Yazıçılar hansı məşhur əsəri oxumayıb? SORĞU

Yazıçılar hansı məşhur əsəri oxumayıb? SORĞU
5 noyabr 2013
# 09:00

Kulis.Az yazıçı və şairlərə “Azərbaycan və dünya ədəbiyyatından hansı məşhur əsəri oxumamısınız” sualı ilə müraciət edib. Cavabları təqdim edirik.

Elçin: “Bildiyiniz kimi, Çarlz Dikkens dünya ədəbiyyatında çox böyük yeri olan müəllifdir. Amma cavanlıq çağlarımdan etibarən Dikkens mənim üçün çox soyuq bir yazıçı olub. Və mən cavanlıqda onun məşhur romanı “Oliver Tvistin macəraları”nı rusca oxumuşdum. O vaxt Dikkensi bütün cavanlar çox böyük maraqla oxuyurdu. Mən isə onu böyük bir əziyyətlə oxudum (gülür). Sonra “Dombi i sın” romanını axıracan oxuya bilməyib yarımçıq qoydum və ən məşhur əsəri olan “David Koperfild”i bir neçə dəfə oxumağa cəhd etsəm də sona qədər oxuya bilmədim. Amma yaddaş dəftərimdə qeyd etmişəm, onun 10 cildliyi kitabxanamda var. İmkan olan kimi onu mütləq gözdən keçirəcəyəm ki, görüm mən onu oxuya bilirəm, yoxsa yox (gülür)”.

Afaq Məsud: “Qoqolun “Ölü canlar”ını məktəbdə keçmişik. İstərdim indi onu oxuyum, amma heç cür vaxt tapa bilmirəm. Və bir də Kamyunun “Vəba” romanını oxumaq istəyirəm”.

Maqsud İbrahimbəyov: “Yəqin 200-ə yaxın əsəri oxumamışam (gülür)”.

Qan Turalı: “Elə əsərlər olur ki, məktəb vaxtlarında, universitet zamanlarının vaxt bolluğunda adamın əlinə düşmür. Sonra da o əsərləri oxumaq üçün ya vaxt, ya dözüm kifayət eləmir. Misal üçün, “Hərb və sülh” uşaq ikən əlimə düşsəydi, onu da o biri kitablara qatıb oxuyardım. Ya da tələbəlik vaxtı “Karamazov qardaşları”nı tapsaydım, məmnuniyyətlə oxuyardım. “Oblomov”u da oxumamışam.

Bu əsərləri qısa və uzun müddətdə yəqin ki, oxuyacağam. Amma elə əsərlər də var ki, onları oxumamağımla barışmışam. Misal üçün, elə “Hərb və sülh”. Ya da “Sakit Don”... Əbülfəz bəy demişkən bu mənim taleyimdir...”

Vaqif Bayatlı: “Kifayət qədər məşhur olan “Nobel” mükafatı laureatlarını, dünyanın məşhur əsərlərini oxumuşam. Mən “Nobel” mükafatı laureatlarını çox ciddi saymıram, çünki “Nobel” çox zaman siyasətə görə verilir. Ancaq gerçək “Nobel” mükafatı alanlar yəqin 10-15 faizdir. Onların da əksəriyyətini oxumuşam”.

Əkrəm Əylisli: “Moskvada oxuyanda Dostoyevskiyə, Tolstoya, Yeseninə dair xüsusi kurslar keçirilirdi. Həmin kurslarda əsas etibarilə böyük rus ədəbiyyatı ilə ciddi tanışlığa başladım. Mən indi təəssüf edirəm ki, çoxlu kitabları oxuya bilməmişəm. Buna söhbət ola bilməz. Əgər o kitabların hamısını oxuya bilsəydim, özümü çox xoşbəxt hiss edərdim (gülür). Ancaq bu mümkün deyil. Məsələn, nəhəng yazıçılar var ha, ömürlərinin axırlarında şikayətlənirlər ki, çox əsəri oxuya bilmədim. Buna vaxt tapmaq olmaz axı. Ad çəkə bilmərəm, çünki çox əsəri oxumamışam. Oxumadığım əsərlərin hamısının adını bilsəydim, gərək onları oxumuş olardım”.

İradə Tuncay: “Selincerin “Çovdarlıqda uçurumdan qoruyan" əsərini oxumaq istərdim”.

Seymur Baycan: “Oxumadığım əsərlər çoxdur. Bunları iki yerə bölmək olar. Birinci odur ki, hələ də qarşıma çıxmayıb. Heç özüm də xüsusi bir cəhdlə axtarmamışam. Amma təbii ki, bukinistdə, kitab mağazalarında qarşıma çıxanda alıb oxuyuram. Məsələn, belə yazıçılardan biri Luis Ferdinand Selindir. Gözləyirəm ki, qarşıma çıxsın. Məsələn, elə Prustu gözləyirdim. Tiflisdə qarşıma çıxdı, aldım. Oxumadığım məşhur yazıçılar çoxdu.

İkinci, çox məşhur romanları oxumuram. Məsələn, buna ən bariz nümunə Ceyms Coysun “Uillis” romanıdır. Oxumamışam, yəqin ki, oxumayacam da. Açığı, oxuyanlardan da soruşmuşam ki, bu nədir, biri bir düz-əməlli, xüsusi bir izahat verməyib. Kiminsə o roman haqda çox böyük ilhamla, həvəslə danışdığının şahidi olmamışam. Bizim dövri mətbuatda bir kimsənin öz yazısında konkret “Uillis” romanından hansısa bir məsələ, hadisə ilə paralel apardığını görməmişəm. O cümlədən Kafkanı, Robert Musili oxumamışam. Herman Broxun “Virgiliyanın ölümü” əsərini oxumuşam. Məşhur olan və oxumadığım əsərlər belə hesab edirəm ki, həddindən artıq çoxdur. Təkrar mənim vaxtımı çox alır. Əlim dinc durmur, kitabı səhər alıram əlimə, sonra yarımçıq qoya bilmirəm. Azərbaycan ədəbiyyatından isə məşhur bir roman ağlıma gəlmir ki, deyim onu oxumamışam. Demək olar ki, üzdə olan, adı hallanan nə varsa hamısını oxumuşam. Mirzə Cəlildən, Haqverdiyevdən, Cəfər Cabbarlıdan tutmuş Süleyman Rəhimova, Əli Vəliyevə, Sabit Rəhmana qədər hamısını oxumuşam. Anarı, Elçini, Əkrəm Əylislini, İsi Məlikzadəni də oxumuşam”.


Mövlud Süleymanlı: “Lev Tolstoyun “Hərb və sülh” romanını oxumamışam”.

Seyran Səxavət: “70-a yaxın yaşım var. Tanınmış yazıçıların demək olar ki, hamısını oxumuşam. Bizim vaxtımızda yeni bir kitab çıxanda dostlar oxuyub bir-birinə ötürürdü. “Nobel” mükafatçılarının, hətta “Nobel” almayanların əsərlərini oxumuşam. Müstəqillikdən sonra ola bilsin ədəbi əlaqələr itdiyindən, xəbərimiz olmadığına görə müəyyən əsərləri oxuya bilməmişik. Bu da başadüşüləndir. Konkret ad çəkməkdə isə çətinlik çəkirəm”.

Salam Sarvan: “Məsələn, dünya ədəbiyyatından Ceyms Coysdan, Kortasardan heç nə oxumamışam. Azərbaycan ədəbiyyatından isə "Qətl günü"nü oxumaq, sadəcə, qismət olmayıb. Neçə il qabaq o kitabı aldım, elə otuz səhifə oxumuşdum ki, kitab yoxa çıxdı. İkinci cəhddə də məhz otuz səhifədən sonra yasımız düşdü. Baş qarışdı və bir daha o əsərə qayıdası olmadım”.

Murad Köhnəqala: “Məsələn, “Səfillər”i oxumamışam”.

Şərif Ağayar: ““Hərb və sülh”, “Qulliverin səyahəti”, “Dekameron”, “Kerri bacı”, “Əlvida silah” yadıma düşən bunlardır. Bunlarla bərabər, amma bilirəm ki, oxumadığım məşhur əsərlər çoxdur. Məni biabır eləməyin (gülür). Mən çox subyektiv oxucuyam. Ola bilər ki, dahiyanə bir əsəri bəyənməyim. Məsələn, Tolstoyu sevmirəm. Sizə qəribə gələcək, Sabir Əhmədlini də oxuya bilməmişəm. Oxuya bilməmişəm deyəndə, söhbət lazımı səviyyədə oxumaqdan gedir. Bu qədər...”

Kənan Hacı: “Hərdən kitabxanama baxıb düşünürəm ki, ilahi, görəsən, bu kitabları oxumağa ömrüm çatacaqmı? Dünya ədəbiyyatının ən seçmə əsərlərini oxumuşam. Amma Marsel Prustun "İtirilmiş zamanın axtarışında" və Ceyms Coysun "Uillis" əsərlərini mütləq oxumaq istəyirəm”.

Elçin Hüseynbəyli: “Əlif Şəfəqi, Xalid Hüseyninin “Çərpələng uçuran” romanını oxumamışam. Bilirsiniz, mən antitezis yaradan əsərləri oxumuram. Onlar haqda o qədər yazırlar ki, elə bilirəm artıq oxumuşam (gülür). Bir də Orxan Pamukdan ancaq “Mənim adım qırmızı” əsərini oxumuşam, yerdə qalan əsərlərini oxumamışam”.

Mahir Mehdi: “Umberto Ekodan heç nə oxumamışam”.

Mirmehdi Ağaoğlu: “Dünya ədəbiyyatında elə əsərlər var ki, sənin xoşuna gəlib gəlməməyindən, yazıçı olub olmamağından asılı olmayaraq mütləq oxumalısan. Bu baxımdan həcmindən asılı olmayaraq o inciləri oxumağa çalışıram. Bir neçə əsər var ki, onları oxumağı şiddətlə arzulayıram. Bunlar Ceyms Coysun "Uillis" və Marsel Prustun "İtirilmiş zamanın axtarışında" romanlarıdır”.

Cavid Zeynallı: “Bu sorğunu keçirmək haradan ağlınıza gəldi?! Adamı elə bil cinayət üstündə tutursunuz. Düzünü deyim ki, bədənimdən gizilti keçdi, alnımda xəcalət təri puçurladı. Zarafat deyil, el-oba var, intellektuallar var... Amma məsələnin üstü açılıbsa, etiraf yüngüllükdür.

Tolstoyun “Hərb və sülh”ünü oxumamışam. Səbəbi sadədir. Əvvəlcə bu romanın həcmindən hürkmüşəm, sonra fransız sözlərindən, izahlardan davam etməyə həvəsim olmayıb.

Xulio Kortasarın “Xana-xana oyunu” romanını oxumağa cəhd etsəm də, romanın girişindəki izahat-bələdçi, mürəkkəb struktur oxumağa imkan vermədi.

Ceyms Coysun “Uillis”, Folknerin “Küy və Qəzəb”, Xuan Rulfonun “Pedro Paramo”, Kobo Abenin “Qumda qadın” romanları da oxumadığım əsərlər siyahısındadır. Dünya ədəbiyyatından yadıma düşənlər hələlik bunlar oldu.

Azərbaycan ədəbiyyatından “Qılınc və qələm”i məktəb vaxtı yarımçıq buraxdım, hələ də oxuya bilməmişəm. “Şamo”nu isə ümumiyyətlə, oxumaq niyyətim yoxdur”.

Elçin Mirzəbəyli: “Orxan Pamukun heç bir əsərini oxumamışam. Sadəcə vərəqləmişəm”.

Cəlil Cavanşir: “Con Steynbekin “Qəzəb salxımları”nı oxumamışam. Marsel Prustu oxumağa cəhd etsəm də, alınmadı”.

# 5840 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #