İnama kölgə

İnama kölgə
5 noyabr 2013
# 12:54

İnsan həyatını şərti olaraq iki hissəyə bölsək, maddi və mənəvi aləmdən ibarət olduğunu görərik. Maddi aləm sonradan əldə etdiklərimizdi. Lakin, mənəvi dəyər isə bizə aid olan varlığımızı, kimliyimizi müəyyən edən, insanlığa bəxş olunan bir töhfədir. İnsanlarda olan mənəvi aləmdəki boşluqlar cəmiyyəti deqredasiyaya uğradır.

Hər bir ifadə edilən sözün şəraitdən asılı olaraq, cəmiyyətin müxtəlif sahələrinə uyğun yönələn öz tərzi, üslubu, qaydası var. Bəzən sözlərin düzgün istiqamətləndirilməməyi və ya tələffüz zamanı xətalara yol verilməsi sözlərin qanunauyğunluqlarını pozmuş olur. Lakin, bu mənfilikdən başqa sözün mükəmməlliyinə, dəyərinə xələl gətirən ən başlıca amillərdən biri də sözlərin yalan yerinə sərf olunmasıdır. Yalan sözlərin birbaşa ünvanlandığı insanlara vurduğu zərbənin nəticələri daha kəskin və ağır olur. Yalan söyləməyi bacaran insanlar üçün bu vərdiş halını alır və onların gündəlik həyat tərzinə çevrilir.

Görəsən insanları yalan danışmağa vadar edən nədir? Daha çox hansı situasiyalarda, hansı məqamlarda sözlərin yalan forması danışılır?

Yalan söyləmək, bəzi asudə insanların öz düşüncələri çərçivəsində onlara zövq verən, əyləncə vasitəsidir.

Digər tərəfdən qərəzli şəkildə kiminsə, nəyinsə haqqında söylənilən şayiə adı ilə yayılan yalanlar.

Bəzi hallarda mənfəət, gəlir mənbəyi kimi də yalanlardan istifadə olunur.

Hərdən ağır nəticələr törətməyən yalanlar var ki, cüzi əhəmiyyət daşıyır, bu da ”müqəddəs yalan” kimi ad verdiyimiz uydurmalardır. Bəzən doğrunun təhlükəsindən qorunmaq üçün, həyati əhəmiyyətli anlarda, yalnız kömək məqsədilə işlənən hallarda”müqəddəs yalan” yaranır. Belə yalanlar istisna hallar üçün xarakterik səciyyə daşıyır.

Eyni zamanda ictimaiyyətdə özlərini sevdirmək, əhatə dairəsini genişləndirmək məqsədilə söylənilən yalan təriflər, xoş sözlər də mövcuddur. Bu yalan hiyləgərliklə yalançılığın vəhdəti olaraq işlənən bir taktikadır.

Nəhayət sevgidə, dostluqda rast gəlinən yalanlar. Qeyd etdiyim hallarda söylənilən yalanların hər hansı bir məqsəd daşıdığını açıqlamaq mümkün olsa da, sevgidə, dostluqda baş verən yalanların hansı niyyət, məqsəd daşıdığı qaranlıqdır və izahını vermək o qədər çətin, eyni zamanda anlaşılmazdır.

İnsanların yalan danışması onların acizliyidir yoxsa qorxaqlığıdır? Bəlkə də hər hansı bir həqiqətdə gizlənmiş olduğu günahıdır. Yalanla o günahdan uzaqlaşacağını düşünməsidir? Atalar sözündə ”yalan ayaq tutar yeriməz” -kəlməsi əslində hər birimizə təsəllidir.

Ancaq yeriməsə belə, artıq ona qanad vermişlər. Qanad çalıb uçur, istədiyi hadisəni uydurmağa qadirdir. Görəsən yalan söyləməyi bacaran insanlar bir az daxili aləmləri ilə baş-başa qalsalar bəlkə də bu vərdişlərindən geri çəkilərlər?! Yox əksinə, onlar dərin düşüncələrə daldıqca daha mükəmməl, daha dolğun yalan uyduracaqları şübhəsizdir. Yalan söylədiyiniz an düşünün, bu yalanlar əksinə sizə qarşı yönələrsə, onun zərbələrinə tab gətirmək söylədiyiniz yalan qədər asanmı olacaq? Yalan söyləmək insana mənfi xarakter gətirməklə bərabər, həmin insanda riyakarlıq, nadanlıq, ikiüzlülük, qəddarlıq və s. Bu kimi eybəcər sifətləri, də özündə daşıyır .Belə insanlar özlərinə qarşı olan inamı, etibarı itirirlər, bununla yanaşı, bəzən ətrafdakı insanların, cəmiyyətin də bir-birinə inam hissini şübhəyə salmış, zədələmiş olurlar.

Yalandan istifadə etməklə və onu gizlətməklə növbəti yalana zəmin yaranmış olur.

Bir yalan özündə bir neçə həqiqəti və bir neçə yalanı gizləmiş olur.

Zaman keçdikcə yalanın çəkisi daha da artır və gərginləşir. Belə məqamlarda həqiqətin üzə çıxması insan üçün nə qədər acıvericı olsa da, yalanın müvəqqəti uğuruna son qoymuş olur!

Var doğru yazmağa, madam ki, imkan,

Neçin gəlsin gərək ortaya yalan?!

Qiymətdən salmışdır sözü yalanlar,

Doğrunu danışan möhtəşəm olar!

(Nizami Gəncəvi)

# 1641 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #