Yeni əsrin K.-sı

Yeni əsrin K.-sı
22 oktyabr 2013
# 10:37

Kamal Tağıyev

Günlərdir içimdə bir tənhalıq hissi vardı. Demək olar ki, heç kimim yox idi. Sadəcə ailəmdən mənə miras qalmış tək otaqlı ev və içindəki əşyalar. Ən doğmalarım elə onlar idilər. Hə, bir də kitabları unutmayaq. Onlar boş zamanlarımda məni darıxmaya qoymayan əsl dostlar idi.

Özüm həkiməm. Daha doğrusu, tibb təhsilimi yeni bitirmişəm. Özümə güvənən insanam, eləcə də oxuduqlarıma güvənirəm. Təhsili bitirməmişdən əvvəl hər şey çox yaxşı idi. Çünki onda hər gün pasientlərlə ünsiyyətdə olmaq, onların şikayətlərini dinləmək və xəstəlikləri barədə fikir yürütmək, düzgün diaqnoz qoymaq, ilk dəfə müəyyən xəstəliyə rast gəlmək, ilk dəfə hansısa diaqnozu yalnız sərbəst qoya bilmək, müalicəsi barədə fikir yürütmək və asistenti olduğun həkimin bunu bəyənməsi, bir sözlə, bunlar elə də böyük görünməsə də, mənim üçün çox şey demək idi. Özümü düşünməyə vaxtım qalmırdı.

Az qala unutmuşdum, bir də gecələr özəl xəstəxanada şəfqət qardaşı işləyirdim. Çox böyük pul qazanmasam da, özümü dolandırmağa bəs edirdi .

İndi artıq diplomum vardı. Qastroentroloq olaraq ixtisaslaşmışdım. Böyük bir boşluq vardı qabağımda, sonu bilinməyən boşluq. Deyəsən, o qədər özümü kitablara həsr etmişdim ki, dost qazanmağı unutmuşdum. Əvvəldə dediyim kimi, boş zamanlarımda mənə kömək olan kitablar artıq vərdişə çevrilmişdi mənimçün. Etiraf edirəm, əvvəlki qədər sevmirdim onları, amma bir həqiqət vardı ki, bu vərdişi tərgizə bilmirdim.

B. şəhərində yaşayırdım , təyinatımsa R. şəhərinə oldu. Sizə unutqan olduğumu demişdim?! Mən çox unutqan insanam, adımı deməyi unutdum, adım K-dır. Adları baş hərfilə yazmağı Frans Kafkada görmüşdüm. Çox xoşum gəlmişdi. Beləcə simvolik hərflərin ardınca, istənilən şəhəri canlandıra bilərsiz.

Avtobus saat 11:00-da yola düşürdü. Səhər tez oyandım. Paltarlarımı və kitablarımı yığdım. Və mənə əziz olan bir neçə şəkli. Çıxarkən uşaqlıq xatirələrimlə dolu bu evə bir də baxdım. Qapının açarını isə qonşumuza verdim. Çünki 2 gün sonra qohumu evimdə kirayə qalacaqdı. Məncə uğurlu bir hərəkət etmişdim. Pulu da əvvəlcədən almışdım. Bank hesabı açmışdım, bundan sonra hər ay ora köçürəcəkdi. Qonşumuzu uşaqlıqdan tanıyırdım, ailəvi çox yaxın idik də deyə bilərik. Bu səbəbdən ona çox güvənirdim. Son dəfə günəşi evimizdən izləyib yola çıxdım.

R. şəhərinə 6 saatlıq yol çox yorucu keçdi. Əvvəlcədən dövlət tərəfindən ev ayrılmışdı mənimçün. Yaxşı şəraiti olduğunu deyə bilmərəm, amma onsuz da mən belə şeylərə öyrəşmişdim. Bütün əşyalarımı yerləşdirib, şəhəri gəzməyi düşündüm.

Şəhərdə heç bir yeri tanımadığımdan, evdən çox uzaqlaşmamağı qərara aldım. Bir pivəxana tapdım və orada oturmağı qərara aldım. Pivəni çox sevirəm. Ətrafa baxanda isə bu içkini yalnız mənim sevmədiyimi asanlıqla anlamaq olardı, içəridə xeyli kişi vardı. Heç elə də böyük yer sayılmazdı, nəhayət, kənarda özümə bir yer tapıb oturdum. Bir xeyli gözləyəsi oldum. Axırda burdakı servisdən şikayətlənmək üçün ayağa qalxmaq istərkən, qarşımda valehedici bir gözəllik peyda oldu. Boyu hündür sayılmaz, təxminən 160-165 arası. Ağ dərili və uzun sarı saçları, balaca burnu və valehedici ot yaşılı gözləri vardı. Əynində dizlərindən bir az yuxarıda olan qara yubka və mavi köynək vardı.

Yanıma yaxınlaşarkən, başında buraraq saxladığı uzun saçları açılaraq sinəsinə töküldü. Bir az sərt şəkildə, nə istədiyimi soruşdu. Bir anlıq nə istədiyimi unutdum, sonra pivə deyərək cavab verdim. Cəmi 2 bakal içdim və evə qayıtdım. Sabah ilk iş günü idi və gecikmək olmazdı. Evə qayıdanda yol boyu, yatağıma uzananda, hətta yuxumda belə onu düşünürdüm.

Səhər oyanıb həmişə adət etdiyim kimi , şirin çay içib evdən çıxdım. Təyinat vərəqəmi baş həkimə təhvil verdim. O da məni şöbəmə aparıb, işləyəcəyim kollektivlə tanış etdi. İşim barədə geniş yazmaq istəmirəm. Monoton iş həyatı yaşadığımı deyə bilmərəm, hər dəfə yeni pasientlər, yeni xəstəliklərlə rastlaşırdıq. Ondan kənarda qalan hər şey isə monoton bir ardıcıllıq təşkil edirdi.

Yenə bu gecə o kafeyə getdim. İçmək üçün? Yox, əslində o qızı yenidən görmək üçün. Ondan xoşlanırdım deyə bilərdim artıq. Mən gələndə bir kənarda oturub siqaret çəkirdi. Pivə sifariş etdim. Daha sonra birini də, ikincisi, üçüncüsü. Hesabı istədim, gətirəndə “bir dəqiqə gözləyə bilərsiz, sizə veriləcək kitabım var” dedim. Səbirsiz şəkildə məni gözləyirdi. Tez çantamı açdım və orda siqaretin insana ziyanı haqda olan jurnalı ona uzatdım .
“Oxuyarsınız bu jurnalı, xanım” -çəkinə-çəkinə dedim. Jurnalı əlinə alıb üz qabığına baxdı və güldü. Qeyri-adi təbəssümü vardı, güləndə batan yanaqları, parlayan gözləri adamı dəli edəcək gözəlliklərdən idi deyə bilərəm.

Pulu masanın üzərinə qoyub ayağa qalxdım. O an məndə elə təəssürat vardı ki, hamı mənə diqqət edir. Sanki hər kəs bir sonrakı hərəkətimin nə olacağını düşünürdü. İrəliləmək istəyəndə əlim stula dəydi və bir anlıq büdrədim. Amma özümü sərxoş göstərmək istəmirdim. Tez özümü tənzimləyib oranı tərk etdim. Amma düzünü demək lazımdırsa, mən tez sərxoş oluram və 5 bakal pivə artıq öz təsirini göstərmişdi.

Evə gedən kimi özümü çarpayıya atdım, bir də səhər telefonun zənginə oyandım.

Qonşuluqda rus qadın yaşayırdı. Adı N. idi. Əri 2 il öncə ölmüşdü, azərbaycanlı idi. Uzun müddət burada qaldığından, dilimizdə sərbəst danışa bilirdi. Yəqin sual yarandı ki, axı niyə onun haqqında danışıram. Səbir edin, yazım. Səhər oyanandan bir az keçmiş qapı döyüldü. Bu, xanım N. idi. Qapını açanda qarşımda 170 sm boylarında, arıq, uzun, sarı saçlarını başının üstündə toppuz etmiş qadın dayanmışdı.

- Salam, buyurun ,- gözlərimi ovxalayaraq dedim.

- Salam, istədim sizə xoş gəlmisiniz deyim. Mən sizin qonşunuz N.-yam. Axşam boş vaxtınız varsa, qonaq gözləyirəm sizi evimizə.

Mənsə heçdə tanışlığın marağında deyildim. Vaxtım yoxdu demək istədim, amma deyə bilmədim, məmnuniyyətlə gələrəm dedim və gülünsündüm. Axşam evə qayıdanda bir az bazarlıq elədim. Əvvəl evə gedib çantamı orada qoydum. Sonra aldığım şeyləri əlimdə götürüb qapını döydüm. Etdiyim ürəyimcə olmadığından qapını döyməkdə tərəddüd edirdim. Əlimi geri çəkdim və qayıtmaq istədim, bu an N. xanım qapını açdı. “Ooo, niyə çöldə dayanmısız, keçin içəri”- dedi. Keçdim. İlk getdiyim yerləri heç zaman sevmirəm. Yeni tanışlıqları da sevmirəm, bu şəhər sə başdan-ayağa yeni idi mənimçün. Evdə başqa insanların da olmasını gözləsəm də, ikimizdən başqa heç kim yox idi. “Həyat yoldaşınız işdən gec çıxır deyəsən” dedim. Osa qarşılığında bir anlıq susdu. Tutuldu. Gerisini bilirsiz onsuz da.

Süfrəni düzəltdi. Yəqin ki, rus təbiətindən irəli gələrək, “axx, bir şeyi unutdum” deyib, mətbəxə qaçdı. Gələndə əlində araq vardı. Mən araq içməyi bacarmırdım, amma deməyə utandım. İçdik birgə. Çox səmimi və həyata baxış bucağı maraqlı olan biri idi. Daha sonra birgə çox şərab, araq içdiyimiz günlər oldu, kitablar barəsində söhbətimiz düşdü. Hər zaman gətirdiyi sitatlardan bəlli olurdu ki , çox kitab oxumuş biri idi. Həmişə deyərdi ki, yazıçının yazdığı şeyləri yaşaması şərt deyil. “Bəlkə də bir yazarın ustadlığı da bundadır” - deyərdi . Düşünürdü ki, bəlkə ömründə heç sevməyən və ya seks yaşamayan biri , bu hadisələri daha mahir təsəvvür edə bilər.

Mənsə qəti razılaşmırdım və bunun saxtakarlıq olduğunu deyirdim. Axı necə olur ki, bir hissi yaşamadan o haqda ağız dolusu danışasan. Bu qeyri-səmimilik deyil?! Sualım qarşılığında güldü, dedi: “Önəmli olan bir şeyi necə təsəvvür etdiyindədir, sən hadisələrə necə baxırsansa, gerçək olan da odur. Saxtakarlıq düşündüyünü yox, əksini yazmaqdı.”

- Bəs onda bir gün bu hadisələri yaşadı və duyduğu hisslər tamam başqa oldu, onda necə ?

- Əzizim K., əgər ondan başqa şeylər yaşayacaqsa, bu, o an həqiqətin dəyişdiyi anlamına gələcək. Unutma ki, həqiqət mütləq deyil .

Artıq 3 ay idi burda idim. İnsanları tanımağa başlayırdım. Bu şəhərdə uşaqları kəşf etmişdim. Onlar səbəbsiz gülməyi bacarırdılar və məni də güldürürdülər. Yaşadığım ərazidə uşaqlar məni çox istəyirdi. Etiraf edim ki , ilk əvvəl uşaqlar məndən qorxur və ya çəkinirdilər. Uzun müddət saqqal saxladığımdan bəlkə də onlar üçün qorxunc biri kimi görünürdüm. Zamanla mənə yaxınlaşmağa cəsarət edənlər oldu.

Evdən bir az aralıda kiçik sıx ağacları olan park vardı. Boş zamanlarımda ora gedib ağacın dibində kitab oxuyardım. Beləliklə, ətrafıma toplaşar və məni dinləyərdilər. Sonralar çoxları məni çox istədiklərini etiraf etmişdi. Bu, məni ən çox sevindirən iki şeydən biri idi bu şəhərdə. Amma valideynləri isə eyni fikirdə deyildi. Onlar məni uşaqlarının tərbiyələrini pozmaqda günahlandırırdılar. Mən bütün həqiqətləri onlara danışırdım. Tibbi izahını verirdim. Bu onlara çox maraqlı gəlirdi. Aralarında artıq həkim olmaq istəyənlər də formalaşmışdı.

İşdən evə qayıdanda uşaqları T.-nın ətrafına toplanan görəndə çox xoşbəxt oldum. N.-də həyətdə idi . Artıq ona N. xanım yox, N. deyə müraciət edə bilirdim. Bu dövrdə çox yaxınlaşmışdıq deyə bilərəm. Yəqin niyə sevindiyimi bilmək istərsiz. T. daun sindromlu bir qız idi. Uşaqlar ondan qorxardılar. Əslində valideyinlər uşaqlarını ona yaxın getməyə qoymazdılar. İnsanların savadsızlığı ucbatından T. hər kəsdən uzaq düşmüşdü. Evləri birinci mərtəbədə idi. Həmişə ordan keçəndə onu pəncərədən baxan görərdim. Uşaqlar isə ona lağ edərdilər.

Zamanla uşaqlar dəyişə bilmişdi. İlk əvvəl mənim onla ünsiyyətimi görən uşaqlar, sonralar özlərində cəsarət tapa bilmişdilər. Bu gün onu evdən çölə çıxara bilmişdilər. Qızlar onun saçlarını hörmüşdü. Möhtəşəm səhnə idi. Bir insanın xoşbəxtliyi üçün nə qədər az şeyin ehtiyacı olduğunu anlamışdılar. Dostlarımla fəxr edirdim.

Bu gün o qədər ruhlanmışdım ki, gedib o qıza hər şeyi etiraf etmək istəyirdim. Elə də etdim. Getdim ora. Birbaşa gedib hər şeyi demək istədim, amma əlim əsdi. Düşündüm, içim və sonda işdən çıxanda deyim ona. Təsəvvür edilməyəcək qədər gözəl idi . Heç onun necə biri olduğunu bilmirdim. Əslində onun necəliyindən asılı olmayaraq, məni cəlb edirdi. Gecə iş bitənə kimi bayırda gözlədim. Çıxanda sözümü demək istərkən, bir nəfər mən yaşlarda bir oğlanın ona yaxınlaşdığını gördüm. Az sonra mübahisə etməyə başladılar. Oğlan onun çantasını əlindən almağa çalışırdı. Özümü saxlaya bilməyib, onlara yaxınlaşdım, oğlanı itələdim. Əslində isə mən çox gücsüz və qorxaq biri idim. Bu cəsarəti necə qazandığımı özüm də anlamadım. Düşündüyüm də oldu: qarşılıq verdi və dalaşdıq. Tam olaraq dalaşdıq da demək olmazdı, məndən güclü idi və iki yumruqla yerə sərə bildi məni.

Bir növ naqdaun vəziyyəti alınmışdı.

Oğlan maşına mindi və qıza “gəlirsəəən?” dedi.

O, heçnə demədən maşına mindi və getdi. Mənsə ayağa qalxıb özümü bir təhər toparladım. Evə getdim. N.-nın evinin işığının yanırdı, yəqin yatmamışdı. Ümumən, o çox gec yatırdı. Məni bu vəziyyətdə görəndə çox həyacanlandı. “Qoy bir şeylər gətirim, ağız yaranı təmizləyək” dedi. Mən heçnə istəmədiyimi ,sadəcə mənimlə içməsini xahiş etdim. Mənim evimə getdik. Evdə həmişə içməyə bir şeylər olurdu. Başıma gələnləri ona danışdım. O isə hey mənə gülümsəyirdi. Bəlkə çox mənasız gəlirdi ona.

Və düşünmədiyim halda məni öpdü. Mənsə etiraz etmədim və sevişdik. Onla sevişmək qürurumu oxşayırdı. O qızdan daxilən qisas alırmış kimi hiss edirdim özümü. Və bu hadisədən sonra bir neçə dəfə sekslə məşqul olduq. O, hər zaman bilirdi nə zamansa mən gedəcəm. Bəlkə də, məni sevirdi . Mən də bir başqasını. Bəlkə də bizi birləşdirən bu idi, ikimiz də qarşılıqsız sevirdik. Sadəcə, o məndən bir az şanslı idi. Mən onun yanındaydım. Bu düşüncəm haqsız da ola bilər, kim bilir, bəlkə məhz buna görə əzab çəkirdi. Gedəcəyimi, bir şeyin sonunu düşünmək çətin olsa gərək.

Bir neçə gün sonra yenidən həmin pivəxanaya getdim. Gözlərim onu axtarsa da, heç yerdə tapa bilmədim. Bir xeyli gözləyəndən sonra barmendən işə gəlib-gəlmədiyini soruşdum, nəticədə isə 2 gün öncə işdən çıxdığını öyrəndim. Dediyinə görə, şəhərdən ayrılacaqmış. Hara, kimlə və niyə getdiyini isə bilmirdim. Suallar və deyə bilmədiyim sözlər beynimdə üsyan qaldırmışdı.
Evə getdim, yatdım, səhər oyandım, işə getdim. Və yenidən evə getdim, yatdım, səhər işə getdim. Beləcə zamanı unutdum. Bir də balaca dostlarım və N. vardı. Zaman keçdikcə unutduğumu anladım, ya da vəziyyətə öyrəşdiyimi. Bəlkə də sevginin yox, xatirələrin insanları bağladığını, dəyərli etdiyini anladım...

# 2115 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #