq Enninin üzündəki ifadə əsla yumşalmadı. Qadının üzündəki narazılığı sezən Robun da təbəssümü qeybə çəkildi və o, cibindən çıxartdığı zərfi Enniyə uzatdı.

Enni üzünə baxmadan ona:

- Sağ ol, - dedi. Sonra isə içində yığılan zəhəri Robun üstünə püskürtdü:

- Deməli, o qadından ancaq bu qədər qopara bilirsən, eləmi? – dedi.

Kişi susurdu. Bu əsəbilik və sinir dalğasını aşa bilməkdən ötrü bir yol, bir üsul axtarır və oğrun-oğrun arvadını süzürdü. O ara çarəsizlikdən diliylə dodaqlarını yalamağından da qalmırdı.

- Bəzi qadınlar özlərini balalarından və onlarla bağlı qayğılardan uzaq tutmağın yollarını yaxşı bilirlər. Kefləri istəyəni edirlər, ürəklərinə yatan həriflərlə yatıb-dururlar. Özlərinə layiq görmədikləri işlərin isə heç birisinə yaxın durmurlar.

Rob içini çəkəndə, Enni ondan: "Bir fincan çay içərsən?" – deyə soruşdu. Ancaq kişi artıq yerindən qalxmağa hazırlaşırdı.

- Yaxşı, süz görək, - deyib, təkrar yerinə əyləşməli oldu.

Enni arxasını ona çevirib, ocağın başında dayandığı anlarda Rob mətbəxə göz gəzdirdi. Üzündə bezmişlik və naxoş kinayə dolaşırdı o ara. Hər nə qədər yaşlansa da, çiynindəki yükü inadla daşımaqdaydı bu qadın. Kəlmələri seçib-sonalayaraq, sözə başladı:

- Enni, bundan belə özünə çox da əziyyət vermə sən.

Ennidən buna bir cavab gəlmədi. Əlində bir cüt fincanla geri döndü və ərinin fincanına hələ şəkər də qoydu. Arvadından gördüyü bu qayğı ifadəsi Roba cürət verdi.

- Enni, - deyə sözə başladı. – Enni, bəlkə o məsələni bir daha danışaq?

Bunu deyərkən o, irəli əyilib, naşı tərzdə çayını qarışdırmaqdaydı. Birdən fincanı aşırtdı. Enni ona çımxırdı:

- Gördün nə elədin?! Bu qədər naşı olma barı!

Sonra qab dəsmalını götürüb, masanı quruladı.

Arvadının püskürdüyü enerjidən çəkinən kişi dil-ağız eləməyə məcbur oldu:

- Bir az çay dağıldı da, Enni.

- Bir az çay imiş! Mən günün yarısını ev-eşiyi yığışdırmaqla keçirim, sən gəlib, bir dəqiqədə hər tərəfi donuz axırına çevir, getsin!

Arvadıyla bağlı bir isterikanı yadına salan Robun üzü qaraldı.

Enni ərini təqsirləndirərək, sözünün ardını gətirdi:

- Hə, hə, eşitmişəm. Yorğan-döşəyi günortaya qədər yığıb-yığışdırmır o, evə isə həftədə bircə dəfə əl gəzdirir.

Rob da ona bağırdı:

- Ən azından mənə verdiyi dəyər sənin döşəməni silməyə verdiyindən daha yüksəkdir!

O ara bir-birlərini nifrətlə süzürdülər.

Bu həssas məqamda kənar bir səs dəydi qulaqlarına:

- Rob! Rob!

Enni əsəbi halda qəhqəhə çəkdi:

- Səni harada istəsə, orada saxlayır, güdür və göz altında tutur. Gərək duyanda hətta ardınca da düşur.

Qapının o biri üzündəki qadının özünə güvənən və uca səsi təkrar eşidildi:

- Rob? Oradasan sən, Rob?

- Hətta səsindən də anlaşılır ki, hansı yuvanın quşud…

Rob ona təpindi:

- Ağzını yumsana! – Nəfəsi daralmaqdaydı. - O dilinə bir az hakim ol!

Enninin gözləri yaşarmışdı, ancaq işıldayan mavi bəbəklərində aşkar intiqam ifadəsi sezilirdi.

- Rob! Rob! Lap nadinc küçük kimi haraya gəldi, baş alıb gedirsən!

Qadın qapını var gücüylə döyəclədiyi üçün Rob ağır-ağır yerindən qalxmalı oldu.

Bunu özü üçün təhqir sayan Enninin çənəsi titrəməyə başladı. Əvvəlcə Enninin yanında qalmaq keçdi Robun könlündən və bunu sezmək çətin deyildi. Üzrxahlıq edərmiş kimi o, Ennini süzdü, sonra kandara tərəf gedib, qapını azca araladı və çox əsəbi, lakin qısıq səslə bayırdakına təpindi:

- Kəs səsini! Eşitdin?!

Sonra qapını örtdü və kürəyini qapıya söykərəyək, Enniyə dikdi baxışlarını. Ürəyi sıxılırmış kimi:

- Enni, - dedi və təkrarladı: - Enni…

Ancaq Enni əllərini bir-birinə düyümləmişdi, üzündə barışmaz ifadə vardı və arxası Roba dönük halda bayaqkı yerində oturmaqdaydı.

Özündən çıxan Robun ümidləri yerlə-bir olunca o:

- Yaxşı da, - dedi. – Ən doğru hərəkətləri həmişə sən etməlisən də, eləmi? Əslində bütün problemlərin də bundan doğur: «Görən nəyi doğru, nəyi yanlış elədim?» Elə bil ki, sən – gipsdən hazırlanmış müqəddəs mələk heykəlisən!

Bunu deyib, evdən çıxdı.

Hər şey öz yerinə oturuşana qədər Enni çevrəsinə qulaq kəsildi, qımıldanmadan yerindəcə oturdu. Sonra dərindən əsnədi və səsi çıxmasın deyə, o ara hər iki yumruğunu yanaqlarına sıxdı. Meri Bruk evə dönənə qədər beləcə oturdu. Meri heyrət dolu bir sual verdi ona:

- Getməsinə necə razı oldun, axı?

- Nə isə, buna da şükür.

Meri çiyinlərini çəksə də, sonra ürəklənərək dedi:

- Sən gəl, ona bunca qərəzli davranma, Enni. Ona bir az imkan tanısana.

- Beləsinə imkan tanımamı o, ancaq öləndən sonra görər! – dedi Enni titrək dodaqlarının arasından. Sonra isə əlavə elədi:

- Qırx beş yaşım var və belə çıxır ki, mən bir toz yığınının təpəsində olmalıymışam.

Bir az susandan sonra dalğın və soyuq tərzdə dedi:

- İyirmi beş il birgə yaşadıq, üç övlad böyütdük və indi bizi atıb gedir. Həm də o… o…

Meri tez qərar çıxartdı:

- Ən azından ondan qurtuldun. Bu, danılmaz bir həqiqətdir.

- Hə, bunun fərqindəyəm…

Enni oturduğu stulun hər iki böyründən yana doğru salxmaqdaydı. Üzü daş kimi sərtləşmişdi, göz yaşları burnundan çənəsinə doğru uzanan işlək bir cığırla, həm də incə kanal boyu axır, oradan isə bəmbəyaz yaxasına damlayırdı.

Rəfiqəsi yalvarırmış kimi onu səslədi:

- Enni… Enni…

Enninin üz əzələləri titrədi. Meri yanaşıb onu ağuşuna basdı və:

- Sakit ol, canım mənim. Yaxşı? Sakit ol, canım, - deyə pıçıldadı.

Enni:

- Heç bilmirəm mənə nə olub? - deyə hönkürdü.

Merinin geniş çiyinlərinə dəyən səsi boğulmaqda və əks-səda kimi gəlməkdəydi bu ara.

- Bu lənətəgəlmiş dilimə heç cür yiyəlik eləyə bilmirəm də mən. Onsuz da o, məndən bezib, yorulub, ancaq mən hələ də onu yaxınıma buraxmıram. Özümə bir hədd qoya bilmirəm. Heç anlamıram ki, mənə nə olub belə?!

- Yaxşı, canım-gözüm, sakit ol daha.

İri şaqqalı və ətli-canlı Meri incə-mincə rəfiqəsi Ennini çağa kimi qoynuna sıxıb, yırğalayırdı:

- Özünə toxtaq ver, canım. O, yenə geri dönəcək, görəcəksən.

Sırf onu sakitləşdirmək üçün yalan deyib-demədiyini öyrənməyə çalışan Enni başını qaldırıb, rəfiqəsini süzdü:

- Doğru sözündür?

- İstəyirsən, gedib, onu geri gətirim?

Bunu arzulasa da, Enni bir anlığa duruxdu.

Tərəddüdlə soruşdu:

- Səncə, bu, doğru olar ki?

- Bax, gedirəm, hələ ki qadın ortada yoxdur, onu geri qaytaracağam.

- Doğru sözündür, Meri?

Meri bürüşmüş paltarını səliqəyə salaraq, ayağa qalxdı. Rəfiqəsinə yalvarırcasına dedi:

- Sən məni gözlə, canım.

Sonra qapıya tərəf yönəldi və çıxarkən:

- Enni, çox da dərinə getmə. Ona bir imkan daha ver, - dedi.

Qürurundan hələ də əl çəkməyən Enni qısıq səslə:

- Geri dönsün deyə, onun ardınca düşüb qaçmalıyam bəlkə?

Səbir kasası daşmağa hazır görünən Meri canını dişinə tutub, soruşdu:

- Sən onun geri dönməsini istəyirsən, ya yox?

Ennidən cavab almadığı üçün Meri qaçaraq, qapıdan çıxdı.

Gərgin halda və qımıldanmadan oturan Enni gözlərini qapıdan çəkmirdi. Qarmaqarışıq, üsyankar və qızğın fikirlər beynində cövlan edirdi: "Əgər təkrar onunla baş-başa olsam, nə düşündüyümü heç vaxt ona söyləməyəcəyəm, öz həqiqətlərimi ondan gizləyəcəyəm, çünki o, mənə sadəcə alışıbdır, ona görə də bunları ona açıb söyləsəm, yenidən məni tərk edər".

Ancaq bu da bütün həqiqət deyildi. Ərinin üzündəki səmimiyyəti xatırlayınca, ona bəslədiyi hiddət bir anlığa səngidi.

Sonra özünün uzun və keşməkeşli həyat yolunu, qatlaşdığı min bir əziyyəti, durmadan əlləşib-vuruşmasını gətirdi gözləri önünə. Bunların hamısını birdən, lap indicə baş veribmiş kimi xatırladı. Uşaqlar kiçik ikən iş-gücdən ağrıyan belini, hər şeyə rəğmən, ora-bura necə vurnuxduğu vaxtlarda ərinin yataqda rahatca uzanıb, qəzet oxuduğunu canlandırdı yaddaşında… "Bunlar hamısı məhz belə də olmalıydı!" – deyə bağırdı öz-özünə. Sonra isə: "Yox, bu doğru deyil, həm də kökündən doğru deyil!.." – dedi.

Dözülməz bir haqsızlıq hissi ona hakim kəsilmişdi və əgər ərinə qovuşmaq istəyirdisə, bütün bunları özündən uzaq tutmağa, qəlbinin dərinliklərinə gömməyə məcbur olacaqdı. Çünki özü də artıq yaxşı anlayırdı ki, bu hiss hər şeydən daha güclüdür və özüylə bacarmasa, həyatının heç bir mənası qalmayacaq.

www.facebook.com/azadyasharofficial

news-inner-user
Azad Yaşar

83 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020