“Əşyalar və sözlər”-YENİ LAYİHƏ

“Əşyalar və sözlər”-YENİ LAYİHƏ
20 fevral 2014
# 12:46

Əşyaların qiyməti həmişə onun maddi dəyəri ilə ölçülmür.

Məsələn, Paqanininin skripkası, Bethovenin pianosu, Üzeyir Hacıbəylinin eynəyi və s. Hətta, istənilən məşhurun, istənilən əşyası...

Bir də var, insanın özü üçün xüsusi məna daşıyan əşyalar. Məsələn, Əkrəm Əylislinin “Kür qırağının meşələrini” yazmağa başladığı qələm bütün ədəbiyyatsevərlər üçün maraqlı olar. Amma, Əkrəm müəllimin özü üçün, tamam fərqli, heç gözləmədiyimiz bir əşya daha böyük mənəvi yük daşıya və hətta onun həyatının mühüm bir hissəsinin simvoluna çevrilə bilər.

Sizdə necədir?

Sevdiyiniz və heç vaxt unutmadığınız, həyatınızın hər hansı bir dönəmini rəmzləşdirən bir əşya varmı? Onu qoruyursunuzmu? Bəlkə itirdiyiniz üçün əhəmiyyətlidir? Bu barədə yazmaq istərdinizmi?

Kulis.az yeni bir layihəyə start verir: “Əşyalar və sözlər”

Bu barədə yazarlar da, oxucular da öz yazılarını təqdim edə bilər.

Janrı və həcmi özünüz seçin. Necə rahatdırsa o cür... Azad və səmimi.

Başlayırıq.

***

“Ən dəyərli əşya” layihəsindən ilk yazını – Şərif Ağayarın “Dolça”sını təqdim edirik.

Dolça

Hardasa on beş il öncə “Dolça” adlı hekayə yazmaq istəmişəm.

Səbəbini yubatmadan deyim: bizim kənddə (Laçın. Ağbulaq) Cəfər adlı məşhur bir ovçu vardı. 130 ilə yaxın ömür sürdü. Yadımdadır, o, başdaşını özü hazırlatdırmışdı. Bir dəfə uşaq ikən oynaya-oynaya evlərinin zirzəmisinə girdik, başdaşını görəndə xeyli qorxduq.

Cəfər kişi həm də söhbətcil adam idi. Danışdığı maraqlı əhvalatlar dillərdə dolaşırdı. Hətta səsini lentə yazıb saxlayanlar vardı. Məsələn, bizim kəndin adının yaranması ilə bağlı demişdi ki, burda çoxlu bulaqlar var, bulaqlar çıxan yerlərdə isə daşların hamısı ağappaqdır. Ona görə bulaqlar da ağ görünür...

Cəfər kişinin gəlini – oğlunun həyat yoldaşı bir gün evin künc bucağından köhnə mis dolça tapır. Dolça ağır olduğundan evdə işlətmək elə də rahat deyil. Ona görə, lazımsız əşyalarla birlikdə köhnə çuvalın içinə atmaq istəyir. Cəfər kişi qoymur və ona bu dolçanın əhvalatını danışır.

Gənc vaxtları imiş, mərhum həyat yoldaşı Qüdrət arvadla kəndimizin üstündəki “Yeddibölük” yaylağında qalırmışlar. Qış qabağı odun-ocaq tədarükünə hazırlaşan Cəfər kişi, həyat yoldaşına deyir ki, atı palanlamaq üçün möhkəm bir örkən toxusun. Onu deyim ki, örkən xalça kimi toxunur və hazırlanıb başa gəlməsi ən azı beş gün, bir həftə çəkir.

Qüdrət arvad örkəni toxuyub təzəcə bitiribmiş ki, yaylağa alverçi gəlir. Qadının gözü onun satdığı həmin bu mis dolçaya düşür. Ərindən xahiş edir ki, dolçanı alsın. Ancaq Cəfər kişinin nağd pulu olmur. Bu vaxt təzə toxunub hasarın üstünə sərilmiş bəzəkli örkən alverçinin diqqətini çəkir: “Onu verin, dolçanı alın” – deyir.

Cəfər kişi tərəddüd edir. Axı havalar tezliklə soyuyacaq, səhər tezdən meşəyə getmək lazımdır. Amma canı qədər sevdiyi gənc həyat yoldaşının dolçaya həsrətlə baxdığını görüb dinmir.

Dolçanı örkənlə dəyişirlər.

Ancaq səhər hava ağarmamış Qüdrət arvad ərini səsləyir:

“Qalx, çayını iç, meşəyə get!”

Cəfər kişi inanmır, elə bilir zarafat edir, amma duranda baxır ki, doğrudan da əvvəlkindən daha gözəl örkən artıq hazırdır! Qüdrət arvad onu bir gecəyə toxuyub başa gətirib.

Cəfər kişi xeyli mütəəssir olur... Bilmir sevinsin, yoxsa qüssələnsin.

Bu əhvalatı eşidəndən sonra Cəfər kişinin gəlini həmin dolçanı təzədən qalayladıb servantın gözünə - 130 yaşlı kişinin gözlərinin qarşısına qoyur.

...Nədənsə “Dolça” hekayəsini yazmadım. Gördüyünüz kimi, o dolçanı unutmadım da! Sizi bilmirəm, bu əhvalat mənə çox təsir eləmişdi. Və inanın, öz həyatımda mənə bu dolça qədər təsir edən əşyam olmayıb. Heç mən o dolçanı görməmişdim də. Deyəsən, öləndə Cəfər kişinin qəbrinə qoydular. Ancaq, o dolça indi artıq həm də mənim taleyimlə bağlı bir əşyadır. Çünki artıq suları ağ daşların üstü ilə axan kəndimiz özü boyda bir məzarlığa çevrilib. Mənim üçün onun Cəfər kişisi də, Qüdrət arvadı da, dolçası da eyni yerdə, eyni mənəvi məkandadır!

# 2960 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #