Seymur Baycan nəyi haradan götürüb?TƏHLİL                                                                                                

Seymur Baycan nəyi haradan götürüb?TƏHLİL                                                                                                
11 dekabr 2013
# 11:20

Ədəbiyyatda elə imzalar var ki, onların ərsəyə gətirdiyi kitablar hər zaman oxucu tərəfindən maraqla qarşılanır. Oxucular belə müəllifin yeni əsərini səbirsizliklə gözləyir və kitab işıq üzü görən kimi ətrafında qızğın müzakirələr başlanır. Seymur Baycan da Azərbaycan oxucusunun maraq dairəsində olan imzalardandır. Müəllifin “Ana ürəyi” romanı ədəbi ictimaiyyətə təqdim olunan kimi kifayət qədər müzakirə və hətta mübahisələrə səbəb oldu. Romanı bayağı mövzusu etibarilə tamamilə maraqsız və mənasız hesab edənlər də oldu, əsl sənət nümunəsi kimi təqdim edənlər də. “Ana ürəyi”ni yazıldığı postmodern düşüncəyə söykənmədən oxuyaraq anlamaq, dəyərləndirmək mümkün deyil. Çünki mövzusu nə qədər bayağı olsa da, bu əsərin əsas uğuru onun konstruksiyasındadır.

Seymur Baycanın romanı xalq arasında geniş yayılmış “Ana ürəyi” segahına dekonstruksiyadır. Dekonstruksiya postmodernist analizin ümumi metodu kimi tətbiq olunduğu mətndə sonsuz şərhetmə prosesinə çevrilir. “Ana ürəyi” romanı postmodernist diskursdur: sosial-psixoloji kontekstdə mental və ideoloji baxımdan bizim mətnə uyğunlaşdırılmış sintezdir – keçmişlə indinin, köhnə ilə yeninin sintezi.

Derridanın “Mətn dünyadır” fikrinə əsaslansaq, görərik ki, postmodernizm üçün mətndən kənarda dünya mövcud deyil və hər bir mətn digər mətnlərin məcmusundan ibarət bir “kütlə”dir. Elə sözügedən roman da bu fikri təsdiqləyir. “Ana ürəyi” yazı prosesində özündən əvvəl meydana gəlmiş bəzi əsərləri xatırladır – o əsərləri ki, onlar da öz mövcudluğu ilə digərlərini yada salır.

“Ana ürəyi” romanında elə ilk yarımbaşlıqdan etibarən digər əsərlərə göndərişlərin şahidi oluruq: xəyalpərəstin ifadəsindən seçmələr dərhal F.Dostoyevskinin “Bəyaz gecələri”nin “Sentimental roman. Xəyalpərəstin xatirələrindən” yarımbaşlığını yada salmaqla allyuziya (yadasalma, göndərmə-red.) yaradır. Seymurun xəyalpərəst qəhrəmanını xarakter etibarilə Dostoyevskinin “Bəyaz gecələr”indəki əsas qəhrəmanla bir çox xüsusiyyətlər birləşdirir. Bu da təsadüfi deyil. Çünki ümumiyyətlə, xəyalpərəstlik F.Dostoyevskinin 1860-1879-cu illər aralığında qələmə aldığı əsas obrazlarına xas olan xüsusiyyətdir. Onun qəhrəmanlarının malik olduğu səviyyədə xəyalpərəstlik dövrü üçün insanlara, xüsusilə də, gənclərə xas spesifik cəhət olduğundan böyük yazıçı darıxdırıcı, tənhalığa meylli, qürurlu qəhrəman obrazlarını əsərlərində həvəslə yaradırdı.

O dövrün bir çox tənqidçiləri tərəfindən “sentimental naturalizm” məktəbinin ən yaxşı əsərlərindən hesab olunan “Bəyaz gecələr” Seymur Baycanın romanının müraciət etdiyi yeganə əsər deyil. İfadələrdən seçmələr, başqa sözlə, etiraflar şəklində yazıya alınmış “Ana ürəyi” romanı həmçinin Dostoyevskinin başqa bir əsərini də parodiya edir: yarımçıq qalmış “Netoçka Nezvanova” əsəri də qəhrəmanının dilindən etiraflar şəklində qələmə alınıb. Üstəlik Seymurun romanındakı atalığın – uğursuz şairin obrazı həmin əsərdəki uğursuz musiqiçini xatırladır.

Dahi rus yazarının sentimental-romantik əsərləri də həmçinin özündən əvvəlki, yaxud müasiri olan bəzi əsərləri yada salır. Məsələn, Ejen Syunun gənc qadının qeydləri şəklində qələmə alınmış “Matilda”sı ilə F.Dostoyevskinin “Netoçka Nezvanova”sı arasında forma və məzmun etibarilə xeyli oxşarlıqlar mövcuddur. Hər iki əsərdə qadın qəhrəman xatirələrini uşaqlıq dövründən başlayaraq qələmə alır, ikisi də uşaqlıqdan yetim qalır. Sonrakı xatirələrdə də bir çox bənzərliklər tapmaq mümkündür.

Ümumiyyətlə, XIX əsrin 30-40-cı illərində Avropa və eləcə də, rus ədəbiyyatında qadın hüquqları mövzusu geniş yayılmışdı. Dostoyevskinin 1848-1849-cu illərdə yazdığı bu əsər də əzablı uşaqlıq dövrü yaşayan və emansipasiyaya uğrayan qadın obrazı olaraq onlarla səsləşirdi. “Ana ürəyi”ndə bu “mənəvi inkişafa” “nail olmuş” gənc qadın obrazı sentimental romanların qadın mövzusuna ironiya kimi meydana çıxır. Beləcə, Seymurun romanı özündən əvvəlki mətnlər və bağlı olduğu digər mətnlər həlqəsi vasitəsilə onların yaratdığı böyük mətn dünyasından kənara çıxmır. Postmodern mətn isə məhz mətnlərarası əlaqənin gücünə mövcud ola bilir.

Bütövlükdə postmodernizmə total ironiya hakimdir. Belə ki, bir çox postmodern əsərlər, əsas etibarilə, müxtəlif janrlar, üslub və cərəyanlara ironiya olaraq yaranır. “Ana ürəyi” romanı da estetik təcrübənin artıq inkar etdiyi və keçmişdə qoyduğu romantizmə ironiya şəklində meydana çıxır.

Seymur Baycanın romanındakı qadın obrazı İvan Buninin “Mityanın məktubu” əsərindəki Katya surətinə, ümumiyyətlə, oğlanla qızın münasibətləri isə Mitya ilə Katyanın münasibətlərinə parodiyadır. Nobel mükafatlı ilk rus yazarının infantil, iradəsiz və ifrat qısqanc tələbə qəhrəmanı ilə Seymurun “anadangəlmə qorxaq, utancaq, çəkingən”, xəyal dünyasında yaşayan qəhrəmanı sanki əkizdirlər. Mitya sevdiyi qızın təbiətindəki dəyişiklikləri müşahidə etdikcə əziyyət çəkir, həmin sarsıntıları Seymur da öz qəhrəmanına yaşadır.

“Mityanın məhəbbəti”ndə teatra aludə olan qız artıq çox bayağı hesab etdiyi oğlanı bəyənmir, yeri gəldikcə bilərəkdən və bilməyərəkdən onun qüsurlarını üzünə vurur, lağa qoyur, ələ salır. Seymur Baycan da qadın qəhrəmanını onun kimi danışdırır. Fikrini özünə yad, teatral dillə ifadə edən qadın “Sən mənim ruhumu deyil, bədənimi sevirsən” deyə, eynilə Buninin qəhrəmanının dili ilə danışır. “Ana ürəyi”ndə gənc qadının sevgilisinə “Markiza de Amur” imzasıyla yazdığı məktub hər kəlməsi ilə Mityaya yazılmış məktubu yada salır və s.

Bütün bu priyomlardan müəllif ona görə istifadə edir ki, postmodernizmin əsas prinsiplərindən biri sitatgətirmədir. Hətta elə postmodern mətnlər var ki, tamamilə sitat toplusundan ibarət olur. Məsələn, fransız yazıçısı Jak Rivenin “A.-dan olan xanımlar” əsəri 408 müəllifdən gətirilmiş 750 sitatdan ibarət bir topludur. Burada daha çox müəllifin mütaliəsi, nəzəri bilgiləri, təhkiyəni bu mətnlərdən alıntılar üzərində qurmaq bacarığı önəmlidir. Postmodern dünyadərkində müasir insana sitatlara əsaslanan düşüncə xasdır. İntertekstuallığın mətn mozaikası sitatlar, reminisensiya və allyuziyalar hesabına meydana gəlir.

Şüurlu şəkildə orijinallığa köklənməkdən imtina postmodern mətnin özəlliklərindən biridir. Burada müəllifə məxsus olan mətn dəfələrlə başqalarının yaradıcılığında əks olunmuş “özgənin” mətnidir. Holland alimi D. Fokkema yazır ki, postmodernist müəllif hər yeni mətnin köhnə mətn üzərində meydana gəldiyindən əmindir və müəllifin fikri ilə köhnə mətnlərdən alınmış fikir birləşərək tamam yeni mətnin meydana gəlməsini təmin edir. Nəticə etibarilə, “özününkü” ilə “özgəninki”ndən ibarət olan mətnüstü mətn yaranır və özünəməxsus gerçəkliyi meydana gətirir.

“Ana ürəyi” adından tutmuş sonluğuna qədər ifrat sentimentallıq və kədərə köklənən, qəhrəmanın əzablı düşüncələrinin təsvirini verən romantizmə, eyni zamanda, müasir cəmiyyətin bəzi gerçəkliklərinə ironiyadır. Və müəllif bu ironiyaya mətnlərarası əlaqə vasitəsilə nail olur.

Təbii ki, oxucuya maraqlıdır, bütün bu quramalar, ədəbi oyunlar nəyə lazımdır? Nəyə görə müəllif tamam yeni, orijinal, yalnız öz qələminə, təxəyyül və təfəkkürünə məxsus olan əsər deyil, digərlərini hər hansı şəkildə xatırladan mətn yaratmağa ehtiyac duyur? Belə ki, oxucu üçün müəllifin yaratdığı yeni mətnin “bətnində”ki köhnə mətnlərdən alıntıları müəyyənləşdirmək çətinlik də törədə bilər. O, ümumiyyətlə, bu mətnin içərisində “gizlədilmiş” əsərləri “tapmaya” da bilər. Müəllif üçünsə intertekstuallıq, N.A.Fateyevanın təbirincə desək, özünün fərdi yaradıcılığını mürəkkəb sistemlərdən keçirərək təsdiqləmək üsuludur və beləliklə, intertekstin yaranması imkanı oxucu və müəllifin “ümumi mədəni yaddaş”ından, mətni meydana gətirənlə onun ünvanlandığı obyektin ümumi biliklərindən asılıdır. Çünki postmodern düşüncəyə görə, müəllifin yazmağa başladığı mətn oxucunun qavramasında yekunlaşır. Belə olan halda, mətnin daha bir maraqlı tərəfi açılır: müəllifin “özgəninkilər”dən alınaraq “özününkü”nü də əlavə etdiyi mətnin üzərinə üstəlik oxucunun qavramasındakı interpritasiyalar da əlavə olunur – belə demək olarsa, mətnin yaranmasında üçüncü tərəf kimi oxucu da iştirak edir.

Seymur Baycanın “Ana ürəyi” romanı oxucu zövqünü nə dərəcədə oxşayır, bunu deyə bilmərik. Lakin bu faktdır ki, əsər Azərbaycan nəsri üçün kifayət qədər maraqlı bir hadisədir. Və üstəlik, nəzərə alsaq ki, hətta 50-60 yaşında belə, kövrək, göz yaşları ilə suvarılmış, yaralara duz basan, közünü qoparıb qanadan şeirlər yazan müəlliflər hələ də ədəbi mühitin meydanını sulayır, onda “Ana ürəyi” sadəcə ürəkdən tikan çıxarır.

# 3975 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #