Ot oğurluğu - Məti Osmanoğlunun hekayəsi

Ot oğurluğu - Məti Osmanoğlunun hekayəsi
20 avqust 2017
# 16:30

Mənim ilk qazancım

Avdı əmimin nurlu xatirəsinə bağışlayıram

- Gəl atlarımızı burdan dib arxına qədər səyirdək, - Sahib deyir. Sahibin dediyinə əhəmiyyət vermirəm. Mənim indiki anlayışımla o, adrenalin həvəskarıdır, tasalanır, macəra axtarır. Bir-birinə yaxın düzülmüş ot taylarının arasında axşamın şərində at səyirtmək, yəqin ki, heç kəsin ağlına gəlməyəcək dərəcədə qorxulu bir oyun ola bilər. Mən macəranı heç sevmirəm.

Qüruba baxıram. Üfüq Günəşi ortadan iki bölüb. Günəşin yarısı üfüqün arxasındadır, gizli bir qüvvə Günəşi dartıb üzü aşağı aparır. Günəşin ətrafından başlayaraq üfüq boyunca göyün üzünə tünd qızartılar yayılıb. Başımızın üstündəki buludsuz göyün bir tərəfi tünd qırmızıdır, o biri tərəfi qatı göydür və göy anbaan qaralır. Ayaqlarımızın altındakı biçin sahəsi yal adlanan təpəliklərə – Böyük Qafqaz sıra dağlarının qurtaracağına qədər uzanır. Yalın kənarı ilə arx axır. Təpələrin dibi ilə çəkildiyinə görə ona “dib arxı” deyirik. Burdan dib arxına qədər düz iki kilometr məsafə var. Arx boyunca söyüd və çinar ağacları sıralanıb.

İndi həmin yer dünyanın geosiyasi xəritəsində xüsusi qeyd olunub: Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri bu ərazinin düz ortasından keçir. Yadınızdadırsa, Prezident İlham Əliyevlə Prezident Mixail Saakaşvili elə bu yerdə təntənəli “qızıl qaynaq” əməliyyatı aramış, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycanla Gürcüstan arasındakı hissələrini birləşdirmişdilər. Həmin mərasimi həm yerli, həm də dünya televiziyaları göstərmişdi.

Hələ “qızıl qaynaq” mərasiminə çox var: təxminən otuz il. Ot biçinin qaynar çağıdır. Bütün gün sovxozun işçiləri burada vurnuxublar. Otbiçən maşınlar işləyib, yayın qızmar günündə nəmi çəkilmiş otlar tam quruyub tənbəkiyə dönməmiş traktorların arxasına qoşulmuş pres maşınları ilə bağlanıb taya vurulub. Yorğun biçinçilər biçənəyi indicə tərk eləyiblər. Buraya bir də sabah tezdən gün çıxar-çıxmaz gələcəklər. Hazır ot taylarını maşınlara yükləyib, sovxozun tayalarına daşıyacaqlar. Həmin tayalara bizim camaat ilanyalı deyir.

Dayandığımız yerdən arxın üstündəki ağaclar hələ görünür və get-gedə böyüyərək bizdən uzaqlaşır. Onlar böyüyüb-böyüyüb bir azdan qaranlığa qarışacaq, görünməz olacaq. Bir azdan yerlə göyün arasındakı hər şey qaranlığın içində itib-batacaq. Bircə ot ətri qalacaq. Təzə biçilmiş biçənəyin sehrli ətri adamın dilini-ağzını bağlayır. Axşamın sərinində hava nəmləndikcə bu ətir daha da sərtləşəcək, dadlanacaq.

- Sən nədən qorxursan? - Sahib inad edib, sözünü yeritmək istəyir.

Düzünə qalsa, atları səyirtməli olsaq, mənim ötmək şansım daha böyükdür. Daha doğrusu, mənim atımın ötmək şansı. Çünki Sahibin atı qoşqu yabısıdır, mənim qaşqa kürən ürgəmi isə anası cıdır üçün doğub. Onu arabaya qoşanda yazıqlaşır, qanadları qırılır, kiçilir. Yəhərsiz minib, dabanlarını yançağına sıxsan, qanad açacaq. Ancaq indi ot taylarının arasında səyirtmək ona cəza vermək olardı.

- Boynuna al ki, qorxaqsan, at səyirtməyə kişiliyin çatmır, at səyirtmək kişi işidir... – Sahib deyəsən, söhbətin şitini çıxardır.

Mən onun dediklərinə heç zərrə qədər də əhəmiyyət vermirəm, deyir desin. Çox yorulmuşam. Bütün günü dəmiryolu ilə biçənəyin arasındakı sahədə qarğıdalı alağı vurmuşuq, seyrəltmə aparmışıq. Qarğıdalı kolları indi xeyli böyüyüb, bəzi yerlərdə adam boyuna çatır, onların arasında yerimək itin zülmüdür. Sərtləşmiş yarpaqlar adamın sifətini cızır. Cızır nədir, kəsir. Di gəl ki, kəndlinin dolanışığı da bundan çıxır.

Buranı bizim ailələrimiz sovxozdan icarəyə götürüblər. Payız məhsul yığılanda qarğıdalının bir hissəsi sovxoza təhvil veriləcək. Qalanını mal heyvana və toyuq-cücəyə yem tədarük eləmək üçün bölüb evlərimizə daşıyacağıq. Bu əziyyətli işdən bizə qalan əsas qazanc isə qarğıdalının şaxı olacaq. Qışda qarğıdalı şaxı mal-heyvan üçün əvəzsiz yemdir. Ertədən balta ilə kötüyün üstündə xırda-xırda doğrayırsan, üstünə azca ilıq su səpirsən, üstünü palazla örtürsən. Nəm canına hopunca yumşalıb piyləyə dönür. Malın gözünü işığa gətirir...

Birdən ağlımda maraqlı bir fikir yanıb-sönür. Onu heç götür-qoy eləyib bişirmədən Sahibə dönürəm:

- Kişlikdən danışırsan, kişiliyin olsa, bu gecə kalan xeyrimiz ola bilər, - deyirəm.

- Nə xeyir?... – Macəra üçün əldən-ayaqdan gedən Sahib lap ciddi maraqlanır. Mən qəsdən sözün dalını gətirmirəm, artıq onu “qarmağa saldığıma” tam əminəm.

- Adama burdan bu gecə neçə tay ot daşıyıb, qarğıdalının arasında gizləyə bilərik?

- Yetmiş dənəsi bir lafet eləyir. Adama bir lafet...

Sahibin gözləri parıldayır.

- Sənin başından yoxdur, - deyir, - vallah, kəlləsən, yerini bilən yoxdur...

Qaranlığın düşməsini gözləmirik. Hərəmiz belimizə bir tay götürüb, ensiz arxdan adlayır, tayı qarğıdalı sahəsinin içindəki dayaz suvarma xəndəyinin – “qajın” içinə qoyuruq. İdeyanın müəllifi kimi mükafatımı alıram: Sahib biçənəyə yaxın qajı mənə verir. Özü isə səkkiz-on metr aralıdakı paralel qajı götürür. Bunun mənası odur ki, Sahib hər dəfə belindəki yükü məndən təxminən on metr o yana daşıyacaq. Nəzərə alsaq ki, bu gecə adama bir lafet – 70 tay ot daşımalıyıq, Sahib ağır ot taylarını məndən üst-üstə 700 metr uzağa daşımış olacaq. Ağlımda əlüstü bu hesablamanı aparıram. Ancaq heç inanmıram ki, Sahib də həmin an eyni şeyi fikirləşmiş olsun...

Ot taylarını biçənəkdən adda-budda daşıyırıq. Yəni bir tayı burdan götürəndə növbəti tayı beş-on metr ondan aralı götürürük. Hamısını bir yerdən götürsək, sabah oğurluğumuzun üstü dərhal açılar. Həm də eyni yeri ayaqlasaq, biçənəkdə təzə biçilmiş otun üstündə izimiz qalar.

Biçənəyin üstünə qaranlığın nə vaxt düşdüyünü hiss eləmirik. Qaranlığın zəbt eləyib içində gizlətdiyi ucsuz-bucaqsız çöldə ins-cins gözə dəymir. Bircə bizik. Bir azdan ay da doğacaq, biçilmiş ot ətri gələn çölə dolğun ayın süd rəngi səpələnəcək.

Sağ çiynimi ot taylarının bağlandığı ipin kəsdiyini hiss edirəm. Çiynimi əlimlə yoxlayıram. Kəsik yeri tapa bilmirəm. Ancaq hər dəfə ot tayını çiynimə qaldıranda sağ çiynimdən kürəyimə tərəf elə bil nəsə iti bir şey doğraya-doğraya gedir. Xeyli keçəndən sonra həmin kəsiyin acısını ovuclarımın içində də hiss eləyirəm. Ancaq indi nə kürəyimdəki ağrının, nə də ovcundakı kəsiyin yeridir, “öhdəliyə”, özümüzə verdiyimiz əməl eləməliyik. Bu artıq idman marağı kimi bir inada çevrilib.

İlk qırx taydan sonra əməlli-başlı əldən düşdüyümü hiss eləyirəm. Sahibin, elə bil, heç nə vecinə deyil. Mənə elə gəlir. Ancaq sonradan boynuna alacaqdı ki, o da qırx tay daşıyandan sonra canını dişinə tutubmuş. Onun çiyni və əlləri ot tayının iplərinə dözsə də, kürəyi otun presin içindəki kəsik uclarına çətin dözürmüş. Dözülməz iş idi. Ancaq dözürdük...

Hələ bundan sonrası da vardı. Atları arabalara qoşmalı, əkin sahəsindən evə qədər beş-altı kilometr kələ-kötür yolu taqqataq arabanın üstündə getməli idik.

- Arabaları aparmağa ehtiyac görmürəm. Gecə burada kimin iti azıb. İydələrin altına çəkək, qalsın burda, – mən deyirəm.

- Səndə baş var, kəlləsən, yerini bilən yoxdur... – Sahib yenə mənim ideyamı sevinə-sevinə göydə qəbul eləyir və sahədən evə çılpaq atlarımızın üstündə getməyi qərara alırıq.

Qaranlıqda atlar da insanlar kimidir, yolu yaxşı görə bilmədiklərinə görə tez-tez ayaqları büdrəyir. Ona görə də atı çox da iti sürmək olmur.

Ayaqlarımın təması ilə kəhər ürgənin ürəyinin döyüntüsünü lap aydın hiss eləyirəm. Yəqin ki, o da məni hiss eləyir, mənim yorğun olduğumu başa düşür. Atlarımızın kefi kök olmalıdır. Biz özümüzü həlak eləyə-eləyə belimizdə haradan-hara ot taylarını daşıdığımız zaman onlar biçənəkdə yaxşıca otlayıblar. Üstəlik də onları sahədən kəndə araba sürüməkdən xilas eləmişik. Qaşqa kürənimin əməlli-başlı sevindiyini hiss edirəm. Elə mən də ağır işdən sonra evə qayıtmağıma sevinirəm. Çörək yemək gözümə görünmür. Bircə özümü çarpayıma çatdıra bilsəydim. Yəqin ki, daş kimi yatacam...

Mənim atam fermada işlədiyinə görə yaylağa gedib. Bir də, Allah bilir, nə vaxt qayıdacaq. Yəqin arxayındır, necə olmasa, mənim artıq işə yarayan vaxtımdır. Orta məktəbin son sinfinə keçmişəm.

Sahib yolda bir şeir oxumağımı istəyir. Bilirəm ki, Hüseyn Arifin “Sən dərsə gəlməyəndə” şeirini arzulayır. O, qız istəyir və mən onun beyninə yeritmişəm ki, şair bu şeiri bütün sevənlərin adından yazıb. Mənim də gözaltım var və imkan düşəndə uzun-uzadı qızlardan danışırıq. Ancaq indi şeir oxumağa həvəsim yoxdur. Həm də gecənin yarısı at üstündə söhbət eləmək üçün ən uyğunsuz vaxtdır. Gecənin qaranlığı səsi çəkib lap uzaqlara aparır. Burada danışdığın bir kilometrdən aydın eşidilir.

- Bu axşamkı işimiz əla oldu, – Sahib deyir.

Mən dərhal qazancımızın pul qarşılığını hesablayıram. Ot tayının birinin qışda manat yarıma satıldığını nəzərə alanda bu axşam adama qış qiyməti ilə yüz beş manat pul qazanmışıq. Sevinirik. Kəndə çathaçatda qərara alırıq ki, ikimiz də atımızı Sahibgilə sürək. Onsuz da sabah tezdən – üç-dörd saatdan sonra bir də qarğıdalı sahəsinə qayıtmalıyıq.

Onlarla bizim aramızda kirvəlik münasibəti var. Mən kirvəmin uşaqları ilə bir evin övladları kimi böyümüşəm. Gözümü açandan məni evimizdə itirəndə kirvəmgildə – Sahibin yanında, onu da öz evlərində itirəndə bizdə – mənim yanımda tapıblar. İndiyə qədər bir-birimizin xətrinə dəyməmişik. Bir-birimizin sözünü götürməyi bacarırıq.

Kirvəmgilin evi kəndin günbatarında təpənin üstündədir. Həyətin dörd dövrəsində hasar-zad yoxdur. Həyətdə bizi ayaqüstə qarşılayırlar. Bizimkilər də burdadır: anam, ortancıl qardaşım. Hamı bizi gözləyir. Məlum olur ki, saat 2-yə işləyib. Avdı kirvə qabağa yeriyir. Üzündən gərgin təlaş keçirdiyi hiss olunur.

- Arabaları neyləmisiniz? – həyəcanla soruşur.

Sahib də, mən də arxayın-arxayın gülürük.

Mən atdan düşüb, tələsmədən “qəhrəmanlığımızın” təfərrüatlarını söyləməyə çalışıram. Xüsusi vurğulayıram ki, bu mənim ideyam olub. Ara yerdə ot tayının birini keçən qış manat yarıma aldığımızı da xatırladıram. Uca boylu Avdı kirvə qayıdıb öz boyuna uyğun sapladığı kürək beli əlinə alır. Bilirəm ki, nə qədər acıqlansa da, uşağa əl qaldıran adam deyil. Qabağa yeriyirəm.

- A kişi, neyləyirsən, əlindən xata çıxar... – deyib, zarafat elmək istəyirəm. Beli əlindən alanda bir şey deməsə də, çox acıqlı olduğunu, hirsindən əlinin əsdiyini görürəm. Yaxşı ki, Sahibi tək buraxmamışam, mən gəlməsəydim, yazığın axırı necə olacaqdı – bunu bir Allah bilir...

- İt kimi oğurluq eləməyə getmişdiniz? Ata-ana da deyir oğul böyütmüşəm... – Arxamdan anamın səsini eşidirəm. Anamın əlində çatı var. Bilirəm ki, imkan düşən kimi belim uzunu ölçəcək. Tez uzaqlaşıb çatının çata bilməyəcəyi yerə keçirəm.

- Bir bunların irzinə-rənginə bax... – Bənövşə bibimin, Sahibin anasının da donu açılır, yavaş-yavaş qorxunun əsarətindən çıxır. Böyüklərimizin üçü də bizə düşmən balası kimi baxır. Kirvəmin kiçik oğulları Yusiflə Abbasın bizi kənardan yazıq-yazıq süzdükləri nəzərimə çarpır.

- Vaxtı itirməyin, - Avdı kirvəm deyir. – Tez çörəyinizi yeyin.

Tut ağacının altındakı stolun arxasında otururuq. Qabağımıza yağda qovrulmuş göy lobya qoyurlar. Kim nə deyir-desin, bunu biz tərəfdə çox dadlı bişirirlər. Bəlkə də mənə elə gəlir. Sarımsaqlı qatıq gətirilir. Lobyanı sarımsaqlayıb aclıqdan qurtulmuş adamlar kimi gözümüzə təpirik. Çayımız gəlir. Canımdan yorğunluq çəkildikcə ovcumun içinin, kürəklərimin göynərtisi şiddətlənir. Bu gecə başımıza nəsə xoş olmayan bir hadisənin gələcəyini lap aydın hiss edirəm. Təhlükənin düz başımızın üstündə dolaşdığını görürəm və gözlənilən olur:

- Çörəyinizi yediniz, çayınızı içdiniz, di durun! – Avdı kirvənin səsi rəhmsiz komandir komandası kimi çıxır. – Durun, atlanın. Sabahın gözü açılana qədər o ot taylarını necə gətiribsinizsə, hardan gətiribsinizsə, eləcə də yerinə daşıyın. İşinizi qurtarandan sonra sizi gözüm görməsin, hara cəhənnəm olursunuz, olun. Bir də bu qapıya, bu evə ayağınız dəyməsin! İkinizin də!

Mübahisə eləməyin heç yeri yoxdur. Yer-göy başıma fırlanır. Sahib gözünün altından mənə baxır. Yəqin məni asıb-kəsir. “Kəllən yerdə qalsın, – deyir. – Bizi gecənin bu şər vaxtında azara saldın”. Ancaq üzündən başqa şey oxuyuram. Kömək umur ki, mən nəsə deyim, bu ağlagəlməz insafsız cəzanı üstümüzdən götürsünlər.

Mən də sövq-təbii gözümün altından Bənövşə bibimin üzünə baxıram. Həmin an Avdı kirvəmi yola gətirəcək bir qüvvə varsa, o da bu hökmlü qadın ola bilər. Ancaq boyu Avdı kirvəmin boyunun yarısına güclə çatan Bənövşə bibimin əlində əlac olsa, başqa cəza üsulu tapa bilsə, cəzamızı daha da ağırlaşdırar.

Aradan qırx il keçəndən sonra indi düşünürəm ki, bəlkə, bizim ot oğurluğumuz onlara o qədər də təsir eləməzdi, ancaq sahədən gec gəlməyimizlə onları əməllicə qorxuya salmışdıq və keçirdikləri qorxunun, həyəcanın əvəzini bizdən beşqat çıxmaq istəyirdilər...

Aranı yumşaltmaq üçün təşəbbüsü ələ almaq istəyirəm.

- Molla Əhməd babam deyir hökumətdən oğurlanan halaldır, çünki orada bizim də əlimizin əməyi var... – Yusiflə Abbas gülüşürlər. Kirvəmin səsi daha da sərtləşir, ciddiləşir:

- Katda-katda danışma, - deyir. – Marş! Gözüm sizi görməsin...

Atları minirik. Sahibi bilmirəm, mənə elə gəlir sürgünə gedirik və bir də oradan geri qayıtmayacağıq.

- Dədən gəlsin, sən payını onda alacaqsan. Yaman cızığından çıxıbsan... – Arxamca Güləsərin – anamın səsini eşidirəm, onun sözü təkcə mənə ünvanlanıb...

Avdı kirvənin hüzründə bu əhvalatı da xatırladıq. Bənövşə bibimdən eşitdim ki, dədəm yaylaqdan gələndə bu əhvalatı eşidib, kirvəmi danlayıbmış. “Uşağa niyə zülm eləyibsən, a yaradansız? – deyibmiş. – İndi gücü çatan dövlətin malını basıb yeyir. Ağzında yer tapa bilməyən də dalından təpişdirir. Sənin-mənim haqqımızı iribuynuzlular gözümüz baxa-baxa əlimizdən alırlar”. Kirvəmsə öz hərəkətinə başqa mülahizə ilə haqq qazandırıbmış: “İndidən onların (yəni mənimlə Sahibin) ipini yığmasaq, sonra çox baş apararlar, öhdəsindən gələ bilmərik. Bir də haram tikə nə sənin ocağına xeyir-bərəkət gətirə bilər, nə də mənim. Qoy haramı kimin ocağı götürür, da o yesin, cəzasını özü çəkər”. “Haram tikə” məsələsində kirvəmlə atamın fikri üst-üstə düşdüyünə görə bu söhbət də beləcə yekunlaşıbmış...

Dünyanın üstünə doğan Günəş üfürülüb şişirdilmiş qırmızı kürəyə bənzəyirdi. O yaşıma qədər heç vaxt Günəşi belə iri, özümü də belə yorğun görməmişdim. Elə bil axşam qürubda göyün üzünə çökən qızartı indi şərqə köçmüşdü. Üfüq çox geniş görünürdü. Uzaqdan – biçənəyin o başından yük maşını gəlirdi. Yəqin biçinçiləri gətirirdi. Daha burada özünü göstərmək ağılsızlıq olardı.

Qarğıdalı sahəsinin içinə qayıdıram. Bütün gecəni bir dəfə dolub, bir dəfə də boşalan qajın içində ikicə ot tayı qalıb. “Üç manat eləyir”, - beynimdən keçirib, öz-özümə gülümsünürəm. Sahibdən xəbərim yoxdur. Elə bil işini məndən əvvəl qurtarıb. İndi ən düzgün seçim yol bir-birinin gözünə görünməməkdir. Mən qajın içinə, ot tayının daldasına uzanıram. Qajın içində axar suyun narınlaşdırdığı yumşaq torpaq köynəyimin üstündən bədənimə təmas edəndə kürəyimdə şiddətli bir göynərti hiss eləyirəm. Kürəyim suluq-suluqdur. Əllərimin içinə baxıram. Pres ipləri hər iki ovcumun içini doğrayıb, ovcumun qabığı çıxıb. Əllərimin arasından göyün üzü görünür. Göyün nə qədər dərin olduğunun, sanki, ilk dəfə fərqinə varıram. Əllərimi yavaş-yavaş başımın arxasına gətirdiyim yadıma gəlir. Sonra eləcə də yatıram. Əllərim boynumun ardında.

Mən yuxudan duranda günorta idi. Kimsə ot tayına köndələninə yaba sancıb, yabanın sapına seyrəldilmiş qarğıdalı şaxları düzüb. Başımın üstündə kölgəlik düzəldib ki, üzümə gün düşməsin. Anamın işi olar.

Bizimkilər nahara çıxıblar. İydə kolunun altına sərdikləri süfrənin başında dövrələmə oturublar. Aralıdan Sahibi də oturanların arasında görürəm. Nədən danışdıqlarını bilmirəm. Dəmir yolu ilə bizə tərəfə gələn qatarın uzaqdan ritmik taqqıltısını eşidirəm. Mən nahar edənlərə yaxınlaşanda hündürdən gülüşürlər. Hər halda, mənə gülməzdilər...

2-3 oktyabr 2013

# 2329 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #