Ded Xasan, pensiya ilə dolanan qanuni oğru

Ded Xasan, pensiya ilə dolanan qanuni oğru
7 avqust 2013
# 07:30

Bəhram Çələbi

Yazının birinci hissəsini burdan oxuya bilərsiz.

Ded Xasan həyatı boyu evlənməyib. Lakin onun nüfuz dairəsində yerləşən şəhərlərdə məşuqələri olub. Uzun müddət 1937-ci il təvəllüdlü Duluşi Avdoyeva ilə vətəndaş kəbini ilə yaşayıb və onların iki övladı dünyaya gəlib. 1960-c ildə onların Nunu adlı qızları, iki il sonra Nodari adlı oğlanları anadan olub. Aslanın qohum-əqrəbası Ded Xasana kriminal imperiyanın idarə olunmasında yaxından köməklik göstəriblər.

2000-ci illərdə Ded Xasan Rusiya mafiyasının liderlərindən biri kimi tanınırdı. Yaponçik Amerikadan qayıdandan sonra artıq Rusiya mafiyasında hegemon rol oynamırdı, amma müddət ərzində “imperator”luğu ələ keçirmiş Usoyanın klanını bir qədər də gücləndirdi. İvankovun 9 oktyabr 2009-cu ildə qətlindən sonra isə Usoyan təkbaşına MCD-lərə nəzarət etməyə başladı. Dedin tortun hamısını öz qabağına çəkməsi mafiya stolu ətrafında oturanların bir çoxuna xoş gəlmədi.

2010-cu ildə çağırılan sxodkadan sonra özünü “xaç atası” elan etmiş Aslana yenə sui-qəsd təşkil olundu. Ağır yaralanmış Xasanı klinikaya çatdırdılar və onun yatdığı palataya Rusiyanın, İsrailin ən məşhur cərrahları gətirildi. Bir ara onun dünyasını dəyişməsi haqqında xəbərlər yayılsa da, həkimlər patriarxı dartaraq ölümün pəncəsindən qopardılar.

Son iki ildə Usoyan kriminal aləmin sürətlə irəliləyən yüklə dolu arabasının yüyənlərini əlində saxlamaqda davam edirdi. O müxtəlif qruplaşmalar arasında baş verən konfliktləri yatırdır, Moskva ətrafında tikdirdiyi və bütün sutka ərzində keşiyi çəkilən böyük bağ evində yaşayırdı. Demək olar ki, hər gün səkkiz cangüdənin müşayiəti ilə paytaxta işgüzar görüşlərə yollanırdı.

Aslan Usoyanın kriminal avtoritet kimi tanınmasında, nüfuz qazanmasında Vyaçeslav İvankovun böyük rolu olub. 90-ci illərin əvvəllərində Moskvada Xasanı oğru kimi tanıyan yox idi. Krasnodarda, daha sonralar Sankt-Peterburqda sexovşiklərdən, küçə qumarından və bazarlardan dan yığan, Şimali Qafqazdakı kurort şəhərlərində və Leninqradda narkotik biznesinə rəvac verən, valyuta fırıldağı ilə məşğul olan qaraçılar dəstəsinə başçılıq etməklə nüfuz quran Ded Xasan Moskvaya gələndə Otari Kvantrışvili ona paytaxtın mərkəzində görünməyi yasaq etmişdi.

Lakin uzaqgörən Aslan o vaxtlar qılıncının dalı da, qabağı da kəsən “Qara kardinal”a, “Krivonosik”ə də yol tapdı. Yaponçikin oğulluğu, Moskva obşakına nəzarət edən Viktor Nikiforov, Rusiya kriminal aləminin oliqarxı Paşa Tsrul, erməni mafiyasının lideri Qoqa Yerevanski Qara Kardinala Xasanın “çörəkpulu” qazanmasına şərait yaratması üçün ağız açdılar. Usoyan fürsətdən istifadə edərək “kriminal “tort”un ən şirin, ən yağlı yerini – Marina Roşanın cənub hissəsini qopararaq nimçəsinə qoydu.

Moskvanın lap mərkəzindəki nüfuz dairəsini saxlamaq üçün “Baba” ilk vaxtlar qazandığı sərmayənin 60 – 70 %-i obşaka ötürür, yaxud da oğrular vasitəsilə paytaxtdakı qazamatlara qrev göndərirdi. Kalina və Tsirulun qətllərindən sonra Moskvada düzənlənən böyüklü – kiçikli kriminalitet iclaslarında artıq Ded Xasan da görünməyə, öz rəyini bildirməyə başladı. Usoyan artıq nəinki Rusiyanın qərbində, hətta Uralda, Orta Sibirdə də öz nüfuz dairələrini yaratmışdı.

Aslan erkəklənmiş, boyun – boğazı “tüklənmişdi”. İndi o, onlarla qruplaşmaya rəhbərlik edir və yalnız bir nəfərə, Yaponçikə “dan” ödəyirdi. Onun İvankovla yaxınlığı haqqında nəinki Rusiya kriminaliteti , hətta Amerika “Koza Nostra”sı, İtaliya mafiyası və Yaponiya “Yakudza”sı məlumatlı idi. 2000-ci illərdə Ded Xasan artıq İsrail, Baltikyanı və Belçikada da öz nüfuz dairələrini qurmağı bacarmışdı və onun varidatı milyardlarla dollarla ölçülürdü. Heç təsadüfi deyil ki, İvankov Nyu - Yorkda lövbər saldıqdan sonra Rusiya kriminalitetindən yardım istəyəndə ona ilk qrevi – 500 min dollarlı məhz Aslan göndərmişdi. Yaponçik həbs olunaraq Manhettendəki “Krısalovka”da oturanda da Ded oğrular-oğrusunu unutmadı, mütəmadi olaraq hər ay onun payını göndərməkdə davam elədi.

“Yaponçik” Ştatlarda dörd divar arasında otursa da, yaxın ətrafı – Vaçiqan Petrosov, Semyon Kas, Şatera-Leonid Abelis, Rafik Baqdasaryan və Bakılı Əhədov dəfələrlə onun görüşünə getmiş, lazımi məlumat və pulu ona çatdırmışdılar. İvankov hamıdan çox Əhədova inanır, tapşırıqlarının ən məxfilərini yalnız onunla Rusiya və MDB ölkələrindəki oğrulara ötürürdü.

FTB-nin məlumatlarından:

“... Tərəfimizdən təsdiq olunub ki, 1995-ci ilin əvvəllərindən “obyekt-X” ( Əhədov) Brayton-Biçdə yaşayan Rusiyadan gəlmiş adamlarla görüşür. O müntəzəm olaraq restoranlara, kazinolara gedir, immiqrantlarla tanış olur, münasibət qurur. İvankovla dəfələrlə görüşüb, ona bəzi məlumatları ötürüb. Məsələn, bu yaxınlarda İvankov ondan aldığı telefon nömrəsi ilə Belçikaya, Aslan Usoyana telefon açıb. Yaxud da 1975-ci ildən arvadı ilə ABŞ-da məskunlaşan Villə antikvar əşyalar və qiymətli metallar barədə danışıqlar aparmışdır. İvankov həmçinin “obyekt-X” vasitəsilə silah satışı ilə məşğul olan türk və italiyalılar ilə kontakt qura bilmişdir.

Yaponçikin yaxından əlaqə saxladığı adamlardan biri İsayev- Rospis olub. İsayev də oğru tacı daşıyır, lakin o bunu hamıya elan etməkdən xoşlanmır. Bununla bahəm Rospis İvankovu özünün “xaç atası ” saydığını xüsusi pafosla səsləndirməkdən çəkinmir...”

Bir daha FTB məlumatlarından:

“... “İmperatorun” yaxın ətrafının ən sayılıb-seçiləni, ən əsas fiquru Aslan Usoyandır (“Xasan”, yaxud “Deduşka”). Bu avtoritetli oğru daimi Sankt-Peterburqda yaşayır. “Baba”nın Moskvada bir neçə ofisi var. Oğlu Nodarın adına yazdırdığı üç böyük aviasiya texnikası satışı kompaniyasına başçılıq edir. Alınan məlumatlara görə, Deduşka Rusiya, MDB və xarici ölkələrdə öz cinayətkar imperiyasını yaradır. İvankov axırıncı həbsinə qədər onunla daimi əlaqədə olub.

1995-ci ildə Ded Xasan hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Bu, Soçidə düzənlənən sxodka zamanı baş verib. Həmin vaxt Xasanla birlikdə müxtəlif qruplaşmaların 350 - yə yaxın liderləri də milis idarələrinə gətirilib. Maraqlısı budur ki, içəri salınanlar arasında 1935-ci il təvəllüdlü, Los-Ancelesdə daimi yaşayan yəhudi Semyon İliç Kas da vardı. Bizdəki məlumatlara əsasən, Kas köhnə oğrulardan olub və Soçidə İvankovun səfiri qismində iştirak edirdi. ABŞ hüquq mühafizə orqanları Rusiya mafiyasının bütün dünyaya yayılmasından narahatdır. Mafiya klanları Rusiyadakı müəssisələrin 40 faizindən çoxuna nəzarət edir, qərb ölkələrində isə hər il cinayətlər yolu ilə qazanılan 20 milyard dollardan çox çirkli pullar yuyulur...”.

Son zamanlar Aslan Usoyanın adı müxtəlif informasiya vasitələrində tez-tez hallanırdı.

“Ded Xasan”ın müsahibəsi

“Ded Xasan” həyatında yalnız bir neçə dəfə müsahibə verib. İllər öncə müstəqil jurnalist Maksim Qladkinin “Ded Xasan”dan götürdüyü müsahibəni təqdim edək:

- Aslan Raşidoviç, bu gün oğru dünyasında nələr baş verir?

- Mən artıq qocalmışam, təqaüdçüyəm..., oğurluq sahəsindən və orada baş verən hadisələrdən uzağam. Biz dinc insanlarıq, heç kimə mane olmuruq. İstəyirik ki, sakitlik, dinclik, sülh olsun, başıpozuqluq olmasın. Sakitcə yaşayaq.

- Siz özünüzü sakit, dinc insan sayırsınız?

- Əlbəttə, əlbəttə... Yetmiş yaşlı qocadan hər hansı aktivlik gözləyirsiniz? Mən sakit yaşayıram, heç kimə mane olmuram, sülhpərvər insanam.

- Sizin kriminal dünyanızda insanlar barışmağa məcbur edilir?!

- Nə etməli? Artıq qocalmışam, həyatın hər üzünü görmüşəm, nə danışdığımı yaxşı bilirəm. Bütün həyatım boyu rəqibləri, düşmənləri barışdırmağa, sülh qurmağa çalışmışam.

- Bəs “Cema”nı (2001-ci ilin oktyabrında Xabarovskdakı həbsxanada dünyasını dəyişən “qanuni oğru” Yevgeniy Vasin) xatırlayırsınız?

- Onunla, Yura Qorbatı və başqalarıyla Tobolskda həbsxanada birlikdə oturmuşuq. Sonra da onların ad günlərində getmişəm, birlikdə istirahət etmişik. Cema olduqca ləyaqətli insan idi.

- Axı, “Cema” uşaq ölümündə təqsirləndirilərək həbsdə oturub.

- Bunlar cəfəngiyatdır, dostum. Həmin uşağı kim öldürübsə, onun başını özüm qopararam. “Cema”ya “torba” tikiblər, şərləyiblər. Siz ki, bizim milislərin necə işlədiyini məndən də yaxşı bilirsiniz. Allah var, ədalət var və ədalət gec-tez bərpa olunur.

- Siz oğru ədalətinizdə Allaha inanırsınız?

- Bizin devizimiz belədir: “ Göydə Allah, yerdə oğru qanunu! ”. Yaşlandıqca, bu əqidəyə, ideyaya daha möhkəm bağlanır, Allaha daha çox inanırsan. Həyat oyundur, qaqaşım. Zəhmət olmasa, oğrunu başa düşün. Oğru yetkinləşdikcə, həyatı anlayan zaman bu mərhələyə çatır. Bilirsiniz, mənalı kitablar oxumaq və mənalı kino filmlərə baxmaq lazımdır, yalnız yalanlar yazmağa, oğurlayan insan olmağa yuvarlanmaq yox. İnkişaf etmək gərəkdir.

- Siz inkişaf etmişsiniz, ciddi nüfuzunuz var.

- Bizim yaşadığımız dünya başqadır.

- Siz Zaxari Kalaşovun (Cinayətkar qruplaşmanın rəhbəri, çirkli pulların yuyulması ittihamı ilə İspaniyada 7,5 il azadlıqdan məhrum edilən “Şakro Molodoy” ləqəbli “qanuni oğru ”) həbsi barədə nə düşünürsünüz?

- Bu işdə hər şey ədalətsiz olub. Onun insanlara qarşı xeyirxahlıqlarını heç kim unutmayacaq. O rüşvətxorlardan, zalımlardan, yaramazlardan alıb və əlillərə, yoxsullara paylayırdı. Onun İspaniyada həbsində ədalətdən əsər-əlamət yoxdur. Çoxlu düşmənləri var, sadəcə, ona qarmaq, kəmənd atırlar. Kiməsə insanı qaralamaq və onun Rusiyada olan hər şeyini əlindən almaq sərf edirdi. O, təmiz bizneslə məşğul olub.

- Siz “Xaç atası”sınız? Don Karleone...

- Mən pensiyaçıyam, pensiya ilə yaşayıram.

- Doğrudanmı yalnız pensiya ilə yaşayırsınız?

- Belə də. Tanışlarımdan, dostlarımdan xahiş edirəm, gətirirlər.

- Operativ məlumatlara görə, Zaxari Kalaşovun həbsindən sonra kriminal dünyanın yuxarı təbəqəsi müdafiəsiz qalıb. Düzdürmü?

- Düz deyil! Zaxari Kalaşov barədə danışılanların hamısı iftira, yalan və pis niyyətlidir. O, yaxşı, xeyirxah insandır, oğrularla işləyib, ancaq yalnız normal qaydada işləyib. Baxın, kimsə soruşmur ki, niyə birinə olar, digərinə olmaz? Hökumətdə olan oğru oliqarxları da həmin müstəviyə gətirib nə isə soruşursunuzmu? Siz sakitləri boğazlamağa çalışırsınız. “Şakro” və mən beləyik, sakitlərdən. Amma o, balaca bir səhv elədi, oğru adına xələl gətirdi, Tbilisidə özünə saray tikdirdi. Təvazökar olmaq lazım idi.

- Ancaq siz Tverskoyda (Moskvanın mərkəzi küçəsi) yaşayırsınız...? Başqa şəhərlərdə də mənzilləriniz var...? Sankt-Peterburq, Krasnodar...

- Mən təvazökar həyat yaşayıram, heç kimə toxunmuram, gələcəkdə də toxunmaq niyyətindən uzağam. Həyatımı sakit yaşamaq istəyirəm. Aydın danışdımmı?! (Hirslənir).

- Daha sualım yoxdur. Müsahibəyə görə çox sağ olun !...

Birinci fiasko: XX-ci əsrin sonuncu ili ...

Aslan Usoyan Yaponçikin Amerikada həbsindən sonra Rusiyada “xaç atası” kreslosuna oturanda fəaliyyətinin əsasını iqtisadiyyatın ən gəlirli sahəsində-yanacaq biznesində özünə nüfuz sahəsi qazanmaq ideyası oldu. Usoyanın hələ Krasnodardan tanıdığı çox gənc, işgüzar Ziya Bajayevlə 1992-ci ildə təsadüfi görüşü öz ideyasını yerinə yetirməyə kömək etdi. Ziya Rusiya bazarı üçün işləyən neft firması açmaq niyyətində idi. Bunun üçün ona başlanğıc təkan, yəni bir neçə milyon dollar lazım gəlirdi.

Bajayev bu sərmayəni çeçen mafiyası üzvlərindən də ala bilərdi, amma nədənsə, gələcək planları haqqında məhz Ded Xasana müraciət etməyə üstünlük verdi. Bir neçə il müddətinə Rusiyanın neft generalları içində öz layiqli yerini tutmağı bacaran Ziya sonralar Aslan Usoyanın vasitəçiliyi ilə siyasi xadimlərlə də ünsiyyət qurdu. Oliqarx Potaninin “Sidanko”sunda rəhbər vəzifəyə gələndə bir neçə misilsiz sövdələşmə ilə şirkətin varidatını iki yarım dəfə artırmağa nail oldu.

2000-ci ildə Bajayevin Rusiyada yanacaq və energetika naziri təyin olunacağı barədə söz-söhbətlər gəzirdi. Onun həmin posta təyin olunması üçün Aslan Usoyan da mümkün olan və olmayan vasitələrdən istifadə edirdi.

Neft biznesi Rusiyada və xüsusən də Moskvada həmişə qalmaqallı, münaqişəli, müharibəli məsələlərdən sayılıb. Bu biznesə girişənləri saysız-hesabsız düşmənlər gözləyirdi. Aslan Usoyan bütün bunları yaxşı bildiyindən opponentini hər vasitə ilə qorumağa çalışırdı.

Ded Xasan bilirdi ki, bir çox neft biznesmenləri üçün Bajayevin təyinatı köhnə borcların dərhal ödənilməsi, neft yataqlarının icarəyə götürülməsi haqda şərtlərə yenidən baxılması və digər davalı, xoşagəlməz hallar doğuracaq. Bu təyinat oliqarxların neft fontanlarının sısqa axına çevrilməsi ilə nəticələnəcəkdi. O sahədə ki, milyonlarla dollar pul hesab olunmurdu, orada nə desən gözləmək mümkün idi. Bajayevi öz cangüdənlərindən savayı Usoyanın da adamları ciddi-cəhdlə qoruyurdular.

Ziya Bajayev olduqca işgüzar adam olduğundan yalnız Rusiya ilə kifayətlənmək niyyətində deyildi. O, Ukraynada da rəhbərlik etdiyi “Alyans” neft qrupunun filialını yaratmaq, Xersondakı neftayırma zavodunun taleyini hökumət səviyyəsində həll etmək üçün Kiyevə getmək fikrində idi.

2000-ci ilin 9 mart günü səhər saat 9.40-da Bajayevin uçmalı olduğu “YAK-40” təyyarəsi “Şerementyevo-1” hava limanında qəzaya uğradı. Uçaq havaya qalxdıqdan 10 saniyə sonra 50 metr yüksəklikdən yanı üstə əyilərək yerə çırpılmışdı. Təyyarədə Ziya Bajayevdən başqa “ Soverşenno sekretno” media holdinqin direktoru, jurnalist Artyom Borovik və daha yeddi nəfər vardı.

Olduqca mürəkkəb bir sual meydana çıxırdı – Bajayevin ölümü kimə sərf edirdi və belə bir əməliyyatın icra olunmasına kim qadir idi?

Ardı var.

# 4487 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #