Xeyrəddin Qoca İsrafil İsrafilova açıq məktub yazdı

Xeyrəddin Qoca İsrafil İsrafilova açıq məktub yazdı
17 sentyabr 2013
# 11:01

Tanınmış publisist Xeyrəddin Qoca Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova açıq məktub yazıb. Kulis.az həmin məktubu təqdim edir.

14 sentyabr 2013-cü il tarixdə 141-ci teatr mövsümünə həsr edilən mətbuat konfransında APA-nın suallarını cavablandırmışsınız. Orada belə bir cümlə işlətmişsiniz: “Baxın, əvvəllər kimlərin əsərləri tamaşaya qoyulub? Xeyrəddin Qoca, Hidayət Orucov və s.”

Mən bir neçə ay əvvəl mətbuatda sizin teatrın bir aktyoru haqqında imzaladığınız əmrdə çoxlu məna, məzmun və üslub səhvinə yol verdiyinizi yazmışdım. Bildiyimə görə, siz professorunuz. Yenə də, səhvə yol vermisiniz. Bizim adlarımızı çəkəndən sonra “və s.” ifadəsini işlətmisiniz. Bilməlisiniz ki, adam haqqında danışanda “və s.” deməzlər, “başqaları” deyərlər.

“Baxın, əvvəllər kimlərin əsərləri tamaşaya qoyulub” deyəndə də nə düşündüyünüz məlum deyil. Siz bilmirsiniz ki, Hidayət Orucov kimdir? Mən kiməm?

Siz vaxtilə Xalq Cəbhəsinin üzvü olanda, Xalq Cəbhəsi hakimiyyəti sizi Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə qoyanda, müxtəlif əqidələrə xidmət edəndə, mən cəmiyyətdəki ədalətsizliyə qarşı mübarizə aparırdım, kitablar nəşr edirdim. Sonralar daha böyük siyasətə qarışdım. Azərbaycanda ümummilli liderimizə atılan böhtan və iftiralara qarşı çıxmağa başladım, az qala Rusiyanın və Azərbaycanın kommunist mətbuatında ulu öndərə qarşı hər cümləyə, hər fikrə cani-dildən münasibət bildirdim. Sonra məşhur “91-lər”ə qoşuldum. Yeni Azərbaycan Partiyasının yaradılmasında iştirak etdim. Millət vəkili, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş Konsulu oldum. Bildiyiniz kimi, hər şeydən əvvəl yazıçıyam. Dramaturq kimi, bir sıra pyeslərim səhnələşdirilib. İndi də yeni pyeslərim hazırlanır. İndi kim olduğumu bildinizmi?

Biri var cəmiyyətin qəbul etdiyi adam, bir də var cəmiyyətin qəbul etmədiyi adam. Deyilənlərə görə, mən artıq cəmiyyətin qəbul etdiyi adamam. Sizi isə ölkədə çox az adam tanıyır və qəbul edir.

Siz cəmiyyətdə tanınmamış adamsınız. Milli Akademik Teatrda “Hərənin öz payı..” adlı pyesim 2002-ci ildə dövlət sifarişi ilə tamaşaya qoyulub. Deməli, pyesi Mədəniyyət Nazirliyi alıb, teatrın Bədii Şurası da pyesin tamaşaya qoyulması üçün rəylər verib və teatra təqdim edib. Yəni deyirsiniz nazirlikdə və teatrda pyesi oxuyanlar heç nə bilmirlər? Tamaşada 40-a yaxın aktyor işləyib, onların çoxu xalq artistləridir, əməkdar artistlərdir. Onlar da bir şey bilmir? Tamaşa haqqında mətbuatda, “Dövrün nəbzini tutan tamaşa- Hərənin öz payı...” (“Xalq” qəzeti, 17 dekabr, 2002-ci il), “Hərənin öz payı...” (“Azərbaycan” qəzeti, 17 dekabr, 2002-ci il), “Müasirlik güclü olanda” (“525-ci qəzet”, 8 yanvar, 2003-cü il), “Dövrünə ayna tutan səhnə əsəri” (“Şərqin səsi” qəzeti, 10 mart, 2003-cü il), “Güldürən, düşündürən komediya” (“Respublika” qəzeti, 18 mart, 2003-cü il), “Klassiklərin harayı” (“Xalq” qəzeti, 20 fevral, 2005-ci il) kimi resenziyalar və çoxlu qeyd dərc edilmişdir.

Görkəmli teatrşünas, professor Aydın Dadaşovun 2005-ci ildə çıxan “Müstəqillik dövrünün dramaturgiyası” kitabında (səhifə 159, 164) tamaşaya yüksək qiymət verilir. Mən “Hərənin öz payı..” pyesimin tamaşası haqqında yazlan müsbət rəylərin yalnız onda birinin adlarını çəkdim. Belə çıxır ki, İsrafil İsrafilov, siz teatrı bu resenziyaları, rəyləri yazanlardan çox bilirsiniz?

Qaldı Elçin Hüseynbəylinin dediyinə ki “dramaturqları teatr yetişdirməlidir”, doğru deyib. Sizlərin dilindən bir fikir düşmür: “Tanınmamış adamlar” və yaxud “Filankəs nə vaxtdan dramaturq oldu?”

Siz teatra müraciət edən qələm sahiblərinin əsərlərini səhnələşdirməyəndə əlbəttə, onlar tanınmaz, dramaturq olmazlar.

Deyirsiniz, “Elçin Hüseynbəyliyə dedim ki, bura şitillik deyil, səni yetişdirək”. İsrafil İsrafilov, (deyirlər, siz müəllimsiniz) bu sözlər böyük bir teatrın direktoruna yaraşarmı? Elçin Hüseynbəylilər, bizlər çoxdan yetişmişik, sizin “şitilliyinizə” ehtiyacımız yoxdur. Bir də mən mətbuatda dəfələrlə yazmışam, qələm sahiblərinə sataşmayın, xeyir tapmazsınız. Və unutmayın ki, sizin arxanızda dayananları və sizə dil verənləri biz heç vaxt saymamışıq. Onlara salam verməyi belə özümüzə yaraşdırmamışıq! Teatrın pulunun azlığını, cəmiyyətinin teatra münasibətinin yaxşı olmadığını deyirsiniz. Bəs fikirləşmirsiniz ki, niyə belədir? Deməli tamaşalarınız azdır. Ötən ilin teatr sezonunun açılışında yeni bir rejissorla, teatr bilicisi ilə sizin teatrda “Qarabağnamə” və “Lənkəran xanının vəziri” tamaşalarına baxdıq. Biz həmin tamaşaları əvvəllər də görmüşdük. İndi onları nə günə salmısınız?!

Həmin rejissor - xalq artisti, professor dedi ki, bir də mən bu teatra gəlmərəm! Mənim də ömrüm Akademik Milli Teatrında keçib. Bir neçə ildir, mən də bu teatra gəlmirəm. Bir-iki dəfə yolumu oradan salmışam... Sizsə deyirsiniz ki, teatra gəlmirlər.

Yaxşı tamaşalar, cəmiyyətimizin nöqsan və çatışmazlıqlarını göstərən tamaşalar qoyun, gəlsinlər. Sizin teatrın səhnəsində bircə satirik pyes var idi, onu da mən yazmışdım, müəyyən səbəblərdən (o haqda mətbuatda yazmışam, televiziyalarda danışmışam) ərizə yazıb repertuardan çıxartdırdım. Nə qədər ki, insanların ürəyindən tikan çıxaran pyesləri səhnələşdirməyəcəksiniz, teatra tamaşaçı gəlməyəcək.

Sizlər bu fikri əzbərləməlisiniz: “Pyesdə hadisə yoxdursa, bu pyes deyil, söz güləşdirməkdir”. Bu sözləri sizin teatrda bir sıra əsərləri oynanılan Əli Əmirli haqqında demişsiniz. Mən də sizə deyirəm, sizin teatrda “hadisə”yə səbəb olan pyes yazılmır, ona görə də tamaşaçını teatra cəlb edə bilmirsiniz. Siz mənə hər hansı bir pyes verin, oradan nə qədər istəyirsiniz nöqsan tapım. Bəzən təvazökarlıq yerinə düşmür. Xüsusilə sizin kimi adamlar yersiz danışanda. Ona görə də mən özüm haqqında, daha doğrusu, kimliyim haqqında yuxarıdakı fikirləri yazmağa məcbur oldum.

Qoy, Hidayət Orucov da sizə cavab yazıb, kimliyini bildirsin. Bir də, cəmiyyətdə kimin kim olduğu aydın görünür. Başqaları haqqında rəy yaratmaqdansa, bacarırsınızsa, bir pyes yazın...

# 2924 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #