Şair Kəramət: “Ədəbi tənqid dəllallıqdır”

Şair Kəramət: “Ədəbi tənqid dəllallıqdır”
22 avqust 2013
# 10:08

Kulis.az şair Kəramətlə müsahibəni təqdim edir.

- Kəramət müəllim, ədəbi prosesdən bir qədər kənarda görünürsünüz? Bu, nəylə bağlıdır?

- Əvvəla, gəlin görək ədəbi proses nədən ibarətdir? Bu suala cavab tapdıqdan sonra demək olar ki, kim ədəbi prosesin içindədir, kim mərkəzindədir, kim isə kənardadır. Bizdə vaxtilə sovet ədəbiyyatının təbliği var idi, indi bu təbliğat başqa bir şəkil alıb. Bu da ədəbi reklamçılıqdan ibarətdir. Bu, bir növ dəbə çevrilib, kim yaxşı reklam olunursa, kütlə onu qəbul edir. Amma əsas olan odur ki, kütləyə nəyi təqdim edirsən. Problem bundadır. Dünyanın hər yerində ədəbi proses mövcuddur, ədəbiyyat hər zaman yaranıb, yaranır və yaranacaq. Bu, qarşısıalınmaz bir prosesdir. Bəzən deyirlər ki, bizdə ədəbiyyat yaranmır, elə deyil. Əsərlər də yazılır, proses də gedir. Bu sahə heç kəsin inhisarı altında olmayan bir sahədir. Dünyanın heç bir yerində özünə hörmət qoyan yazıçı özünü reklama satmaz. Söhbət ciddi ədəbiyyatdan gedir. Bizdə isə hər şey bazar ölçüləriylə hesablanır və bazar ədəbiyyatı daha çox təbliğ olunur. Bəzi telekanallar o qədər bazar ədəbiyyatı deyilən ədəbiyyatın ölçüləriylə hərəkət edirlər ki, dəvət olunanda belə ora getməyi özünə sığışdırmırsan. Bilmirsən ki, o verilişdə söhbət hansı ədəbi meyarlar üzərində qurulacaq. Bunu düşünülmüş şəkildə edirlər, ədəbi şoumenlərə ədəbi meyarlar, sağlam, ciddi ədəbi proses gərək deyil. Mən reklamlaşan ədəbi prosesi qəbul etmirəm. İnsanlar geyim və yaxud ərzaq alarkən keyfiyyətli məhsula üstünlük verir. Bizdə heç vaxt keyfiyyətli ədəbi məhsul reklam edilməyib, əksinə, keyfiyyətsiz məhsullar geniş təbliğ olunub ki, bu da insanların ədəbi zövqünü korlayıb. İnsanları həmişə reklam olunan məhsullar cəlb edir, bəzən keyfiyyətin fərqinə varmırlar. Ədəbiyyat da belədir. Amma yaxşı əsər özü-özünü reklam edir. Keyfiyyəti ilə markaya çevrilən məhsul uzun müddətdən sonra əvvəl-axır üzə çıxır. Keyfiyyət reklamı həmişə gec görünür. Bu mənada süni şəkildə üzdə görünməyə ehtiyac yoxdur. Necə deyərlər, “fərman padşahındır, dağlar bizimdir”.

- Sizcə, ədəbiyyat kütlə üçündürmü? Ədəbiyyatın kütləviləşməsinə necə baxırsınız?

- Mən hər şeyin kütləviləşməsinə pis baxıram. Hamı kitab yazır, hamı çörək bişirir, hamı bina tikir. Bu, çox ziyanlı bir haldır. Hər sahənin öz mütəxəssisi var, amma hər sahədə də kifayət qədər qeyri-peşəkarlar əmələ gəlib. Markesin atası arzu edirmiş ki, oğlu hüquqşünas olsun, o, atasının istəyinə uyğun olaraq hüquq fakültəsinə qəbul olunur, ancaq ikinci kursa qədər oxuya bilir. Universiteti atıb gedir və qəzetçiliklə məşğul olmağa başlayır. “Anlatmaq üçün yaşamaq” əsərində bütün bunları yazıb. Anası ona deyir ki, atanın bağrı çatlayacaq, sən niyə belə etdin? Amma Markes inadından dönmür, həyatı öyrənmək üçün reportyorluq sənətini seçir. Bizdə isə maddiyyata bağlılıq çox güclüdür. Bizim hansısa bir yazıçımızı “JEK” müdiri təyin etsələr, məmnuniyyətlə, utanmaz-utanmaz gedib işləyər və deyər ki, mən böyük yazıçıyam. Yazıçı bütün imtiyazlardan imtina edib ancaq yaradıcılıqla məşğul olmalıdır. Yazıçılıq, şairlik xüsusi bir vergidir, sən yalnız bu işlə məşğul olmalısan, vəssalam. İnsan hər zad ola bilməz axı. Həm yazıçı ol, həm dramaturq ol, həm məmur ol. Bu, çox anormal bir haldır. Hərşeyşünaslıq böyük bəladır. Məsələn, mənim kimi bir adama böyük bir binanın tikintisini həvalə etsələr, desələr ki, gəl bu tikintiyə rəhbərlik et, ordan yaxşı pul qazanmaq üçün gedib işləyəcəm. Yazıçı hər şeydən imtina etməyi bacarmalıdır. Bu qəhrəmanlığı da hamıdan gözləməyin özü bir absurddur. Amma digər tərəfdən yazıçı da insandır, o da yaxşı yaşamaq istəyir. Bu, artıq yazıçı və cəmiyyət problemidir.

- Bəs yazıçı nə etməlidir ki, öz yazdıqlarıyla yaxşı yaşaya bilsin?

- Başqa ölkələrdə yazıçı yazdığı romanın qonorarı hesabına üç il, beş il kefin istəyən kimi yaşayır. Azərbaycan cəmiyyətində isə məsələ fərqlidir. Bu cəmiyyət yazıçını dolandırmağa məhkum deyil, amma cəmiyyət onu yaşatmalıdır ki, özü yaşasın. Çünki cəmiyyət öz yazıçısına biganə qaldıqca özü də içindən çürüyür, eroziyaya uğrayır. Axı bu yazıçı da yaşamalıdır, əyninə paltar geyinməlidir, yazıçının evi olmalıdır, ailəsi olmalıdır. Yazıçı maddi problemlər girdabında boğula-boğula necə yaxşı əsər yaza bilər? Bu insan həyatını ədəbiyyata sərf edir, cəmiyyət isə onu fiziki və mənəvi şəkildə məhvə sürükləyir. Bəs bu yazıçı neyləməlidir? Elm və ədəbiyyat adamları üçün, mənəvi-intellektual sahənin adamları üçün bu, çox ağrılı bir prosesdir. Təbliğat çox aldadıcı bir şeydir. Bizdə yaxşının əvəzinə pisi təbliğ edirlər. Yaxşını təbliğ edəndə nə olar ki? Hər gün eyni şeyləri deyən adamı niyə elə hər gün danışdırırsınız? Bunun nə deyəcəyi artıq məlumdur. Bu adam məsələn, iyirmi ildir heç nə yazmır və yaxud yaza-yaza heç nə yazmır, danışa-danışa heç nə danışmır. Əslində bu adam lal kimidir. Bunu niyə zorla danışdırırsınız? Danışmağa təzə sözü olanları danışdırmaq lazımdır. Danışmaq ifadə etməkdir, təzə söz ifadə edirsənsə, bu, oxucu və yaxud dinləyici üçün maraqlı olur. Eyni model üzərində qurulmuş yazıları nə qədər oxumaq olar? Bütün dünyada dəbə çevrilmiş postmodern konstruksiya üzərində gəzişmələr edib oxucuya təqdim edirlər. Sual olunur, bəs sən özün nə yaratmısan? Bir müqayisə edim, məsələn, hardasa bir şey istehsal olunursa, tez onun başqa variantını bizdə də istehsal etməyə cəhd edirlər. Ədəbiyyatda da belədir. Bu, artıq bir dəbə çevrilib.

- Dəbdən danışdıq, son dövrlər roman yazmaq da dəb halını alıb. Sizin ədəbi nəslə mənsub olan şairlərdən də bəziləri iri həcmli nəsr əsərləri yazdılar. Siz nə vaxtsa nəsr əsəri yazmaq haqda düşünmüsünüzmü?

- Mən həyatım boyu bir şeyi dərk etmişəm ki, insan yalnız bir işlə məşğul olmalıdır. Mən nəyi ən yaxşı bacarıramsa, onu edə bilərəm. Bizim yazar dostlarımızın bəziləri povest yazır, bəziləri dram əsəri yazır və sair. Mən onların hamısına hörmətlə yanaşıram, amma mən nəsr yazmağa başlasam, onlardan beş qat artığını yazaram və yaxşı əsər yazaram. Amma elə yazıçılar var ki, müxtəlif janrlarda yazıblar, uğurlu alınıb. Mən buna pis baxmıram və bunu da ehkam kimi demirəm. Başqa ölkələrdə ayrıca poeziya jurnalları, ədəbi tənqid və roman jurnalları nəşr olunur, yəni konkret sahələşmə gedir. Mənə elə gəlir ki, insan yaradıcı olaraq özünü müxtəlif janrlara parçalayırsa, onun enerjisi itir, paylaşdıqca gücü azalır. Başqa sahələrdə də belədir. İnsan gücünü, enerjisini bir sahəyə sərf etməlidir .

- Bir neçə il bundan öncə ədəbi qəzetlər nəşr olunurdu, o vaxt indiki ədəbi portallar yox idi. Amma indi müxtəlif saytlar mövcuddur, üzdə olan yazarların demək olar ki, hamısı saytlara yazır. Qəzet oxuyanların sayı xeyli azalıb. Amma siz xeyli müddətdir ki, “Ədəbiyyat naminə” qəzetini nəşr edirsiniz. Sizcə, buna ehtiyac varmı?

- Ədəbiyyatın elektronlaşması qaçılmaz bir prosesdir. Bütün dünyada bu proses gedir. Mən qəzetin internet versiyasını yaratmaq haqda düşünürəm. Amma bir az tənbəllikdən, bir az da müəyyən problemlər ucbatından bu ideyanı gerçəkləşdirə bilmirəm. Bunun üçün bir az vaxt lazımdır, bir az vəsait lazımdır, mənim üçün çox ağırdır. Fiziki və mənəvi gücüm çatmır desəm, daha uyğun olar. Amma müasir dövrün tələbindən qaçmaq olmaz. Artıq yazılı ədəbiyyat öz dövrünü başa vurub. Bu reallığı görmək və qəbul etmək lazımdır. Reallığı görə bilən adam ədəbiyyat yarada bilər. Bunun müsbət tərəfi odur ki, oxucu dünya ədəbiyyatı haqqında istənilən informasiyanı anındaca internet vasitəsilə əldə edə bilir, mənfi tərəfi odur ki, bu ədəbiyyatı sistemli şəkildə öyrənə bilmirsən, bildiyin ancaq səthi biliklər olur. Bu müstəvidə bir ədəbi dəb yaradırlar. Dünyada yazıçılıqla məşğul olan yazarlara bu dəb təlqin olunur və həmin modeldə də ədəbiyyat yaranır. Oxuyub görürsən ki, eyni tipli yanaşmalar, eyni tipli struktur, eyni tipli əsərlərdir. Bizdə də bəzən bu modelə, bu dəbə uyanlar olur. Bu, artıq ədəbiyyat deyil, ədəbiyyat müxtəlifliyi ilə, rəngarəngliyi ilə seçilməlidir. Bu da ədəbi imperiyanın bir təzahürüdür, bu imperiyanın vassalları da yaratdıqları ədəbiyyatı onun diktə etdiyi model üzərində qurur. Bu model tezliklə iflasa uğrayacaq. Bütün imperiyalar dağılmağa məhkumdur, biz bunun bariz nümunəsini sovetlər birliyinin timsalında gördük. Çünki dünyanın yaranışı vahid tipli heç nəyi qəbul etmir, dünya yaradılışdan rəngarəngdir. Ədəbiyyat da belə olmalıdır. Ədəbiyyatda o yazıçılar qalır ki, onlar heç bir dəbə uymurlar.

- Gəncləri oxuyursunuzmu? Hansı imzalar diqqətinizi çəkir?

- Oxuyuram. Diqqətimi çəkən bir-iki imza var, amma baxıb görürəm ki, sistemli deyillər, yəni öz düşüncə sistemini yarada bilmirlər, kənara sapmalar olur. Bu da özülün möhkəm olmamağından, bilginin azlığından irəli gəlir. Nəticədə dalğa onları götürüb aparır, dayana bilmirlər. Şair öz ədəbi markasını yaratmalıdır və bunun üçün də güclü özül olmalıdır ki, hər dalğa səni götürüb apara bilməsin.

- Ədəbi tənqidə münasibətiniz necədir?

- Mən ədəbi tənqid deyilən bir şeyi qəbul etmirəm, ədəbi tənqid araçılıqdı, dəllalıq kimi bir şeydir. Amma yaxşı araşdırma olanda mən onu böyük maraqla oxuyuram, ədəbi araşdırmaları çox sevirəm. Mənim üçün tənqidçi dediyimiz dostların ədəbi araşdırmaları daha maraqlıdır. Türkiyədə yaranan ədəbi araşdırmaları oxuyuram və mənə ləzzət verir. Dostlar ordan bu kitabları alıb mənə yollayırlar. Kimisə tərifləmək, kimisə yıxıb-sürümək və bunun adını ədəbi tənqid qoymaq çox mənasız bir işdir.

- Yeni nə yazırsınız?

- Hal-hazırda şeirlər, poemalar və bədii-publisistik yazılardan ibarət üç cildliyimi çapa hazırlayıram. Birinci cild yaxın günlərdə işıq üzü görəcək. Üzü payıza doğru kitabın təqdimatıyla bağlı dostları bir yerə yığacam, inşallah!

# 3145 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #