writer1

Əlabbas

Məqalə sayı

8
clock11:07 calendar-gray 15 Dekabr 2014 view-gray1816 dəfə oxunub
view-gray1816 dəfə oxunub

Dərviş qiyafəli şeirlər

Bineyi-qədimdən ona Cavan demişəm, hərçənd heç cavan gününü görmədim. Otuz-otuz beş il əvvəl olduğu kimi, günü bu gün də canla cavanlıq eləməyindən əl çəkmir ki, çəkmir. Amma indi ona bu adla müraciət etsəm, üzə vurmasa da, qəlbində inciyər; nə vaxtdandı bir dərviş həyatı yaşayır və deyir, təxəllüsünə çevrilmiş bu ismi ona böyük mürşidi Əbülfəz bəy verib. Fəziləti nədədi Dərviş adının, bilmədim, bəlkə, bunu aramağa bir gərək də yox, intəhası bu dünyanın daşı necə qoyulubsa, tərs kimi bir çox şey elə addan başlanır… Məni çaşdıran da odu ki, bu gün Dərviş adına iddia edənlərin sayı bir deyil, beş deyil, nağdı üçünü mən tanıyıram: Vəli Xramçaylı, Murad Köhnəqala, Cavanşir Eloğlu… Amma Tofiq Qaraqayanın, Alhüseyn Cavadoğlunun, Əlizadə Nurinin, Əlisəmid Kürün, Şaiq Vəlinin, Adil Mirseyidin, Kəmaləddin Qədimin, Yafəs Türksəsin, Aydın Uluxanlının, Səməd Qaraçöpün, Rəfail İncəyurdun, Hüseyn Bağıroğlunun, Əhməd Oğuzun bizim Dərvişlərdən fərqi nədədi, onu da ayırd eləyə bilmirəm. Bəlkə, buna görə hərdən elə bilirəm, şairlik də elə bir cürə dərvişlikdi! Yaxud əksinə, dərvişlik elə şairlikdi, əsl şair işidi.

***

Bir yarpaq xatirə: 1976-cı ildi. Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsində Əkrəm Əylisli və Ramiz Rövşənlə görüş keçirilirdi. Sona yaxın qara sağanaqlı eynəyini alnının ortasınacan qaldıran dərvişlibaş bir tələbənin xitabət kürsüsündən gələn səsi az qalır pəncərənin lay şüşələrini yerə töksün:

Qurban olum torpağına, daşına,

Qaldır məni Əlincənin qaşına,

Qoy dolanım, Vətən, sənin başına

Deməsinlər, pərvanəsi çatışmır.

Ramiz Rövşən olan yerdə şer oxumaq? Özü də otuz il əvvəl? Bəlkə də, o vaxtkı o gurultulu alqışlar məhz hər oğulun edə bilmədiyi cəsarətin layiqli dəyəri olduğu üçün yaddaşımda belə ilişib qalıb?…

Görüş başa çatar-çatmaz, söz-sənət fakültəsinin bahadırları məşvərtə başladı, nə başladı… Qatı siqaret tüstüsündə daha hansı fikirlər qaldı səslənməsin: «əla təbi var, vətən təəssübünü yaxşı poetikləşdirib, pərvanə məsələsi də lap yerinə düşüb, amma azca pafos var, qaça bilsə ondan, əvəzi olmayacaq» və s və i...

Bax belə… Öz sufi inancı ilə əksəriyyətdən fərqli olaraq indi təxəllüsü adından da əvvəldə gələn Cavanşirin dərvişlik deyibən yol başladığını sözdən, sənətdən az-çox başı çıxan öz tay-tuşları da hələ o vaxt duymuşdular.

***

Qarşımda bir kitab var: «Haqdan yanan bir çırağam» Son illərdə işıq üzü görüb. Mənim üçün qətiyyən maraqlı deyil ki, bir-birindən dəyərli şeirlər salınmış bu toplu, müəllifinin neçənci kitabıdı, əslində bu elə bir əhəmiyyət də kəsb eləmir, heç Vətən haqdakı o məşhur şeir də bu kitaba daxil edilməyib, amma çox dəqiq inamımdı ki, Cavan sözün köynəyindən məhz o şeirlə keçmişdi və niyəsə o yaddan çıxmayan günlərə qayıtdıqca elə sanıram ki, Əkrəm müəllimlə Ramiz Rövşən də o gün o təntənəli mərasimə yaradıcılıq fakültəsinin tələbələri ilə görüşdən də əvvəl, məhz özünü sənətdə sınamaq istəyən bir növcavanı sözün köynəyindən sağ-salamat keçirməyə gəlmişdilər. O illər o qisim xeyr-dualar təzəcə qələmə sarılan hər bir yeniyetmə üçün açılan qapılar demək idi. Özü də necə qapılar?!... Yaxşı ki, adam şəklində, insan cildində olan o cür qorxunc və bədheybət qapılardan yoxdu daha… yoxdu… Bəlkə də, o qapılar olmasaydı, bu gün səksənincilərin sırası daha sıx, daha nizamlı və mətin olardı.

O yandan da Şəhriyar, Bəxtiyar, Xəlil kimi ustadlardan çəkinməyib Vətəni o cür pafosla vəsf eləmək?!... Bu da hər kəsin hünəri deyildi. Guya, o bilmirdi, çox uzağı demirəm, elə öz çağdaşları, tutalım, poeziyanın patriarxlarından sayılan Məmməd Araz Vətən adı çəkiləndə dodağı dörd bölünənlərdəndi?

Heç bir mükafatın yetmədi mənə,

Bircə «sağ ol»un da bəsimdi, Vətən.

Bəsimdi hər səhər təltif yerinə,

Qapımda küləyin əsibdi, Vətən.

Yainki əyalətdə yaşayan Musa Yaqubun istəyi, təmənnası, umacağı nədi?

Bəlkə də, borcundan çıxmadım, Vətən.

Ömür bahar deyil, bir də qayıtsın.

Öləndə qoynunda qoy ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın.

Az qala elə öz yaşıdı Sabir Rüstəmxanlının baxdığı yerlərdən Vətənin bir ayrı görünüşü, bir ayrı şəkli də var:

Hadinin şeir bazarıdı,

Füzulinin qürbətdəki məzarıdı.

Taleyin ələnən ələyidi.

Durna lələyidi.

Araz hörüyündən

kəməndə düşmüş Sevildi.

«Ənəlhəqq» harayıdı.

Ələsgərin sazıdı.

Qədim əlyazmasıdı.

Dahilər boylanır sətirlərindən

Vətən! Vətən!

Bir teştin xəmiri olan bu şeirlərin dadı, tamı kimi, elə mayası ilə suyu da bir ilham çeşməsinin gözündən götürülüb. Hər halda faktdı ki, o şer az vaxt içərisində 70-ci illərin ikinci yarısının dəbdə olan, indiki ifadə ilə demiş olsaq, ən bərkgedən şeirlərindən birinə çevrildi.

O vaxt o şeiri Cavanşir Eloğlu yazmışdı, bu şeiri isə Dərviş Cavanşir yazıb:

Tənha, yalqız bir ulu yurd,

Bir mən qaldım, bir quru yurd

İçimdə boz qurd uluyur,

Çölümdə quzu mələşir…

Bunu da:

Gizlədərəm, özgə bilməz,

Çəkərəm gizlicə, bilməz.

Min ağıllı çəkə bilməz

İndi bir dəli dərdimi.

Bunu da:

Gözüm könlümə aynadı…

Fələk balamı aldadır,

Qazanımda daş qaynadır,

Daşdan çıxır çörəyim də…

Bunu da Dərviş yazıb:

Köhnə yaram qövr edir, bağrım olur qan gedir,

Neçə təxti-Süleyman əlində fərman gedir,

Saxlayın bu karvanı… məndə olan can gedir,

Çərxi dönsün fələyin, bu nə gərdişdi, keçir?

****

Mən bu adamı başdan-binadan dərviş libasında görmüşəm. Dəli könlü havalananda da, hətta «bir solan yarpağa söz demək taqəti olmayanda» da… Bəlkə də, ondandı ki, qələmindən çıxan nə varsa, bu gün də gözümə dərviş qiyafəsində dəyir, onu həmişə tünlüklərdən, cahıl yığnaqlarından gen gəzən, qərib görürəm. Lap dost-doğmalar arasında, izdiham içində olanda da… Burda heç o fikir yadıma da düşmür ki, şairin sinnini onun şeirlərinin yaşı təyin edir. Ona qalsa, Eloğlu dünənin uşağı olmalıdı. 76-cı il bəyəm belə uzaq bir tarixdi. Gördüyüm, bildiyim odu ki, Cavan özünü həmişə bu poeziyanın ögey və qərib balası sanıb. Nəinki tənqidçi və tədqiqatçılar, ən yaxın dostları belə unudub ki, bu adamın neçə yaşı var, hardadı, nə işlə məşğuldu, günü-güzəranı necə keçir? Bax sorğu-sualın bu yerinə çatanda dərvişlik mənimçün təkcə şairliyin yox, elə insanlığın da, ömrün də bir ali məqamına çevrilir.

Bu adam otuz-otuz beş il əvvəl olduğu kimi, başını aşağı salıb öz işini görür, yazı-pozusu ilə vaxt keçirir, heç xəbəri də yoxdu ki, ondan min dəfə yaxşı günü, dirriyi olanlara hardasa təqaüd verirlər, az da olsa bir diqqət göstərirlər. Eşidəndə də gülür, heyrətdən gözləri dörd olur, deyir, dostlar zarafatcıl olub gediblər, elə də şey olar?

Bu yerdə şübhəmi qalar ki, «mən qəribin qardaşıyam» kəlmələrini gec-tez ağ vərəq üstə gətirən də elə o duyğu olmayıb?

Hörün məni divarlara,

Divarlar uca görünsün,

O ucalıqdan baxanda,

Bu qapı-baca görünsün.

Ölüm ikilikdən olub,

Dirim dirilikdən olub.

Demə igidlikdən olub

Ürəyim haça görünsə.

Çay daşı, çaylaq daşıyam,

Aranda yaylaq daşıyam…

Mən qəribin qardaşıyam,

Qınama qoca görünsəm.

****

Nə vaxt ki, köynəyinin boynu didilmiş, şalvarının dizi süzülmüş, köhnədəb, enliburun başmağının dabanı yeyilmiş adam görürəm, vacib deyil ki, o, söz-sənət adamı, lap elə şair olsun, niyəsə yadıma Cavanın sözləri düşür:

Şairin ərköyünü fələkdən küsər,

Uşağın ərköyünü çörəkdən…

Ölmüşdü fələyin anası,

Şair nazı çəkə…

Guya, o bu fikrə gəlməzdən əvvəl bilmirdi qələm onu ağ günə çıxaran deyil? Çıxaran idisə, M. Hadini, H. Cavidi, M.Müşfiqi niyə çıxarmırdı? Hələ o vaxt, cavanlıq dəmlərində anasına yazdığı bitiyin bir yerindəki kəlmələri, guya, havaya-zada deyirdi?

Ata ocağının nuru, atəşi,

Salam, kövrəkqəlbli, nigaran anam,

Darıxma, qurtarıb bir para işi,

Tezliklə yanına qayıdacağam.

Amma qayıtmadı. İşi qurtarsa da, qayıtmadı. O vaxt ki, daha hər şeyə arxa çevirib, bezib, usanıb qayıtmaq olardı, onda da qarşısını ayrı şey kəsdi:

Cavanşir bir qoca dərviş,

Cənnət almasını dərmiş

Ölümə qalsa, ölərmiş,

Qorxur, düşmən sevindirə.

İndi gəl inan ki, şairi elə bu cür nəsnələr dərviş eləmir… İndi gəl inan ki, bəxt, qismət deyilən şey yoxdu, alın yazısı yalandı… Niyəsə hərdən elə bilirəm, taleyin Cavan qədər sınağa çəkdiyi ikinci bir şair yoxdu yer üzündə! Onu da mən deməmişəm ki:

Mən dərdə, kədərə öyrəncəliyəm,

Hər işi nəhs gələn işgəncəliyəm,

Barı heç olmasa öz əcəliynən,

Ölməyi şairə, nəğməkara yaz.

Əslində günlərin bir günü «Qız ağacı, qoz ağacı» dediyi elə şeir ağacıydı, heç də hamını yarıtmayan, ağ günə çıxartmayan şeir ağacı… O da qalmışdı, sözün bir qara quruşcan dəyəri qalmayan günlər ola…

Bu ağacın cevizi yox,

Gövdəsində bir izi yox

Bu ağaca selbə atma,

Sənə layiq cehizi yox…

***

Cavana «uğurlu yol»u ustad Məmməd Araz yazmışdı. Bu, çox və ciddi mətləblərdən xəbər verirdi. Əvvəla, Məmməd Araz hər yetənə təqdimat yazan deyildi, ikinci də, o haqqı Cavan özü qazanmışdı. Öz damarlı şeirləri ilə… Sözə ustad baxışı ilə… Xalq dili xəzinəsindən gərəyincə bəhrələnməklə… və nəhayət, şeirinə xüsusi zinət verən ifadə tərzindəki təzəliklə. Çox güman, məhz elə buna görədi ki, kitabda Cavanın bir dənə də boyatımış şeirini görmədim. Hərçənd min illərlə tarixi olan poeziya ənənələrinə sadiqlik, ola bilsin, bu gün bir çoxuna köhnə gələ bilər və təəssüf ki, gəlir də. Nə etmək olar, bu ki bizdən asılı deyil. Kimin ədəbiyyatda qalıb-qalmayacağını da əski forma, təzə və ya köhnə qəliblər müəyyən etmir. Tüstüsü düz çıxan mətləblər var ki, yaşı və yaranışı az qala gedib min ilə dayansa da, qayəsi aydın olduğundan çiçək tək bu gün də təzə-tər görünür:

Əzizim tatar məni,

Qul edib satar məni,

Vəfalı yarım olsa,

Axtarıb tapar məni.

Cavan ənənəyə sədaqəti şeirə qondarma yenilik, hoqqabazlıq və əllaməçilik gətirməkdən üstün tutduğuna görə bir şair olaraq bu gün var. Övliyalardan, ulu sufilərdən, piranilərdən gələn fikirləri uzun əsrlərdən bəri formalaşmış ölçü, ritm və ahəngdə təqdim etmək onun şeirlərinə xas olan ən mühüm əlamətdən də öncə, bir yaradıcı kimi Cavanın hansı dəyərlərə söykəndiyinin də göstəricisidir. Özü də, sözün yaxşı mənasında, elə şeirləri kimi köhnə qalıb. Yerişi, duruşu, nitqi, davranışı min il əvvəlin kişilərini xatırladır. Cavanı Cavan eləyən də, gümanımca, elə bu fəzilətləridi.

****

O şey ki, bir zaman qələm dostlarını haqlı olaraq əndişələndirirdi, zaman keçdikcə gənclik illərinin od-alovu kimi onlar da Cavanın şeirlərindən tədricən, öz-özünə çəkilib getdi, o illərin poeziyasına xas səs-küyün, ritorikanın yerini təmkin və xoş bir ritm tutdu. Bu, Cavan şeirlərinin çox vacib, fərqli və fərdi bir elementinə çevrildi:

Bu sənsənmi, yoxsa mələk?

Elə bil yuxu görürəm.

Yayını gizlətmə, fələk,

Atdığın oxu görürəm.

Fələk onsuz da hərənin başını bir cür aldadır və bir zaman baxırsan ki, gün qürubdadı. Bəyəm zaman gözümüzün qarşısındaca dostlarımızın azını ikiqat eləyib?

Elə onu da əyə bildikcə əydi, əydi, amma sındıra bilmədi. Əgər haqdan yanan bir çıraqsansa, gərək hər ötərgi bad ilə sönməyindən qorxmayasan – görəsən, Cavanı ayaqda saxlayan bu hissdi, ya dərvişliyin, necə deyərlər, biz bilməyən bir türfə əlaməti də elə budu?…

10 dekabr 2010

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi” – Müsahibə
08:55 28 Oktyabr 2020
Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020