writer1

Seymur Baycan

Məqalə sayı

113
clock16:04 calendar-gray 29 Yanvar 2014 view-gray4270 dəfə oxunub
view-gray4270 dəfə oxunub

Seymur Baycandan qırmızıxələt mərmiləri

(Qarakurtkalılar və qırmızıxələtlilərin cütləşməsi haqqında fəlsəfi esse)

Onların həyatda ən ali məqsədi ərə getməkdir. Bu məqsədə nail olmaq üçün davranışlarında xeyli ehtiyatlı olmağa çalışırlar. Əksər hallarda bu onlara müəssər olur. Bir halda ki onlar hündür görünmək üçün dikdaban ayaqqabı geyinirlər. Gözlərinin və dodaqlarının rəngini dəyişirlər. Bəzən hətta büsbütün dərilərinin rəngini dəyişənlər də olur... Estetik əməliyyatlardan istifadə edirlər. Nə bilim, yekəldirlər, balacaladırlar. Gülümsəyirlər, naz satırlar. Min cür hoqqadan çıxırlar. Tamaşa göstərirlər. Həyatlarının ən ali məqsədinə nail olduqdan sonra boşluğa düşürlər. Bəzən küçədə gedərkən görürəm ki, gözəllik salonundan keçi kimi atlana-atlana bir gəlintavr çıxdı. Yarıya qədər adi vəziyyətdədir. Cins şalvar geyinib. Yarıdan yuxarısı isə tamam başqa vəziyyətdədir. Başında fata var. Öz aləmində guya bəzənib. Halbuki, bizim gözəllik salonlarında adamları çox vaxt klouna oxşadırlar. Nə isə. Bu gəlintavrgözəllik salonundan çıxıb maşına oturur. Maşının sürücüsü də çox vaxt bəyin yaxın dostu (hökmən ciddi, kədərli və “nervinni”, bir az da düz oğlan olmalıdır. Ya da eyni məziyyətlərə sahib yaxın qohum. Ciddi söhbətdir. Hər adama etibar etmək olmaz. Özü də, belə əlamətdar günlərdə. Boş-bekar adamlar çoxdur. Bilmirlər, vaxtlarını necə öldürsünlər. Ona görə də, qeybət etmək üçün mövzu axtarırlar.) olmalıdır. İki-üç saatdan sonra bu gəlintavr vağzalı musiqisinin təsiri ilə ağlayır. Şadlıq evində isə həm ciddi, həm də mehriban görünməyə çalışır. Etiraf edək ki, bir neçə sifəti özündə birləşdirmək çox vaxt alınır.

Gəlin paltarı geyinir. Toyda şəkillər çəkilir. Adamların diqqətini özünə cəlb edir. Rəfiqələrinə yanıq verir. Bəs sonra? Sonra düşür boşluğa. Həyatın ən ali məqsədinə nail olduqdan sonra bilmir nə etsin. Bu, dəhşətdir. Heminqueyin “Klimancaronun qarları” hekayəsini oxuyanlar bu dəhşəti daha dərindən hiss edə bilərlər. Savad yox, zövq yox, təbiəti hiss etmir. Az xərclə həzz almağı bacarmır... Bəs bu adam nə etsin? Əgər onların qızıldan, qeybətdən, toydan savayı bir özgə şeyə həvəsləri yoxdursa, onlar nə etməlidirlər? Onlar ən ali məqsədlərinə nail olduqdan sonra “mamamı istəyirəm” deyəcəklər. Onların böyütdüyü uşaqların gələcəyi böyük təhlükə altındadır. Hansılar ki, hər bir sivil və mədəni adam onların davranışından əzab çəkir. Təəssüf ki, belələrinin sayı bir balaca çoxdur. Kitab oxumurlar. Geyinə bilmirlər. Öyrənmək, savadlanmaq istəmirlər. Geyimlərinə baxanda adam utanır. Zövqsüzlük adamı iyrəndirir. Parıltı ürək bulandırır.

Onlar təbiəti hiss etmirlər. Təbiət onlara yalnız şəkil çəkdirmək üçün lazımdır. Mənəvi dünyaları yoxsuldur. Yazda bir dəstə adam, getmişdik təbiət qoynuna. Özümüzlə pendir, çörək, göyərti, pomidor, xiyar, çaxır da götürmüşdük. İki çex qızı vardı. Sözün həqiqi mənasında təbiətdən həzz alırdılar. Gah çiçək yığırdılar, gah şəkil çəkdirirdilər. Xatirə danışırdılar. Yanımdakı gənc dostuma sual verdim ki, bizdə təbiətdən belə ürəkdən həzz alan iki qız tapa bilərsənmi? Yalandan kədərlənməsin. Heç kədərlənməyi də bacarmırlar. Guya qəfil kədərlənirlər. Bir az keçir, qəfil şənlənirlər və bir az sonra da əlavə edirlər ki, məndə belə hallar olur, emosional stabilliyim pozulub. Kədərin imitasiyası çox gülməli görünür. Məhz buna görə onlar təbiət qoynunda darıxırlar. Şəkil çəkdirirlər. Bununla da təbiətlə işlərini qurtarırlar. Bir bəhanə tapıb mütləq öz səhnələrinə qayıtmaq istəyirlər. Ona görə, onlarla təbiət qoynuna gedənlərin yediyi-içdiyi zəhərə dönür. Mən başqa millətin nümayəndələri ilə təbiət qoynunda çox olmuşam. Müxtəlif yerlərdə. Həzz alıblar. Ən az xərclə həyatdan zövq almağı bacarıblar. Oyunlar oynanılıb. Yemək bişirilib. Musiqi ifa olunub. Klassik dillə desəm, fələkdən bir gün qoparmışıq. Nə vaxt bizimkilərə baş qoşmuşam, hər şey məhv olub. Zor deyil ki. Bacarmırlar. Mənəvi dünyası yoxsul olanlar təbiətdən həzz ala bilməzlər. Təbiət hiss etməyi bacaran adamlar üçündür. Bütün həyat fəlsəfəsi qızıldan, toydan, qeybətdən ibarət olanlar təbiəti başa düşə bilməzlər.

Hörmətli gənc dostlar! Sizə xəbərdarlıq etmək istəyirəm. Bu sözləri heç qardaş qardaşa deməz. Amma mən sizə deyirəm. Bildiklərini paylaşmamaq böyük günahdır. Müşahidələrim bu sözləri yazmağa böyük səbəb olub. Sonra deməyin ki, yazmamışam. Bilin və agah olun: yerli məhsullardan nə qədər uzaq olsanız, bir o qədər də xətadan və bəladan uzaq olmuş olarsınız. Ruslar demişkən, “ot qrexa podalşe”... Yazıqsınız, özünüzü bədbəxt etməyin. Bizim yerli məhsullar Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirini əbəs yerə sevmirlər. Onların şüuraltılarında doğrudan da belə bir istək var; ərləri ölsün, onlar da qara paltar geyinib, ölmüş ərlərinin məzarı üstündə ağlasınlar.

Qədim hind şastralarında deyilir ki, qadına kişini evi qoyub qaçmağa vadar etmək istedadı verilib. Bu istedadın üstünə yerli məhsulların öz istedadları da əlavə olunduqda dəhşətli bir varlıq yaranır. Bu varlıq hər bir mədəni və istedadlı adamın həyatını məhv etməyə qabildir. Elias Kanettinin “Korlaşma” əsəri var. Həmin əsərdə müəllif demək istəyir ki, ruh dünyasının adamları məişət dünyası ilə təmasa girərkən ehtiyatlı olmalıdırlar. Çünki məişət dünyasının adamı ruh dünyasının adamının həyatını asanlıqla məhv edə bilər. Bu sözlər xüsusən yaradıcılıqla, elmlə, sənətlə məşğul olmaq istəyənlərə aiddir. Onlar sizə yaramaz adamları nümunə kimi göstərəcəklər. “Bir tikə zəhər”, “qırılmışlar”, “yetimlər”, “xalqın kişiləri” kimi sözləri tez-tez eşitməli olacaqsınız. Heç nə ilə onları qane edə bilməyəcəksiniz. Dinozavrı şaqqa-şaqqa doğrayıb soyuducunun gözünü doldursanız, deyəcəklər ki, evdə yeməyə heç nə yoxdur. Otuz dəst paltarları, otuz cüt ayaqqabıları olsa, yenə də deyəcəklər ki, əynimə geyməyə heç nəyim yoxdur. Sizin səviyyənizi öz səviyyələrinə salmağa çalışacaqlar. Çünki onlar öz səviyyələrini qaldırmağa sadəcə ərinirlər. Bilirsiniz, ümumiyyətlə, xoşbəxt olmaq üçün bir az bayağı olmaq lazımdır. Əgər biz xoşbəxtliyi bir model olaraq qadınla kişinin birgə yaşayışı kimi görürüksə, deməli, bu iki cinsin arasında qarşılıqlı anlaşma, öhdəlik və digər lazımlı şeylər gərəkdir. Sadalamağa və dastan açmağa ehtiyac yoxdur. Sən sürprizlər etməlisən. Nə bilim, qəflətən şampan-zad partlatmalısan və digər oyunlardan çıxmalısan ki, o darıxmasın, həyat onun üçün maraqlı olsun. Hə, həm də boş-boş danışmalısan. Xəyallar-zad qurmalısan. Əşi, nə bilim, uzun söhbətdir. Hərəsinin öz balaca dünyası var. Şəhərdə təzə tanış olmuş cütlükləri görəndə ürəyim sıxılır. Deyirəm, ilahi, bu iki adam bir-birlərini öz balaca dünyaları ilə tanış etmək üçün nə qədər danışmalıdırlar. İlahi, sən özün onları bağışla. Onlar özləri də bilmirlər nə edirlər.

Bəli, mənim gənc dostlarım, tutaq ki, sən ciddi bir işlə məşğulsan, düşünürsən ki, yanındakı adamdır. Qurban olduğum onlara göz, qulaq, baş verib. Vəziyyəti görür. Vəziyyəti ifadə etməyə ehtiyac yoxdur. Başa düşür ki, sən ciddi işlə məşğulsan, daha hoqqa çıxarmağa gərək olmamalıdır. Bu haqda “Yaradıcı insanın qadını necə olmalıdır” yazımda yazmışam. Həmçinin “Boşanma mədəniyyəti” yazısına da baxa bilərsiniz. Bəli, sənə elə gəlir ki, o vəziyyəti hiss edir. Amma sən onun haqqında yüksək fikirdəsən. Əgər sən onun başını açıb içinə baxsan, görəcəksən ki, orada heç nə yoxdur. Boşluqdur. Yalnız ortadan bir nazik naqil keçir. Bu naqilin nəyə xidmət etdiyi ilə maraqlansan, biləcəksən ki, bu naqil sadəcə qulaqları dik saxlamaq üçündür. Bu naqili ona görə ortadan çəkiblər ki, qulaqlar aşağı sallanmasın. Deməli, belə bir nəticəyə gəlirik: Sən nə işlə məşğul olursansa ol, bu qulaqlara vaxt ayırmalısan. Bu isə səviyyənin aşağı düşməsi, bayağılaşmaq deməkdir. Bu mənada, xoşbəxtlik qapısı ciddi adamların üzünə bağlanır. Sən özünə hörmət edirsən, gic-gic danışmırsan. Amma başqasının vaxtı var. O danışır. Beləliklə, səni səviyyəsiz bir adama asanlıqla dəyişirlər. Mənim gənc dostlarım! Əgər siz hansısa hərəkətinizə görə vicdan əzabı çəkirsinizsə, bilin ki, nahaq yerə özünüzə əziyyət verirsiniz. Mən də bir-iki hərəkətimə görə əziyyət çəkirdim. Amma onlar özləri məni bu əziyyətdən xilas etdilər. Onların davranışları və sonrakı seçimi göstərdi ki, heç bir itki üçün geriyə qayıtmağa dəyməz. İrəli və yalnız irəli! Heç kim buna layiq deyil. Güclü insanlar öz keçmişlərinə ironik yanaşa bilirlər. Onlar hətta özləri öz keçmişlərini lağa qoyurlar. Zəif insanlar isə öz keçmişlərindən qorxurlar. Keçmiş daima bir kabus kimi onları izləyir. Onlar öz keçmişlərinin şahidlərinə nifrət edirlər. Onlar bəyan etmək istəyirlər ki, mən əvvəldən belə zövqlü olmuşam. Sən onların geyimlərini, zövqlərini dəyişirsən, kitab oxutdurursan və nəticədə öz xoş niyyətinin qurbanına çevrilirsən. Seksual inqilab olmayan ölkədə hətta bəzən keçilər də qiymətə minir. Təbii ehtiyacı ödəmək üçün bir çox rituallar yerinə yetirilməlidir. Təbii ehtiyacı ödəmək üçün ritualların yerinə yetirilməsi vacibdir. Belə bir vəziyyətdə səviyyəni qaldırmağa, mənəviyyat dünyasını zənginləşdirməyə ehtiyac yaranmır. Çünki təbiətin verdiyinin qiymətini bilirlər. Onu da bilirlər ki, buna tələbat var. Təxminən bu mövzuda “Sekssiz tələbəlik illəri” adında yazım var. Onlar mədəni və sivil bir insanın kiçik bir səhvini bağışlamadıqları halda, qarakurtkalı, ciddi, kədərli, əsəbi məxluqatların min cür təhqirinə dözürlər. Qarakurtkalılar onları söyür, döyür, hətta ata-analarını da təhqir edirlər. Cehizlərini satıb xərcləyirlər. Bir sözlə, onlarla onların dilində danışırlar. Sivil insanların isə ən adi bir səhvini şişirdərək bütün respublikada abırdan salırlar. O yerdə ki, onsuz da sənə böhtan atmaq üçün yüzlərlə boş-bekar, paxıl adam hazır dayanıb. Onlara qarakurtkalılar qənim olsun!

Sonda belə bir nəticəyə gəlmək olar ki, qarakurtkalılar və qırmızıxələtlilər (lap ağqoyunlular və qaraqoyunlular kimi səsləndi) bir-birlərinin tayıdırlar. Onlar bir-birlərinə layiqdirlər. Onlar evlənmirlər. Sadəcə, cütləşirlər /meydan.tv

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi Beynəlxalq Turizm Filmlər Festivalının qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir?
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020