news-inner
clock12:11 calendar-gray 11 Sentyabr 2013 view-gray2093 dəfə oxunub
view-gray2093 dəfə oxunub

Qalmaqallı kitabın müəllifi: “Xaç bizim milli simvolumuzdur”-MÜSAHİBƏ

Kulis.az yazıçı Şəmil Sadiqin müsahibəsini təqdim edir.

- “OdƏrlər” çap olunandan dərhal sonra ətrafında söz-söhbət başladı. Romanınızın islam əleyhinə olduğunu deyənlərlə razılaşırsınızmı?

- Əvvəlcə onu qeyd edim ki, həm Kulis.az elektron dərgisində, həm də digər saytlarda gedən “Azərbaycanda islam əleyhinə kitab çap edildi” başlığı ilə razı deyiləm. Başlıq sensasiyalı olsa da, əsərin mahiyyətini əks etdirmir. Əsərdəki obrazlardan birinin və ya bir neçəsinin tənqidi dünyagörüşü ola bilər, amma bu o demək deyil ki, əsər sırf islam əleyhinə yazılıb. “OdƏrlər” islam əleyhinə yazılmış roman deyil. Romanda dinləri qəbul etməyən obrazlar olduğu kimi, Məhəmməd və Altay kimi dindar obrazlar da var. Xəbərin içərisində əsərdən verilən parçalar da, əsərin islam əleyhinə olmadığını sübut edir. Ümid edirəm ki, inanclı insanlar əsəri oxuduqdan sonra anlayacaqlar ki, əsər islam əleyhinə yazılmayıb.

- Romanda türk tenqriçiliyinin təbliği və ilkinliyi qabardılır. Əsəri qələmə almağınız hansı ehtiyacdan yarandı?

- Mən hər şeydən öncə öz milli kimliyimi üstün tuturam. Mənim üçün birinci millət, sonra dindir. Milli kimlik məsələsi məni hər zaman düşündürür. İlk əsərim olan “Qana qan qarışdı” pyesi də bu məsələlərə həsr edilib və “Kitabi-Dədə Qorqud” dastanın motivləri əsasında yazılıb. Mən gen saflığının bəşəriyyətə böyük bir fayda gətirəcəyini düşünürəm. Eyni zamanda dini məsələni də çox

həssas məqam hesab edirəm. Dindəki məzhəbçilik, ayrımçılıq məni narahat edir. Romanımda yazmağa çalışmışam ki, hansı məzhəbə qulluq etməsindən asılı olmayaraq Azərbaycan türkünü ilk növbədə millət anlayışı birləşdirməlidir.

Bu gün millət olaraq qələbəyə çox böyük ehtiyacımız var. Mənim də gücüm çatdı ki, heç olmasa bu qələbəni bədii yolla həyata keçirim. Romanı Mübariz İbrahimova və Fərid Əhmədova həsr etməyim də təsadüfi deyil. Çünki onların qəhrəmanlığından sonra xalqımızda, dövlətimizdə yaranan ruh yüksəkliyini unutmaq olmaz.

- Son dövrlər ədəbiyyatda fantastika janrı, gizli təşkilatlardan bəhs edən əsərlər daha çox satılır. Əsəri bu janrda qələmə alarkən bu nüansları da nəzərə almısınızmı? Məsələn, roman mənə müəyyən qədər “Kurtlar Vadisi” teleserialını xatırladır. Qələbəyə doğru gedən əzmli qəhrəmanlar və əsas qəhrəmanın məğlubedilməzliyi və s.

- Mən yazıçıdan daha əvvəl, müəlliməm. Hər zaman düşünmüşəm ki, yazılan əsərlər ideyası, məzmunu ilə bəşəriyyətə xidmət etməlidir. Əgər bunu bacarmırıqsa heç olmasa millətə xidmət etməlidir. Bəşəri ideyalar daha böyük olsa da, milli ideyalardan daha üstədir. Yazıçıların müxtəlif priyomları olur. Müəyyən dövrə görə məhəbbət romanlarına, müəyyən dövrdə tarixi romanlara, bəzən hətta detektiv romanlara geniş tələbat olur. “OdƏrlər”də tarixlə müasirliyin, fantastika və mistikanın vəhdəti var. Bəlkə də romanı “Kurtlar Vadisi” ilə müqayisə edə bilərlər. Çünki əsərin qəhrəmanı Arslan da gizli təşkilat üzvüdür və vətən üçün mübarizə aparır. “Kurtlar vadisi” serialı cəmiyyətimizdə çox baxıldığı üçün, bəlkə ona bənzədənlər tapılacaq. Yazdıqca bu, məni də narahat edirdi. İstəmirdim ki, bu seriala bənzəsin, oxucu belə bənzərlik axtarsın. Dünya oxucusunu da “dərin dövlət”, gizli təşkilatlar çox maraqlandırır.

Bu gün elə bir mif yaradıblar ki, dünyanı idarə edənlər massonların gizli təşkilatlardır. Türklər dünyanın ilkin millətlərindən biridir və İsa Muğannanın “İdeal” əsərindən götürdüyüm OdƏrlər ideyası da bu ilkinliyə, millət

olaraq öz gizli təşkilatlarımızın, dərin dövlətimizin olmasına olan inamdan yaranıb. Əgər biz özümüzü ilkin millətlərdən hesab ediriksə və mən də bu ideyaya inanırımsa, deməli, millətin gizli təşkilatları, alt yapısı da var.

Tarixilik və mistika, gizli təşkilatlar dünya oxucusunu maraqlandırdığı kimi, Azərbaycan oxucusunu da maraqlandırır. Türklər dünyada ən çox dövlət və imperiya qurmuş bir xalq olduğu üçün, onun gizli təşkilatlarının olmaması mümkün deyil. Mən inanıram ki, bu təşkilatlar var və bu gün türk dövlətlərinin birliyi üçün çalışır. Əsəri yazarkən Şumer mədəniyyətini araşdırdım və şumerlərin türk olması ilə bağlı kifayət qədər faktlar var. Türk dövlətlərinin həm üst, həm də bazis qurumları var. Bazis qurumların formalaşmasında isə, gizli təşkilatların rolu əsasdır. Mən də bu təşkilatların rolunu qabartmağa çalışdım.

- Dünya millətçilikdən imtina edir, dövlətlər arasında sərhədlər qaldırılır, qloballaşma deyilən hadisə geniş yayılır. Başqa millətlərlə evlilik adi hadisəyə çevrilir. Belə bir məqamda sizin ideyanızı nə qədər uğurlu, real saymaq olar?

- Nə qədər uğurlu, nə qədər real olmasını deyə bilmərəm. Amma ən azından mən bunu istəyirəm. İstəyirəm ki, bu təmizlik qorunub saxlansın. Biz istənilən Azərbaycan qızını başqa millətlə evləndiririk, amma ondan doğulan övladları millətimiz olaraq qəbul etmirik. Azərbaycan kişisi başqa millətinin qadını ilə evlənir, onun övladını da qəbul etmirik. Amma yəhudilər yeddi nəsil əvvəl bir bağlılığı olan insanı özününkü hesab edir. Böyüklər kiçilməkdən qorxmur, amma kiçiklər kiçilməkdən qorxur. Görün nə qədər belə insanlar var ki, qanı qarışıq olduğu üçün özümüzdən hesab etmirik. Amma bu bizi kiçiltmir. Məsələn erməni məlikləri türk əsilzadələrinə öz qızlarını verirdi ki, əsilzadəlik qazansınlar. Əsilzadə nəslindən olanlarda bir mən, bir qürur var. Bu qürur vacib məsələdir. Əsilzadələr böyük düşünər və böyük ideyalar üçün yaşayar. Murad Adcı “Qıpçaq çölünün yovşanı” əsərində yazır ki, çinlilər türklərlə bacarmadıqları üçün “Çin səddi”ni tikdi, amma faydası olmadı. Amma qız alıb-vermək məsələsindən sonra, türklərə qalib gələ bildilər. Evliliklə hər şeyi məhv elədilər.

Bizim millətçiliyimiz, düşmən millətçiliyi deyil, faşizm deyil. Bu millətçilik heç bir xalqa ziyan vurmur. Erməniyə belə düşmənçilik etmirik. Onu kiçik millət olaraq görürük.

- İsa Muğannaya və onun SafAğ elminə münasibət birmənalı deyil. Hətta ölkəmizdə belə kifayət qədər tanınmayan bir düşüncədir. Bu düşüncəyə söykənib yazmaq cəsarət tələb edir...

- Heç bir fəlsəfi fikir birmənalı olaraq qəbul edilmir. İsa Muğannanın “İdeal” romanında ortaya qoyduğu konseptual fikirlər də həmçinin. İsa müəllim özü buna fantastikasız fantastika deyir. Əvvəllər fikirləşirdim ki, bu fikirlər insan beyninin məhsulu ola bilməz. Kim necə düşünür, düşünsün İsa Muğannada vahid millət, vahid dil, vahid din anlayışı, bir qüvvə tərəfindən yaradılma ideyası var. İsa müəllim bütün millətləri eyni kökə bağlayır. Bu millət OdƏrlər adlanır və mənası “Həqiqət işıqları” deməkdir.

Amma bildiyim qədər İsa Muğannadan əvvəl də Odər adı, anlayışı olub. Çünki cümhuriyyət dövründə Odər adlı nazirimiz də olub. Deməli bunun kökü, əsası var. Görünür İsa Muğanna bu tarixi faktları araşdırıb.

Əsərdə Dədə Əfəndinin dilindən təriqətçilik, məzhəbçilik tənqid olunur. Tanrının dinləri yaratması fikrini şübhəli hesab edirəm. “Quran”da Məhəmməd peyğəmbər sonuncu peyğəmbər hesab olunduğu üçün, çoxları bu iddiaya düşməyə çəkindi. Əvəzində imamlar, şeyxlər peyda oldu. Məncə dinlərin yaradılışında başqa qüvvələrin əli var.

Biz ifrat məzhəbçi, firqəçi olmamışıq. Məzhəbçilik daha çox farslarda, ərəblərdə var. Təəssüflər olsun ki, türk dünyası islam adı altında təqdim edilən ərəb mədəniyyətinin təsiri altında hələ də əziyyət çəkir. Türklərə heç vaxt peyğəmbər gəlməyib və bütün peyğəmbərlər eyni millət üçün gəlib. Çünki Göy tanrıya inanan türk xalqını haqq yoluna səslənməyə, çağırılmağa ehtiyac olmayıb. Məncə, bu da yəhudilərin oyunudur. Onlar Şumerlərdən, Zərdüştilərdən aldıqları informasiyalarla bu məsələləri qabardıb və dünyanı idarə edirlər. Gide De Matlokun bir əsəri var: “Ey dünya insanları, hamınız türksünüz”. Bu əsərdə qabartmağa çalışılır ki, xristian, xaça inanan ilk millət olub və bu din onlarındır. Xaçın bizim simvol olması danılmazdır. Amma bu fikri bu gün qabartmaq və yaymaq belə məqsədlidir. Təsəvvür edin, ifrat millətçi türklər bununla islam dininə inanan qardaşına müxalif çıxa bilər və düşmənçilik toxumu əkilə bilər.

- Ümumiyyətlə dinə münasibətiniz necədir?

-Hal-hazırda oxuduğum kitablara əsasən deyə bilərəm ki, din bir inanc olaraq ziyanlı deyil. Çünki insanları düzgünlüyə, haqqa, ədalətə səsləyir. Bunu bütün dinlər edir. Amma bu inanclara aludə olanlar və qruplaşma qurbanı olanlar bəşəriyyəti uçuruma aparır. Günümüzdə dinlər sadəcə idarə etmək üçün, dünyanı yönləndirmək üçündür, məncə. Dinin alt qatında güc olmaq ehtirası var. Mənim üçün ali prinsip, vicdan prinsipidir. Fanatizm fəsadlıdır. Alternativ olaraq vicdan önə çəkilməlidir. Azərbaycan mentalitetində belə bir düşüncə var ki, yaxşı adam mütləq oruc tutub, namaz qılmalıdır. Bu düşüncə yanlışdır.

- “OdƏrlər”in ardı olacağını yazmısınız...

- Bəli, romanın ikinci və üçüncü hissəsi üzərində düşünürəm. Bu, trilogiya olacaq. Mənim əsərdə əsas düşüncəm Qarabağ problemidir. Qarabağ problemini inkişaf etdirərək dünya müharibəsi mərhələsinə gəlib çatmışıq. Heç kəs müharibə istəmir. Amma müharibəsiz qələbə mümkün deyil.

- Əsərin sonluğu çox pozitivdir, qələbə ruhu hiss olunur...

- Mən arzu və istəklərimi romanda verməyə çalışmışam. Turan sevdalısıyam. Uyğur türkləri, Dərbənd, Təbriz yaralı yerimdir. Əsərdə üç gizli kitabdan biri tapılıb. Digər ikisi isə Vatikan və Çində gizlədilir. Arslanın amalı və ona verilən ali tapşırıq isə o kitabları tapıb, bəşəriyyətə tanış etməkdir.

Necə olur ki, mənim “Kitabi-Dədə Qorqud”um Vatikandan çıxır? Necə olur ki, bütün türklərin ortaq dastanı “Koroğlu” XVII-XVIII əsrə aid edilir? Axı bu dövrdə bizim qırğızlarla, özbəklərlə bütün əlaqələrimiz kəsilmişdi. Necə olur ki, bu dastan onlarda da, bizdə də var. Bunlar gizlədilən tarixdir. Orta Asiyada gizlədilən ciddi tarixi məqamlar var. Mən bunların açılmasını, araşdırılmasını istəyirəm. İkinci, üçüncü kitabda uyğur, krım türkləri ilə bağlı məqamlar olacaq. Özümüzə qayıtsaq, qanımızın saflığını qoruya bilsək, hər şey yaxşı olacaq. “XXI əsr türk əsridir” fikri pafoslu görünsə də haqlı fikirdir. Heyf ki, Türkiyə bu gün bu prosesdən uzaqlaşır. Türkiyə daha çox xəlifəliyə iddialıdır. Din dövləti qurmaq istəyir. Mənim əsərimin ideyası ondan ibarətdir ki, Türk birliyində əsas güc, əsas missiya Azərbaycanın üzərinə düşür.

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020