Güllələnən müsavatçı şair ARAŞDIRMA

Güllələnən müsavatçı şair  ARAŞDIRMA
27 sentyabr 2013
# 08:00

Onun əsərlərinə 1906-1937-ci illərdə çıxmış onlarca mətbuat orqanında rast gəlmək olur. İnqilabdan əvvəl “Həyat”, “İrşad” “Tazə həyat”, “Bəhlul” “Zənbur”, “”Yeni irşad”, “Səda”, “Kəlniyyət”, “Yeni həqiqət”, “İqbal” “Açıq söz”, “Doğru söz” “Tuti”, sovet hakimiyyəti illərində “Kommunist”, “Maarif və mədəniyyət”, “Mədəni hücum”, “Kəndçi qəzetəsi” kimi mətbu orqanlarda çoxlu şeir və məqalələri çıxmışdır. 1908-ci ildə “Eşq və məhəbbət”, “İslam qiraətxanası”, “Yaman qardaş”, “Nalələrim”, “Fəğanlarım”, 1912-ci ildə isə “Dabanıçatdax xala və heyvərə” adlı kitabları çap olunmuşdur.

Əli Razi ədəbi-ictimai fəaliyyətə 1905-ci il inqilabından sonra başladığı üçün onun əsərlərində çarizmin milli müstəmləkəçilik zülmündən şikayət, azad həyat arzuları, mədəni intibaha çağırış ideyaları başlıca yer tutur.

Əli Razi 20-ci əsrin əvvəllərində öz satiraları ilə Azərbaycandan kənarda da tanınırdı. Tatarıstanda çıxan “Akmulla” adlı satirik jurnalında onun şeirlərinə yazılmış nəzirələrə rast gəlinir.

Əli Razi 1886-cı ildə şam düzəldib satmaqla dolanan Yəhya adlı kişinin ailəsində dünyaya gəlib. Özünün yazdığına görə ulu babası da şamçı olmuşdu. Ona görə gənc Əli bu sözü özünə soyad kimi qəbul etmişdi.

Əli Razi “Mədrəseyi-Ruhaniyyə”də, sonra isə “Məktəbi-xeyriyyə”də oxuyub. Onun ədəbi-ictimai xadim kimi yetişməsində Gəncə gimnaziyasının müəllimi Mirzə Məhəmməd Axundovun və Abdulla Sur Məmmədzadənin xüsusi rol oynayıb. Əli Razinin ədəbi yaradıcılığa həvəslənməsində o dövrdə yenicə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının müstəsna rolu olub. Jurnalın 1906-cı il 14 iyul tarixli 15-ci nömrəsində onun ilk satirik şeiri dərc edilib.

C.Məmmədquluzadə Ə.Razinin satirik yaradıcılığına yüksək qiymət vermişdir.

O, “Molla Nəsrəddin”in bir çox nömrələri üçün Razinin satiraları mövzusunda rəssamlara karikaturalar çəkdirmişdir. “Molla Nəsrəddin” 1921-ci ildə Təbrizdə çap edilərkən C.Məmmədquluzadə hətta orada da öz köhnə dostu Razini soraqlayıb tapmış, onun əsərlərini jurnalında çap etmişdir.

Ə.Razi hətta “Molla Nəsrəddin”ə görə təzyiqlərlə üzləşib.

Lakin o, mollanəsrəddinçi olduğunu gizlətmir və jurnalla əlaqəsini daha da möhkəmlətmək fikrinə düşür. Razi jurnalın əməkdaşları ilə şəxsən görüşmək məqsədilə Tiflisə gedir.

Əli Razi bu barədə sonralar yazırdı: “...1906-cı ilin noyabrında Tiflisə getdim. Davidov küçəsini və 24 nömrəli evi axtarıb tapdım. (Bu ev Cəlil Məmmədquluzadənin yaşadığı ev və “Molla Nəsrəddin”in redaksiyası idi-red.) qapı açıldı. Məmmədquluzadə gülümsəyərək məni redaksiya otağına apardı və oturmaqda olan üç nəfərlə məni tanış etdi. Bunlardan biri Sabir, ikincisi Əliqulu Qəmküsar və üçüncüsü Qurbanəli Şərifov idi... altı aydan bəri həsrətini çəkib tanımaq istədiyim “Hophop”u gördükdə sevinib göyərçin kimi çırpınırdım”.

Əli Razinin Cəlil Məmmədquluzadə haqqında məqaləsindən görürük ki, o sonralar da təzyiqlərə məruz qalıb: “1907-ci ilin payızında hücumlar böyüdü, təhlükə artdı. Tiflisə qaçıb “Molla Nəsrəddin”ə pənahlanmağa məcbur oldum...

...Sabir ilə bir neçə gün dolaşdım. Bir gün “Molla Nəsrəddin” idarəsində oturduğumuz halda Sabir şirvanlılara yazdığı :

Əşhədü billahü Əliyül-əzim,

Qayili-Qurranam, a şirvanlılar!- şeirini oxudu. Mən də təsirlənib gəncəlilərə:

Ey hamıdan dala qalan gəncəli!

Mollalara quyruq bulan, gəncəli!

Hər ürəyə qorxu salan gəncəli!

Döyün məni tində, küçə, dalanda,

Seyid Hüseyn bığlarımı yolanda,

Şirinbəy başıma qapaz salanda,

Olmaya bir qəlbi yanan, gəncəli ! şeirini yazdım.”

“Molla Nəsrəddin” ilə şəxsi tanışlıq Əli Razinin dünyagörüşünə

ciddi təsir göstərir. 1906-cı ilin sonlarında polis təqiblərindən yaxa qurtarmaq üçün C.Məmmədquluzadənin “Qeyrət” mətbəəsini Tiflisdən Gəncəyə köçürmək istədiyi günlərdə bu işdə ona köməklik göstərmək istəyənlərdən biri də Razi idi.

Jurnal 1906-cı illərin axırlarında onu özünün Gəncə müvəkkili kimi təqdim edir. Jurnal ona müraciətdə hər dəfə “Dostumuza”, “Dabanıçatdax xalaya” sözlərini yazırdı.

Əli Razi “Molla Nəsrəddin” jurnalı ilə yanaşı !907-ci ildən etibarən “Bəhlul”, “Füyuzat”, “Kəlniyyət”, “Zənbur” kimi satirik mətbuat orqanlarında da xüsusi müxbir kimi çıxış edib. O, “Zənbur”da “Banbılı”imzası ilə yazıb.

Razi təkcə publisistika ilə deyil, poetik yaradıcılıqla da məşğul olub.

Şair 1915-ci ilin əvvəllərində Gəncədən Bakıya sürgün edilib. O, “Tuti” jurnalındakı fəaliyyətinə görə 1917-ci ilin əvvəllərində Bakıdan da Dağıstana sürgünə göndərilib. Həmin ilin ortalarında şair Gəncəyə qayıdır, 1920-ci ilin may ayına kimi orda yaşayıb.

1920-ci ildə ölkədə vəziyyətin gərginləşməsi, xüsusən də kənar müdaxilənin olduğu bir vaxtda, təbii ki, güclü və müstəqil xüsusi xidmət orqanına ehtiyac vardı. Məhz belə bir vaxtda sırf əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olacaq qurum - Əksinqilabla Mübarizə Təşkilatı (ƏMT) yaradıldı. Kəşfiyyat isə Hərbi Nazirliyin tərkibində saxlanıldı.

ƏMT böyük səlahiyyətlərə malik Dövlət Müdafiə Komitəsinin (DMK) tapşırıqlarını yerinə yetirirdi. Təşkilata əməkdaşların qəbulunda partiya prinsipi əsas götürülürdü. ƏMT-nin əməkdaşlarının üçdə ikisi Müsavat, üçdə biri isə Hümmət partiyasından olmalı idi.

ƏMT-nin rəisi vəzifəsinə Müsavat Partiyasının üzvü, millət vəkili Məmmədbağır bəy Şeyxzamanov təyin olunmuşdu. Əli Razi Şamçızadə də ƏMT-da işləyirdi. Əvvəl kargüzar köməkçisi, sonra isə agentur (əməliyyat müvəkkili) kimi fəaliyyətə başlamışdı.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Razi əsasən ictimai-siyasi işlərdə çalışıb. O, bir müddət “Kommunist” qəzetinin Gəncə qəzası üzrə xüsusi müxbiri olub.

1932-ci ildə dahi Firdovsinin minillik yubileyi tədbirlərinə qoşularaq “Şahnamə”nin bir bölməsini fars dilindən Azərbaycan dilinə çevirib.

1934-cü ildə Əli Razi SSRİ Yazıçılar İttifaqının Birinci qurultayından sonra Azərbaycan Yazıçılar İttifaqı Gəncə şöbəsinin məsul katibi seçilir. Bu dövrdə o, “Qanlı toy”, “Mehparə” və “Rüşvət” adlı poemalar üzərində işləyir.

30-cu illərin ortalarından Əli Razinin həyatında ağır günlər başlayıb. “Kommunist” qəzetinin 1937-ci il 17 mart tarixli nömrəsində o zaman Azərbaycan Yazıçılar İttifaqının sədri olan Seyfulla Şamilov “Ədəbiyyatda bolşevizm” adlı məqaləsində yazırdı: “Əli Razi (həqiqətdə isə Molla Əli) 1919-cu ildə kontrazvedkanın naçalniki Şeyxzamanovun ən yaxın dostu, məşvərətçisi olub, Azərbaycan xalqını soymaq işində, milli qırğını qızışdırmaqla bu murdar quldurlara və Müsavat juliklərinə vaizlik etmişdir. Bu düşkün və xalq düşməni yazıçı maskası altında xeyli müddət Yazıçılar İttifaqının Kirovabad filialında rəhbərlik etməyə müvəffəq olmuşdur...”

Əli Razi 1937-ci ilin sonlarında həbs edilərək 1938-ci ildə xalq düşməni ittihamı ilə güllələnir.

Şairin oğlu Zeyəddin Şamçızadə 40-cı illərdə atasına bəraət almaq, əsərləri üzərində qadağanı götürmək istədikdə, onu da “Xalq düşməninin oğlu” kimi həbs ediblər.

Sovet hakimiyyəti illərində Ə.Razi irsinə diqqət ancaq 60-cı illərdən sonra başlayıb. Şair haqqında tədqiqatçılar- N.Axundov, A.Zamanov, Ə.Mirəhmədovun və başqalarının yazılarında müxtəlif məlumatlara rast gəlinir. “Fəğanlarım” və “Nalalərim” adlı kitabda isə ilk dəfə olaraq Ə.Razinin müxtəlif janrlarda olan əsərlərindən seçmələr toplanmışdır. Kitabda birinci dəfə olaraq tədqiqatçı İslam Ağayevin müəllifliyi ilə Razinin həyat və yaradıcılığından geniş şəkildə, həm də tarixi-ədəbi mənbələr əsasında bəhs edən oçerk verilmişdi.

Mənbələr:

20-ci əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı 2004

Əli Razi Şamçızadə “Nalələrim, fəğanlarım” 1992.

“Azərbaycan” jurnalı 1967. 7

Nazim Axundov Azərbaycan satira jurnalları 1968.

“Ayna” qəzeti, 20 mart, 2009.

# 5033 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #