Ağzı sürüşkən yazı

Ağzı sürüşkən yazı
5 fevral 2014
# 14:35

Qismət yazır...

Əşşi nolasıdı ki... bağrımız çatlamasın, ayaq düzələn işdir. Bir dənə poetikini gupbuldadım: yollara ayaq döyməklə deyil ha, yol adamı döyməsin gərək. Allah məni güldürsün!

Görün nə deyirəm, “ayağı sürüşkən”lər ordusuna qatılmağımın səhəri günü, dünya şöhrətli rentgen şüalarına ayağımı təslim edib evə qayıdarkən, blokumuzun qabağında yenə həmin xala peyda oldu. Bu həmin xaladır ki, romanlarda, filmlərdə yan personaj kimi görünüb gözdən itir, marşrutlarda sürücünün arxasındakı oturacaqda oturub yolboyu hər şey və hamı haqqında fikir bildirir. Tanıdınızmı? Yox, o xala yox, o birisi – o toyda-nişanda, ad günündə, ailəvi qonaqlıqlarda hər şeydən mütəfəkkir ədası ilə danışanları deyirəm. Ay sağ ol, bax, o xala!

Qoltuq ağacına güc verib pilləkənləri çıxmağa hazırlaşırdım ki, həmin xala hardasa peyda oldu, ssenaridə ona yazılan sözləri deyib yoxa çıxdı. Təxminən belə: “Vay-vay, yazıq bala, mənim qaynımın da başına gəlmişdi. Çoxlu xaş ye...” Müdhiş performans! Qəti şişirtmirəm, Cem Yılmaza baxmadığınızı bilsəm, nə vardı ki. (Cem Yılmazın “Qayın” zarafatına burdan baxa bilərsiniz) Amma ki, xala elə beləcə də dedi: “... qaynımın da...”

Bu xalalar “çənədənsazlar” fəsiləsinə aid olurlar; yalan deyirəmsə, gecənin yarısı konturum qurtarsın, kreditim də olmasın.

Bir dəfə marşrutda həmin bu növə aid xalalardan birini yaxından müşahidə etmək şansım olub. Harasa uzaq bir yerdə gedirdim, xala da həmişəki yerində - sürücünün arxasındakı oturacaqda barrikadasını qurmuşdu. Çox keçmədi ki, xala, futbol diliylə desək, “isinmə hərəkətləri” tipində bir-iki cümlə ilə işə başladı. Sonrasını sürücünün cavablarını yazmadan, bircə xalanın dedikləri kimi təqdim edirəm:

“Niyə nazirliyin qabağından çıxmadın ki, o yaxşı yoldu...”

“Vay-vay, bu yolları da düzəldib qurtarmadılar da...”

Başının üstündə dayanmış cavan qıza: “Mənim də bu rəngdə şarfım vardı, amma şarfla olmur, qalın geyinmək lazımdı...”

Əvvəllər “çənədənsazlar” fəsiləsinə aid olduğu hər halından bəlli olan, amma sonra müxtəlif səbəblərə görə təqaüdü çıxdığı açıq-aydın görünən başqa bir xala köhnə vərdişə əsasən sözə qarışır: “Zamana pozuluf bajı, indiki cavanlar özlərinə baxmır ha...”

“Düz deyirsən, anam, mən bu yaşımda canıma da qulluq eləyirəm, özümə də baxıram. Keçən il 100 kiloydum, indi azaltmışam düşmüşəm 95 kiloya.”

Xalalıqdan təqaüdə çıxmış xala: “Mənim bajım (“J” hərfinin fransız dilinə dəxli yoxdur) da azaltdı, onun da “vesi” düşdü.”

“Mən hər səhər bir dənə kofe içirəm, vəssalam, bir də axşam yeyirəm.” (Düz deyir, hiss olunur ki, gündə bir dəfə yeyir, amma günboyu camaatın başının ətini yeməyini saymır sadəcə.)

“Buna bax, gör yolu nətər keçir e, xalx canını çöldə tapıb da...”

Sürücüyə müraciətlə: “Qardaş, soruşmaq ayıb olmasın, günə nə qədər qazanırsan?

Növbəti dayanacaqda düşdüm.

Bir neçə gün sonra, axşam Ans-də gördüm ki, bir marşrut qəzaya düşüb, həmin xala mikrofona danışır: “Sürə bilmirlər də, anam-bacım, şoferin fikri gərək yolda olsun, can daşıyırsız e can, xalxı qırmaq olmaz...”

# 3043 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #