news-inner
clock08:45 calendar-gray 12 Sentyabr 2013 view-gray945 dəfə oxunub
view-gray945 dəfə oxunub

O rejissor bütün Amerikanı dolamışdı

1938-ci ildə Amerikanın Nyu-Cersi ştatının əhalisi radioda verilən bir xəbərdən təşvişə düşür.

Radiodakı konsert qəfil kəsilir, təcili xəbər bülleteni yayımlanır.

Marsda qəribə işartıların müşahidə olunması haqda məlumatın ardınca bir astronom-professor bu planetdə həyatın mövcudluğunu inkar edərək əhalini sakitləşdirir.

Konsert davam edir, amma az sonra yenidən xüsusi xəbər buraxılışı ilə kəsilir. Metal silindrin yerə enməsindən həyəcanla danışan reportyor çığırır və onunla əlaqə kəsilir.

Sonra efirdə ölkənin rəsmi nümayəndələri danışaraq ştatda fövqəladə vəziyyətin elan olunduğunu deyir, marslıların zəhərli qazdan istifadə etdikləri barədə açıqlama yayırlar.

Və yalnız 40 dəqiqə sonra diktor hadisənin uydurma olduğunu açıqlayır.

Əhalini həyəcanda saxlayan, onlara baş verənlərin gerçəkliyinə inandıran adam isə XX əsrin böyük rejissorlarından biri Orson Uelles idi. O, bu tamaşanı Herbert Uellesin “Dünyaların savaşı” romanı əsasında hazırlamışdı.

Tamaşanın vurduğu mənəvi zərbəyə görə Uellesi məhkəməyə verənlər də tapıldı.

Hətta yaponların Perl Harbora hücum etməsi xəbəri veriləndə əhali bunun da növbəti tamaşa olduğunu sanmışdı.

...Orson Uelles kino tarixinə adını texniki, maraqlı, yeni təsvir həlləri, fərqli təhkiyəsi, kino dili ilə yazıb.

Onun “Vətəndaş Keyn” dramı indiyədək kino mütəxəssislərinin siyahısında ilk yeri tutur.

“Şanxaylı Ledi” nuar janrının zirvələrindən sayılır.

Pesvdo sənədli janrda çəkdiyi “F for Fake” film-essesi sürətli montajı, bədii və sənədli oyunbazlığı ilə orijinaldır.

Fransanın “Yeni dalğa” nümayəndələrindən tutmuş Lars fon Trierə kimi çox nüfuzlu rejissorlar onun filmlərindən bəhrələniblər.

Vudi Allen onun haqqında deyir: “Uelles Berqman, Fellini, Renuarla bir sırada dayanan yeganə Amerika rejissorudur”.

Rejissorun ayrı-ayrı vaxtlarda verdiyi müsahibələrdən maraqlı hissələri təqdim edirik:

“Filmlərdə hər cür simvollardan zəhləm gedir. Onlardan heç vaxt istifadə eləmirəm. Əgər kimsə simvol tapırsa, bu, onun işidir. Mən heç vaxt bu məsələləri müzakirə eləmirəm. Simvollar özü-özlüyündə peyda olur. Çünki həyatımız onlarla doludur. Sənət də həmçinin. Ona görə də, onlardan heç cürə yaxa qurtara bilmirsən”.

“Düşünürəm ki, ənənə istənilən sənətkar üçün birinci dərəcəli rol oynayır. Ənənə ilə mübarizə aparmaq zəruridir, amma biz onu tamamilə məhv eləsək, gərginlik itir və onda nəsə qalmır: nə avanqard, nə eksperimental sənət. Ənənədən kənar hər cür eksperimentallıq anlamını itirir... Biz çoxdan ənənəni dağıtmağa başlamışıq-Birinci dünya müharibəsinə kimi-sürrealizmin, dadaizmin və s. köməyi ilə. Bu, sənətin bütün formalarına aiddir, indi isə ənənədən heç nə qalmayıb. Ona görə də mən ənənəni müdafiə edirəm və özümü eksperimentator saymıram, filmlərimdə yeni şeyləri bilərəkdən eləməmişəm. Sadəcə nəsə elə bir şey edəndə ümidim var ki, bunları mənə kimi kimsə çəkməyib”.

“Çox rejissora xas olan kino sənətinə mübtəlalıq ürəyimcə deyil. Kino aləminə qapanmaq, axı, bu, daxili terrordur, məgər elə deyil? Eləcə də yalnız sənətdən ötrü yaşamaq və ya ümumiyyətlə fanatik olmaq. Yalnız öz sənət kateqoriyasına görə düşünməyi bacaran rəqqas və ya müğənni səfehdir, onun sadəcə insanlara deyiləcək sözü yoxdur. Şəxsən mən, heç vaxt kinoman olmamışam, hətta uşaqlıqda kinoya az hallarda gedirdim. Allaha şükür ki, kinematoqraf məni ağıllı, məntiqli sərhədlər daxilində düşündürür”.

“Jan Renuar mənim üçün dahi kinematoqrafik uşaqdır. Mənə elə gəlir ki, o, kinoya bir kinematoqrafçının qadir olduğu ən yaxşı şeyi uşaq baxışını gətirib və o, bunu ustalığın incəliklərini biləndə də saxlamağı bacardı. Onda xüsusi bir təmizlik, paklıq vardı, bu, əxlaqdan yox, sadəlikdən gəlirdi. O, dünyaya elə baxırdı ki, sanki onu ilk dəfədir görür. Mən Renuara pərəstiş edirəm. O, mənim üçün Tanrıdır. Məhz kinoda ona daha çox heyranam, başqa kumirlərim də var, amma o, müqayisə edilməzdir. Bizim üslublarımız müxtəlif olsa da, mövqeyimiz, süjetə yanaşma ümumidir, hər ikimiz o fikri bölüşürük ki, hər kəsin öz həqiqəti var”.

“Hiçkok tamaşaçıya hipnotik təsiri bacarsa belə mənim üçün mükəmməl deyil. O, hipnozçu olmaq üçün həddindən artıq qurudur. Onun ingilis dövrü filmlərini sevirəm: “39 addım”, “Çox şeyi bilən adam”. Hollivud dövrünə isə nifrət edirəm. Onun bu dövrü mənə nəsə quru, məzmunsuz, səmərəsiz gəlir”.

“Fransada olanda istəyirdim ki, təkcə Sinematekanın (dünyanın ən nəhəng film arxivi, burda eyni zamanda filmlər nümayiş olunurdu. Daimi tamaşaçıları əsasən “Yeni dalğa”nın yaradıcıları idi-S.S.) daimi üzvləri ilə görüşməyim. Görüşün ümumən gəncliklə danışa biləcəyim adi, böyük kinoteatrda olmasını istəyirdim. Sinematekaya getmək istəmirdim. Orda əsasən öz valideynlərinə rejissor olmaq istədiklərini elan edən, firavan yaşayan burjua toplanmışdı. Bu ədəbli gənclər qarşımda oturmuşdu, amma onlardan yalnız bəziləri doğrudan da rejissor olacaq. Orda rejissor olmaq istəyən 700 adam vardı. Tezliklə rejissorluq kütləvi şəkil alacaq, hamı kino çəkmək istəyəcək”.

“Filmlərimi digər rejissorlardan fərqli olaraq sürətli tempdə çəkirəm. Adətən gənc rejissorlar üçün bir qədər ləng temp xarakterikdir: məsələn, kimsə yolla gedir, ətrafda gözəllik var və bu, 10 dəqiqə çəkir. Məncə, seyrçi sürətə hazırlanır, heç olmasa, reklam səbəbindən. Çünki reklam çarxları dəhşətli sürətlə çəkilir. Reklama yararlı olan kino üçün də məqbuldur. Texniki baxımdan bir çox reklam filmləri bədii filmlərdən daha maraqlıdır”.

“Məncə, səssiz kino, hər halda yaxşı filmlər həmişə sürətli olub. Niyə də bunu davam etdirməyək. Kinoda bizi sonluğu onsuz da aydın olan hekayətə tamlıqla dözməyə məcbur edəndə zəhləm gedir. Biləndə ki, filankəs maşına oturacaq, artıq prosesin özü mənə maraqsızlaşır. Amma yox, gərək detalları göstərsinlər. Həm də zəhlətökən məişətin xırdalıqları film üçün zəruri sayılmır, bu, ümumi qəbul olunmuş üsluba sırf güzəştdən irəli gəlir. Bir də indi filmə görə 3-4 milyon alan superulduzlar peyda olub, amma tez-tez hətta uzun səhnələrdə onları gözdən keçirə bilmirik, onlar zülmətdə, dumanda əriyib yoxa çıxırlar. Mən isə insanları görməyə üstünlük verərdim”.

“İndi Amerikada tələb edirlər ki, reklam verilişi 3-4 dəqiqədən bir kəssin. Amma radionun “qızıl əsri”ndə, reklamı yarım saatdan bir verirdilər. Bu müddətdə hansısa hadisəni sakitcə danışmaq olurdu. İndi musiqi, rokn roll üçün yaxşı zamandır. Amma məncə, radio əsri bitib”.

“Təəssüf ki, indi səssiz filmlər çəkilmir. Niyə görə, köhnədən yalnız yeni peyda olduğuna görə imtina etməliyik. Bu, ona bənzəyir ki, rəssam akvareli atıb yağlı boya ilə işləyir. Bu, sadəcə gülməlidir. Səssiz kinonun yaşamasını istərdim. Mən çox danışmayan filmləri sevirəm, amma öz filmlərimdə həddən çox, dayanmadan danışırlar, bu, nəsə mənim idealıma zidd bir şeydir. Çərənçi filmlərdir. Dəqiq bilmirəm, bu, yəqin ki, mənim teatrın övladı olmağımla bağlıdır. Dialoqu az film çəkməyi istərdim, amma düşünmürəm ki, uyğun ssenari yaza bilərəm. Mən səhnələrlə yox, dialoqlarla düşünürəm”.

Oxşar xəbərlər

Xəbər lenti

Bob Dilan 8 il sonra sükutu pozdu
18:07 28 Mart 2020
Pandemiya günlərinin Təpəgözü
17:33 28 Mart 2020
Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər
16:41 28 Mart 2020
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, yataqdan videosu yayılan reper – Maraqlı faktlar
15:40 28 Mart 2020
Tanınmış müğənnidən cəsarətli addım: "Bir-birimizə dəstək olaq"
14:50 28 Mart 2020
Şahbaz Xuduoğlu: "Kitab sifariş edən daha çox yaşlılardır"
13:17 28 Mart 2020
Seymur Baycandan yeni yazı - Bu əcinnə gərək mənim qarşıma çıxaydı?
12:23 28 Mart 2020
Nazirlik televiziya kanallarına filmlərlə bağlı müraciət etdi
11:28 28 Mart 2020
Respublika Uşaq Kitabxanasından balacalara tövhə
10:14 28 Mart 2020
Masonların sirrini açan bəstəkarı əslində kim öldürüb? - "Sehrli fleyta"nın sirri
09:00 28 Mart 2020
Azərbaycanlı jurnalist vəfat etdi
21:58 27 Mart 2020
Xalq artisti torpağa tapşrıldı - Belə dəfn görmədiniz - Fotolar
16:49 27 Mart 2020
Qan qoxulu Kolizey - Şəhla Nihandan yeni hekayə
16:41 27 Mart 2020
"Evdə qal" aksiyası Bakıda bədii kitabların satışını artırıb
15:39 27 Mart 2020
Onun çılğın yanğısı, həzin iniltisi... - Dilruba
14:30 27 Mart 2020
Atasına görə adı dəyişdirildi, sevdiyi oğlan Səməd Vurğunun qızıyla nişanlandı, 40 yaşda ailə qurdu – Müğənnimizin film kimi həyatı
13:33 27 Mart 2020
Azərbaycanın Xalq artisti vəfat edib
12:44 27 Mart 2020
Böyük dilçimizin yanıldığı məqam
11:40 27 Mart 2020
Vudi Allenin kitabı çıxdı
10:20 27 Mart 2020
Avtobusda məni şərləyən gəlin - Bircənin romanı
09:02 27 Mart 2020